• cümə, 29 Mart, 18:07
  • Baku Bakı 14°C

Muzey adasına səyahət - Reportaj

23.07.15 11:49 4413
Muzey adasına səyahət - Reportaj
Dünya muzeylərində saxlanan Azərbaycan eksponatları haqqında maraqlı məlumatlar aşkarlanıb
Avropanın muzeylər paytaxtına - Berlinə səfər edənlər daha çox şəhərin mərkəzində yerləşən muzeyləri böyük maraqla ziyarət edirlər. “Muzeylər adası”ndakı dünya şöhrətli beş muzey Berlinin simvollarından sayılır. Turistlərin ən çox üz tutduğu Bode Muzeyi, Qədim Milli Qalereya, Yeni və Qədim Perqamon muzeylərinin yerləşdiyi ərazi unikal ansambl kimi 1999-cu ildən YUNESKO-nun Ümumdünya İrs siyahısındadır. Böyük Vətən müharibəsi illərində muzey adasının çox hissəsi bombardmandan dağılıb. Tarixi ərazinin tədricən bərpası 1950-ci ildən başlayaraq həyata keçirilib. 1958-ci ildə Perqamon Muzeyi muzey adasına incəsənət əsərlərinin böyük bir hissəsini qaytarıb. Bir sıra eksponatlar 1967-ci ildə restavrasiya olunduqdan sonra ziyarətçilərin ixtiyarına verilib. Muzey adasının tam bərpası 1989-cu ildə başa çatıb. Perqamon muzeyinin üç arxitektor binasından biri olan İslam İncəsənət Muzeyi də əsərlərin restavrasiyasından sonra ziyarətçilər üçün açılıb.
Dünya muzeylərində Azərbaycan eksponatları
“Kaspi” Bakcell şirkətinin dəstəyi ilə “Dünya muzeylərində saxlanan Azərbaycan eksponatları” layihəsinə start verincə, bir sıra ölkələrin muzeylərində qiymətli əlyazmaların və maddi-mədəniyyət nümunələrinin olması ilə bağlı məlumatlar əldə etdik. Belə ki, azərbaycanlı sənətkarlar tərəfindən müxtəlif dövrlərdə yaradılan bir çox nadir sənət nümunələri hal-hazırda dünya ölkələrinin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Londonun “Viktoriya və Albert”, Parisin “Luvr”, Vaşinqtonun “Metropoliten”, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarını seyr edərkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılan sənət nümunələrini görmək olar.
Tədqiqatçıların fikrincə, bu sənət əsərlərindən ən dəyərliləri Almaniyanın Berlin, Bonn, Drezden, Münhen və Braunşveyq şəhərlərindəki muzeylərdədir. Almaniya muzeylərində Azərbaycanın qədim dövr və orta əsrlərə aid əsərləri xüsusilə çoxdur. Bu da səbəbsiz deyil. Tədqiqatlara görə, hələ XIX yüzilliyin axırlarında bir qrup alman mütəxəssisi Gədəbəy, Daşkəsən, Qarabağ və Göygöl bölgələrində arxeoloji qazıntılar aparıblar. Əldə etdikləri sənət əsərlərinin bir hissəsini Almaniyaya göndəriblər. Düzdür, o vaxt Almaniyadan Azərbaycana gələn insanlar görkəmli arxeoloq və sənətşünaslar olmasalar da, xeyli tarixi abidələr aşkar edə biliblər. Bu insanlar Gədəbəydəki “Siemens” qardaşlarına məxsus mis mədənlərində çalışsalar da, aşkar etdikləri abidələr üzərində elmi araşdırmalar aparmağa da imkan tapıblar. Emil Reslerin, Yakov Humelin, Rozendorfun rus alimi, knyaz A.Bobrinskiyə və Voldemar Belkinin məşhur alman antropoloqu Rudolf Virxova yazdıqları məktublarda onların bu sahəyə çox ciddi yanaşdıqları hiss olunur. Rudolf Virxovun şəxsi kolleksiyasında saxlanılan Azərbaycandan gətirilmiş sənət əsərləri isə onun ölümündən sonra Kral Etnologiya Muzeyinə təhvil verilib. R.Virxovun 1883-cü ildə Berlində nəşr etdirdiyi kitabında Azərbaycan haqqında xeyli məlumata rast gəlinir. Almaniya muzeylərində saxlanan sənət əsərlərimiz içərisində ən ciddi eksponatlardan biri hazırda Drezdendə Astronomiya Muzeyinin riyaziyyat-fizika salonunda nümayiş etdirilən Marağa rəsədxanasının bürünc ulduz qlobusudur. Qlobus 1272-ci ildə Məhəmməd ibn Mavəyyid əl Urdi tərəfindən düzəldilib. Bu qlobus qədimliyinə görə dünyada ikincidir. İlk qlobus 1225-ci ildə Misirdə düzəldilib. Həmin qlobus hazırda Vatikanda Kardinal Borciyanın kolleksiyasında saxlanılır.
Eksponatlarımız özgələrin adı ilə
“Dünya muzeylərində saxlanan Azərbaycan eksponatları” layihəsinin icrası üçün seçilən ilk ölkə Almaniya olduğundan paytaxt Berlinə səfərim zamanı muzeylərdə maraqlı eksponatlarla rastlaşdım. Səfər öncəsi eksponatların daha çox Perqamon Muzeyinin İslam İncəsənət Bölməsində saxlanması haqqında məlumatlar əldə etdim.
Almaniyada yaşayan araşdırmaçı Nuridə Atəşinin sözlərinə görə, son illərdə Almaniya, Rusiya, Gürcüstan, Azərbaycan, Çeçenistan, İnquşetiya, Osetiya və Dağıstanda alman, ingilis, rus, türk, Azərbaycan dilli mənbələrdə apardığı tarixi-arxeoloji tədqiqatların indiyə qədər beynəlxalq elmə məlum olmayan bir çox tərəflərini üzə çıxarıb. Belə ki, Böyük Vətən müharibəsindən öncə Berlin Muzeyində dünyada analoqu olmayan böyük Qafqaz toplusu - kolleksiyası toplanıb. Yalnız Azərbaycandan muzeydə Xocalı-Gədəbəy maddi mədəniyyət nümunələrindən ibarət 3 böyük eksponat kolleksiyası olub. Lakin həmin eksponatlar V.Belk, Korthaus və Qraf fon Şveinitz tərəfindən qanuni və qanunsuz yollarla Almaniyanın müxtəlif muzeylərinə satılıb: “Təəssüflər olsun ki, müharibədən öncə bu kolleksiyalar tədqiq edilməyib. Müharibədə kolleksiyanın 40 faizi itib-batıb. Hazırda eksponatların bir çoxu Moskva və Peterburq muzeylərindədir və indiyə qədər elmi tədqiqatlara açılmayıb”.
Mənbələrə görə, hazırda Berlin Tarixəqədər və Qədim Tarix muzeyində 256 ədəd maddi Azərbaycan nümunəsi saxlanılır. Onların içərisində 12 tunc kəmər var ki, bunların da bir neçəsi indiyə qədər elmə məlum deyil. 1895-ci ildə Berlin Tarixəqədər və Tarix Muzeyinin (MVF) direktoru V.Naqel və E. Strommenger Qalakənd adı altında kataloq buraxıb. Kataloqda yalnız V. Belkinin Gədəbəy və ətrafında apardığı qazıntılar və onun maliyyəçisi olan məşhur alman antropoloqu R.Virxova yazdığı məktublar verilib. Kitabda bütün Gədəbəy və ətraf bölgə Yuxarı Ermənistan adlandırılıb, Gədəbəydə son tunc, erkən dəmir dövrünə aid olan qədim qəbir abidələri, yaşayış yerləri, sonrakı dövrləri əhatə edən alban xristian məbədləri bütünlüklə qədim ermənilərin tarixinə yazılıb ki, müəlliflər buna açıqlıq gətirməyiblər. Bu kitab əsasında və almanların V.Belk, E.Röslər, Rosendorf, Karthaus və digərlərinin etmiş olduqları çoxlu sayda tarixi, coğrafi, arxeoloji, hətta siyasi səhvlər nəticəsində on illərdir ki, Almaniya, Rusiya, Qafqaz və Azərbaycan tarix kitabında Xocalı-Gədəbəy mədəniyyəti dəfələrlə təhrif olunub və bir çox arzuolunmaz elmi nəticələrə gətirib çıxarıb”. N. Atəşi beynəlxalq elmi ictimaiyyətə müraciət edərək, alman, rus və Azərbaycan alimləri ilə birlikdə Xocalı-Gədəbəy mədəniyyətinin yenidən tədqiq edilməsi, yazılmış kitabların beynəlxalq elmi diskussiyalara çıxarılması təklifini irəli sürüb.
Silah nümunələri, məişət əşyaları, xalçalar...
Tədqiqatçı Faiq Ələkbərov deyir ki, dünyanın heç bir yerində muzeylərdə Azərbaycan eksponatları bizim adımızla təqdim olunmur - ya türk ya fars adı ilə verilir: “Dünyanın bir çox ölkələrindəki kitabxanalar, muzeylər və digər yerlərdə Azərbaycana aid əlyazmalar, maddi-mədəniyyət nümunələri var. Onların sürətlərinin Azərbaycana gətirilməsi Mədəniyyət və Turizm Nazirliyi, AMEA və digər strukturların planlarında var”. Alimin sözlərinə görə, Berlin şəhər kitabxanasında Nizami Gəncəvinin çoxsaylı əlyazmaları var. Həmçinin kitabxanada 15-16-cı əsrlərə aid Azərbaycan əlyazmaları saxlanılır: “Onların kifayət qədər yaxşı surətləri bizdə yoxdur”.
F.Ələkbərli bildirir ki, Perqamon Muzeyi və İslam İncəsənət Muzeyində də kifayət qədər Azərbaycana aid əlyazma, həm də tariximizə aid eksponatlar var: “Orada Azərbaycana aid silah nümunələri, məişət əşyaları, xalçalar var. 15-16-cı əsrlərə, Səfəvilərə aid dəbilqələr, qalxanlar, nizələr var. Amma təəssüf ki, orada onların heç biri Azərbaycana aid eksponat kimi qeyd edilmir. Onların hamısı İrana aid edilir”. Tədqiqatçının sözlərinə görə, onlar qərbi-şimali İran, fars nümunələri kimi göstərilir: “Mən Almaniyada olduğum zaman bu məsələləri həmin muzey əməkdaşlarının diqqətinə çatdırdım. Bildirdim ki, burada fars sözü yersizdir. Dedim ki, İran yazırsınız yazın, amma bunlar Azərbaycan xalçalarıdır və türk mənşəli insanlar tərəfindən toxunulub”. F.Ələkbərli deyir ki, həmin eksponatların da surətlərinin əldə edilməsi vacibdir: “Kitabxana və muzeylərin əməkdaşlarına bildirilməlidir ki, bunlar birbaşa Azərbaycana aiddir və orada ölkəmizə aid olduğu qeyd edilməlidir. Həmçinin həmin nümunələrin Azərbaycana aid olması sadəcə etiraf olunmalıdır. Bunu biz tələb etməli, onların kataloqunu tərtib etməliyik. Həmin kataloqlar da onlara verilməlidir”.
Perqamon Muzeyinin İslam İncəsənəti bölümü muzeyin turistlər tərəfindən ən çox ziyarət olunan hissələrindəndir. Muzeyə daxil olmaq üçün 18 avro ödəyib və 2 saat boyunca növbədə durduqdan sonra bu möcüzələr aləmi məni öz ağuşuna aldı.
1958-ci ildə İslam əsərləri Muzeyi demək olar ki, yeni həyatını başlayıb. Bələdçi dedi ki, eksponatlar muzeyə “Mədəni dəyərlər trafeyi” adı ilə daxil olub. Muzeydə İspaniyadan Hindistana qədər VIII-XIX əsrdə açıqlıqda yaşayan islam xalqlarına aid incəsənət nümunələri sərgilənir. Əşyalar əsasən Misir Yaxın Şərq və İran adı ilə sərgilənir. Həmçinin digər regionlar da əhəmiyyətli kolleksiya obyektləri ilə, məsələn, Böyük Monqolların erasından olan xəttatlıq (kalliqrafiə), miniatür əsərlər və fil sümüyündən düzəldilmiş məhsullarla təmsil olunublar.
Bu məqalə Bakcell şirkətinin dəstəyi ilə hazırlanıb
(davamı var)
Təranə Məhərrəmova
Berlin

banner

Oxşar Xəbərlər