“Müxtəlif ölkələrdə təhsil almağımın səbəbi fərqlilik axtarışıdır” - Xaricdə təhsil
Onun
haqqında təhsil fədaisidir desək, yanılmarıq. Uşaq yaşlarından tək xəyalı yüksək
səviyyədə təhsil almaq və ölkəyə yararlı vətəndaş olmaqdır. Təhsil onun üçün məcburiyyət
deyil, xüsusi zövqdür. Üstəlik, çox oxuyan deyil, çox gəzən çox bilər prinsipi
ilə də hərəkət edir. Özünü daim öyrənməyə həsr edən həmsöhbətimizi tanıyaq...
Xaricdə
təhsil rubrikamızın qonağı Fidan Əlizadədir.
Fidan
Bakı Türk Anadolu liseyini bitirib. Deyir ki, məqsədi ali təhsilini də Türkiyədə
davam etdirmək olsa da, sonradan fikrini dəyişib: "Türkiyədə arzuladığım
universitetlərə qəbul almışdım. Hacettepe, Ankara Universiteti, Yıldız Teknik
Universiteti kimi tanınmış təhsil ocaqlarından yararlanmaq şansım var idi.
Lakin son anda təhsilimi Avropada almağa qərar verdim. 2 ay İELTS imtahanına
hazırlaşdım. Lazım olan keçid balını yığdıqdan sonra Avropa universitetlərinə
müraciət etdim. Təqaüdlə təhsil almağı hədəflədiyim üçün ən uyğun variant
İtaliyada idi. Çünki sözügedən ölkədə təqaüd imkanı daha üstün idi. Polşadakı bəzi
universitetlərdən, Estoniyadan, Almaniyadan da qəbul almışdım. Lakin hərəsində
ya 30, ya da 50 faizlik təqaüd imkanı vardı. Ona görə də 100 faizlik təqaüdü
seçib, İtaliyada Roma şəhərində Tor Vergata Universitetində iqtisadiyyat fakültəsində
3 illik bakalavr təhsilinə başladım. Orada təhsil aldığım müddətdə Erasmus
proqramı ilə Malta Universitetində təhsilimi davam etdirdim. Maltada olduğum
müddətdə cavablar açıqlandı ki, Amerikada təqaüdlə West Virginia Universitetinə
qəbul olmuşam. Hazırda bu universitetdə təhsil alıram. Sonra yenidən Erasmusa
müraciət etdim və hazırda İngiltərədə Sheffield Universitetində təhsilimə davam
etmək imkanı əldə etmişəm.
- Fidan xanım, təhsil sizin üçün nədir?
- Məncə,
təhsilə marağı insana uşaqlıqdan valideynləri aşılayır. Mən uşaq olanda, anam mənə
artıq əlifbanı və hərfləri öyrətmişdi. O, məni oxumağa məcbur etmirdi. Mən sevə-sevə
anamla dərs oxuyurdum. Yazmağı, hesablamağı anamdan öyrənmişəm. Nənəm və anam
fizika müəllimi olub. Mənə hər zaman deyərdilər ki, sənin damarlarında fizik
qanı axır. Mən də uşaqlıqdan texniki fənləri sevirdim və bu sahədə təhsil alacağımı
bilirdim. 3-4-cü sinifdə 6-cı sinfin tənliyini edirdim. Artıq 4-cü sinifdən məktəbi
bitirib universitetə qəbul olmağı xəyal edirdim. Əlimdə TQDK broşürları ilə
ixtisas seçirdim. Təhsilə marağım uşaqlıqdan var. Mənim üçün zaman çox önəmlidir
və bu vaxta qədər tək məqsədim yaxşı karyera qurmaq olub. Məsələn, müəllimlərimiz
universitetlərdən danışırdı. Onlar danışdıqca mən özümü oralarda xəyal edirdim.
Hər zaman məqsədyönlü və çalışqan biri olaraq tanınmışam. Həmişə istəyirəm ki,
maksimum dərəcədə bilik alım. Eyni mühitdə qalmağı sevmirəm. Hər dəfə müxtəlif
mühitlərə keçməyimin səbəbi odur ki, biliklərimi təkmilləşdirim və gələcəkdə öz
ölkəmdə tətbiq edim. Xaricdə müxtəlif ölkələrdə təhsil almağımın səbəbi fərqlilik
axtarışıdır. Artıq istəyirdim ki qabığımdan çıxım və əsl Fidanı kəşf edim.
Bunun da yolu təhsildən keçir.
- Nə üçün qəbul olduğunuz universitetlə kifayətlənmirsiniz,
daim növbəti ölkə və universitet axtarışındasınız?
- Həyatda tək prinsipim heç vaxt dayanmamaqdır. Bütün ətrafım mənə deyir ki, biz səni nə vaxt
görsək, qaçırsan. Mən həyatda hər zaman qabağa getməyə, nələrisə tez bitirməyə
tələsirəm. Həyatın digər mərhələsinə atlamağa tələsirəm. Bu vaxta kimi də
universitetlərə qəbul zamanı bütün sənəd prosedurlarını özüm etmişəm. Heç vaxt
dayanmaq istəməmişəm. Düşünürəm ki, insan bir yerdə dayandığı zaman inkişaf
etmir. İnkişaf etmək üçün fərqlilik lazımdır. Əgər daha üstün imkan varsa, niyə
onu sınamayım? Təhsildə mənim üçün risk yoxdur. Valideynlərim mənə deyirdi ki,
bir mühitdə oxuduğun zaman digər mühitə
keçmək çətindir, risk etmə. Mən təhsildə risk etməyi sevirəm. Hər
universitet mənə fərqli dünyagörüşü verdi, hər ölkədən fərqli mədəniyyətlər
tanıdım. Erasmus proqramının müsbət cəhətlərindən biri odur ki, Maltada olarkən
müxtəlif ölkələrdən insanlarla tanış oldum, hətta 7 amerikalı qızla çox yaxşı
dostluq münasibətlərim başladı. Onlar daha sonra mənə Amerikada universitet
seçməyə dəstək oldular. Etdiyim bütün risklərin müsbət nəticəsini görmüşəm.
Amerikada təhsil mənim üçün uşaqlıqda əlçatmaz görünürdü. Amma xəyalıma çatdım.
Bundan əlavə, 1-ci kursda Çexiyada stajor kimi işləyirdim. Bir çox dostlarım mənə
deyirdi ki, 1-ci kursda olan tələbə Avropada iş tapa bilməz. Bütün ölkələrə
staj üçün müraciətə başladım. 3 ay Çexiyada işlədim. Gəzdiyim ölkələrdə o qədər
insan var ki, hər rastlaşdığım insana Azərbaycanı tanıdıram. Bacardığım qədər
ölkəmiz haqqında məlumat verir, xəritədə göstərirəm. Səyahət mənə təhsillə
yanaşı ölkəmi tanıtmaq imkanı da verir.
- Təhsil aldığınız məktəblərin və ölkələrin hansı
xüsusiyyətlərinin bizim ölkədə olmasını istərdiniz?
- Hər
ölkənin pis tərəfləri də var. Amma yaxşılarından danışmaq istəyirəm. Məsələn,
İtaliyaya gedəndə mənim qibtə etdiyim nüans insanların komplekssiz olmasıdır.
İnsan komplekssiz olanda bu, onun yaşam stilinə, yeni dostlar qurmasına təsir
edir. Daha sonra türk liseyində gördüklərimin məktəblərimizdə tətbiq olunmasını
çox istərdim. Liseydə oxuduğum müddətdə sinifdə ancaq daha çox türklər təhsil
alırdı. Orda "kaş Azərbacan məktəblərində də bu olardı” dediyim nüans şagirdlərin
kitab oxumağa həvəsinin olması idi. Bədii kitaba o qədər böyük maraq var idi
ki... Bir imtahan bədii kitaba həsr olunurdu. Müzakirələr belə kitabla bağlı
olurdu. Məsələn, təzə kitab çıxan kimi hamı ondan danışırdı. Kitab oxumasan, o
söhbətlərə qoşula bilməzsən. Mən Azərbaycan məktəblərində belə hallar görmədim.
Amerikada isə məni təəccübləndirən təhsil aldığım universitetdə olan karyera mərkəzləridir.
Hər bir tələbənin öz karyera məsləhətçisi var. İşə düzələndə, CV hazırlayanda
kömək edirlər. Burada 408 tələbə cəmiyyəti var. Həftəsonu tələbələr pulsuz şəkildə
bu cəmiyyətlərə qoşulub sosial əyləncələrdən istifadə edirlər. Hər şeyi tələbənin
öhdəsinə buraxmaq olmaz. Tələbəyə dəstək olmaq lazımdır. Yetəri qədər
rayonlardan tələbələr Bakıya gəlirlər. Onların daha yaxşı mühitə düşməsi üçün
universitetlər də çalışmalıdır.
- Bir tələbə xaricdə təhsil almaq istəyirsə, əsas nələrə
diqqət etməlidir?
- Bir tələbə xaricdə təhsil almağı hədəfləyibsə bunun maddi tərəfini
hesablamalıdır. Düzdür, mən ancaq təqaüdlə davam etmişəm. Təqaüdlə təhsil alsan
belə, gecikmə ehtimalını nəzərə almalısan. İş imkanına gəldikdə İtaliyada tələbənin
işləmək imkanı azdır, Amerikada isə çoxdur. Amerikada müəyyən limitlə işləyib xərclərini
qarşılaya bilərsən. Bundan əlavə, universitet seçəndə hamı daha çox reytinq
sıralamasına baxır. Bununla yanaşı, universitetin İdarə Heyətini də araşdırmaq
lazımdır. Əgər İdarə Heyəti sənə yardımçı olmağa can atırsa, o zaman daha güvənli
olursan. Tələbə universitet seçərkən də mütləq sosial mühitə önəm verməlidir. Məqsədin
ancaq təhsil olduqda yad ölkədə çox sıxılırsan. Mən İtaliyada belə oldum. Tələbələrin
ən böyük səhvlərindən biri getdiyi ölkələrdə ancaq öz millətindən olan
insanları tapıb münasibət qurmalarıdır. Bu, tək bizdə belə deyil. İtaliyanlar
da belədir. Bu, asana qaçmaqdır. Məndə də xarici ölkə vətəndaşı ilə ünsiyyətə
girə bilməmək qorxusu var idi. Əlbəttə ki, harada olursan ol azərbaycanlılarla
tanış olmaq yaxşıdır. Amma sadəcə onlarla birlikdə gəzmək, asana qaçmaqdır. Belə
olan halda, mühitdən əldə etdiyin bir şey olmayacaq. Həyatında avantaj
yaratmaq, dünyagörüşünü inkişaf etdirmək üçün xarici tələbələrlə ünsiyyətdə
olmağa başlamaq lazımdır.
Aygün
ƏZİZ