• cümə, 29 Mart, 18:00
  • Baku Bakı 14°C

Müxtəlif dillərdə 18 roman yazıb məşhurlaşmaq istəyən poliqlot

16.12.17 11:00 6761
Müxtəlif dillərdə 18 roman yazıb məşhurlaşmaq istəyən poliqlot
İstedad məfhumunun varlığına inanmır. Deyir ki, insanlar istədikləri hər şeyə nail olar, öz istedadlarını kəşf edə bilərlər. Ona görə, hər bir uğurun arxasında istedad yox, böyük iddialar dayanır.Müsahibimiz25 dil bilən poliqlot, tərcüməçi Emin Quliyevdir.
Emin Bakıda anadan olub. Xətai rayon 56 nömrəli məktəbdə orta təhsil alıb. Ali təhsilini isə İqtisad Universitetində davam etdirib. Geyim üzrə dizayner, vokalist, tenor, kino rejissorudur.
"Dil bilmədiyim üçün danlanırdım”
Deyir ki, uşaqlıqdan qavrama qabiliyyəti yaxşı olub: "İlk dəfə 13 yaşımda İranda olarkən bir-iki həftə ərzində insanlarla farsca danışmağa başladım. Tez yadımda saxlayırdım. Amma fikir vermirdim ki, bu, dilçilik qabiliyyətidir”.
Hazırda 25 - ingilis, alman, fransız, italyan, ispan, portuqal, holland, norveç, isveç, latın, rumın, yunan, fars, çin, koreya, yapon, başqırd, tatar, ərəb, rus, polyak, çex, ukrayna, fin, sanskrit dillərini bilən həmsöhbətimiz, professional şəkildə dil öyrənməyə 11-ci sinifdən başlayıb: "11-ci sinifdə oxuyanda ingilis dilini fərdi şəkildə öyrənmişəm. 4 ay ərzində yaxşı nəticələr əldə etdim. 11-ci sinfin birinci rübünə qədər ingilis dili haqqında anlayışım yox idi. Həmişə bilmədiyim üçün müəllimlər tərəfindən məktəbdə danlanırdım. Dil öyrənməyə həvəsim birdən birə yarandı”.

"Qeyri insanı iddialara sahib idim”
Müsahibimiz dil öyrənmək baxımından istedadlı olduğunu qəbul etmir. Deyir ki, bütün insanlar qarşılarına məqsəd qoysalar, dil öyrənə bilərlər: "İstedada inanmıram. İstedad adlandırdığımız anlayış insanın ümumi dünyagörüşüdür. İnsanın bürcü, genetik amillər, ailə tərbiyəsi dünyagörüşünə, qavrayışına təsir edir. Ümumi götürsək, insanın fizioloji amil olaraq götürmə qabiliyyətinin zəif və ya güclü olma məsələsini qəbul etmirəm. İstedadlı insan kimi qəbul etdiklərimiz, normadan artıq iddiaya malik olan insanlardır. İddialı insanlar dinamikdirlər və daim nə isə etməyə çalışırlar. Belə insanlar bizim gözümüzdə istedadlı görünürlər. Bir insan uğur qazanan kimi fərqləndiririk və deyirik ki, istedadlı insan idi, uğur qazandı. Xeyr, bunu hər bir insan edə bilər. Hər bir uğurun arxasında böyük iddialar və cəhdlər dayanır. Mən də qeyri-insanı iddialara sahib idim. 24-25 yaşımda çiynimə böyük iddialar qoymuşdum. İstəyirdim 35 yaşında dünyada tanınmış insan olum. 50 dil bilim, böyük kitablar yazım. Sadəcə, sürətim zəif oldu. İstəklərimin 50 faizini həyata keçirməmişəm. İnsan var ki, daim mübarizə aparır, özü ilə çarpışır, vuruşur. Bəziləri isə tənbəldir və dünya veclərinə deyil. Belə insanlar bizim gözümüzdə istedadsız görünürlər”.

"İnsanın daxilində işıq yoxdursa...”
Həmsöhbətimiz 25 dili heç bir müəllimin köməyindən istifadə etmədən, özü öyrənib. Deyir ki, bir insanın daxilində məqsəd, işıq yoxdursa, 500 müəllim də yığılsa, ona heç nə edə bilməz: "Müəllimlərə həmişə hörmət edirəm, özüm də dərs deyirəm. Amma öz həyati baxışımda müəllim anlayışını qəbul etmirəm. Bir insanın daxilində bir işıq yoxdursa, istəyirsən 500 müəllim yığ, xeyri yoxdur. Düzdür, müəllim təhsil, bilik verir. Amma müəyyən biliklər əldə etdikdən sonra həyatda məqsədləri olan insanlar özləri də istədiklərini araşdıra, öyrənə bilərlər”.
"Dillərlə idman edirdim”
Dil öyrənmək sevgisinə gəldikdə isə gənc poliqlot deyir ki, hansısa işdə işləmək və ya sənət sahibi olmaq üçün bu arzunun arxasınca getməyib: "Mənim dil öyrənməyimin məişətlə heç bir əlaqəsi olmayıb. Uşaqlıqdan həyata baxışım fərqli idi. Düşünürdüm ki, dünyadakı insanların hamısı ilə öz dillərində danışacağam. İnsanları sevirdim və millətləri dərk etmək istəyirdim. Buna görə dil öyrənirdim. Romantik uşaq fikirlərim var idi. Amma yaş insanın qanadlarını qırır. Mənim üçün hər şey bir növ idmandır. Sadəcə olaraq, dillərlə idman edirdim”.

"100 dil öyrənəcəyəm”
Hazırda yüz dil öyrənməyi qarşısına məqsəd qoyan müsahibimiz deyir ki, təkcə qrammatikasını bildiyi 60-dan çox dil var və müntəzəm olaraq bunların üzərində işləyir. Ən asan və ən çətin mənimsənilən dil məsələsinə gəldikdə isə həmsöhbətimiz bildirdi ki, quruluşuna görə, gec ya tez öyrənilən dillər yoxdur: "Sadəcə, detalları çox, ya da az olan dillər var.
Hər işin hissələrini, mexanizmini ardıcıl quranda işin asan olar. Bir işə əl atdınsa, bunu yarımçıq qoya bilməzsən. Dayanıb geriyə baxmaq olmaz. Bir ucdan tutub gedirik, harada qırılar qırılar”.

"Kitabın dünyada misli yoxdur”
Emin dünyada misli olmayan kitab çap etdirmək niyyətindədir: "Kitab hər biri 700 səhifə olmaqla, 5 cilddə çıxacaq. Kitabın əsas məqsədi 125 dili əhatə etmək deyil, əsas məqsədi universal qrammatikadır. Dünyada misli yoxdur. Dünyada universal qrammatika yazmaq cəhdləri çox olub . Bu kitabların əksəriyyəti də praktiki deyil nəzəri biliklər verib. Bu nəzəriyyələr dil öyrənmək istəyənlərə heç nə verə bilməz. Mənim kitabım praktikdir. 10 il üzərində işlədiyim işdir. Sadəcə, biliklərimi ehtiyacı olanlara çatdırmaq üçün əlimdən gələn hər şeyi edirəm. Mənim kitabım xarici dil öyrənmək istəyən hər kəsə, bunu peşəkarcasına etməyə yardım edəcək. Mart ayına qədər hazır olacaq. Böyük miqyasda olduğu üçün enerji və vaxt tələb edir. Bunların hamısını özüm edirəm”.
Gələcək planlarından danışan həmsöhbətimiz vurğuladı ki, 100 dili mükəmməl şəkildə öyrənib, müxtəlif dillərdə roman yazan yazıçı kimi tanınmaq istəyir: "Müxtəlif dillərdə olan 18-ə yaxın romanımı çap etdirib, yazıçı kimi tanınmaq istəyirəm. Musiqidə və film sahəsində fəaliyyətimi davam etdirəcəyəm, 150 cildlik dil ailələri üzrə qruplaşmış kitabımı çap hazırlayıram”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər