• cümə, 19 Aprel, 13:28
  • Baku Bakı 25°C

Muxtar

16.10.18 14:15 5328
Muxtar
– Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.
– Axı...
– Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən.
– Heç Enşteyn də Elmlər Namizədi deyildi...
– Hə də, balası, o, Enşteyn idi. Sən isə Muxtarsan. Mümkün deyil. Götür bunları da, çıx otaqdan, dedim.
– Peşman olacaqsız.
– Allah, allah. Qardaşım, mən artıq peşmanam. Mənə deyən lazımdır ki, niyə adam bilib hər ötüb keçən üçün qapını açırsan. Sənə neçə dəfə dedim, gəlmə də, gəlmə. Bir aydır başımı xarab eləmisən.
– Tomos Edisonu məktəbdən qovmuşdular. Müəllimləri ona kütbeyin deyirdi. Adam elə kəşflər etdi ki...
– Aman Allah, bir aydır eyni şeyləri təkrarlıyırsan e! Muxtar, yaxşı yol. Belə yolun açıq olsun. Kəşflərin sərhədləri aşıb xəbəri gəlsin qulağımıza. Nobel alasan. Olsun e, olsun. Amma, başına dönüm, bu kəşf deyil. Yeni əsrin Şeyx Nəsrullahı olmaq istəyirsən? Bir də ki, sən Allahın işinə niyə qarışırsan axı. A balam, sənin neyinə lazımdır ölənləri diriltmək?
– Bu Allah işinə qarışmaq deyil. Bu sorğu-sualdı. Niyələri soruşmaqdır.
– Ay adam, nəyinə lazımdır axı?
– Məsələn, nakam getmiş insanları, bu dünyada missiyası yarımçıq kəsilən adamların geriyə dönməsini istərdim. Siz istəmirsiniz?
– Vallah, havalanmısan sən. Cəfəng-cəfəng fikirlərlə vaxtımı alırsan. İndi iclas olacaq, xoş getdin
– Boş-boşuna keçirilən müzakirələr, iclaslar. Doldurursuz bir zal adamı, ağzınıza gələni danışırsınız. Nə elm var, nə də kəşf. Boş-boş sözlər var ortalıqda, vəssalam. Özünüz də bilirsiniz ki, boşboğazlıqdır, başqa heç nə. Guya iş görürlər. Simpozium, təşkilat, yığıncaq. Havalı sizsiniz, deyim, xəbəriniz olsun. Kimi aldadırsız axı? Bezmədiniz vaxt öldürməkdən?
– Xoş getdin, dedim sənə! Ağzına gələni danışma! Kişi kimi bir işin qulpundan yapış! Qaz vur, qazan doldur! Başını boş-boş şeylərlə yorma. Sənin kəşf adlandırdığın bu qondarma dərmanlarını, bir qovluq kağız-kuğuzunu heç kim sınaqdan keçirməyəcək. Belə şey həyatında olmaz. Olsaydı Avropalılar birinci kəşf edərdilər. Deyirsən sənin qədər ağılları yoxdur?
– Çox heyf
– Deyirəm sənə, normal, yola yaxın, sanballı, həqiqətə uyğun nəsə ağlına gəlsə, bax, gələrsən yanıma. Dədəm Mehtinin oğlu deyiləm, əgər səni qapıdan içəri buraxmasam. Bax, söz verirəm, kişi kimi. Get, başına dönüm, get.
– Siz!
– Get, başına dönüm, get. Qapını bağla arxanca
Pilləkənləri aşağı necə düşməyim yadımda deyil. Bircə onu bilirəm ki, başım gicəllənirdi. Bura gəlməyimə it kimi peşman olmuşdum. Bütün dünya, baş verən hər şey, həyatım, arzularım elə bil dərədən aşmışdı. Mən Sizif gücündə deyildim. Ola bilməyəcəm. Daş olub hər şey başıma düşür. Əzilirəm, elə əzilirəm ki. Adamı yerə çırpmaq yəqin buna deyilir.
Yolun sağı, solu, eni, uzunu – hər şey gözümdə bərabər görünürdü. Gah başımı qaşıyırdım, qulağımı dartırdım, yerli-yersiz, özümdən qeyri-ixtiyari öskürürdüm. İki dəfə yolu səhv gedib geri qayıtmışdım, eskalatora tərsinə minmişdim, sürtünə-sürtünə, itəliyə-itəliyə keçirdim adamların içindən.
"Növbəti stansiya Elmlər Akademiyası”.
– Xahiş edirəm, mənə deyərdiniz, Memar Əcəmiyə necə gedə bilərəm? Aha, ordan, düz ordan. Çox sağ olun, çox təşəkkür edirəm.
"Qapılar bağlanır növbəti stansiya Elmlər Akademiyası”.
– Xahiş edirəm mənə deyərdiniz, Memar Əcəmi stansiyasına necə gedə bilərəm? O qatar səhv aparır. Bayaq da ona mindim. Eyni yerə gedir. Bu dəfə düz gedəcək? Çox sağ olun.
"Qapılar bağlanır, növbəti stansiya Elmlər Akademiyası”.
– Xanım, siz deyin... Əcəmiyə necə gedə bilərəm? Hara aparır? Yalnız ora?
"Qapılar bağlanır, növbəti stansiya Elmlər Akademiyası”.
– Bir dəqiqə, üzr istəyirəm, xala zəhmət olmasa çəkilərdiniz. Saxlayın... Çəkilin, zəhmət olmasa. Saxlayın, dedim. Memar Əcəmiyə getmək istəyirəm. Saxlayın!
***
Bura Bakı Sovetidir. Tfu, lənətə gələsən, İçəri Şəhər meteostansiyasıdır. Bu da Mirzə Ələkbər Sabir.
Salam, Sabir ağa? Elə bilirəm heykəl olmaqdan bezmisən axı. Ayağa dur, sür-sümüyünü şaqqıldat.
Bağışlayın məni. Hamınız bağışlayın. Bu gün əhvalım olduqca pisdir. Hirsliyəm, acıqlıyam. Mən Çingiz xanın Monqolustandakı heykəlini çox sevirəm. Məncə Bakının daha çox Şah İsmayıl Xətainin heykəlinə ehtiyacı var. Var? Hardadır? Bilmirəm, mən onu Çingizxanın heykəli kimi möhtəşəm görmək istəyirəm. Fikrə gedən vəziyyətdə, əli çənəsində, yuxulu kimi, yox. Ayıq, iti nəzərlərlə ətrafa baxan şəkildə.
Bəs sən, Füzuli... Üzr istəyirəm, siz. Necə düşünürsünüz? Hələ də, "Can vermə qəmi-eşqə ki, eşq afəti-candır, Eşq afəti-can olduğu məşhuri-cahandır!” fikrinin üzərində qalırsınız? Yox, daha sevgiləri də dəyişib bu dünyanın. Yazdıqlarınız indiki dünya üçün keçərli deyil. Bir də, bağışlayın müdaxilə edirəm. Əlinizi zəhmət olmasa çənənizdən çəkərdiniz. Belə yaxşı düşmürsünüz fotoya. Başınızı da qaldırın. Məzlum görünməyin, nə olar. Məncə illərdir yerə baxmağınız yetər.
Monotonluqdan bezib ölkəni tərk edən bəzi gənclərdən fərqli olaraq mən hələ də nələrinsə ümidindəydim, doğrusu. Heykəl kimi əli qoynunda oturmaqdan bir şey çıxmayacaq, hə? Dünyaya gəlmisənsə yaşamağın yollarını da tapmalısan, düşünürdüm. Və düşünürdüm ki, rəngarəngliyi yaradan insanın özüdür. Yəni içində olan boşluğu hara getsən belə yenə də doldura bilməyəcəksən. Beynində yuva salmış hər şey səni harda olsan narahat edəcək. Neqativ fikirlərdən xilas olmaq üçün ya başını kəsməlisən, ya da baxışını dəyişməlisən. Başqa yolun yoxdur. Bütün əzaların yerində olduğu halda günlərini boşuna xərcləyirsənsə, get əlsiz-ayaqsız Nik Vuyçiçin kitablarını oxu, məsələn. Nə bilim, motivasiya üçün, həvəslənmək üçün əla enerji mənbəyi ola bilər. Ya da gücü kənarda deyil özündə tapmağı bacar, deyirdim. İndi isə özümü əlsiz, ayaqsız adam kimi hiss edirəm. Boynu bükülmüş, məzlum qozbel Kvazimodo kimiyəm.
Soyuq kəsdi məni. Belə baxanda yaydı. Bəs mənə niyə soyuqdu? Niyə üşüyürəm? Böyrəklərim sızıldayanda Almas İldırım düşür yadıma. Boğazına qədər suyun içində saxlamışdılaronu . Danışanı güllələmişdilər, sürgün etmişdilər danışanları. Onların alnında möhür izi qaralmırdı. Alınlarına şanlı əməlləri ləkə kimi yapışdırılmışdı. Kəs səsini, burjua şairi! Urvatsız-urvatsız yaşa.
Müharibədə qələbə qazan amma qəhrəman şəhər statusuna yüksəlmə. Özümə bənzəyən bədbəxt Bakım. Bu xırçınlı Xəzərin qoynuna atacağam illərdir düzəltdiyim bu həbləri. Qoy sulara qarışsın. Balıqlar içib dirilik qazansınlar.
***
– Muxtar müəllim, yaxşısız?
– Nə olub?
– Səhərdən bufetdəsiz. Birinci elə bildim başınız ağrıyır.
– Nə vaxtdan burdayam?
– İki saat olar. Sizi axtarırlar. Direktor otağına çağırıb
– Məni? Niyə?
– Xəbərim yoxdur.
İlahi, bu nədi başıma gəldi? Duran yerdə niyə çağırsın ki? Allah bilir Akademiyadan zəng vurublar. Deyiblər başdanxarabı işdə niyə saxlamısız? Tfu, belə həyat olar? Alınmır da. Məndə heç nə alınmır.
– Olar?
– Keç-keç. Nə olub? Niyə həyəcanlısan?
– Heç, olur məndə
– Əsədov, sənə vəzifə verirəm
– Məə. Nənə?.... Mənə?
– Bəli-bəli sənə
– Nə vəzifəsidi elə?
– Baş hidroloq?
– Mən?
– Qəşəng vəzifədir, eləmi? Ayın əvvəlində hava haqqında məlumat verəcəksən. Həftəlik məlumat verəcəksən. Səni televizora çıxaracam. Bütün ölkə üzünü tanıyacaq.
– Çox sağ olun
– Hə, bir də. Ürəyin istəsə lap havanın, buludların istiqamətini də dəyiş
– Yox, necə, niyə ki?
– Necə yəni niyə? Ölünü diriltməyi bacaran, buludu da qova bilər. Lap belə ürəyi istəsə xoşu gəlməyən ölkələrə də göndərə bilər. Al, hədiyyəni də götür. Get qəbinetivə.
– Nədi bu?
– Qlobusdu. Fırlat özünçün.
Hə, bu da sənə möcüzə. Get, Əsədov. Get, kef elə. Adam dirildən. Kabinetinin üstünə də yaz: "Adam dirildən Əsədovun kabineti”. Yaxşı reklam mətni də yazmaq olar: "Ölüm daha qorxulu deyil. Əbədi yaşamaq indi burnunuzun ucundadır. Əsədov həblərini alın. Alın, için və əbədi olun”. Lənət sənə kor şeytan. Allah bilir, bütün departament gülür mənə. Mənə deyən lazımdır axı, ağrımayan başına niyə yaylıq bağlayırsan ki? Yaşa hamı kimi, danış hamı kimi. Bu da olsun, həyat.
– Yoldaş, Əsədov, xəbəriniz var. Dənizdə qəribə olaylar baş verir.
– Nə olay? Nə olub?
– Tələsin, bütün deliqasiya oraya yollanır.
– Mən hələ təzə keçmişəm ki, vəzifəmə. Otağa gedib çıxmamışam.
– Tez olun e, tez olun.
Qlobusumu otağa qoyub aşağı düşdüm ki, gördüm köç gedib. Bir sözlə, bir Allah bəndəsi məni gözləməyib ki, maşınına mindirsin. Nə isə, onlar atlı olsun, mən də piyada. Düz getdim İçəri Şəhər meteostansiyasına. Baksovetdə düşüb Filarmoniyanın həyətindən qalxdım yuxarı. Yeraltı keçidlə keçib bulvar tərəfdən çıxdım. Uzaqdan camaat görünürdü. İynə atsaydın yerə düşməzdi. Dənizin üzərindəki burulğana bənzər bulud bulvarın üzərinə doğru hərəkət edirdi. Hava elə istiydi ki, qara bulud topası günəşin üstünü örtsəydi əməlli-başlı kölgə olacaqdı. Bir sözlə, iti addımlarla gəldim dənizin kənarına. Yoldaş Mərdanov da burdaydı. Ətrafa səpələnmiş polislər əhalini qara buludun olduğu bölgədən uzaqlaşdırmağa çalışırdılar. Millət də nə millət e, qara buludla selfi çəkən kim, həyəcanlı səslə sosial şəbəkələrdə canlı yayıma çıxan kim. Aləm bir-birinə dəymişdi.
Mərdanov məni görən kimi tez yanına çağırdı. TV kanalların kameraları önündə, "bu, bizim baş hidroloqumuzdur”, təqdimatını verdi. İndi baş hidroloq nə lazımdırsa söyləyəcək, dedi.
Aman Allah, mən nə etməliyəm ki? Bir tərəfdən də qorxudublar ki, yəqin bu bulud hansısa zavodda baş vermiş partlayışdan əmələ gəlmiş zəhərli buluddur ki, o da bir dəfə yağsa camaat zəhərlənib öləcək. Lənət şeytana, işə düşmədim. Balam, mən Allaham? Yoxsa İsa peyğəmbərəm? Nə deyim bunlara?
Eləmədim tənbəllik buludun tərkibini öyrənmək üçün labarator ləvazimatları da götürüb yollandım helekopterin içinə. Elə təzəcə minmişdim ki, yadıma dünən dənizə atdığım həblər düşdü. İlahi, yəni bu bulud o həblərin buxarından yaranmış buluddur? Kül oldu mənim başıma. Olmaya nəyisə səhv eləmişəm. Mən neyləmişəm, ay Allah? Bəndənə yazığın gəlsin.
Yenicə oturmuşdum ki, Mərdanov mənə əl edib, aşağı düşməyimi istədi. Heç nə alamadım. Deyəsən, tutacaqlar məni. Yaz faiz həbs edəcəklər. Yəqin dünənki hərəkətimi görən olub. Bir də axı dünyanın zibilini tökürlər dənizə. Düz-əməlli balıq da qalmayıb orda. İndi bir ovuc dərmanla nə olacaq axı? Nə isə, deyərəm ki, xəbərim yoxdur. Yalançı dərmanlardı. Əşşi nə dərman? Xəbərim yoxdur, vəssalam. Yaxşı ki, dünən bütün sənədləri yandırdım. Kəşfimin izi belə qalmayıb, çox şükür.
Mərdanova yaxınlaşanda gözlərini yaş içində gördüm. Allahım, nə olub axı?
Camaat dənizə baxırdı. Üzümü çevirəndə gözlərimə inanmadım. Dənizin içindən adamlar sahilə doğru irəliləyirdi. Mərdanovun üç il bundan öncə dənizdə batmış, cəsədi tapılmamış oğlu irəlidə gəlirdi. Ardıyca neftçilər, fəhlə geyimli adamlar, qızlar, oğlanlar gəlirdi.
Bəs o kimdi? Nimdaş, boz pencəkdə, üzü tüklü, yorğun adam kimdir, görəsən? Yaxasında rəqəmlər görürəm. Aha, apaydın sezilir. Bir. Hə, birdi. Yenə də bir, sonra sıfır. Doqquz. Bu nə rəqəmdir? Min yüz doqquz.
– Yoldaş Əsədov, nə baş verir?
– Xanım, gördüyünüz kimi adamlardı. Vaxtilə batmış, ya atılmış, izsiz-tozsuz qeyb olan, itkin düşən adamlar.
– Yəni ölülər dirilib?
– Gördüyünüz kimi, həyatda hər şey mümkündür.
– Necə yəni?
– Ola bilər Xəzərin sularına dirilik suyu qarışıb. Tarixi mənbələrdə belə suyun olması məlumatı var axı. Yadınızdadır, İsgəndərin axtardığı dirilik suyu?
– İndi deyirsiniz bu qara bulud dənizdən buxarlanmış buluddur?
– Bəli, düppədüz. Dənizdən buxarlanmış buluddur. Ona görə belə qəribədir və fərqlidir.
– Sizcə, yağıntı hara düşəcək?
– Məncə bu bulud çox uzağa gedəcək. İsladacaq hamımızı. Yamyaş edəcək bizi. Təpədən-dırnağa yuyacaq. Bəlkə də ölüləri sonuncu dəfə qusullandırmağımız dirilik istəməyimizdəndir. Yoxsa torpağın altına gedəcək ruhsuz müqəvvanı niyə yuyaq ki? Qədimlərdən bizə gələn yaddaş kodudur bu. Dirilik sevdasıdır. İndi yaşamağın nə olduğunu nəhayət ki, anlayacağıq. Şüurumuz, düşüncəmiz, varlığımız diriləcək.
***
– Muxtar bəy, sizinləyəm, Muxtar bəy.
– Bəli
– Televiziyanın müxbiri, Tofiqəm.
– Lap yaxşı
– Bir sual verim. Güman edirsiniz ki, bu bulud dirilik bulududur.
– Güman etmirəm, belədir.
– Düşünək ki, belədir. Siz bu dirilik buludunun hara yan almasını istərdiniz? Bu yağışın harada yağmasını istərdiniz?
– Əgər məndən olsaydı, əgər o buludlar getmək istəsəydi. Məni sızladan, içimi yeyən günahsız, müharibədə həyatını itirmiş adamların qəbrinə yağmasını istərdim. Məsələn, yağış Şəhidlər Xiyabanına yağsın. Yağsın. Qəhrəmanlar yenidən dirilsin, istəyirəm. ...xalq düşməni” adıyla güllələnən vətənsevərlər dirilsin. Bilirsiniz...
– Bağışlayın, vaxtımız yoxdur... Mümkünsə hava haqqında məlumat verərdiniz.
– Baş üstə. Milli Hidrometrologiya Departamenti xəbər verir: "Bu gün Azərbaycanın hər yerində yağış yağacağı ehtimal olunur”.
Günel Eyvazlı
banner

Oxşar Xəbərlər