• şənbə, 20 Aprel, 13:27
  • Baku Bakı 23°C

Müxaliflərin gənclərlə bağlı xəyalları puç olacaq

30.10.13 11:24 1604
Müxaliflərin gənclərlə bağlı xəyalları puç olacaq
Özünü müxalifət kimi təqdim etməyə çalışan radikal qüvvələrin hakimiyyət başına keçməkdən ötrü hansı hoqqalardan çıxdığını bilməmiş olmazsınız. Onların bu əməllərinə gəncləri qoşmaq niyyətlərindən də, çox güman, xəbəriniz var. Ekspertlər radikal müxalifət başbilənlərinin bu arzularının gerçəkləşəcəyinə qətiyyən inanmırlar. Hesab edirlər ki, savadlı, dünyada baş verən prosesləri izləyən, qanun-qaydanın nə olduğunu bilən gənclər heç zaman müxaliflərin dediyi ilə oturub-durmayacaq.
Bu məsələdə narahatlığını bizimlə bölüşən Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov söylədi ki, müxalifət tərəfi yalnız xalqa yalan vədlər vermək, ictimai asayişi pozmaqla yadda qalır. Çünki onların bundan başqa gördükləri iş yoxdur: “Uzun illər partiya rəhbərliyində bulunan, partiyalarının bugünkü vəziyyətə gəlib çıxmasına səbəb olan insanlar əvvəlcə cəmiyyətdə itirdikləri simaları haqda düşünməlidirlər. İnsanlar arasında söz sahibi olmayan müxalifət liderləri çox acınacaqlı vəziyyətə düşüblər. Yaşlı və orta nəsil onların əsl simalarından xəbərdar olduğu üçün radikalların ümidləri hələ heç nəyi dərk etməyən gənclərə qalıb. Onların sıralarına yeni nəsil, yeni bir nəfəs gətirməyə cəhd etmələri isə heç bir nəticə verməyəcək”.
Müsahibimiz vurğuladı ki, indiyədək müxaliflərin atdığı addımların heç biri cəmiyyət tərəfindən qəbul olunmayıb: “Azərbaycan xalqı qarşı tərəfə rəğbət göstərmədiyini daim açıq-aşkar nümayiş etdirib. Düşünürəm ki, radikallar sıralarına heç bir gənci cəlb edə bilməyəcəklər. Əgər gənc təbəqədən kimsə o düşərgəyə yollansa, mən onun dövlətçiliyimizə olan sevgisinə şübhə edərəm. Çünki müxalifət tərəfin əməlləri ölkəmizə ziyan verməkdən başqa bir işə yaramır. Nizam-intizamın pozulduğu yerdə dövlətçilikdən danışmaq mümkün deyil”.
R.Məmmədovun fikrincə, müxaliflər xalqın etimadını qazanmaq üçün mütləq platformalarında dəyişiklik etməlidirlər: “Bu gün baş verənlər, son prezident seçkiləri göstərdi ki, Azərbaycan cəmiyyəti hələ uzun müddət onlara inanmayacaq. Bunun üçün xalqın kifayət qədər səbəbi var. Təəssüf ki, müxaliflər gəncləri ətraflarına toplamaqla nə isə əldə edəcəklərini düşünürlər. Radikallar onların ardınca gedən gənclərə uğursuzluqdan başqa bir şey verməyə qadir deyillər”.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva müxalifətin 9 oktyabr prezident seçkilərindən sonra nə duruma düşdüyünün hamıya bəlli olduğunu bildirdi: “Onlar özləri də fərqinə varıblar ki, həyata keçirdikləri uğursuz yarıtmaz siyasət heç bir nəticə vermir. Bu səbəbdən də, yaxalarını kənara çəkib günahı digərlərinin boynuna qoymağa çalışırlar. Onların gəncləri önə vermək siyasətlərini şiddətlə qınayıram. Bildiyiniz kimi, gənc təbəqə dəli-dolu olur. Onlar hisslərə qapılıb çılğın hərəkətlər edə bilərlər. Hətta, bəzən buna yol verdiklərini müşahidə də etmişik. Bundan istifadə edən radikallar bir neçə gənci “zəhərləyib” öz yarıtmaz siyasətlərinə bulaşdırmağa, ətraflarına çəkməyə müvəffəq olublar. İndi isə həmin şəxsləri qabağa verməklə, özləri kənarda durmaq istəyirlər”.
Müsahibimiz əmindir ki, müxalifət liderlərinin bu planı baş tutmayacaq: “Ümumiyyətlə 27 oktyabrda keçirdiklərini mitinq adlandırmıram. Bu, sadəcə, kiçik bir aksiya idi. Üst-üstə hesabladıqda, orada heç min nəfər insan yox idi”.
Sədr müavini dedi ki, müxaliflər məntiqsiz bir işlə məşğul olduqları üçün sağlam gənclik onlara qoşulmur: “Əminliklə deyə bilərəm ki, Azərbaycan gəncliyi orada təmsil olunmur. Çünki gənc təbəqəmiz bu gün beynəlxalq arenada Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla məşğuldur. Onlar ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyirlər. İnanmaq istərdim ki, beyni zəhərə bulaşmış gənclər zaman-zaman həqiqətin hansı tərəfdə olduğunu anlayacaq və səhvlərindən geri dönmək cəsarətini özlərində tapacaqlar”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov müxalifətin son mitinqini onların zəif sosial bazaya malik olmalarının göstəricisi hesab edir: “Mitinqdə nə qədər adamın iştirak etdiyi göz qabağında idi. Riyazi hesablamalar aparsaq, çox gülməli rəqəmlər ortaya çıxacaq. Mitinq zamanı müxalifətin real siması bir daha açıldı. Belə ki, onlar gənclərin həssas dönəmlərindən istifadə etdiklərini bir daha açıqladılar. Gənc təbəqənin dərin təhlil apara bilməmək dövründən istifadə edən müxalifət liderləri əslində, nə qədər zəif olduqlarını bir daha isbat edirlər”.
Radikalların gənclərin enerjisindən, potensialından, həm də sadəlövhlüyündən öz məqsədləri üçün istifadə etməyə çalışmalarını pisləyən Ş.İsmayılov dedi ki, belə yanlış addım insanlığa ləkədir: “Bu, həm siyasi, həm mənəvi cəhətdən qətiyyən düzgün olmayan addımdır. Gənclərdən sui-istifadə etmək, onların üzərində şou qurmaq azərbaycanlı olan bir şəxsə yaraşmayan hərəkətdir. Təəssüf ki, bu, bizim müxalifətin ənənəvi xasiyyətidir. Onlar ancaq seçkidən-seçkiyə ortaya çıxırlar və müxtəlif aksiyalarla təşviş salmağa cəhd edirlər. Müxalif liderlər özlərində cəsarət tapıb siyasi səhnədən silinməlidirlər”.
İttifaq sədrinin sözlərinə görə, müxalif liderlərindən biri belə fikir səsləndirib ki, “biz seçkilərdən sonra Azərbaycanı beynəlxalq aləmdə biabır etməyə nail olduq”: “Radikal müxalifət hələ mitinqin nə olduğunu bilmir. Mitinqin fəlsəfəsi, burada nələrin deyilməli olduğunu, ana xətti təşkil etməyin qaydalarını belə bilmirlər. Ona görə, müxalif liderlər tarixə qovuşaraq digər sahələrdə özlərini tapmalıdırlar. Bizdə məşhur misal var, aşığın sözü qurtaranda nanay-nanay deyər. Müxalifətçilərin də sözü çoxdan qurtarıb. Heç kim onların mitinqi ilə maraqlanmır. Bu gün Azərbaycanda normal şəkildə fəaliyyət göstərən istənilən ictimai təşkilatın üzvlərinin sayı ora toplaşanların sayından qat-qat çoxdur”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər