• cümə, 29 Mart, 15:41
  • Baku Bakı 14°C

Müxalifətin uydurma həyəcanı

16.04.19 13:37 562
Müxalifətin uydurma həyəcanı
AXP (Azərbaycan Xalq Partiyası) sədri Pənah Hüseyn ötən gün bəyanat verərək qeyd edib ki: "Bu il may ayının sonunda Azərbaycanı Şimal və Cənub regionları üzərindən çox böyük təhlükələr gözləyir. Hətta "etnik separatizm” meyillərinin alovlanacağı belə istisna deyil”. Beləliklə də siyasi proseslərdə süni şəkildə "gündəm”də qalmaq üçün bu ideya ilə cəmiyyətdə çaşqınlığa yol açan fikirlər irəli sürüb. Halbuki, Pənah Hüseyn və onun təmsil olunduğu "Azərbaycan Xalq Hərəkatı” adlı qrupun mövqeyini ifadə edərək heç bir əsası olmayan mövzularla cəmiyyətdə çaşqınlıq yaratmağa çalışılıb.
Olamayan "kürsü”yə sahib çıxmaq iddiası
AXP-AXH deyəndə bu gün iki fikir ağla gəlir. Bunun birincisi Pənah Hüseynin sədri olduğu AXP, yəni xalq partiyası, digəri 28 il bundan öncə eyforik siyasətin başında duranların bir araya gələrək elan etdikləri AXH-dir (xalq hərəkatı). Bu ilin yanvar ayında ötən əsrin 90-cı illərinin eyforiyasında ilişib qalan, aradan 29 il keçməsinə baxmayaraq, hələ də müasir dünyanın şərtlərindən uzaq olan bir qrup özlərini "Müxalifətin zirvəsi” adlandıraraq bu hərəkatın yarandığını elan ediblər. Aradan düz iki aydan çox zaman keçsə də, heç bir ciddi təkliflərlə, alternativ layihələrlə, ölkəmizin inkişafı ilə bağlı yeni standartlara uyğun zəruri addım atmayıblar.
İstənilən demokratik dövlətdə müxalifətin olması normal qarşılanır. Demokratik prosesin inkişafı baxımından müxalifətin mövcud olması çox vacibdir. Müxalifət sosial, ictimai və siyasi baxımdan o zaman önəmli mövqelərə sahib olur ki, ölkənin inkişafı prosesində ən önəmli dəyərləri gündəmə gətirir. AXH isə yarandığı gündən olmayan "kürsü”nün üçün burada toplananlar arasında gərgin mübarizə aparılır. AXH-nin yaranması ideyasının müəlliflərindən biri olan Pənah Hüseyn bir qədər "kölgə”də qalsa da, bəzi analitik fikirləri ilə gündəmdə olmağa üstünlük veribdir. Buna görə də zamanla heç bir dəyəri və əsası olmayan fikirləri müxalifətin adından ictimaiyyət üçün dövriyyəyə buraxır. Elə onun son açıqlaması da bu qəbildəndir.
"Mitinq”.... "mitinq”... "mitinq”.... sonu bəlli olmayan enerji
Azərbaycanda müxalifətin tək önəm verdiyi mövzu hər zaman mitinq keçirmək olubdur. Təbii olaraq, demokratik ölkələrdə mitinq, küçə yürüşü və digər vasitələrdən istifadə etmək çox vacibdir. Ancaq, o da bəllidir ki, mitinq və ya yürüş keçirmək istənilən qurum üçün son vasitədir. Ölkəmizdə ötən əsrin 80-ci illərinin sonlarında keçirilən mitinqlərin mahiyyətini hər kəs müdafiə edirdi. Ona görə ki, səriştəsiz hakimiyyət Ermənistandan doğma yurd-yuvalarını zor gücünə tərk etmək məcburiyyətində qalmış soydaşlarımızın hüquqlarını müdafiə etməkdə acizlik göstərirdi. Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barəsində ermənilər tələblər irəli sürürdülər və buna etiraz əlaməti olaraq, Azərbaycanın hər yerində xalqımız hakimiyyətin səriştəsiz addımlarını kəskin şəkildə mitinqlər keçirərək sərt şəkildə tənqid edirdi. Aylarla halal maaşlarını ala bilməyən vətəndaşlar haqlı yerə hakimiyyətdəki mafioz klanlara qarşı qəzəblərini etiraz şəklində ifadə etməkdən çəkinmirdilər. Televiziya kanallarında və ölkə mətbuatında əhalini min bir yalanla aldadan hakimiyyətin yalanlarına insanlar küçə və meydanlarda qarşı çıxırdı. Məhz belə bir məqamda meydan hərəkatına qoşulmuş və əhalinin emosiyalarından öz karyeri üçün saxtakarlıqla qəhrəmanlara çevrilənlər elə indinin özündə də həmin illərin "şirin yuxusu”ndan ayıla bilməyiblər.
Bu gün müxalifət o zaman güclü ola bilər ki, Azərbaycanda dövlətin inkişafı üçün daha üstün səviyyədə proyektləri, təklıifləri və qanunvericilik bazasının möhkəmlənməsi üçün alternativ baxışları irəli sürə bilsin. Halbuki, 26 ildir müxalifətdə olan bu ənənəvi zümrə bir dəfə də olsun cəmiyyətə bu istiqamətdə adicə mesajlarını verə bilməyib. Problem də budur. Mitinq keçirməklə, 30 il bundan əvvəlki qaydada hakimiyyəti tənqid etməklə heç bir uğur əldə edə bilməmələrinin səbəbi də budur. Çünki, Azərbaycan ötən 29 ildə çox dəyişib.
Azərbaycana qarşı bəd niyyətlər hər zaman olub
1994-cü il "Oktyabr hadisələri”, 1995-ci il "Mart hadisələri”, 2006-cı ildə "Bakı-Tiflis-Ceyhan Neft Kəməri”nin işə salınması ərəfəsi, 2007-ci ildə "Bakı-Tiflis-Ərzurum qaz boru xətti”nin açılması dönəmində, 2012-ci ildə TANAP layihəsi ilə bağlı imzalanan beynəlxalq müqavilə, 2016-cı ildə "Bakı-Tiflis-Qars Dəmir Yolu” xəttinin işə salınması və digər beynəlxalq strateji əhəmiyyətli layihələr və müqavilələr ərəfəsində Azərbaycana qarşı düşmən mövqeyini sərgiləyən xarici qüvvələr daim ölkə daxilində hərcmərclik yaratmağa çalışıblar. Hətta silahlı qiyamla mövcud hakimiyyəti devirməyə çalışıblar. Hər dəfə olduğu kimi, bu təşəbbüslər boşa çıxıb və iflasa uğrayıbdır. Çünki, Azərbaycanın etibarlı iqtidarı və hakimiyyətə dəstək verən xalqı var.
Bu gün ötən 29 il ərzində özlərini müxalifət düşərgəsinin liderləri sayanlar bilərəkdən və ya naşılıqdan bəzi xarici qüvvələrin dövlətimizə qarşı strateji hədəfləri və bəd niyyətlərini əsas götürərək onların siyasi ruporu qolunda çıxış etməsi çox üzücüdür. "Milli Şura”nın son 2-3 ildə keçirdiyi mitinqlərdə fəallıq edən və daha çox nümayəndə ilə təmsil olunan zümrə Azərbaycanda mövcud Demokratik Konstitusiya quruluşunu devirərək "şəriət dövləti” qurmaq istəyənlər olmuşlar. "Azərbaycan İslam Partiyası”, "Müsəlman Birliyi Hərəkatı”, "DEVAMM” təşkilatı, "Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı” və digər qurumları buna örnək göstərmək olar.
2012-ci ildə Azərbaycanda "Beynəlxalq Avrovizion Mahnı Müsabiqəsi”nin, 2015-ci ildə "Avropa Oyunları”nın, 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları” və digər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ərəfəsində də ölkəmizə qarşı daim siyasi avantüralar dolusu hədyanlar yağdırılıb. Hər dəfə Azərbaycan dövləti bu qlobal tədbirlərdən üzüağ çıxıbdır. 29 ildir Azərbaycan bir dövlət olaraq qarşısına çıxan bu keşməkeşli sədləri dəf edərək daim irəliyə doğru addımlayır. Bu uğurların əldə olunmasında hakimiyyətin möhtşəm imzası vardır. Ancaq, bütün bunlar həm də dövlətimizin və xalqımızın adına qızıl hərflərlə yazılan bir tarixdir.
Regional problemlər illüziyası
29 ildir Azərbaycanın Ermənistan silahlı qüvvələri və xarici dövlətlərin dəstəyi ilə işğal olunmuş əraziləri, Dağlıq Qarabağ probleminin həll edilməməsi üçün, bir çox fitnələr yaşanılıbdır. Ermənistanın işğalçılıq siyasətinə dolayı yolla "hüquqi don” geyindirilməsi üçün bəzən "milli azlıqlar” adı altında "muxtariyyət” hədəfləri də sərgilənir. Yəni ölkəmizə qarşı olan bəzi qüvvələr milli azlıqlar üçün muxtar dövlət qurumlarının yaradılması kimi ideyasını irəli sürürlər. Halbuki, demoqrafik və coğrafi etno sistem baxımından bu şərtlər qeyri mümkündür. Yüzillərdir birgə yaşayan, etnomədəni həyat düzəninin bir-birinin əlavəsinə çevrilən xalqları ayırmaq, onlara ayrılıqda "muxtar regional dövlət sistemi”ni qurmaq mümkün deyil. Bir də Azərbaycanda Ermənistan və digər postsovet məkanına aid olan dövlətlərdən fərqli olaraq, bütün milli azlıqların hüquqları ən yüksək səviyyədə əməl olunur. Hər xalqın dini, milli, yerli adət-ənənələri və digər məsələlərə daim dövlət qayğısı vardır.
2010-cu ildən indiyə kimi hər il Azərbaycanda multikulturalizm və tolerantlıqla bağlı beynəlxalq miqyaslı tədbirlər keçirilir. Bu möhtəşəm tədbirlərdə ölkəmizdə yaşayan milli azlıqların bütün nümayəndələri də iştirak edirlər. Dünyanın dörd bir bucağından gəlmiş mütəxəssislər Azərbaycanda yaşayan milli və dini azlıqların real həyat şəraiti ilə tanış olurlar. Bütün bunları görməzlikdən gələn müxalifət və onun liderləri ya ölkəmizdəki son durumdan xəbərsizdir, ya da yenidən hansısa xarici qüvvənin sifarişçisi rolunda çıxış edir. Pənah Hüseynin "mayın sonunda Azərbaycana qarşı Şimal və Cənub bölgələrində təhlükə yaranacağı” iddiası da bu qəbildən olan mövzulardan biridir. Fikrimizcə bu növ uydurma həyəcanlı açıqlamaları gündəmə gətirməklə Azərbaycanı kimsə təhdid edə bilməz. Azərbaycan Afrika və ya Cənubi Amerikadakı bəzi dövlətlərdən deyil ki, kim yuxudan erkən oyansa dövlətin başına gələ bilsin, hakimiyyəti təhdid etsin.
Ə. Yusifoğlu
banner

Oxşar Xəbərlər