• cümə, 19 Aprel, 02:52
  • Baku Bakı 18°C

Müxalifətin “söz yedirtmə” davası

14.06.18 09:00 752
Müxalifətin “söz yedirtmə” davası
Müəyyən hadisələr ərəfəsində hər zaman özünü "ana müxalifət”, "demokratik düşərgə” adlandıranlar yenə də bir-biri didməyə başlayıb. Bu düşərgənin təmsilçiləri, AXC-Müsavat cütlüyünü hakimiyyətdə olduğu zaman müəyyən məsələlərlə bağlı verdikləri səhv siyasi qərarları hələ də müzakirə edirlər. Onların belə müzakirələri əvvəllər çayxanalarda olurdusa, indi bunu sosial şəbəkələrdə edirlər. Müstəqilliyimizin ilk illərində yarıtmaz idarəçiliyə görə "ad çıxaranlar” indi buna görə bir-birilərini ittiham edir, hər iki tərəf özünün guya ki, təqsirsizliyini sübut etməyə, öz əməlinə bəraət qazandırmağa çalışır. Bu çərçivədə davam edən "müzakirələrdə”, daha doğrusu didişmələrdə müxalifət düşərgəsində pərdə arxasında baş verən olaylar da ictimailəşdirilir, olanlara görə "günah keçisi” axtarılır. Baş prokurorun keçmiş müavini Mətləb Mütəllimli ilə Müsavat başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli arasında 4 iyun hadisələri ilə bağlı bu günlərdə yaşanan "söz atışması” da bu qəbildəndir.
Belə ki, M.Mütəllimli həmin dövrdə AXC-Müsavat rəhbərliyinin səriştəsiz siyasətini sərt tənqid edib. Bu isə sözün əsl mənasında, qarşı tərəfin kefinə soğan doğrayıb. V.Hacıbəyli buna cavab olaraq, gözünü yumub, ağzını açıb, M.Mütəllimlinin ona-buna iftira atdığını qeyd edib. Vurğulayıb ki, M.Mütəllimli keçmiş prokuror İxtiyar Şirinovun rüşvətxorluğunu ilk vaxtlardan bildiyi halda, indiyə qədər susub: "Siz bunu bilirdinizsə, 25 il bu barədə niyə susmuşdunuz? Buna baxmayaraq soruşmaq istəyirəm, İxtiyar bəyin prokurorlara haqq qoyduğu barədə dediklərinizi məhkəmədə sübut edə bilərsinizmi? Əgər bilməzsinizsə, onda bu cür ağır ittihamı necə səsləndirə bilirsiniz, Mətləb bəy? Prokurorluq orqanında ən yüksək vəzifələrdən birini tutmuş şəxs olaraq sizin hüquq düşüncəniz bura qədərdirmi?”
V.Hacıbəyli, həmçinin M.Mütəllimini sabiq müdafiə naziri Rəhim Qazıyevi və Nemət Pənahlını "qanadı altına” alıb müdafiə etməsini də təəccüblə qarşılayıb: "Bu gün Rəhim Qazıyevi, Nemət Pənahlını siyasi reabilitasiya etmək məqsədi ilə onların Milli Şurada təmsil olunması məsələsini qaldırıbsınız. Məsəl var, deyərlər dostunu göstər, deyim sən kimsən? AXC iqtidarının devrilməsində həlledici rol oynayan bu adamlara himayədarlıq etməkdə məqsədiniz nədir, Mətləb bəy? Mən bunları yazmazdım. Amma 25 il ərzində hətta istiqlalçı deputatların tədbirlərində belə, gözə dəyməyən, belə deyək, bizlərdən daim "uzaq gəzən" Mətləb Mütəllimli bu gün Nemət Pənahlı və Rəhim Qazıyevə bir növ "siyasi yengəlik" edir, onların siyasi reabilitasiyası üçün çalışır”.
Daha sonra V.Hacıbəyli 4 iyun hadisələri ilə bağlı həmin dövrdə baş verənlərin xronikasını xatırladır.
Bu cəbhədə gedən savaşın cavabsız qalmayacağı bəri başdan görünürdü. M.Mütəllimli sosial şəbəkədəki profilindən V.Hacıbəylinin "bostanına daş atıb”. O bildirib ki, V.Hacıbəyli 3 cümləlik statusuna 33 cümləlik şərh yazıb: "Siz onsuz da yetənə yetib, yetməyənə bir daş atırsınız. Hələ, eləməyib tənbəllik, yazıma verdiyiniz şərhi ayrıca status kimi də paylaşıbsınız. Vaxtımın məhdud olduğu bir zamanda kin-küdurət yağan yazınıza istər-istəməz, qısa da olsa, cavab vermək zorunda qaldım”.
M.Mütəllimli V.Hacıbəylini hüquqi savadsızlıqda da ittiham edib: "Qulluğunuza ərz edim ki, məni vəzifədən İxtiyar Şirinov yox, prezident azad edib, bunu hüquqşünas kimi bilməyinizi istərdim”.
M.Mütəllimli, V.Hacıbəylinin Müsavat Partiyasının indiki başqanı A.Hacılını müdafiə etməsi məsələsinə də diqqət çəkib: "Rüşvət məsələsinə gələndə, düşünürəm ki, sizi narahat edən əsasən, iki məsələdir: ya, mənim qayğıma qalmaq istəyirsiniz, ya da, İxtiyar Şirinovun bu vəzifəyə təyin edilməsində yaxından iştirak etmiş qardaşınız, AXC hakimiyyəti dönəmində kadr məsələlərinə məsul olan Arif Hacılının mövqeyini müdafiə etməyə cəhd edirsiniz. Hər iki halda, narahatlığınız əbəsdir. O ki, qaldı qardaşınızın kadr siyasətinə, buna görə də narahat olmayın, çünki, bütün Azərbaycan şahiddir ki, qardaşınızın bilavasitə iştirakı ilə o dövrdə necə yarıtmaz kadr siyasəti aparılmışdır. İndi mənə hüquqdan dərs demək arzusuna düşübsünüz, amma, nifrət gözünüzü elə tutub ki, bəzən, nə danışdığınızı özünüz də bilmirsiniz”.
M.Mütəllimli R.Qazıyev və N.Pənahlıya "siyasi yengəlik” etməsi barədə fikirlərə də opponenti səviyyəsində münasibət sərgiləyib. O, V.Hacıbəylinin yalan danışmasını xatırladıb və məsələyə qeyri-ciddi yanaşdığını vurğulayıb: "Mənə açıq-aşkar böhtan atırsınız ki, guya, Rəhim Qaziyevin, Nemət Pənahlının Milli Şurada təmsil olunması məsələsini qaldırmışam. Xətrinizə dəyməsin Vaqif bəy, mən sizi həqiqətən ciddi bir insan hesab edirdim, bu nə qeyri-ciddi söhbətdir? Harada rast gəlibsiniz ki, mən belə fikir səsləndirmişəm? Yazırsınız ki, bizlərdən daim "uzaq gəzən” Mətləb Mütəllimli bu gün Nemət Pənahlı və Rəhim Qazıyevə bir növ "siyasi yengəlik” edir. Mən bilmirəm, ən azından siz yazdığınız cümlədən utanıb xəcalət çəkirsinizmi, qızarırsınızmı? Belə yaramaz, mənəviyyatımıza yaraşmayan sözləri işlədəndə saçınızı, yaşınızı düşünürsünüzmü? Nə deyim, sizi bu yazınızdakı nalayıq sözə, fikirlərə görə daha sərt cavablandırmaq olardı, mən bunu etmirəm, sadəcə deyirəm ki, öz sözlərinizi yeyəsiniz”.
Müxalifətçilərin sosial şəbəkədə apardıqları bu "müzakirə” onların hansı mənəviyyata, səviyyəyə sahib olduqlarını bir daha nümayiş etdirir. Özünü "demokrat”, "ana müxalifət”, "demokratik düşərgə”, "qərbpərəst qüvvə” adlandıranların mahiyyəti gün işığına çıxır. Vaxtilə eyni qabdan çörək yeyib, eyni bulaqdan su içənlər indi o vaxt yol verdikləri nöqsanları faş etməklə, "açaram sandığı, tökərəm pambığı” ritorikası ilə ittihamlar səsləndirirlər.
AZAD
banner

Oxşar Xəbərlər