• cümə, 19 Aprel, 18:02
  • Baku Bakı 24°C

Müxalifətin süni birlik nağılının acı sonluğu

06.09.13 13:07 1600
Müxalifətin süni birlik nağılının acı sonluğu
Fəzail Ağamalı: «Hazırda Milli Şuranın tərkibi yalnız İctimai Palatadan ibarətdir»

Milli Şuranın sentyabrın 3-də keçirilən iclasında iştirak edənlərin sayına və kimliyinə nəzər salsaq deyə bilərik ki, bir əksəriyyətin həmin qurumla bağlı səsləndirdiyi fikirlər öz təsdiqini tapır. Belə ki, həmin toplantıya Azərbaycan Liberal Partiyası, Açıq Cəmiyyət Partiyası və “El” hərəkatı təmsilçilərinin qatılmaması hələ zamanında Milli Şura üzvlərinin birliyinə inanmayanların haqlı olduğunu üzə çıxardı. Sıralarında hazırda AXCP və Müsavat üzvlərinin qalması, “El” hərəkatı təmsilçilərinin onlar haqda ittihamlar səsləndirməsi və s. şura tərkibindəki gərgin durumu bir qədər də artırır.
Qəzetimizə açıqlama verən politoloq Qabil Hüseynli söylədi ki, “El” hərəkatı ilə Milli Şuranın münasibətlərində ciddi soyuma prosesinin getməsi göz qabağındadır və açıq-aydın sezilir. Çünki hazırda “El” hərəkatının başı Əflan İbrahimovun onlar haqda prokurorluqda verdiyi ifadələrə qarışıb və istintaq nəticəsində bu ifadələr çox ciddi şəkildə araşdırılır:
“Belə hesab edirəm ki, Milli Şura üzvləri adlarının “El” hərəkatı ilə bağlı qalmaqallarda hallanmasından ehtiyat edir. Yəni, həmin hərəkat üzvlərinin digər məsələlərlə də əlaqədar olaraq prokurorluğa çağırılması istisna edilmir. Düşünürəm ki, şura üzvləri başqa qalmaqalların ortaya çıxacağından ehtiyatlanaraq özlərini müəyyən qədər kənara çəkməyə çalışırlar və bu da müşahidə olunan soyuqluğun yaranmasında əsas səbəblərdən biridir. Milli Şuranın baş tutan son sessiyasında “El” hərəkatının üzvlərinin iştirak etməməsi bu soyuqluğu daha da möhkəmləndirdi. Həmin şəxslərin bir-birilərinə qarşı irəli sürdükləri müəyyən ittihamlar da bunun təsdiqidir. Onlar arada-sırada görüşüb zahirən guya hər şeyin sahmanda olması haqda fikir yaratmağa çalışsalar da, hər şey göz qabağındadır və xalqı aldatmaq olmaz. Hesab edirəm ki, prokurorluq istintaqı genişləndirdikcə onlar arasındakı narazılıq artacaq və münasibətlərin kəskinləşməsi prosesi daha da sürətlənəcək. Bu gedişat isə yekun nəticədə onların faktiki ayrılığına gətirib çıxara bilər. Mən hadisələrin gələcəyini belə görürəm və zənn edirəm ki, istintaq araşdırmaları ortaya xoşagəlməz faktlar çıxarsa, təbii ki, Milli Şura üzvləri özlərini “El” hərəkatından uzaq tutmağa çalışacaqlar. Yəni parçalanma prosesi o zaman daha da labüd olacaq”.
Digər həmsöhbətimiz millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da Milli Şuraya qoşulan şəxslərin əvvəldən bir olmadıqlarını dedi. Onun fikrincə, şura üzvlərinin münasibətindəki ziddiyyətlər, bir-birini qəbul etməmək və s məsələlər elə şura yaranan zamandan mövcuddur:
“O quruma daxil olan adamların dünyagörüşü arasında ciddi fərqlər var. Onlar müxtəlif qütblərdə fəaliyyət göstərən şəxslər idilər. Sadəcə həmin insanların ümumi maraqları üst-üstə düşdüyünə görə gəlib adını “Milli Şura” qoyduqları qurumda birləşdilər. Mən onlar arasında əvvəl-axır narazılığın olacağını bilir və bunu gözləyirdim. Düşünürəm ki, elə əvvəldən aralarında olan ziddiyyətlərin nəticəsidir ki, Milli Şuranın vahid namizədi Cəmil Həsənli AXCP və Müsavat partiyası tərəfindən irəli sürülərək vahid namizəd elan olundu. Beləliklə, Rüstəm İbrahimbəyov hadisələrdən kənarda qaldı. Onun uzaqlaşması isə Milli Şuraya Rüstəm İbrahimbəyovun vasitəsilə gələnlərlə digər şura üzvləri arasında münasibətləri kəskinləşdirdi”.
Partiya sədrinin sözlərinə görə, hazırda Milli Şuranın tərkibində faktiki olaraq İctimai Palatadan başqa digər qüvvələrin olmaması açıq-aydın görünür və buna başqa şərh verməyə ehtiyac yoxdur: “Hesab edirəm ki, İctimai Palata adını dəyişərək Milli Şura qoydu və bu ad altında proseslərə qoşuldu. Onu da xatırladım ki, Cəmil Həsənli İsa Qəmbər və Əli Kərimli ambisiyalarının girovuna çevrildi. İ.Qəmbər və Ə.Kərimli öz məğlubiyyətlərini dərk etdiklərinə görə, Cəmil Həsənlinin namizədliyini irəli sürməklə seçkilərə qoşuldular. Beləliklə, onlar özlərini müəyyən mənada sığorta olunmuş hesab edirlər. Düşünürlər ki, gələcək siyasi mübahisələrdə deməyə sözləri olacaq ki, guya bunlar seçkidə iştirak etməyiblər və məğlub olan bunlar deyil. Halbuki hamıya bəllidir ki, Cəmil Həsənlinin namizədliyindən tutmuş, imza toplanmasına qədər bütün kampaniyalarında iştirak edən Müsavat partiyası ilə AXCP-dir. Yenə də deyim ki, bütün bu ziddiyyətlər gözlənilən idi. Mən bu münasibətlərdə təəccüblü heç nə görmürəm. Onu da qeyd edim ki, “Milli Şura” artıq yoxdur. Mahiyyət etibarı ilə bunlar artıq tarixin qaranlıq arxivinə keçiblər. Hələ ki, qurumun sadəcə adının qalmasına səbəb seçkilərdə iştirak etmək istəkləridir. Bu isə onlara divident gətirməyəcək və seçkilərdə qalib gələ bilməyəcəklər. Tərəddüd etmədən deyə bilərəm ki, Cəmil Həsənli namizədlər arasında ən az səs toplayanı olacaq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər