• cümə, 29 Mart, 08:51
  • Baku Bakı 5°C

Müxalifətin sonuncu payız şousu

10.10.14 10:55 1378
Müxalifətin sonuncu payız şousu
İldə bir dəfə “ay camaat, yığışın, mitinq keçiririk” bağırdıqları vaxt səsləri gələn müxalif cəbhə yenidən rəsmən dağılmadığını, hələ də “fəaliyyət” göstərdiyini nümayiş etdirmək qərarına gəlib. Məlumdur ki, özlərini göstərmək üçün əl atdıqları bircə yol var ki, o da hay-həşir salmaqla mitinq keçirməkdir. Əlbəttə ki, buna mitinq demək olarsa... Hər mitinqdən öncə olduğu kimi, bu dəfə də ənənələrinə sadiq qalaraq bir neçə gün əvvəldən guruldamağa başlayıblar. Deyəsən, bu yolla növbəti dəfə gündəmə gələ biləcəklərinə inanırlar. Artıq “Azadlıq” qəzeti bu barədə yazılar dərc etməyə, guya böyük ruh yüksəkliyi nümayiş etdirməyə başlayıb.
Amma real vəziyyət heç də qəzetdə yazılan kimi deyil. Bu dəfə Milli Şuranın mitinqini Cəmil Həsənli və Əli Kərimlidən başqa dəstəkləyən də yoxdur. Məsələn, əvvəlki mitinqlərdə aparıcı rol oynayan Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası artıq Milli Şurada deyil. Milli Şuranın keçən il prezident seçkiləri ərəfəsində reallaşdırdığı mitinqləri Ziyalılar Forumu da dəstəkləyirdi. Bu il isə hələ ki onlardan da səs çıxmır.
Bu məqam isə təsdiq edir ki, artıq təbəqəsindən asılı olmayaraq, hər kəs onların qışqır-bağırlarından, uğursuzluqlarından bezib və perspektivi olmayanları dəstəkləməyin mənasız olduğunu anlayıblar.
Bu yerdə təbii olaraq sual yaranır ki, bəs onları keçirilməsi planlaşdırılan mitinqlə bağlı kim dəstəkləyəcək, onlar özləri ilə mitinqə kimi gətirəcəklər? Xatırladaq ki, sözügedən şəxslər hər zaman mitinqlərinə gəncləri cəlb etməkdə maraqlı olublar. Hər zaman mitinqdən əvvəlki pafoslu çıxışlarda məhz gənclərə müraciət edib onları ətraflarına toplayaraq çılğınlıqlarından, potensiallarından öz məqsədləri üçün istifadə ediblər. O da məlumdur ki, onların mitinqlərinin əsas iştirakçıları Nidaçı gənclər olublar. Onlar isə artıq Milli Şuranı əvvəlki kimi dəstəkləmirlər. Həbsdə olan bəzi Nidaçılar bu günlərdə əfv üçün prezidentə müraciət ünvanlayıblar. Bildiriblər ki, həbsdə keçirdikləri müddətdə istər ölkə daxilində, istərsə də xaricdə gedən prosesləri kənardan kifayət qədər müşahidə etmək imkanları olub. Bunun əsasında bir sıra dəyərləndirmələr aparıblar və zərərli işlərlə məşğul olduqlarını dərk ediblər. Ona görə də prezidentdən əfv olunmalarını istəyib, bundan sonra güclərini dövlətçilik yolunda sərf edəcəklərinə söz veriblər: “Biz gənclər bütün bilik və bacarığımızı müstəqil Azərbaycanımızın inkişafı və çiçəklənməsinə sərf etmək istəyirik”.
Onu da deyək ki, Milli Şura hazırda parçalanmış durumdadır. İlk yaradıldığı vaxt orada təmsil olunan partiyaların heç biri indi şura üzvü deyil. Onların hamısı bir-bir şuranın sıralarını tərk ediblər. Hazırda orada yalnız AXCP qalıb. Bu da belə deməyə əsas verir ki, əvvəlki illərdə, daha dəqiq desək, keçən il prezident seçkiləri ilə əlaqədar olaraq olaraq “birləşmiş” müxalifətin mitinqinə 500 nəfər gəlirdisə, bu il Milli Şuranın, daha doğrusu, AXCP-nin mitinqinə heç 100 nəfər də gəlməyəcək. İndi ümid qalır Leyla Yunusun vəkillərinə. O Leyla Yunus ki azərbaycanca danışa bilmir və ya danışmağı özünə yaraşdırmır, bu dildən yalnız söyüş söyəndə istifadə etdiyini elan edir. Özünü partizan adlandıran L.Yunusun vəkilləri isə stadion yox, istənilən kiçik bir kluba yerləşə bilərlər.
Sadalananlar bir daha göstərir ki, Milli Şura adı altında gizlənməklə özünü daha çox elektorata malik olan müxalifət cəbhəsi kimi göstərməyə çalışan AXCP bu mitinqlə də ortaya bir şey qoya bilməyəcək. Çünki onlar həm təşkilati cəhətdən çox zəifdirlər, həm də Milli Şurada üzv partiya yalnız AXCP olduğuna görə mitinqdə bir həsir, bir Məmmədnəsir olacaqlar. Ona görə də söyləmək mümkündür ki, bu, onların sonuncu payız şousu olacaq. Çünki artıq vətəndaşlarda onlara inam qalmadığına görə heç kim nə təşkil etdikləri mitinqə gedir, nə də daha onların verdiyi yağlı vədlərə inanır. Diqqət etsəniz görərsiniz ki, hər dəfə mitinqlərdə iştirak edənlər eyni adamlardır. Onların isə ya qohumları, ya tanışları, ya da saflığından şirin vədlərə aldadılan adamlar olduğuna şübhə yoxdur. Gün keçdikcə belə aldadılan şəxslərin sayı da azalmağa doğru gedir. Son günlərini yaşayan Milli Şura bu mitinqdə sözün əsl mənasında biabır olacaq. Onsuz da tamaşaçısı (tərəfdarı) olmayan, sponsor gücünə millətə sırımağa çalışdıqları “Milli Şura” serialı bitir. Aydın məsələdir ki, hansısa siyasi partiyanı və ya qurumu dəstəkləyən elektorat yoxdursa, xaricdən o partiyaya ayrılan pullar sadəcə kimlərinsə cibinə gedirsə, o qurum dağılmağa məhkumdur.
H.Əsgər
banner

Oxşar Xəbərlər