• cümə axşamı, 25 aprel, 15:27
  • Baku Bakı 23°C

Müxalifətin sönük mitinqi sosial şəbəkələrdə

14.10.14 12:21 1226
Müxalifətin sönük mitinqi sosial şəbəkələrdə
Əli Kərimli-Cəmil Həsənli cütlüyünün Milli Şurasının bazar günü keçirdiyi mitinq sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Kifayət qədər solğun keçən aksiya ilə bağlı sosial şəbəkələrdəki müzakirələr də tənqidi ruha köklənib. Sosial şəbəkə istifadəçiləri mitinqlə bağlı mövzuya bir neçə aspektdən yanaşıblar. Yanaşmalardan böyük bir qismi mitinqdə İŞİD bayrağının qaldırılması ilə bağlı olub. Bu məsələyə həm ciddi, həm də satirik tərzdə yanaşanlar olub. Məsələn, millət vəkili Sahib Alıyev tam ciddi şəkildə İŞİD-lə Milli Şura arasında 5 oxşarlığı və 5 fərqi tapmağa çalışıb. O qeyd edib ki, Milli Şuradakıların keçirdikləri mitinqdən danışanların diqqətini çəkən bir nəsnə varsa, o da orada İŞİD-in bayrağının qaldırılmasıdır: Onu kimlər qaldırtdırıb və nə məqsədlə qaldırtdırıb deyə bilmərəm, amma heç şübhə etmirəm ki, «Məhsul» stadionuna yığışanlar da çox istərdilər ki, hansı yolla olursa-olsun “islamçı”lar kimi bütün dünyaya səs salsınlar».
Daha sonra millət vəkili İŞİD-lə Milli Şura arasındakı oxşarlığı və fərqi ayrı-ayrılıqda qeyd edib.
Zamiq Məmmədli adlı istifadəçi baş verənlərə görə müxalifəti ciddi şəkildə qınayıb: «Mitinqini İran lәhcәli islamçılara hәsr elә, sonra İŞİD-in bayrağını qaldıranlara təxribatçı de...Bәs nooldu "әsl islam?»
Facebook istifadəçilərindən Sənan Nəcəfov da məsələyə bu aspektdən yanaşıb: «Maraqlı bilirsiniz nədir? Mən heç vaxt İŞİD-in bayrağını görməmişəm. Bilmirəm nə rəngdədir, necə olur. Bunlar onu haradan tapırlar, nətər tikirlər, necə gəzdirirlər, mitinqə necə keçirirlər? Maraq məni öldürür».
Bu istifadəçi başqa bir statusunda mövzunu yenə də davam etdirir: «Fuad Qəhrəmanlı deyir ki, biz bu mitinqi keçirməklə sübut etdik ki, hakimiyyət nə qədər basqıda saxlasa da, təzyiq etsə də, demokratik düşərgə mübarizədədir. Biri bu insana desin ki, ay siyasətçi, əgər bu mesajı xaricə verirsənsə hakimiyyətin xeyrinədir. Məhz sizi basqı altında saxlayan bu hakimiyyət sizə şəhərin mərkəzində mitinq keçirməyə icazə verir. Adamdan soruşarlar: Budur alə despotizm? Əgər avtoritarizm, despotizm olaydı İŞİD-in bayrağını qatlayıb gözünüzə daxil edərdi. Tibbi vasitələr də lazım gəlməzdi…»
Aynur Şahkərimova adlı istifadəçi də mitinqdə İŞİD bayrağı qaldırılmasından narahatlığını ifadə edib: «Bahoooo, mitinqdə deyirlər İŞİD bayrağı qalxıb. Allahu əkbər, bunlar hakimiyyətə gəlsələr bismillahı baş kəsməklə edəcəklər yəqin. Gedim beş metrə qara parça alım, belə bir ehtimal olsa, atım başıma ölkədən qaçım, bunlara kəsdirəsi başım yoxdur».
Bir qrup istifadəçi isə keçmiş millət vəkili Gültəkin Hacıbəylinin mitinqdəki “alovlu” çıxışını diqqət mərkəzində saxlayıb. Məsələn, jurnalist Elşad Məmmədli adlı istifadəçi belə bir status paylaşıb: «Mehman Muradlı, sən bilərsən, o özündən və Guliçka bibidən başqa heç kimi bəyənməyən partiya sədrinin forsu, hikkəsi necə sentiner olar?))) Və niyə ona elə gəleyr ki, yek siyasət çilingəridir?”
Famil Cəfərli adlı istifadəçi də bir neçə il əvvəl hakimiyyətin müdafiəçisi olan bu xanımın birdən-birə mövqe dəyişdirməsinə diqqət çəkib: «Nə məsələdir, Gültəkin Hacıbəyli mitinqə qara eynəkdə niyə gəlib? Özünü Flora Kərimovaya oxşadır, yoxsa Maykl Cekson rəhmətliyə?»
Bu istifadəçi daha sonra müxalifətin bütün cəhdlərinə baxmayaraq tərəfdar toplaya bilməməsinə toxunub: «Amma adamın müxalifətə bir az da yazığı gəlir. Nə qədər kərkinib-gücənsələr də o stadionda bir qapıçı meydançası adamla zorla dolur...»
Mehman Muradlı adlı istifadəçi də mitinqçilərin azlığına işarə edib: «Baxıram, hər mitinqçiyə 3 bayraq düşür».
Sosial şəbəkədəkilərin bir qismi isə mitinqə gəlmiş Müsavat rəhbərliyinə lazımi diqqətin göstərilməməsinə diqqət çəkiblər. Məsələn, Nizami Osmanuşağı adlı istifadəçi yazıb: «Bu gün Əli bəy Cəmil müəllimin siyasi karyerasına son qoydu... Əl-fatihə»
Müsavat Məclisinin üzvü Alya Yaqublu da məsələyə bu aspektdən yanaşıb: «İsa Qəmbər tribunada durmayacağını bilə-bilə mitinqə - siyasi məhbuslara azadlıq tələb edənlərə dəstək verməyə gedir, Milli Şuranın nə ağsaqqalları, nə də qarasaqqalları siyasi mədəniyyət nümayiş etdirib onu və mitinqə qatılan yüzlərlə müsavatçını salamlamır. Yeni Azərbaycan tarixində siyasi korafəhmliyin ikinci belə biabırçı nümunəsi yoxdur».
Başqa bir istifadəçi İsa Yusibov da mitinqdə Müsavat rəhbərliyinə qarşı edilən hörmətsizliyi pisləyib: «Ölkənin siyasi durumu: "İbrahimbəyov gəlməyəcək, vaxt itirmədən ehtiyat namizəd Cəmil Həsənli üçün çalışmalıyıq" deyən İsa Qəmbəri, Arif Hacılını xalq düşməni, müxalifətin içindəki agent elan edənlər bu gün həmən (bəlkə də dəyişən) Cəmil Həsənlinin yanında tribunadan natiqlik üçün dayanmışdılar. Və nə təsadüf ki, ikincilərin birinciləri meydanda salamlamağa nə siyasi əxlaqları, nə də cəsarətləri çatmadı. Milli Şuranı dağıtmaqla savab iş görmüşük :))»
Müsavat Partiyasının Məclis üzvü Könül Şamilqızı da mitinqlə bağlı statusunda bu məqama toxunub: «Məhz Müsavatın sayəsində müxalifətin namizədi olan və həm reabilitasiya, həm də populyarlıq imkanı qazanan Cəmil Həsənlinin İsa Qəmbəri tribunaya dəvət etdirməyə gücü çatmadığını anladıq, İsa Qəmbəri salamlayacaq siyasi mədəniyyətinin də olmadığını görmüş olduq. Menim Əli Kərimlidən zatən belə gözləntim yoxdur, Cəmil Həsənlinin nümayiş etdirdiyi ağsaqqallığa da, "vahid"liyə də, elementar etik-siyasi mədəniyyətə də uyğun olmayan davranışını görərək daha bir təəccüb mərhələsini keçmiş oldum!!!»
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər