Müxalifətin qanunsuz aksiyaları

Müxalifətin qanunsuz aksiyaları "miqrant alveri"ndən gəlir götürmək üçün vasitədir

Təfsilat
18 Noyabr 2019, 11:00 371
Müxalifətin radikal qanadının son vaxtlar şəhərin mərkəzi hissələrində icazəsiz aksiyalar keçirmək cəhdi və bu cəhdlərdə saylarının xeyli az olmasının diqqət çəkməsi ilk növbədə belə nəticəyə gəlməyə zəmin yaradır ki, onlar sadəcə olaraq müəyyən xarici dairələr qarşısında görüntü yaratmağa çalışırlar.
Bunu Trend-ə açıqlamasında "Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Müsavat Partiyasının noyabrın 12-də icazəsiz aksiya keçirmək cəhdinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əslində belə cəhdlərin arxasında sifariş öhdəlikləri götürərək qrantlar əldə edib, sonra da həmin qrantların yuyulması prosesi dayanır: "Bildiyimiz kimi, radikal müxalifətin sözdə liderləri müəyyən bəlli dairələr qarşısında ictimai asayişi, sabitliyi pozmaq üçün öhdəliklər götürür, bunun qarşısında isə qrantlar əldə edirlər. Ona görə də, məhz şəhərin mərkəzi hissələrində azsaylı tərəfdarları ilə toplaşıb guya icazəsiz aksiyalarına çox insanın qatıldığını göstərməyə çalışırlar ki, sonradan həmin foto və video çəkilişləri öz maliyyə donorlarına göstərsinlər. Yəni qrantlarını belə vasitələrlə şəxsi maraqları üçün yumağa çalışırlar. Lakin unudurlar ki, onlar həmin vaxtlarda - xalqın gur olduğu yerlərdə, məktəblər qarşısında, park və xiyabanlar önündə və digər yerlərdə qanunsuz əməllər törədərkən, özlərinin sərbəst toplaşmaq hüquqları barədə danışarkən, əslində, şəhər sakinlərinin, xarici qonaqların hüquqlarını pozurlar”.
Bəhruz Quliyev təəssüflə bildirib ki, azsaylı müsavatçıların icazəsiz piket keçirmək cəhdləri Konstitusiya Gününə təsadüf edib: "Bildiyimiz kimi, noyabrın 12-də xalqımız özünün növbəti qürurlu və şərəfli tarixini – Konstitusiyamızın qəbulunun növbəti ildönümünü qeyd edirdi. Belə bir tarixi günümüzdə müsavatçıların bilavasitə insanlarımızın konstitusion hüquqlarını pozmaları heç bir çərçivəyə sığa bilməz. Ölkəmizin ilk müstəqilliyi dövründə Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti Konstitusiyanı qəbul edə bilməmişdi. Konstitusiyamız məhz ikinci dəfə müstəqilliyimiz əldə edildikdən sonra qəbul olundu və bu tarix xalqımızın qürur mənbəyinə çevrildi. Müsavatçıların həmin tarixdən sui-istifadə edərək şəxsi mənfəətləri üçün sərf etmələri isə əlbəttə ki, vətəndaşlarımızın, insanlarımızın hiddətinə səbəb oldu. Bu baxımdan, hesab edirəm ki, bütövlükdə radikal müxalifətin bu kimi cəhdləri heç vaxt baş tutmayacaq, dövlətinin, dövlətçiliyinin yanında olan xalqdan isə əsla dəstək ala bilməyəcəklər”.
Siyasi şərhçi onu da əlavə edib ki, müxalifətin radikal qanadının bu kimi aksiyalarının bir əsas məqsədi də "miqrant alveri"ni gücləndirmək və bundan ciddi gəlir götürməkdir: "Bildiyiniz kimi, artıq Almaniya hökuməti bu ölkəyə qanunsuz miqrasiya edən mühacirləri deport edir. Artıq illərdir "miqrant alveri" ilə məşğul olan bir neçə müxalifətçi, Müsavat partiyasının üzvləri saxlanılıb. Onların qanunsuz əməlləri faktlarla ifşa edilib. Bu hadisə bir daha təsdiq edir ki, radikal müxalifət illərdir bunun üçün çalışır, öz maddi maraqları naminə hər cür qanunsuz yola əl atmaqdan belə çəkinmir. Nəticə isə göz qabağındadır. Olmayan nüfuzlarını xalq qarşısında bir daha yerlə bir etdilər. İndi bu müxalifətə, onların liderlərinə necə inam göstərmək, arxalanmaq olar?!".