• şənbə, 20 Aprel, 11:47
  • Baku Bakı 14°C

“Müxalifətin qabağında gedənlər bu iqtidarın arxasınca gəlib çata bilməyənlərdir”

01.08.13 08:20 2028
“Müxalifətin qabağında gedənlər bu iqtidarın arxasınca gəlib çata bilməyənlərdir”
Bu il keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca ölkənin siyasi həyatında canlanma müşahidə edilməkdədir. Hakim Yeni Azərbaycan Partiyası namizədini müəyyənləşdirdikdən sonra özlərini demokratik qüvvələr adlandıran bir qrup müxalifət təmsilçilərinin yaratdığı Milli Şura da Rüstəm İbrahimbəyovu vahid namizəd elan edib. Lakin onun bu günə qədər Azərbaycana gəlməməsi müxalifət funksionerləri arasında ciddi fikir ayrılığına yol açıb. Bir qisim indidən ehtiyat namizədin seçilməsini, digər qisim isə R.İbrahimbəyov Bakıya gəlməyəcəyi təqdirdə seçkinin boykot edilməsi fikrini səsləndirib. Belə vəziyyət Milli Şura üzvləri arasında hətta qarşılıqlı ittihamlara, təhqirlərə də gətirib çıxarıb. Bu isə Milli Şuranın artıq dağılmağa doğru getdiyi qənaətini yaradıb. Azərbaycan müxalifətinin seçki hazırlığı, Milli Şuranın komissiya sədrləri və quruma daxil olan partiya funksionerlərinin Gürcüstana səfərinin yekunları, müxalifət təmsilçilərinin bir-birinə qarşı təhqirlə müşayiət olunan ittihamlarının səbəbi, alternativ vahid namizədin müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev cavablandırır.
- Azərbaycanda oktyabr ayında növbəti prezident seçkiləri keçiriləcək. Hazırda ölkədəki seçki öncəsi vəziyyəti, siyasi partiyaların bu prosesə hazırlığını necə qiymətləndirirsiniz?
- Əvvəla ilk öncə o məqamı dəqiqləşdirək: ölkədəki yoxsa siyasi politradakı vəziyyəti təhlil edirik? Bilirsinizmi niyə belə bir yanaşmanı tərzini ortaya qoydum? Çünki sadaladığım nüansların bir-birindən inanılmaz fabula fərqi var. Və ya ölkənin vəziyyəti göz önündədir, qarşımızda günü-gündən inkişaf edən Azərbaycan var. Bu məsələnin bir tərəfi. Bəs seçki öncəsi siyasi vəziyyət necədir? Bax bu məqamda hər şeyin qaydasında olduğunu söyləməyə tərəddüd edirəm. Niyə? Çünki onun rentabelliyini təmin etmək bir tək hakimiyyətin üzərinə düşən öhdəlik deyil. Bunun üçün bütün siyasi qüvvələr, siyasi palitradakı bütün rənglər səfərbər olmalıdır. Beynəlxalq təşkilatlar, dairələr-hansı ki, bəzilərinin ədalət meyarlarına inanmaqda bəzən haqlı səbəblərdən çətinlik çəkirik - ortaya fərdi deyil, dünya sivilizasiyasının və bəşəriyyətin inkişaf ahəngini əks etdirən maraqları qoymalıdır. Ən nəhayət, haqqında danışdığımız seçki öncəsi proses özündə sağlam siyasi qüvvələrin rəqabətini ehtiva etməlidir. Son nüans xüsusən vacibdir. Ələlxüsus da Azərbaycan reallığı üçün. Çünki, 20 ildir mövcud iqtidar siyasi rəqiblə deyil, Azərbaycanın düşmənləri ilə mübarizə aparır. Radikal müxalifətin oyun qaydaları adekvat deyil. Onlar bu ölkəni rəzil günə qoymaq üçün şeytanla belə əməkdaşlığı gözə alıblar. Xalqın səsi, vətəndaşın seçki iradəsi və geniş kontekstdə səsvermə ümumiyyətlə türklər demiş, bu insanların “umurunda” belə deyil. Bu səbəbdən də qənaətim budur ki, Azərbaycan siyasətində seçki hazırlığı fərqli qüvvələr üçün fərqli anlam daşıyır.
- Yeni Azərbaycan Partiyası ilə yanaşı, bəzi müxalifət təmsilçiləri də demokratik qüvvələrin Milli Şurası adlandırılan qurumda bir araya gələrək, seçki prosesinə hazırlaşırlar. Sizcə bu birlik hakim partiya ilə mübarizədə ciddi və güclü rəqibə çevrilə biləcəkmi?
- Yeni Azərbaycan Partiyası ənənəsi və kökü olan partiyadır. Onun adını Milli Şura adlanan qondarma qurum ilə bərabər çəkməyin özü belə zənnimcə düzgün deyil. Rəqib məsələsinə gəlincə isə, əvvəla bir adam cavab versin görək, haradadır həmin o rəqib? Mifdirmi, ruhdurmu, əsatirdirmi? Və ya bir təşkilatın ki, başı İbrahimbəyov, ayağı reneqat Namazov ola, o zaman təpədən dırnağa gedən yolda nələrin baş verdiyini təsvir etmək üçün sizcə çoxmu böyük mükalimə istedadına sahib olmaq lazımdır? Məncə yox. Müxalifətin bədbətxliyi də ondadır ki, onların qabağında gedənlər bu iqtidarın arxasınca belə gəlib çata bilməyənlərdir. Qatarını ötürmüşlər, gəldiyi vaqonu unutmuşlar, keçmişini danmışlardır. Radikal müxalifət ona görə növbəti fiaskonu yaşayır ki, 20 ildir sinəsinə döyən adamları bir qocaman rejissor “fatı qalx-fatı otur” jesti ilə idarə edir. Və inanın ki, bu hələ tamaşanın ilkin səhnəsidir. Pərdə arxasında daha şokedici və rəzil ifaçılarının öz rollarını gözlədiyinə əminəm. Bu cür xislətin, təfəkkürün daşıyıcıları isə əsla kiməsə rəqib ola bilməz. Onların ilk öncə öz arlarındakı rəqiblikdən, düşmənçilikdən başları açılmalıdır ki, vaxt edib kənarda rəqib axtarsınlar. Və ya radikal müxalifət hələ öz siyasi ədavətinin kiminlə olduğunu belə ayırd etməyəcək qədər səbatsız duruma gəlib. Dediklərimin təsdiqi üçün Milli Şura dəhlizində gedən son qırğınları izləmək yetərlidir.
- Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov elan edilməsinə baxmayaraq, sizin də qeyd etdiyiniz kimi, onu seçən müxalifət funksionerləri arasında ciddi fikir ayrılığı, hətta təhqirlərlə müşayiət olunan qarşıdurmalar özünü göstərməkdədir. Siz bunları nə ilə əlaqələndirirsiniz?
- Səbəb budur ki, İbrahimbəyov namizəd elan olunarkən Azərbaycan siyasətinin bəzi “gülməşəkərlər”i bunu beynəlxalq aləmin sifarişi kimi analiz etmişdilər. Öz aləmlərində prinsipiallıq nümayiş etdirərək bu birliyin ərsəyə gəlməsində iştirak edirdilər. Təbii ki, prosesin bu şəkildə yön alması İbrahimbəyovun boğazdan yuxarı dediyi sözlər və saxta pafosu ilə də birbaşa bağlı idi. Amma nəticə etibarı ilə gördülər ki, bu adam heç də zənn etdikləri biri deyil. Tərs kimi siyasi kritikalarda zamanın da geriyə qüvvəsi olmur. Eyni zamanda peşmançılıqlarını da açıq biruzə verə bilmirlər. Beləcə qalıblar ortada. Başsız bədənə bənzəyirlər. Sahib çıxacaq yiyələri yoxdur. Bəlli vəziyyətdə isə siyasi isterika təbii ki, müşahidə olunacaq. Çünki dediyim kimi, adamlar çaşqındırlar. Enerjilərini və neqativlərini bir-birinin üzərinə tökməkdən başqa çarələri qalmayıb.
- Bu qurum daxilində alternativ namizədin müəyyənləşməsi də ən çox müzakirə olunan məsələlərdəndir. Hətta buna iddialı şəxslər kimi Müsavat başqanı İsa Qəmbər və ACP lideri Rəsul Quliyevin adları çəkilir. Sizcə müxalifət bu iki şəxsdən birin ətrafında yenidən birləşə bilərmi?
- İndi gəlin mən də qarşılıq olaraq bir başqa ritork sual ünvanlayım: Əsli olmayan bir şeyin alternativi ola bilərmi? Hansı alternativdən gedir söhbət? Əli Kərimli heç imkan verərmi ki, İsa Qəmbər alternativ olsun? Və ya Rəsulu “yalıncıq”, ”mafioz” adlandıran Müsavat Açıq Cəmiyyət Partiyası liderinin vahid namizəd olmasını həzm edərmi sizcə? Təbii ki, yox. Ortalıq da bax bu ambisiyalar üzündən qarışıb. İkisi birinə dəymir, biri heçə. Bir dəfə də söyləmişdim ki, radikal müxalifətin təmsilçiləri iç-içə düzülən “matryoşka” qablarını xatırladırlar. Onlar eyni sifətdədirlər. Düzünə də baxanda eyni sifətdədirlər, tərsinə də baxanda.
- R.İbrahimbəyov vahid namizəd seçiləndən sonra Azərbaycana dönəcəyi barədə müxtəlif bəyanatlar verib və sonda verdiyi sözə sahib çıxmayıb. O, bunu gah xaricdə Milli Şuranın təbliğatını aparması ilə, gah da Azərbaycan hökumətinin onu həbs etmə ehtimalı ilə əlaqələndirib. Əsl gerçəklikdə bu nə ilə bağlı ola bilər?
- İbrahimbəyov siyasi “dezertir”dir. O bunu hər jesti ilə sübut edir. Bu binəva rejissorun nəinki aylıq, həftəlik, hətta artıq gündəlik fəaliyyətində də qeyri-ciddi tərz özünü açıq-aşkar biruzə verməkdədir. Və deyim ki, İbrahimbəyovun qayıtmış halı ilə qayıtmamış halı arasında da heç bir fərq yoxdur. Ələlxüsus da hakimiyyət üçün. Üstəgəl, nəzər alın ki, hüquq-mühafizə orqanlarının müəyyən etdiyi vergi yayınmalarına rəğmən, hələ ki, bu insan haqqında konkret ittiham irəli sürülməyib. Bunu İbrahimbəyovun vəkili mətbuata verdiyi açıqlama ilə təsdiq etdi. Amma adam yenə də Tiflisdən bu yana keçə bilmir. Hələ özü azmış kimi, burda qalanları da ölkədən çıxarıb aparır.
- Milli Şura sədrinin İcra Aparatının rəhbəri Eldar Namazov isə R.İbrahimbəyovun hələ də Moskvada olmasını onun Rusiya vətəndaşlığından imtina etməsi ilə əlaqələndirib və deyib ki, bu proses uzun çəkə bilər. Sizcə R.İbrahimbəyovun Rusiya vətəndaşlığını ləğv edilsə belə, mövcud qanunvericilik onun namizəd kimi qeydə alınmasına imkan verirmi?
- Eldar Namazov son zamanlar ümumiyyətlə Milli Şuradakı missiyasını unudub. Bilinmir bu adam İbrahimbəyovun siyasi yengəsidir, mirzəsidir yoxsa icra aparatının rəhbəri. Sənədlə bağlı söylənilənlər isə uydurmadan başqa bir şey deyil. Çox güman o sənəd veriləcək. Yəni, vətəndaşlığın xitamı ilə bağlı. Amma bunun üçün vətəndaşlıqdan imtina edən şəxsin heç də prosesdə birbaşa iştirakı vacib deyil. Həmin məsələni hüquqi (qanuni) nümayəndə vasitəsilə də həll etmək olar. Sadəcə, əllərinə növbəti blef üçün fürsət düşüb, vəssalam. Və ya son anda anlayıblar ki, üzərlərində daşıdıqları qeyrət, cəsarət hələ ölkəyə dönmək üçün yetərli deyil. O ki, qaldı namizədliyin qeydə alınması üçün tələb olunan digər məqamlara, bunun tam təfərrüatlarını söyləməkdə ola bilsin çətinlik çəkərəm. Amma bildiyim qədər seçki qanunvericiliyinin önəmli tələblərindən biri də budur ki, prezidentliyinə iddialı olan şəxs seçkidən uzun müddət öncə seçki yarışına qatıldığı ölkənin ərazisində yaşamalıdır. Amma bu məsələdə hər hansı bir xüsusi istisnanın olub-olmadığından xəbərsizəm.
- İyulun 30-da Milli Şuranın komissiya sədrləri, quruma daxil olan partiyaların təmsilçiləri, həmçinin R.İbrahimbəyov Tbilisidə bir araya gəldilər. Ehtimal edilir ki, bu görüşdə vahid namizədlə bağlı vəziyyət yenidən dəyərləndirilib, bir sıra məsələlərə aydınlıq gətirilib. Bundan Milli Şuranın fəaliyyətində hər hansı dəyişiklik olma ehtimalı varmı?
- Sizdən və oxuculardan tək bir xahişim var: Həmin tədbirə qatılan şəxslərin çəkdirdiyi fotolara baxın. Amma lütfən diqqətlə baxın. Görün heç onların sifətində “iş dalınca gəlmişəm” havası varmı? Adamlar Antalyada otel foyesində oturub otaq açarı gözləyənlərə bənzəyirlər. Sanki bir azdan çimərlik paltarlarını geyinib hovuza tullanacaqlar. Belələri ilə dəyişiklikmi olar?
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər