• cümə axşamı, 28 mart, 13:21
  • Baku Bakı 16°C

Müxalifətin nə sosial bazası, nə də digər resursları var

07.02.18 10:30 918
Müxalifətin nə sosial bazası, nə də digər resursları var
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən qərar bir sıra müxalifət partiyaları arasında çaşqınlıq yaradıb. Onların bir çoxu bunun gözlənilməz olduğunu, digərləri isə hələ seçkilərə yay aylarından hazırlıq edəcəklərini açıqlayıblar. Bunu bəhanə edən bəzi müxalif qüvvələr isə seçkidən imtina ilə bağlı çağırış etməyə başlayıblar. Lakin bir çox xarici ölkələrin təcrübəsi göstərir ki, prezident, parlament və ya digər seçkilərin keçirilməsinin vaxtı bilinsə də, bilinməsə də siyasi təşkilatlar bununla bağlı geniş fəaliyyət istiqamətinə malik olurlar. Yəni, hansısa seçki bitər-bitməz qarşıdan gələn növbəti seçkiyə hazırlıq başlayır. Azərbaycanda isə əvvəlki təcrübəyə əsaslansaq, deyə bilərik ki, bir sıra müxalifət partiyaları seçki ili çərçivəsində hazırlıq işləri görür. Bizim müxalifətdə isə bunu görmürük.

Mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirdi ki, dünyanın bir çox ölkələrində siyasi təşkilatlar seçkidən kənarda qalmırlar: "Misal üçün, Türkiyədə növbədənkənar seçki keçirilsəydi, oradakı müxalifət partiyaları deməzdi ki, biz hazır deyilik və s. Onlar hər zaman hazır olurlar və potensialları da var. Məsələ ondan ibarətdir ki, Azərbaycandakı bəzi müxalifət partiyalarının heç bir potensialı yoxdur. Sadəcə olaraq, bunlar arzulayırdılar ki, keçən dəfə olduğu kimi hansısa bir "milyonerlər ittifaqı” meydana çıxsın, yaxud xaricdən bunlara dayaq dursunlar, yardım etsinlər, təmərküzləşsinlər və ondan sonra namizədliklərini irəli sürsünlər. Əgər müxalifət növbədənkənar seçkiyə hazır deyilsə, sual olunur, başqa ölkələrdəki kimi Azərbaycanda da fors-major vəziyyət meydana gəlsə, onda bunlar nə edəcəklər? Yəni, Azərbaycanda siyasi partiyalar hər bir məsələyə hazır olmalıdır. 5 ilə yaxın bir müddətdə sənin hazırlığın olmayıbsa, qarşıdakı bir neçə ay ərzində nə edəcəkdin? Birdən-birə boykot qərarı vermək, imtina etmək, "hazır deyiləm” nə deməkdir? Sadəcə olaraq, bunları xaricdən təlimatlandırırlar, müəyyən qədər fikir yaradırlar. Çünki xaricdəki bəzi qüvvələrin özü buna hazır deyildi. Həmin qüvvələr prezident seçkilərində nə edəcəkləri barədə düşünürdülər, müxalifəti bir araya gətirib-gətirməməyi müzakirə edirdilər, hansı şəkildə maddi yardım göstərməyi planlaşdırırdılar. Bəzi siyasi partiyalar, təşkilatlar məhz xarici təsirlər altında indiki fikirləri səsləndirirlər. Əgər bunlar 2 aya hazır deyillərsə, heç 8 aya da hazır olmayacaqlar. Ona görə də bu müxalif qüvvələrin addımı qınanılır. Həmin siyasi partiyalar, təşkilatlar artıq seçkini uduzduqlarını yaxşı başa düşürlər”.

T.Kərimli əlavə etdi ki, seçkidən kənarda qalan partiyalar ilk növbədə özlərinə zərbə vuracaqlar: "Çünki onsuz da partiyalar dağıla-dağıla gedir, sosial baza parçalanır. Seçkini boykotdan sonra üzvləri haqlı olaraq sual verəcək ki, bizim partiya nə istəyir, hakimiyyətə necə gəlmək niyyətindədir? Bu partiyalarda konstruktivlik yoxdur, real proqramları mövcud deyil. Ona görə də onların səsləndirdikləri bəhanədir. Bundan sonra onların daha nə xalqa, nə də öz partiya üzvlərinə söz demək imkanı olmayacaq”.

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, ümumiyyətlə prezident seçkiləri demokratik, hüquqi dövlətlərdə çox böyük siyasi hadisədir: "Azərbaycan da demokratik, hüquqi dövlətdir və bizim ölkəmizdə hakimiyyət məhz azad, ədalətli seçki əsasında formalaşır. Bu məsələdə Azərbaycan böyük uğurlara imza atıb. Baxmayaraq ki, bizim müstəqilliyimizin tarixi o qədər də böyük deyil, amma ötən müddət ərzində ölkəmiz seçki təcrübəsi əldə edib və azad, ədalətli, demokratik seçki yolu ilə öz hakimiyyətini formalaşdırıb. Eləcə də demokratik və hüquqi dövlətlərdə siyasi partiyaların da həyatında ən mühüm hadisə seçkilərdir. Hüquqi dövlətlərdə hakimiyyətə gəlməyin yeganə yolu da seçkilərdən keçir. Ona görə də hansı siyasi partiya deyirsə, biz seçkiyə hazır deyilik və sair, deməli, onlar heç partiya kimi təşəkkül tapmayıblar. Onların nə sosial bazası, nə də digər resursları yoxdur. Hesab edirəm ki, partiyalar seçkilərə hər an hazır olmalıdırlar. İndi özünü müxalif hesab edən partiyaların əlinə fürsət düşüb ki, ondan istifadə edib, seçkilərdən imtina etsinlər. Çünki özləri də bilirlər ki, seçkiləri uduzacaqlar, onların qələbə şansı sıfıra bərabərdir”.

M.Səfərli vurğuladı ki, həmin radikal müxalifət əvvəllər də seçkiyə qatılırdı və özlərini xarici qüvvələrə göstərirdilər: "Nəticə isə o olurdu ki, seçkidə məğlubiyyətə uğrayırdılar. Onlar yaxşı bilir ki, bu dəfə də məğlub olacaqlar. Məhz məğlubiyyətə uğradıqca cəmiyyət onları daha da özündən uzaqlaşdırır, Qərbdəki mərkəzlərin isə marağı azalır. Uzun illərdir Qərbdən ölkəmizə səfər edən hansı qüvvələr, liderlər müxalifətlə görüşür? Əlbəttə ki, heç biri. 10-15 il əvvəl isə Azərbaycan səfər edənlər müxalifət təmsilçiləri ilə görüşürdülər. Amma müxalifət bu gün o qədər gücünü itirib, fəaliyyətsizliyi ilə özünü elə geridə qoyub ki, artıq heç bir dairə üçün maraq kəsb etmir. Ona görə də bunların əlinə sanki bir fürsət düşüb ki, guya bunlar seçkilərə hazır olmadıqları üçün boykot edirlər. Əslində isə bu, onların gücsüzlüyünü, zəifliyini, eləcə də elektoratdan məhrum olmasını göstərir”.
Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər