• cümə, 19 Aprel, 13:03
  • Baku Bakı 25°C

Müxalifətin namizədi kim olursa-olsun, məğlubiyyətlə üzləşəcək

21.08.13 09:50 1988
Müxalifətin namizədi kim olursa-olsun, məğlubiyyətlə üzləşəcək
Özlərini demokratik qüvvələr adlandıranlar Milli Şurada bir araya gəldikdən xeyli müddət sonra ilk dəfə birgə mitinq keçirmək qərarını verdilər. Avqustun 18-ə təyin edilən razılaşdırılmış aksiya baş tutsa da iştirakçıların sayının çox az olması müxalifət liderlərini yenidən gülünc vəziyyətinə saldı. Milli Şuranın və onun vahid namizədinin xalq tərəfindən dəstəklənmədiyi bir daha bəlli oldu. Bununla yanaşı, əvvəlcədən vəd edildiyi kimi on minlərlə insan əvəzinə meydana bir neçə yüz insanın toplaşması Milli Şuradakıların sosial bazasının da real mənzərəsini əks etdirdi. Baş verənlərin ardınca qurumun qapalı sessiyasının keçirilməsi və ehtiyat namizədin müəyyənləşdirilməsi zamanı isə müxalifət liderlərinin ortaq məxrəcə gələ bilməməsi onlar arasındakı uçurumun, fikir ayrılığının dərinliyini ortaya qoydu. Hətta bir neçə partiyanın Milli Şuradan getməsi barədə məlumatlar yayıldı. Müxalif düşərgədə baş verən bütün bu proseslərlə bağlı Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı “Kaspi”nin suallarını cavablandırır.
- Fəzail müəllim, 18 avqust mitinqi öncəsi Milli Şura təmsilçiləri bu aksiyaya on minlərlə insanın qoşulacağını, xalqın onları dəstəklədiyini bildirirdilər. Lakin mitinq günü meydanda onları dəstəkləyənlərin sayı bir neçə yüzü ötmədi. Milli Şuranın belə vəziyyətlə qarşılaşmasını Siz nə ilə əlaqələndirərdiniz?
- Hələ Milli Şura yarandığı zaman, mən konkret arqumentlərə söykənərək onların Azərbaycan cəmiyyətində yetərincə sosial bazaya malik olmadığını bildirmişdim. Görünən budur ki, Milli Şuranın özəyini təşkil edən siyasi partiyaların heç birinin Azərbaycanda geniş xarakter daşıyan, haradasa 4-5 min insanı öz ətrafında birləşdirən kütləvi aksiya keçirmək imkanı yoxdur. Bunu ötən zaman kəsiyində onların etmiş olduğu cəhdlərin məntiqinə söykənərək, həmçinin konkret görüntülərə və aksiyaların nəticələrinə söykənərək söyləyirəm. 2011-ci ilin aprel ayında bütün müxalifət partiyaları yığışaraq “Sahil” metrosunun yaxınlığındakı bir məkanda mitinq keçirməyə çalışmışdılar. Mən də siyasi partiya rəhbəri olaraq bu aksiyanı kənardan izləmək qərarına gəldim. Elə yerdə dayanıb müşahidə aparırdım ki, oradan meydanı bütünlüklə görə bilirdim. Bununla yanaşı, şəhərin aksiya keçiriləcək hissəsinə gələn yerləri maşınla gəzərək insanların toplaşıb-toplaşmadığını izləyirdim. İnanın mənə, həmin gün əvvəlcədən onların qeyd etdiyi kimi minlərlə aksiyaya gələn insanı müşahidə etmədim. Aksiya keçirilən ünvanda 300-400 nəfər ancaq toplaşmışdı. Bu, müxalifətin sosial bazasının real mənzərəsi idi. Bu barədə o zaman da fikrimi söylədim. Nə keçən dövrlərdə, nə də indi müxalifətin əhalinin diqqətini cəlb edə biləcək xüsusi bir proqramı, konsepsiyası, qeyri-adi bir adamı yoxdur. Hər zaman olduğu kimi köhnə nitqlər, köhnə çağırışlar, köhnə bəyanatlar səsləndirirlər. Ötən 20 il bunlarda heç bir dəyişiklik etməyib. Bu səbəbdən avqust ayının 18-də keçiriləcək aksiyanın kütləvi olmayacağını da əvvəlcədən təxmin etmişdim. Aksiya keçirilməmişdən qabaq bir sıra yerli mətbuata açıqlama vermişdim ki, Milli Şuranın təyin etdiyi aksiya fiaskoya uğrayacaq. Çünki onun əsas nüvəsi və mitinqlərə daha çox meylli olan Müsavat və AXCP bundan əvvəlki aksiyaları hər zaman uğursuzluqla nəticələnirdi. Mənimlə yanaşı, siyasi proseslərə yaxından bələd olan bütün insanlar da bu mövqedən çıxış edirdilər. Mitinq günü söylənilən fikirlər, müşahidələrimiz özünü bir daha doğrultdu. Çünki, Milli Şurada daha çox mətbuat vasitəsi ilə fəallığını nümayiş etdirən Azərbaycan Xalq Cəbhəsi, Müsavat, Açıq Cəmiyyət partiyalarının və onlara qoşulanların cəmiyyətdə yetərincə sosial bazası yoxdur. Milli Şurada onlardan başqa təmsil olunan ayrı-ayrı şəxslərin, xüsusən də qurumun sədri seçilən Rüstəm İbrahimbəyovun ümumiyyətlə Azərbaycanda heç bir dayağı yoxdur. Belə olan halda, əlbəttə ki, onların keçirəcəyi mitinqin kütlə səviyyəsi bir neçə yüz nəfərdən yuxarı olan deyildi. Bu gözlənilən idi və bununla da əslində Milli Şura və orada təmsil olunan siyasi partiyalar sözün həqiqi mənasında iflasa uğradıqlarını bütün Azərbaycana, eləcə də dünyaya nümayiş etdirə bildilər.
- Milli Şuraya qatılan siyasi partiya sədrlərinin öz üzvlərinin sayı ilə bağlı səsləndirdiyi fikirləri nəzərə alsaq, belə ehtimal etmək olar ki, həmin partiyaların hər birində minlərlə insan bir araya gəlib. Həmin partiyaların vahid ideya ətrafında, bir qurum tərkibində birləşməsi isə məntiqlə on minlərlə insan kütləsi deməkdir. Belə olan halda, bu adamlar öz partiyalarının qoşulduğu Milli Şuranın ilk aksiyasına nə üçün dəstək vermədilər?
- Bunun ciddi səbəbləri var. Faktiki olaraq həmin siyasi təşkilatlar bəyanat partiyalarına, Bakıda yerləşən ofis partiyalarına çevriliblər. Onların sosial bazaları tam tükənibdir. Azərbaycan xalqı göz önünə 1990-cı illərin əvvəllərini gətirir və həmin zaman baş verən hadisələrin məsuliyyət daşıyıcısı kimi İsa Qəmbəri, Azərbaycan Xalq Cəbhəsi hərəkatını bütövlükdə mənimsəyən Əli Kərimlini və digərlərini görür. Dərhal insanların təsəvvüründə yenidən xaos, vətəndaş müharibəsi, hər yerdə qarmaqarışıqlıq, böhran, insanların ümidsizliyi və sair canlanır. Başqa bir tərəfdə isə ulu öndərimiz Heydər Əliyevdən sonra Azərbaycanda baş vermiş olan hadisələr, o cümlədən müsbət tendensiyalar, Azərbaycan dövlətinin qurulması, güclənməsi, hərtərəfli islahatlar və bunların vermiş olduğu konkret nəticələr dayanır. Xüsusi olaraq, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin son 10 ildə Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında göstərmiş olduğu müstəsna xidmətlər, ölkəmizin regionun güclü, qüdrətli, inkişaf etmiş ölkəsinə çevrilməsi, dünya miqyasında gücünün etiraf edilməsi ilə böyük nüfuz qazanması da qeyd olunur. Azərbaycan xalqı tərəfindən bütün bunlar birmənalı şəkildə yüksək qiymətləndirilir. Belə hadisələri müşahidə edən və müqayisələr aparan bəzi insanlar da radikal müxalifətin deyil, ölkəmizi inkişaf etdirən liderin yanında olmağa üstünlük verirlər. Təbii ki, bu da müxalifətin tərxis olunmasında və zəifləməsində çox ciddi bir faktor kimi çıxış edir. Prezident İlham Əliyevin liderlik qabiliyyəti, xarizmatik keyfiyyətləri, real dəyərlərə söykənmiş olan islahatlara sədaqəti, dünya miqyasında Azərbaycanın nüfuzunun və qüdrətinin güclənməsi, Azərbaycan ordusunun ən müasir orduya çevrilməsi, eləcə də digər buna bənzər faktlar Azərbaycan xalqının diqqətini özünə cəlb edir. Bu da müxalifətin çox acınacaqlı vəziyyətə düşməsində, onun sosial bazasının tükənməsində mühüm rol oynayır. İnsana bu gün nə lazımdır? Mən müxtəlif rayonlarda çoxsaylı insanlarla görüşürəm. Onlar deyirlər ki, insanlara sakitlik lazımdır. Bu gün artıq sülh problemi, qaz, su, işıqla bağlı çətinliklər həll olunub, yollar çəkilir, rayonlarda, regionlarda yeni-yeni müəssisələr tikilir. Hərtərəfli inkişaf göz qabağındadır. Hətta ucqar rayonların mərkəzləri belə Bakı səviyyəsinə yaxınlaşdırılır. Azərbaycan regionları sözün həqiqi mənasında çox böyük sürətlə inkişaf edir. Bunlar faktdır. Belə olan halda hansı partiyanın üzvü olmasına baxmayaraq, sadə vətəndaşlar inkişafı kənara qoyub, onları xaosa sürükləyən, yenidən ölkədəki vəziyyəti 1990-cı illərin əvvəllərinə aparıb çıxaran, yalan vədlər verən insanların dalınca getməzlər. Bu, çox mühüm rol oynayır. Radikal müxalifətin, bütövlükdə müxalifətin sosial bazasının olmamasında, tükənməsində ölkədəki inkişaf, tərəqqi, yüksəliş və İlham Əliyev faktoru çox mühüm rol oynayır.
- Milli Şuranın növbəti yığıncağında vahid namizəd Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsindən ümidlərini üzən müxalifət partiya sədrləri ehtiyat namizədin müəyyənləşdirilməsini müzakirə ediblər. Müsavat və AXCP bununla bağlı razılaşsalar da ALP, ACP, KXCP və “EL” hərəkatının bəzi üzvləri buna qarşı çıxıblar. Onlar Milli Şuradan çıxdıqlarını bildirərək, iclas zalını tərk ediblər. Bu hadisəni 20 ildən sonra ilk dəfə bir araya gəlməyi bacaran müxalifətin təkrar parçalanması kimi qiymətləndirmək olarmı?
-Səsvermə və orada keçirilən müzakirələrdə kifayət qədər ziddiyyətlərin olması, kəskin xarakter daşıması bir daha onu göstərir ki, Milli Şuranın özünün daxilində çox ciddi problemlər mövcuddur. Orada müxtəlif maraqlar, müxtəlif mənafelər var. Bu maraqlar, mənafelər əlbəttə ki, çox kəskin şəkildə kəsişir. Əlavə namizəd məsələsinə gəlincə isə, mən də mətbuatdan bu barədə oxumuşam. Görünən budur ki, Müsavat başqanı İsa Qəmbər sonadək prezident seçkilərində iştirak etmək fikrində qərarlıdır. Hadisələrin də gedişi buna doğru istiqamətlənib. Belə bir ehtimal da var ki, qurumdakı digər müxalif siyasi partiyalar da öz namizədini irəli sürür və son anda daha şanslı namizədin xeyrinə geri çəkilirlər. Mətbuatdakı məlumatlarda hətta o da qeyd olunur ki, Milli Şuradakılar ehtiyat namizəd kimi akademik Rafiq Əliyevin üzərində dayanıblar. Əgər səhv etmirəmsə, o, vaxtilə mətbuata açıqlamasında siyasətə qoşulmayacağını bəyan etmişdi. Baxmayaraq ki, o Azərbaycan alimləri arasında tanınan alimdir, amma siyasətçi deyil. O, siyasətlə məşğul olmayıb. Rafiq Əliyev özünə hörmət edən bir şəxs kimi onların avantürasına getməyəcək. Əgər bunun əksini etsə, o zaman yalquzaq canavar kimi Milli Şuranın tərkibində cəmləşən liderlər onun az-çox hörmətini tamamilə alt-üst edəcək, alimi çıxılmaz və acınacaqlı hala salacaqlar. Onu da nəzərə almalıyıq ki, qarşıdan gələn prezident seçkilərində həmin ehtiyat namizədin qələbə çalmaq şansı yox dərəcəsindədir. Dəfələrlə söyləmişəm, bu gün də konkret müşahidələrə söyləyərək deyirəm ki, bütün iddiaçılar yığılsa da, müxalifət qüvvələri bütün gücünü, potensialını maksimum şəkildə ortaya qoysalar da qarşıdan gələn prezident seçkilərində onların İlham Əliyevə uduzması qaçılmazdır. Bu da danılmaz faktdır ki, Rüstəm İbrahimbəyov Bakıya gəlmir. Çünki o bilir ki, vahid namizəd kimi seçkilərə qatılsa məğlubiyyət və biabırçılıqla üzləşəcək. Bu gün onlar vahid namizəd müəyyən etsələr də, hamılıqla bir nəfərin ətrafında cəmləşsələr də, İbrahimbəyovun ətrafında şam yandırsalar da, bu heç bir nəticə verməyəcək. Seçkilərdə müxalifətin acı məğlubiyyətə uğrayacağı gün kimi aydındır. Bunu bayaq qeyd etdiyim kimi, avqustun 18-də keçirilən aksiyaya gələnlərin, onları dəstəkləyənlərin sayı da təsdiq edir. Aksiyaya az sayda insanların gəlməsindən belə nəticə çıxarmaq olar ki, müxalifətin sosial bazası artıq sıfıra yaxınlaşıb. Əgər Milli Şuranın əsas nüvəsi olanların sosial bazası bundan ibarətdirsə, o zaman aksiyalarda iştirak edən digər partiyaların sosial vəziyyəti yox dərəcəsindədir. Bu kimi məqamları nəzərə alaraq, hesab edirəm ki, Milli Şuranın vahid namizədi istər Rüstəm İbrahimbəyov, istərsə də kim olursa olsun, onun acınacaqlı məğlubiyyəti qaçılmazdır.
- R.İbrahimbəyov Avropaya səfəri zamanı sabiq milli təhlükəsizlik naziri Vaqif Hüseynovla görüşüb. O, bu görüş zamanı azərbaycanlıların küt xalq olması və belə insanlarla hər hansı bir iş görməyin qeyri-mümkün olması barədə fikirlər səsləndirib. Azərbaycanda keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi kimi iştirak etmək istəyən bir insanın öz xalqı barədə belə təhqiramiz ifadələr işlətməsi nə dərəcədə düzgündür?
- Rüstəm İbrahimbəyov birinci dəfə deyil ki, bu cür fikirlər səsləndirir. Hələ bir müddət əvvəl o, Azərbaycan və erməni xalqlarının müqayisəsini apararkən də azərbaycanlıların ünvanına aşağılayıcı fikirlər söyləmişdi. Onun qardaşı Maqsud İbrahimbəyov millət vəkili olarkən Rüstəm İbrahimbəyovun bu fikirlərinə qəti etirazını bildirmişdi. Əslində bu kimi halların baş verməsinə səbəb Rüstəm İbrahimbəyovun Azərbaycan xalqına bağlı olmamasıdır. Bu adam nə qanlı 20 Yanvar hadisəsində, nə də Xocalı soyqırımı kimi qətliam baş verəndə xalqının yanında olmayıb. Halbuki o, tanınmış kinorejissor kimi öz imkanlarından istifadə edib baş vermiş qırğınları, rus-erməni qoşunlarının törətdiyi vəhşilikləri dünya ictimaiyyətinə çatdıra bilərdi. Bunun üçün əlindən gələn köməyi edə bilərdi. Amma o, bunu etmədi. Əksinə olaraq, öz erməni dostları ilə Moskvada konyak masası ətrafında bir araya gəldi, gələcək ortaq planlarını müzakirə etdi. Dar günündə Azərbaycanın yanında olmayan Rüstəm İbrahimbəyov kosmopolit insan kimi daha çox xalqımıza düşmən kəsilən qüvvələrlə bir yerdə olub. Belə bir adamın ölkəmizin prezidenti olmaq iddiasına düşməsi Azərbaycan xalqı üçün təhqirdir. Çox təəssüf ki, 20 ildir müxalifət mövqeyində dayananlar, milli maraqların müdafiəçisi, demokrat kimi özlərini qələmə verənlər bu təhqiri görməməzlikdən gəldilər. Əslində onu müdafiə edənlərin özləri də mahiyyət etibarilə antimilli qüvvələrdir. Onlar milli hissiyyatını itirən, Azərbaycan xalqını aşağılayan bir qərar verməklə öz simalarını ortaya qoydular. Öz tərcümeyi-hallarına aşağılayıcı, heç zaman silinməyəcək qara ləkələr vurdular.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər