• şənbə, 20 Aprel, 02:44
  • Baku Bakı 15°C

Müxalifətin Milli Şurası Cümhuriyyətin adına ləkədir

05.09.13 07:43 1517
Müxalifətin Milli Şurası Cümhuriyyətin adına ləkədir
Vaxtilə Azərbaycan Xalq Cəbhəsinin aparıcı funksionerlərindən olan İsa Qəmbər milli oyanış hərəkatının hərarətinin hələ davam etdiyi vaxtlarda eyforiyaya qapılaraq öz ambisiyalarını reallaşdırmaq üçün yaratdığı partiyasının adını Müsavat qoydu. Bununla o, Sovet imperiyasından xilas olmuş insanların Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı sentimental duyğularından istifadə niyyəti güdürdü. Məlum olduğu kimi, həmin dövrdə əsas milli qüvvə məhz Müsavat partiyası olmuşdu. Elə o səbəbdəndir ki, Xalq Cümhuriyyəti də bir çox hallarda Müsavat hökuməti kimi təqdim olunur.
1992-ci ildə yaratdığı partiyasını 1911-ci ildə yaradılmış Müsavatın adından götürməklə ciddi imitasiya etməyə çalışan İ.Qəmbər demək olar ki, arzusuna çatmadı. Nədəndisə elə yaranandan həmin partiyanın demək olar ki, bəxti gətirmədi, müxalifətdə qaldı (bir illik hakimiyyətləri dövründə İ.Qəmbər Müsavatın lideri kimi yox, AXC-nin liderlərindən biri kimi təmsil olunurdu). Bundan başqa, müasir Müsavat öz sələfinin digər funksiyalarını da yerinə yetirə bilmədi.
Eyni situasiya ilə biz bu gün də qarşılaşırıq. Belə ki, müxalifət bu ilki seçkilərdə cəmləşdiyi birliyinə ad axtararkən də Cümhuriyyət dövrünə istinad etdi.
Əslində hər bir adın seçilməsinin öz səbəbi və bu adın öz missiyası var. Adətən Milli Şura əsas milli qüvvələrin cəmləşdiyi birlik kimi assosiasiya olunur. Bu ad altında milli qüvvələr hansısa tarixi məqamda, dövlətin, xalqın həyatında ciddi dönüşlərin baş verməsi gözlənilən situasiyalarda birləşdiklərinin şahidi oluruq. Məhz 1918-ci ildə də həmin situasiya yaranmışdı. Belə ki, bu dövrdə Zaqafqaziya seyminin dağılması ilə yeni şərait yaranmış və milli qüvvələr tərəfindən Azərbaycanın müstəqilliyini elan etmək və sonrakı fəaliyyəti planlaşdırmaq məqsədilə müvəqqəti rəsmi qurum kimi Milli Şura təsis olunmuşdu. Həmin Milli Şurada kimlər təmsil olunmamışdı: Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Pepinov, Camo bəy Hacınski, Xudadad bəy Məlikaslanov, Əkbər ağa Şeyxülislamov, Məmməd Yusif Cəfərov, Xosrov bəy Sultanov, Xəlil bəy Xasməmmədov və s.
Qeyd etmək lazımdır ki, həmin dövrdə Milli Şura qarşısına qoyduğu məqsədə nail oldu və öz tarixi missiyasını uğurla yerinə yetirdi. Milli Şura Tiflisdə Azərbaycanın müstəqilliyini elan edib Gəncəyə gələn kimi özünü buraxdı.
Bəs müasir Milli Şuranın məqsədi, məramı nədir, hansı tarixi zərurətdən yaranıb, missiyası nədən ibarətdir, özündə hansı milli qüvvələri birləşdirir və s.
Qeyd edək ki, hazırkı Milli Şuranın tərkibinə, onun missiyasına, yaranma gerçəkliyinə, liderlərinə və s. nəzər yetirərkən onun ötən əsrin əvvəllərində yaranmış həqiqi Milli Şura ilə heç bir şəkildə müqayisəyə gəlmədiyinin şahidi olarıq. Müasir Milli Şurada toplaşan qüvvələrin heç birinin ümummilli məqsədləri yoxdur. Onların hər biri sırf hakimiyyət hərisliyi ilə alışıb yananlardır. Düzdür, Cümhuriyyət dövründə də Milli Şura hakimiyyəti götürməyə çalışırdı. Amma niyə? Çünki həmin dövrdə Azərbaycanda hakimiyyət əsasən antimilli qüvvələrin – bolşeviklərin, daşnakların, Sentrokaspi diktaturasının əlində idi. İndiki tarixi şəraitdə isə ölkədə xalqın milli maraqlarına cavab verən və xalqın geniş əksəriyyətinin dəstəklədiyi hakimiyyət vardır. O, xalqının, millətinin mənafelərini hansısa kənar qüvvələrin maraqlarından üstün tutur. Keçirilən hər bir seçkidə, mütəmadi aparılan rəy sorğularında hakimiyyətin lideri Prezident İlham Əliyev çox böyük fərqlə başqalarını qabaqlayır. Əsil milli qüvvə məhz İlham Əliyevin rəhbərik etdiyi komandadır. Ötən əsrin əvvəllərində yaradılmış Milli Şuranın missiyasını müasir dövrdə ümummilli lider Heydər Əliyev həyata keçirmişdir. Xalqı, dövlətçiliyi təhlükələrdən xilas edərək müasir inkişaf yoluna çıxartmışdır. Bu mənada Cümhuriyyət dövrünün Milli Şurasının varisi hazırkı iqtidar hesab oluna bilər. Nəinki öz hakimiyyət hərisliklərinə, şəxsi ambisiyalarına xalqın, dövlətin maraqlarını uf belə demədən qurban verməyə hazır olan bu günkü Milli Şurada toplaşan antimilli qüvvələr.
Müasir Milli Şuranın hansı zərurətdən və hansı xarici paytaxtda verilmiş sifarişlə yaradıldığı hər kəsə aydındır. Bu mənada Milli Şuranı tərəddüd etmədən Antimilli Şura hesab etmək olar.
Milli Şuranın yalnız forması millidir. Məzmunu qeyd etdiyimiz kimi, antimillidir. Forması milli olsa da, orada millilikdən, həyatilikdən əsər-əlamət yoxdur. Başqa sözlə desək, ad hələ heç nəyi həll etmir. Kasıb itinin adını gümüş qoya bilər və yaxud da hər kor kişinin oğluna Koroğlu deməzlər. Bu baxımdan da Milli Şura bizə yaxın tariximizdə dərin iz buraxmış Xalq Cümhuriyyətindən qalma ad kimi əzizdir. Bu adı mənimsəmək olar, amma cümhuriyyət quran insanların missiyasını yerinə yetirmək bugünkü radikalların işi deyil.
Müasir Milli Şura özünü, olsa-olsa Qərbin mənafeləri naminə ölkələrini demokratiya bəhanəsi ilə qan çanağına çevirməkdə olan Liviyada, Suriyada yaradılmış Milli Şuralara tay edə bilər. Çünki həmin Milli Şuralar da başqa dövlətlərin paytaxtlarında layihələndirilib və idarə olunmaqdadırlar. Həmin milli şuraların xalqlarına, ölkələrinə vermiş olduğu «xeyir» isə minlərlə insanın ölümü, ölkə iqtisadiyyatının, infrastrukturunun darmadağın olunmasından ibarətdir.
Adlarını demokrat qoyan həmin terrorçu qüvvələr bu gün bir çox ölkədə, o cümlədən Azərbaycanda uzun müddətdir hakimiyyətə həsrət qalan qüvvələr üçün bir növ örnək olub. Məhz həmin qüvvələr xalqın səsi ilə hakimiyyətə gələ bilməyəcəklərini anlayıb dağıdıcılıq yolunu seçməkdədirlər. Onlar hesab edirlər ki, bəlkə xaos yaratmaqla iqtidarı ələ keçirə bildilər. Məhz bu tipli qüvvələrin Milli Şura adı altında birləşərək müəyyən niyyətlər həyata keçirməyə çalışması təəssüf doğurur. «El» hərəkatının rəhbərlərindən Əflan İbrahimovun verdiyi açıqlamalar da Milli Şurada yığışanların əsil niyyətlərinin, mübarizə üsullarının Liviyadakı, Suriyadakı milli şuralardan fərqlənmədiyini ortaya qoydu.
Bu onu göstərir ki, Milli Şura adını mənimsəmək hələ milli qüvvə olmaq demək deyil.
Təvəkkül Dadaşov

banner

Oxşar Xəbərlər