• çərşənbə, 24 Aprel, 01:34
  • Baku Bakı 14°C

Müxalifətin “komsomolçu”ları

29.10.13 11:35 1541
Müxalifətin “komsomolçu”ları
Milli Şura tərkibində bir araya gələn radikal müxalifət liderləri prezident seçkilərinə vahid namizədlə getsələr də yenidən məğlub oldular. Tərəfdaşlarına verdikləri vədlər, qalibiyyət anonsları özünü doğrultmadı. Bu səbəbdən həmin liderlər vəziyyətdən çıxmaq, olan-qalan elektoratlarını da itirməmək üçün seçki prosesinə qara yaxmağa başladılar. Belə “fəaliyyət”ə nümunə kimi Milli Şuranın prezident seçkilərindən sonra keçirdiyi mitinqləri göstərmək olar. Oktyabrın 27-də Yasamal rayonundakı “Məhsul” idman-sağlamlıq mərkəzinin stadionunda keçirilən növbəti mitinqdə liderlər müxalifətçi gəncləri qabağa veriblər. Partiya sədrləri hər zaman söylədikləri eyni fikirləri bu dəfə əvvəlcədən hazırlanmış “konspekt”lərdə gənclərə ötürərək, onların dilindən səsləndiriblər. Beləliklə də seçki öncəsi Cəmil Həsənlini qabağa verərək gözdən itən İsa Qəmbər, Əli Kərimli və başqaları, bu dəfə NİDA Vətəndaş Hərəkatının üzvü Nicat Məmmədovun, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının, VHP İcra Aparatının rəhbəri Samir Əsədlinin, Müsavat Gənclər Təşkilatının üzvü Nərgiz Yaqublunun, gənc fəal Ülvi Həsənlinin arxasında gizləniblər.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bu barədə “Kaspi”yə açıqlama verərkən, müxalifət liderlərinin tükəndiyini, artıq onların özlərinin də bunun fərqinə vardığını dilə gətirib. O, bu səbəbdən də müxalifətin gəncliyə istinad etdiyini vurğulayıb: “Radikallar hesab edirlər ki, yeganə istinad edəcəkləri zümrə gənclərdir. Çünki həmin liderlər öz həmyaşıdlarını, bütövlükdə xalqı öz yalanlarına inandıra bilmirlər. 20 ildir ki, Azərbaycanda keçirilən bütün seçkilərdə əldə etdikləri ancaq məğlubiyyət olub. Bunu da onlarla çiyin-çiyinə duran partiyadaşları görür, hadisələrdən nəticə çıxarıb yavaş-yavaş o liderləri tərk edirlər. Belə olan halda radikal müxalifət ümidini gəncliyə dikir. Gənclik kartından istifadə etməyə, öz məqsədləri naminə onlardan yararlanmağa cəhd edirlər. O liderlərin xalq qarşısına çıxmağa, camaata deməyə sözləri qalmayıb. Bu günə qədər Azərbaycanda keçirilən seçkilərin hamısında deyiblər ki, biz qalib gəlirik, hakimiyyəti ələ keçiririk və sair. Amma sonda nəticə tamam əksinə olub. Son seçkilərdə də radikallar birləşib Cəmil Həsənlini namizəd etdilər. Lakin yenə də xalqın çox cüzi hissəsinin səsini ala bildilər. Bax bu kimi səbəblərdən onlar gəncliyi qabağa verir, ajiotaj yaradırlar. Təbii ki, bu da heç bir nəticə verməyəcək. Artıq Azərbaycan xalqı, o cümlədən gəncliyimiz öz seçimini edib. Azərbaycan gəncliyi seçdiyi düzgün yolla gəlib və bu gündən sonra da həmin yolla yeni-yeni uğurlara doğru addımlayacaqdır. Seçkilərin nəticəsi də onu göstərdi ki, xalqımız da bu yoldan geri addım atmayacaqdır. Radikal müxalifət taktikanı dəyişməklə, bir neçə gəncdən istifadə etməklə heç nəyə nail olan deyil. Çünki onlar xalqdan kütləvi dəstək almırlar. Belə bir vəziyyətdə onlar gəncliyə quru vəddən, yalandan başqa heç nə verə bilməzlər”.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Milli Şuranın ötən bazar günü keçirdiyi mitinqi mətbuat üzərindən izlədiyini söyləyib. Müşahidələrinə əsaslanaraq bildirib ki, bu dəfə də müxalifət öz fiaskosunu nümayiş etdirib: “Ayrı-ayrılıqda hər biri hakimiyyətə iddialı olan müxalifət partiyaları və onların liderləri bir qurum ətrafında birləşmələrinə baxmayaraq, meydana say hesabı ilə min nəfər adam cəlb edə bilməmişdilər. Halbuki, hər zaman çıxışlarında öz tərəfdarlarını sayını on minlərlə göstərir, bu barədə pafoslu çıxışlar edirlər. Budəfəki aksiya həm də onunla yadda qaldı ki, 27 oktyabr mitinqində liderlərin xalq qarşısında deməyə sözü qalmadı. Bu səbəbdən onlar gəncləri qabağa verdilər, onlar vasitəsilə cəmiyyətə guya hansısa mesajı verdilər. Əslində belə mitinqlər Azərbaycanda söz-mətbuat, fikir, sərbəst toplaşma azadlığının varlığını sübut edir, demokratik dəyərlərin mövcudluğunu ortaya qoyur. Bu baxımdan aksiyanı normal qarşılasam da, orada səsləndirilən fikirləri qəti qəbul etmir, radikal müxalifətin öz məqsədləri naminə gənclərdən sui-istifadə etməsini yolverilməz sayıram. Mən budəfəki mitinqdə sosial baza dağınıqlığı ilə yanaşı, müxalifətçi gənclərin timsalında 1990-cı illərin xaotik ab-havasını müşahidə etdim. O illərdəki hərc-mərclik dövrünün geri qaytarılması istəyini hiss etdim. Elə buna görə də Azərbaycan gəncliyinin çoxluq təşkil edən hissəsi, bütövlükdə Azərbaycan xalqı müxalifətin yanında deyil, ölkə başçısı İlham Əliyevin ətrafında cəmləşib. Radikal qanadın təmsilçiləri nə etsələr də Azərbaycan gəncliyi heç zaman onların yanında yer almayacaq”.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı isə bildirib ki, Azərbaycan müxalifətinin mövcud olduğu 20 ildən artıq bir müddətdə bacardığı ölkədə bir qrup gəncdən kamikadze hazırlamaq olub. Onun fikrincə, Milli Şuranın son mitinqində çıxış edənlər də radikal müxalifətin uzun illər apardığı məqsədyönlü siyasət nəticəsində ortaya çıxan kamikadzelər olub: “Mən buna çox təəssüf edirəm. Onlar da Azərbaycan gəncliyinin bir parçasıdır. Lakin yanlış yoldadırlar. Onların Azərbaycan xalqının bütün etimadını itirmiş, siyasi cəhətdən tükənmiş müxalifət liderlərinin yanında yer alması, alət rolunu oynaması üzücüdür. Belə gəncləri müxalifətin “komsomol”ları da adlandırmaq olar. Onlara ürəkdən acıyıram”.
F.Şahbazlı Azərbaycan gəncliyinin mütləq əksəriyyətini təşkil edən sağlam təfəkkürlü hissəsinin Azərbaycan dövləti, dövlətçiliyi yanında olduğunu diqqətə çatdırıb. Bildirib ki, gənclik Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında birləşib, onun siyasətini dəstəkləyirlər: “Radikal müxalifət liderləri bu gün Azərbaycan xalqı tərəfindən dışlanmış, cəmiyyətdə etibarını itirmiş adamlardırlar. 20 illik biabırçı məğlubiyyətdən sonra onların xalq qarşısına çıxıb nə isə deməyə haqları çatmır. Belə bir məqamda müxalifət öz nəzarətində olan gənclərdən yararlanmağa çalışır. Hansısa formada gənclərdən istifadə edib gündəmdə qalmağa, mövcudluqlarını qorumağa çalışırlar. Təbii ki, bu, baş verən deyil. Azərbaycan gəncliyinin mütləq əksəriyyəti ölkədə cərəyan edən ictimai-siyasi prosesləri ayıq-sayıq şəkildə izləyir, dəqiq nəticələr çıxarırlar. Biz görürük ki, zaman-zaman bu müxalifətin gənc yaşlarında siyasətə gətirdiyi şəxslər elə müxalifətdə də gəncliklərini başa vururlar. Ehtimal ki, onlar müxalifətdən də təqaüdə çıxacaqlar. Belə nümunələr sayəsində gənclər öz yollarını çoxdan müəyyənləşdiriblər. Hətta vaxtilə müxalifəti dəstəkləyən, sosial şəbəkələrdə onların təbliğatını aparan gənclər də bu gün say hesabı ilə azalmağa başlayıblar. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, radikal müxalifət öz çirkin planları naminə Azərbaycan gəncliyindən yararlanmamalıdırlar. Onlar gəncləri bu cür yanlış yola yönəltməklə, ən azı tarix qarşısında cavab verəcəklər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər