AZE | RUS | ENG |

Müxalifətin aksiyasına təsadüfən gələn gənci bir daha onlarla birgə görmək mümkün deyil

Müxalifətin aksiyasına təsadüfən gələn gənci bir daha onlarla birgə görmək mümkün deyil
Sərraf Balaxan: “Hakimiyyətə gəlmək naminə şeytanla belə ittifaqa girən bu antimilli “liderlər” öz əsil simalarını yenidən göstərirlər”


Azərbaycan dövləti hər zaman gənc nəslin uğurlu gələcəyi naminə müxtəlif addımlar atıb, bir çox layihələr həyata keçirib. Azərbaycan gəncinin müsbət inkişafı, ölkəmizin ictimai-siyasi həyatında oynadığı rolu və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan cavablandırır

- Gənclərimizin ölkə həyatında oynadığı rol sizi qane edilən səviyyədədirmi?

- Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak edib tarixi nailiyyətlər qazanıblar. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşdırılması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir. Yalnız yetkin cəmiyyətlərdə gənclərin enerjisindən lazımınca istifadə olunur və tez bir zamanda da bu öz uğurlu nəticələrini verir. Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına da təkan verib. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, gənclərdə öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət hisslərinin aşılanması, onların mənəvi tərbiyəsinin, siyasi mədəniyyətinin yüksəlməsi ilə sıx bağlıdır. Bu mənada Heydər Əliyevin fikirləri gənclər üçün çıraq olmuşdur: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.
Gənclərin ictimai-siyasi proseslərdə, müstəqil Azərbaycanın inkişafında lazımı səviyyədə iştirak edə bilməsi üçün mənəvi əsas olmalıdır. Bu mənəvi əsas əsrlər boyu xalqımızın əldə etdiyi milli dəyərlər, vətənpərvərlik duyğusu, torpağa bağlılıq, milli tariximizə olan sevgidən ibarətdir. Bu gün gənclərimiz məhz bu zəmin əsasında ölkəmizin bütün idarəetmə stukturlarında, qurumlarda, vətəndaş cəmiyyəti institutlarında layiqincə təmsil olunur. Azərbaycan gəncliyi bu mövqedə öz məsuliyyətini dərindən dərk edir və üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. Çünki Azərbaycanın gələcək uğurları bu gün gəncliyin sahibləndiyi bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır.
Hər bir gənc kimi mən də Azərbaycan gəncliyinin vətəninə və xalqına olan xidmət amalını yüksək dəyərləndirir, vətən, millət üçün gördüyü işlərdə hər bir gəncə uğur diləyirəm.

- Gənclərin müxalifət mitinqlərindəki iştirakını necə qiymətləndirirsiniz?

- Gənclik hər bir cəmiyyət üçün xəzinə olduğu kimi, həm də bitib tükənməyən bir gücdür. Azərbaycan Respublikası gənc müstəqil dövlətdir və demoqrafik baxımdan daha çox gənc təbəqədən ibarətdir. Buna görə də, gəncliyə olan diqqət dövlətin əsas siyasi xəttini təşkil edir. Bu gün dövlətin gənclər siyasətindən yararlanıb öz gələcək həyatını arzuladığı şəkildə quran kifayət qədər gənc var. Onlar daima öz üzərlərində dövlətin qayğısını hiss edirlər.

Böyük təəssüf hissi ilə deyə bilərəm ki, iddiası gücündən böyük olan bəzi gənclər var ki, onlar gəncliyə yaradılan bu imkanlardan istifadə edə bilmirlər. Belə gənclərin bir çoxları emosiyaya qapılaraq müxalifət düşərgələrinə üz tuturlar. Lakin zaman-zaman onların verilən vədlərin boş və mənasız olduğunu görüb geri çəkildiklərinin də şahidi olmuşuq. Müxalifətin keçirdiyi aksiyaları dəfələrlə müşahidə etmişəm. Orada müxalifət liderlərinin özünün və partiyaya qoşulanların yaxınlarından başqa demək olar ki, heç kim iştirak etmir. Hesab edirəm ki, müəyyən məqamlarda onlara qoşulanlar ya ali məktəbdən qovulan, ya da iş tapmaqda çətinlik çəkən gənclərdir. Fikir versəniz görərsiniz, müxalifətin aksiyasına təsadüfən gələn gənci bir daha onlarla birgə görmək mümkün deyil. Çünki işin mahiyyətini dərk edən hər bir gənc onlardan uzaqlaşmağa qərar verir.

- Ümumiyyətlə, müxalif düşüncəli gənclərlə münasibətiniz necədir? Onlara tövsiyyəniz varmı?

- Müxalif düşüncəli gənclərdən həm sosial şəbəkə, həm də real həyatda münasibətim olan şəxslər çoxdur. Hətta daha radikalları ilə polemikalar aparmışam. Müxalifətdə təmsil olunan bütün partiyaların gəncləri ilə dəfələrlə ATƏT-in Bakı Ofisinin təşkil etdiyi təlimlərdə birgə olmuşuq.
Onların arasında Azərbaycanı sevən, vətəni üçün əlindən gələni etməyə hazır olanları da var. Lakin düşünürəm ki, onların bir çoxunun üzvü olduğu partiyanın rəhbərinin əsil simasından xəbəri yoxdur. Onlar hələ də liderlərinin Azərbaycan üçün çalışdığına, xalq üçün mübarizə
apardığına inanırlar. Hakimiyyətə gəlmək naminə şeytanla belə ittifaqa girən bu antimilli “liderlər” öz əsil üzlərini qarşıdan gələn Prezident seçkilərində yenidən ortaya qoyacaqlar. Bu zaman onlara ümid bəsləyən azsaylı gənclər də həmin partiyaları tərk edəcək, Vətən, millət
adına daha faydalı işlərlə məşğul olacaqlar. Müxalifətin təşkil etdiyi icazəli və ya icazəsiz aksiyalarda iştirak edən gəncləri düşünməyə, reallıqları analiz etməyə, doğru-düzgün qərar verməyə çağırıram. Mitinqlərdə milli mentalitetdən irəli gələn yazılmamış qanunlarımızı qorumağa çağırıram.

- Həmin gənclərin sosial şəbəkədəki aktivliyinə necə baxırsınız? Onlarla polemikalara girirsinizmi?

- Müxalif gənclər başbilənlərinin diktəsi ilə 2010-cu ildən sosial şəbəkələrdə, xüsusən də “Facebook” sosial şəbəkəsində aktiv fəaliyyət göstərməyə başlayıblar. Onlar uzun müddət bu şəbəkədə özləri deyib, özləri eşidiblər. Lakin onların “liderləri” təqribən bir il bundan öncə sosial şəbəkədə olan müxalif gənclərin aktivliyi ilə bağlı KİV-də müsahibələr verməyə, öz say çoxluqları ilə bağlı qürrələnməyə başladılar. Buna cavab olaraq biz – YAP Gənclər Birliyi olaraq sosial şəbəkələrdə öz qruplarımızı və səhifələrimizi yaratdıq. Qısa zaman içərisində bizə dəstək olan gənclərin sayı onların uzun müddətdə topladığı tərəfdar sayından dəfələrlə çox oldu. Biz bu gün də sosial şəbəkədə bu aktivliyimizi davam etdirir, ən müasir üsullardan yararlanaraq Prezident cənab İlham Əliyevin fəaliyyətini şəbəkə istifadəçilərinə çatdırırıq. Hazırda həm bizim səhifələrdə, həm də müxalif gənclərin səhifələrində polemikalar aparırıq. Bir çox hallarda onlar hakimiyyəti müdafiə edən gəncləri öz səhifələrindən kənarlaşdırırlar. Buna baxmayaraq, biz hazırda fəaliyyətdə olan və 130 minə yaxın sosial şəbəkə istifadəçisini birləşdirən “Qələbə!” qrupunda hər bir istifadəçi üçün bərabər imkanlar yaradırıq. Qrupun qaydaları
çərçivəsində hər kəs sərbəst şəkildə öz fikirlərini ifadə edə bilər. Onlarla polemikaya girəndə əsas toxunduqları mövzu Qarabağ problemi, sərbəst toplaşmaq azadlığı, sosial imkanlar olur. Bu istiqamətlərin hər biri ilə bağlı dövlətin gördüyü işləri, İlham Əliyevin apardığı islahatları onlara göstərən zaman isə, polemika aparmaq əvəzinə təhqir etməyə üstünlük verirlər. Müxalif gənclərin əksəriyyəti etiket normalarını sosial şəbəkədə də kobud şəkildə pozurlar.

- Necə düşünürsünüz, gənc təbəqə bu ilki seçkilərdə kimi dəstəkləyəcək?

- Biz Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ətrafında birləşən 250 minə yaxın gənc,
həmçinin ölkə gəncliyinin böyük əksəriyyəti bu il də cənab İlham Əliyevi dəstəkləyəcəyik. Bunun üçün kifayət qədər əsasımız var. Prezidentin daxili və xarici siyasətdə ölkəmizə qazandırdığı uğurlar, Azərbaycanın bütün istiqamətlərdə artan gücü, yüksələn
nüfuzu, hər bir regionumuza olan yüksək diqqət, dünya azərbaycanlılarının təşkilatlanması işində əldə etdiyi nailiyyətlər və s. seçimimizi etmək üçün bizə yol göstərir. Bunu görən
və dəyərləndirən gəncliyimiz heç şübhəsiz, səsini dünya azərbaycanlılarının lideri cənab İlham
Əliyevə verəcəkdir. Bizim seçimimiz həm özümüz üçün, həm də övladlarımızın, vətənimizin, millətimizin gələcəyi üçündür.

- Sizcə, gənclər üçün əsas amal nə olmalıdır?

- Bu gün 20 faiz torpağı işğal edilən, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan dövlətin gəncliyinin əsas amalı azərbaycançılıq fəlsəfəsinə sadiqlik olmalıdır. Məhz bu fəlsəfə milli intellektin formalaşması işini həyata keçirir. Azərbaycançılıq ideyası bizim üçün olan ən dolğun fəlsəfə və yalnız inkişafa aparan ideologiyadır.

Şəfa Tapdıq

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9052
GEL 1 1 Gürcüstan larisi 0.6115
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1644
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1782
CHF 1 1 İsveçrə frankı 1.6952
KWD 1 1 Küveyt dinarı 5.5881
TRY 1 1 Türkiyə lirəsi 0.2794