• cümə axşamı, 25 aprel, 09:22
  • Baku Bakı 14°C

Müxalifətin «1 manat» fiaskosu

29.08.13 08:26 3701
Müxalifətin «1 manat» fiaskosu
Rüstəm İbrahimbəyov avqustun 27-də «Yeni Müsavat» qəzetinə müsahibəsində xalqı Milli Şuraya hərəyə 1 manat ianə etməyə çağırıb. Bu çağırış isə özlüyündə müxalifətdə böyük ruh düşkünlüyü yaradıb. Belə ki, sözügedən çağırışla R.İbrahimbəyov Milli Şuraya dolayısı ilə həm özünün, həm də milyarder dostlarının maddi dəstəkdən imtina etməsini çatdırmaq istəyib.
Bu isə o deməkdir ki, artıq Milli Şurada yığışmış qüvvələr öz başlarının çarəsini tapmalıdırlar. Məlumdur ki, bu vaxtadək orada toplaşan bir çox insanlar R.İbrahimbəyovun və onun Rusiyadakı milyarder dostlarının pullarına şirnikmişdilər. R.İbrahimbəyovun son bəyanatı isə Milli Şurada şok effekti yaradıb. Belə görünür ki, kinorejissor bu bəyanatı ilə Milli Şuradakılara açıq mesaj verməyə çalışıb. Baş verən proseslərdən belə qənaətə gəlmək olar ki, həm R.İbrahimbəyov, həm də onun Rusiyadakı dostları seçkilərdə Milli Şuranın qaçılmaz məğlubiyyəti ilə indidən birmənalı şəkildə barışıblar. Bu isə onlara pullarını boş yerə xərcləməməyi diqtə edir. Axı İbrahimbəyovun Rusiyadakı dostları, elə özü də, əsil biznesmendirlər. Biznesmenlər isə xeyirsiz və sərfəsiz işə pul yatırmağa meyilli olmurlar.
Belə olan halda isə, Milli Şuraya «kabab iyinə gələnlər» əməlli-başlı pəjmürdə olublar. Çünki bir çox müxaliflər müxalifətin uzun illərdir ki, zəifliyini, uğursuzluğunu onun ciddi maliyyə qaynaqlarının olmaması ilə izah edirdilər. Bu baxımdan, bəzi eyforik müxaliflər cari ildəki seçki prosesinə çox böyük ümidlə baxırdılar. Çünki bir müddət öncəyədək Rusiydakı bəzi milyarder dostlarının R.İbrahimbəyova dəstək məqsədilə bu ilki prezident seçkilərinə ciddi maliyyə ayıracaqlarını gözləyirdilər.
Gözləntilərinin baş tutmaması çox güman ki, bayaq qeyd etdiyimiz kimi, bir çox «kabab iyinə gələnlər»in qurumu tezliklə tərk edəcəyinə səbəb olacaq. R.İbrahimbəyovun son açıqlamalarının ənənəvi müxalifət partiyalarında da məyusluq yaradacağı inandırıcıdır. Lakin onların bəzilərinin artıq çıxış yolları yoxdur.
R.İbrahimbəyovun xalqdan hərəyə 1 manat dilənməsinin digər aspekti də diqqəti cəlb edir. Söhbət onu son bəyanatınadək tanımayan seçicilərin buna verə biləcəyi reaksiyadan gedir. Təsəvvür edin ki, seçici seçim etmək məqsədilə həm müxalifətdən olan namizədlə, onun fikirləri ilə, həm də iqtidarın namizədi ilə, onun fəaliyyəti, gördüyü işlərlə tanış olur. Bu zaman o görür ki, müxalifət və onun namizədi xalqa seçkiöncəsi hansısa konkret vədlər vermək, platformasını açıqlamaq əvəzinə, ondan pul dilənir... Belə olan təqdirdə, sadə seçicinin kimə səs verəcəyi, hansı düşərgəni seçəcəyi aydın deyilmi? Bəs görəsən bütün bunları Milli Şuranın başbilənləri, o cümlədən «dünya şöhrətli intellektual» R.İbrahimbəyov anlaya bilmirmi? Bilmirsə, niyə prezident olmaq iddisına düşürdü, yox, anlayıb belə edirsə, bu o deməkdir ki, kinorejissor bu dəfəki ssenarini yumoristik notlarla bitirmək fikrindədir...
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər