«Müxalifəti xalqın qabağına buraxsaq...» MÜSAHİBƏ

«Müxalifəti xalqın qabağına buraxsaq...» MÜSAHİBƏ

Müsahibə
14 Dekabr 2012, 15:58 1514
Bu günlərdə bəzi müxalifət partiyaları sədrlərinin iştirakı ilə Bakıdakı “Asiman” restoranında görüş keçirilib. Qapalı xarakter daşıyan görüşdə Müsavat və AXC liderlərinin iştirak etdiyi də bildirilib. Lakin sonradan məlum olub ki, İsa Qəmbər görüşə dəvətli olsa da, orada iştirak etməyib. Ardınca Müsavata yaxın media orqanları “Asiman” restoranındakı görüşü İsa Qəmbərə qarşı separatçılıq kimi qiymətləndirib. Partiyanın mərkəzi aparatının rəhbəri Arif Hacılı isə bu görüşə qatıldığına görə, İctimai Palatadakı müttəfiqləri AXCP sədri Əli Kərimlini qınayıb. O, müttəfiqlərini müxalifətin hakimiyyətlə işbirliyində olan təmsilçiləri ilə görüş keçirməsini faktiki olaraq xəyanət kimi dəyərləndirib. “Asiman” restoranında keçirilən görüş, müxalifət partiyaları arasındakı gərgin münasibət, liderlərin vahid namizəd məsələsində ortaq fikrə gələ bilməməsi ilə bağlı “Kaspi”nin suallarını Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırıb.
- Sərdar bəy, istərdim söhbətə “Asiman” restoranında keçirilən görüşlə başlayaq. Bu görüşün təşəbbüskarı və təşkilatçısı kim olub?
- Ötən həftənin cümə günü baş tutan bu görüşün təşəbbüskarı da təşkilatçısı da mən olmuşam.
- Kimləri dəvət eləmişdiniz?
- Hamını. Müxalifəti təmsil edən bütün qüvvələr, o cümlədən Müsavat başqanı İsa Qəmbər, Əli Kərimli (AXCP), Yusif Bağırzadə (AMİP) Əli Əliyev (VİP), Əvəz Temirxan (ALP), İqbal Ağazadə (ÜP), Mirmahmud Mirəlioğlu (KXCP) və Ziyalılar Forumunun üzvü Rafiq Əliyev bu görüşə dəvət almışdılar. Hər bir partiya sədri ilə əvvəlcədən şəxsən özümüz əlaqə saxlayıb görüşə çağırmışıq.
- Amma mətbuatda Müsavat başqanına istinadən belə bir xəbər də yayıldı ki, guya, onun belə bir görüşün keçirilməsi barədə məlumatı olmayıb...
- Şəxsən mən özüm İsa bəyə zəng eləmişəm, iki-üç dəfə bu görüş barədə onunla danışmışam. Özünü də görüşə dəvət etmişəm. Birinci gün o, mənə deyib ki, bu məsələni AXCP sədri Əli Kərimli ilə danışıb, nə məsələ olduğunu müəyyənləşdirəndən sonra qərar verəcək. Çünki biz orda Əli Kərimlinin “Azadlıq” radiosunda çıxışını da müzakirə edəcəkdik. İlkin seçkilərin keçirilməsi ilə bağlı onun nə deməsi, nə düşünməsi bizim üçün maraqlı idi. Lakin sonda Əli bəy görüşə gəldi, amma İsa bəy gəlmədi. Sonradan məlum oldu ki, İsa bəy müəyyən məsələlərlə razılaşmayıb, ona görə də gəlməyib.
- Bu görüşdə əsasən hansı məsələlərin müzakirəsi planlaşdırılmışdı?
- Azərbaycandakı ictimai-siyasi vəziyyət, ölkənin, müxalifətin durumu, dünyada baş verən proseslərin Azərbaycana təsiri, ayrı-ayrı liderlərin söylədikləri fikirlərin həqiqətə uyğun olub-olmaması, hakimiyyət dəyişikliyi olacağı təqdirdə baş verəcək hadisələr və sair barədə ətraflı fikir mübadiləsi aparmaq planlaşdırılmışdı.
- Müzakirələr zamanı hər hansı məsələ ilə bağlı razılığa gəldiyiniz məqam oldumu?
- Yeganə olaraq bir məsələdə razılığa gələ bildik ki, o da belə bir toplantıya təkrar yığışmaq təşəbbüsü oldu.
- Ümidiniz varmı ki, gələcək toplantıda bütün dəvətlilər, o cümlədən İsa Qəmbər də iştirak edəcək?
- İndi biz əvvəlcədən dəvət etmişik də. Artıq iştirak edib-etməmək onun öz işidir. Kimisə ora məcburi gətirmək üçün bizim hər hansı mexanizmimiz yoxdur.
- Sizcə, nəyə görə partiya liderlərinin son görüşü həm Müsavat funksionerləri, həm də onlara yaxın media orqanları tərəfindən birmənalı qarşılanmayıb, hətta tənqid edilib?
- Mən onların bir-birinə qarşı münasibətlərinin müəyyənləşməsinə qarışmaq fikrim yoxdur. Sadəcə, bu onu göstərir ki, İctimai Palatanın özündə, bu qurumda təmsil olunan partiyalar arasında ziddiyyət var. Bu ziddiyyət də zaman-zaman müxtəlif formalarda üzə çıxır. Eləcə də Müsavat və AXC partiyaları arasında da dərin ziddiyyətlər var.
- Bu ziddiyyətlərin yaranmasına səbəb nədir?
- Yəqin ki, qrup maraqları. Qrup maraqlarının uyğun gəlməməsi onları bir-birinə qarşı qoyur.
- Arif Hacılı sizinlə görüşdə iştirak edən İctimai Palatadakı müttəfiq partiya sədrlərini hakimiyyətlə işbirliyində olan şəxslərlə görüşməkdə qınayıb, hətta onları xəyanətkarlıqda günahlandırıb. Sizin bu kimi fikirlərə münasibətiniz necədir?
- Əslinə baxsan, Müsavatın özü haqqında cəmiyyətdə bu kimi fikirlər səsləndirilir. Ən çox hökumətlə iş birliyində olan, hökumətə işləyən, Azərbaycanda müxalifəti inkişaf etməyə qoymayan, yeni ideyaları beşikdəcə boğan partiya kimi təqdim olunur Müsavat. Əgər sosial şəbəkələrə, eləcə də İsa Qəmbərin bloquna nəzər salsaq görərik ki, onun partiyası və başqanı haqqında nələr deyilir. Mən bu kimi fikirləri əhəmiyyətsiz sayıram. Bunlara önəm vermək lazım deyil. Müsavat təmsilçiləri nə danışırlarsa, onların özü haqqında bundan artığını söyləyirlər. Əgər şəxsən mən hökumətin adamıyamsa, bu, İsa bəyin mənimlə dialoqa gəlməsinə mane olmur axı. İsa bəy özü dəfələrlə iqtidarla dialoqa getməsi ilə bağlı İctimai Palatanın adından dəfələrlə bəyanat verib. Adama deyərlər ki, sən hökumətlə dialoqa gedəndə, birtərəfli qaydada əməkdaşlığa can atanda niyə belə fikirlər söyləmirdiniz? Əgər İsa bəy və tərəfdarları həqiqətən də hesab edirlər ki, orada hökumətlə işbirliyində olan partiyalar var, onlar bu görüşə gəlməliydilər. Gəlib də, hökumətin adamı hesab olunan şəxslərin söylədiklərinin yanlış olduğunu sübut etməliydilər, onları ifşa etməliydilər. Necə olur axı, bizimlə birgə oturub müzakirələr aparanda, birgə çörək yeyəndə İsa bəy belə düşünmür, amma bizdən kənarda olan kimi bu sayaq bəyanatlar verir. Məgər biz ondan kənarda olan kimi hamımız hökumətin adamlarına çevrilirik? Bu, olduqca gülməli yanaşma tərzidir. Necə olur ki, 2003-cü ildə İsa bəyi müdafiə edib həbsxanaya düşəndə yaxşı oluram, elə ki, başqandan fərqli fikir söyləyirəm, çönüb oluram iqtidarın adamı? Belə münasibət eyni ilə İqbal Ağazadəyə, Əli Kərimliyə və başqalarına qarşı da sərgilənir.
- Bu görüşün ətrafında ajiotajın yaradılmasına səbəb nədir?
- Məncə, bu ajiotaj yerindədir. Çünki burada bizim doğru və ya səhv yolda olduğumuz müzakirə olunur. İsa Qəmbər getdiyi yolu düzgün sayır. Kim ki, o yol ilə getmir, fərqli fikir söyləyirsə, deyirlər səhv yoldasan. Biz də İsa Qəmbərin getdiyi yolu səhv sayırıq. Bu ziddiyyətdən də ajiotaj yaranır.
- Ziyalılar Forumunun üzvü Rafiq Əliyev mətbuata müsahibəsində AXCP sədri Əli Kərimlinin və digər müxalifət partiyalarının görüşdə birlikdən danışdığını bildirsə də, sonradan “arxa bağçada” çoxlarının başqa cür düşündüyünü söyləyib. Sizcə belə bir vəziyyətin yaranmasına səbəb nədir?
- Hər bir siyasətçi milli maraqları, həmçinin qrup və şəxsi maraqlarını nəzərində tutur. Belə bir halda hər bir partiya sədri “arxa bağça”da verilən qərarları götür-qoy edir. Məsəl üçün, düşünür ki, müxalifətlə birliyə getsəm həm şəxsi, həm də qrup maraqlarımı təmin edə biləcəmmi? Əgər görsə ki, bu mümkün deyil, o, verilən qərarların əleyhinə çıxır. Əksini hiss etsə, həmin partiya sədri birliyə maraq göstərəcək. Demokratiya tələb edir ki, fərdi maraqlar ictimai maraqlardan ödəmək lazımdır. Əgər fərdi maraqlar ictimai maraqlardan kənar ödənirsə, bu, artıq qeyri-demokratiyadır.
- Rafiq Əliyevin təbirincə desək, müxalifət liderlərinin bir-birinə daxilən kin bəsləməsinin səbəbini nə ilə izah edərdiniz?
- Əslində bu kinin yaranmasına səbəb də bayaq söylədiyim maraqların toqquşmasıdır. Maraqların toqquşması, ziddiyyətlər kin-kidurət yaradır.
- Sizcə, öz maraqlarını təmin etmək üçün bir-biri ilə üz-üzə gələn müxalifət təmsilçiləri xalqın etimadını, onlara olan inamı itirmirlərmi?
- Onsuz da müxalifətin xalqla işləmək imkanı yoxdur. Xalq bizdən aralı düşüb. Hökumət bizi İctimai Televiziyanın imkanlarından yararlanmağa da qoymur. Bizim geniş xalq kütlələri ilə hər hansı kontaktımız yoxdur. Bu vəziyyət hökumətin də, cəmiyyətin də əleyhinədir. Reallıqda bu müxalifəti xalqın qabağına buraxsaq, xalq qısa müddət ərzində onların öz maraqları uğrunda savaşmasını görüb bunları kənara atacaq. Yəni, bu adamlar gedib xalqla işləyən deyillər. Əgər həmin adamlar cəmiyyətin əleyhinə hər hansı çıxış etsələr, xalq o dəqiqə bunların ağzından vuracaq. Amma, hökumət şərait yaratmadığına görə, xalq müxalifəti ideallaşdırır. Elə bilirlər ki, müxalifətin nəsə düzgün mövqeyi var.
- Ümid edirsinizmi ki, müxalifət ortaq mövqedən çıxış edərək gələcək seçkilərə vahid namizədlə gedəcək?
- Ümid hər zaman olub və olacaq. Çünki ümidin olmaması qiyamətin olması deməkdir. Amma seçkilərə vahid namizədlə getmək məsələsinə gəlincə, bu sadəcə mənim deməyimdən asılı olan məsələ deyil. Elə ekstremal vəziyyət yarana bilər ki, o situasiyada hətta müxalifətlə iqtidar bir araya gələ bilər.

Rufik İSMAYILOV