AZE | RUS | ENG |

Müxalifəti post-Cəmil dövründə nə gözləyir?

Müxalifəti post-Cəmil dövründə nə gözləyir?
Əvvəlcə qarşılıqlı ittihamlar qızışacaq, sonra müxalifət yenə də hər şeyə sıfır nöqtəsindən başlamalı olacaq


Seçki marafonunu sonuna yaxınlaşdıqca müxalifətin rüsvayçı məğlubiyyətə düçar olacağı qaçılmaz gerçəkliyə çevrilir. Guya birləşmiş şəkildə seçkiyə qoşulan müxalifət qısa müddət sonra opponentlərinin bütün proqnozlarını «doğrultdu». Liderinin – Rüstəm İbrahimbəyovun başsız qoyduğu düşərgə tezliklə köhnə münaqişələrin girdabına çevrildi. Bir-birinin ardınca baş verən qopmalar, didişmələr müxalifətin, onun Milli Şurasının hələ seçki kampaniyası başlamamış faktiki olaraq dağılmasına gətirib çıxardı.

Müəyyən dövr üçün dişlərini sıxaraq da olsa, birlik nümayiş etdirən qüvvələrin hansı kənar amilin təsiri ilə eyni qurumda toplaşması heç kimdə sirr deyildi. Lakin həmin qüvvənin Milli Şuradan əlini çəkməsi ilə müxalifət köhnə vəziyyətinə qayıtdı. Artıq düşərgə məğlub olacağını açıq-aşkar etiraf edir. Ayrı-ayrı müxalifət funksionerlərinin, hətta vahid namizəd Cəmil Həsənlinin özü də müsahibələrində seçkilərdə məğlub olacaqlarını gizlətmir. Məğlubiyyətlərini pərdələmək üçün istinad etdikləri ölkədə demokratik mühitin olmaması isə düşərgənin çoxdankı mərəzidir.

Seçkiqabağı özlərini salmış olduqları seytnot vəziyyətindən C.Həsənlinin namizədliyi ilə birtəhər qurtulan müxalifətin seçkidən sonrakı durumu da xüsusi maraq doğurur. Yəni seçkidən məğlub çıxan müxalifətdə post-Cəmil dövründə hansı proseslər baş verəcək? Heç zaman doğru-dürüst «yol xəritəsi»nə, strategiyaya malik olmayan müxalif düşərgədə bu mərhələdə də proseslərin xaotik şəkildə baş verəcəyi gözləniləndir.

İlk növbədə belə bir versiya irəli sürmək olar ki, seçkidən dərhal sonra bir-birilə çürük iplərlə bağlı olan qüvvələrin cəmləşdiyi Milli Şuranın indiki tör-töküntüsündən qısa müddəd ərzində heç bir əlamət qalmayacaq. O səbəblə ki, AXCP və Müsavatdan başqa Milli Şurada təmsil olunan digər bütün təşkilatların indinin özündə belə, qurumdakı fəaliyyəti sıfır səviyyəsindədir. Onların nümayəndələri mətbuata açıq şəkildə Milli Şurada təşəbbüsü ələ almış AXCP və Müsavatın qurumdakı fəaliyyətlərindən narazılıqlarını bildirir, seçkinin bitməsindən sonra hər şeyə aydınlıq gətirəcəklərini bəyan edirlər. Bunu C.Həsənli ilə görüşən ALP-nin sədri Ə.Temirxan və ACP sədri Rəsul Quliyev açıq mətnlə dilə gətiriblər.

Heç şübhəsiz ki, seçkidən dərhal sonra bu ittihamların və qarşılıqlı təhqiqlərin dozasının bir qədər də artacağı qaçılmaz olacaq. Beləliklə də məğlubiyyətin əsas günahkarları qismində AXCP və Müsavat digər Milli Şura üzvləri tərəfindən hədəf seçiləcək. Buna cavab olaraq isə Müsavat və AXCP seçki məğlubiyyətinin əsil baiskarı qismində Rüstəm İbrahimbəyov və Eldar Namazovu elan edəcək. Elə indinin özündə də müxalif KİV-lərdə onların haqqında heç də xoş olmayan fikirlər səslənir.

Beləliklə də müxalif düşərgədə qarşılıqlı ittihamlar qızışacaq. Bundan sonra müxalifət yenə öz məcrasına qayıdacaq və yenə də sıfır nöqtəsindən başlamalı olacaqlar. Yəni yenidən əvvəlki kimi, hərə öz qütbünə çəkilərək növbəti seçkiləri gözləyəcək.

Müxalif düşərgədə post-seçki dövründəki prosesləri proqnozlaşdırarkən digər bir versiya da diqqəti cəlb edir. Belə ki, hazırkı seçkilər öncəsi AXCP və Müsavatın digər partiyalardan uzaqlaşaraq bir-birinə yaxınlaşması və seçki kampaniyasının ağırlığını öz üzərlərinə götürməsinin şahidi oluruq. Bu prosesin seçkidən məğlub ayrılmış iki partiya arasında yaxınlaşmanı və hətta birləşməni sürətləndirməsi mümkündür. Bunu zəruri edən amillərdən az deyil.

Sirr deyil ki, seçkinin uduzulmasının səbəbkarları axtarılarkən, yuxarıda qeyd olunduğu kimi, Milli Şurada toplaşan ALP, ACP, KXCP və digər müxalif təşkilatlar Müsavat və AXCP-ni, həmçinin vahid namizəd Cəmil Həsənlini nişan alacaqlar. Belə bir məqamda bu iki təşkilat və C.Həsənli ittihamlardan canlarını qurtarmaq və müdafiə olunmaq naminə birləşmə istiqamətində fəaliyyətə keçəcəklər. Mümkündür ki, kompromis variant kimi iki partiyanın birləşməsindən sonra yaranacaq quruma C.Həsənli rəhbərlik etsin. Və təbii ki, bu da uzunmüddətli deyil, müəyyən dövrə qədər hesablanmış addım olacaq. 2015-ci il parlament seçkilərinə birgə gedərək məğlub olacaq sözügedən təşkilatlar yenidən sıfır nöqtəsinə qayıdacaqlar. Yəni yenidən parçalanma prosesləri gündəmə gələcək.

Seçki sonrası prosesləri dəyərləndirərkən belə bir iddia da irəli sürmək mümkündür ki, müxalifətin aparıcı təşkilatları olan AXCP və Müsavatdan digər siyasi qüvvələrə transferlər baş verəcək. Və beləliklə də müxalif düşərgə hər seçkidən sonra olduğu kimi, bir qədər də zəifləmiş duruma düşəcək.

Digər tərəfdən mümkündür ki, hazırkı seçkilərdən sonra müxalifətin aparıcı partiya liderlərindən və ya rəhbərlikdən istefa verənlər, hətta ümumiyyətlə siyasətdən uzaqlaşanlar olsun. Təbii ki, bu proses gözləniləndir. Çünki müxalif kontingentdə uzun illərdən bəri belə bir fikir formalaşıb ki, ardıcıl məğlubiyyətlərin əsas səbəbkarları məhz ənənəvi «lider»lərdir.

Beləliklə də nikbin və bədbin proqnozlar sonda müxalifət düşərgəsinin heç bir halda sıfır nöqtəsindən çıxa bilməyəcəyini təsdiqləyir.

Təvəkkül Dadaşov

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8739
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1224
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1753
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2962