“Müxalifətə qarşı silahlı dəstə” şousu - Fotolar
"Xain xoflu olar”, "yalançının
yaddaşı olmaz” kimi atalar sözləri, "adımı sənə qoyum, səni yana-yana qoyum”
kimi el məsəli xəyanətkar, yalançı, şər-böhtançı insanların xarakterini,
davranışını çılpaqlığı ilə ortaya qoyur. Hər üç misal illərin sınağından keçib,
dəfələrlə özünü təsdiqləyib. Ona görə də qeyd edilən tip insanlarla rastlaşanda
hər kəs babaların, ataların ruhuna rəhmət oxuyur, onların uzaqgörənliklərinə
heyran qalır. Təəssüf doğuran haldır ki, hər üç misalı özündə ifadə edənlərə
indi də rast gəlinir. Belələri bəzi hallarda siyasi səhnəyə yol tapır,
"demokrat”, "lider”, "müxalifətçi” qiyafəsində cəmiyyətimizə sırınırlar. Eynən
AXCP sədri Əli Kərimli kimi. 90-cı illərin əvvəlində siyasi hakimiyyəti zorla
ələ keçirən, iki illik hakimiyyətləri dövründə Azərbaycanı fəlakətə sürükləyən
AXC-Müsavat cütlüyünün kadr siyasətinin bəhrəsi olan bu şəxs siyasi gündəmdə
qalmaq üçün ən müxtəlif vasitələrə əl atır.
Liderinə
xəyanət edən "vəzifəpərəst”
İqtidarın sosial-iqtisadi siyasətini
hər zaman hədəfə alan, əsassız ittihamlar irəli sürən bu "lider” dövlət katibi
işlədiyi vaxtlarda Azərbaycanda iqtisadi-siyasi xaos hökm sürdüyünü nədənsə
"unudur”. Yaxud Dağlıq Qarabağ problemi ilə bağlı fikir bildirən Ə.Kərimli
hökuməti münaqişəni həll etməməkdə təqsirli bilir. Halbuki, bu münaqişə məhz
onların siyasi hakimiyyəti dövründə genişlənib, ölkədəki hərc-mərclik
səbəbindən ordu zəifləyib, torpaqların işğalı davamlı xarakter alıb. Hərdən
xəyanətkarlıqdan pafoslu çıxışlar edən AXCP sədri yadına salmaq istəmir ki, öz
lideri Əbülfəz Elçibəyə xəyanət edən, onu maddi maraq müqabilində satan,
mediada barəsində əxlaqsız yazılar yazdıran məhz o, olub. Göründüyü kimi, Ə.Kərimli
yaddaşı olmayan yalançı kimi ağlına gələn dezinformasiyanı üyüdüb tökməyi özünə
həyat tərzi seçib.
"Feyk”
profillərlə "səlib yürüşü”
AXCP sədrinin ssenarisi ilə bu
günlərdə sosial mediada daha bir dezinformasiya geniş yayılıb. Belə ki,
Ə.Kərimli "Facebook”dakı səhifəsində status yazaraq, guya Azərbaycan
iqtidarının müxalifətçilərə qarşı silahlı dəstə yaratdığını iddia edib. O, bu
yalanına həqiqət donu geyindirmək üçün Qarabağ qazisi, "Qazaxlı Alik” kimi
tanınan Alik Muradovun oğlu – "Milli Fədailər Qrupu”nun rəhbəri Fuad Muradovun
cəbhəçi Nicat Abdullazadə ilə danışığını, ona hədə-qorxu gəlməsini əsas
götürüb. İddia edib ki, sırf hakimiyyət əleyhinə mövqeyinə görə N.Abdullazadə
F.Muradov tərəfindən ölümlə təhdid olunub. Milçəkdən fil düzəltmək üzrə
ixtisaslaşmış Ə.Kərimli iddiasını əsaslandırmaq üçün F.Muradovun əlində silah
tutaraq çəkdirdiyi fotonu da paylaşıb. Qeyd edib ki, guya F.Muradovun silahlı
dəstəsi var və hakimiyyət onun vasitəsilə müxalifətə qarşı mübarizədə silahdan,
gücdən, terrordan istifadə edəcək. Ə.Kərimlinin uydurduğu bu yalan onun
göstərişi ilə AXCP funksionerlərinin, həmçinin cəbhəçi trolların sosial
şəbəkədəki "feyk” profilləri vasitəsilə gündəmdə saxlanılıb, davamlı olaraq bu
mövzuda müzakirələr aparılıb.
Absurd
iddiaların davamı
Lakin AXCP sədrinin digər
dezinformasiyaları kimi, bu yalanının da ömrü 40 gün çəkməyib. Azərbaycan
Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli
Həsənov"Facebook”dakı şəxsi profilində yazıb ki, özlərini
hakimiyyətə "opponent” hesab edən, siyasi fəaliyyətləri sosial şəbəkələrdə
əsassız, qərəzli, şantaj xarakterli iddialar irəli sürməkdən ibarət olan
ayrı-ayrı qrup və fərdlər ölkədə ictimai narazılıq formalaşdırmaq üçün ən
səviyyəsiz və primitiv üsullara əl atmaqdan belə çəkinmirlər. O, xüsusilə qeyd
edib ki, AXCP sədri Əli Kərimli başının dəstəsi ilə birlikdə ölkədə və dünyada
baş verən bütün mənfi yüklü halları Azərbaycan hakimiyyətinin və dövlətinin adı
ilə bağlamağa cəhd göstərir. Administrasiya rəsmisi əlavə edib ki, əlində silah
foto çəkdirib özünü "fədai” kimi reklam edən birisini hakimiyyətlə
əlaqələndirmək də həmin absurd iddiaların davamından başqa bir şey deyil.
Ə.Həsənov bildirib ki, silahlı dəstələr yaratmaq, insanları silahla hədələmək,
onların evlərinə basqın etmək, itaət etməyənləri döyüb avtomobilin yük yerinə
salmaq və digər bu kimi hüquqazidd əməllər Əli Kərimlinin dövlət müşaviri
olduğu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi üçün xarakterik hallar olub.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan dövlətinin hansısa "fədailər
qrupu”na və digər bu kimi qeyri-qanuni dəstələrə ehtiyacı yoxdur.
Özünü siyasi
gündəmə sırımaq cəhdi
Qeyd edilən məsələyə rəsmi münasibətlə yanaşı,
dezinformasiyada adı hallanan F.Muradov da mövqe bildirib. O, AXCP sədri Ə.Kərimlinin
və onun ətrafındakıların mənəvi terroruna məruz qaldığını dilə gətirib.
Vətəninə, dövlətinə sonsuz hislərlə bağlı olduğunu dilə gətirən gənc yaydığı
video-müraciətdə bildirib ki, Ə.Kərimli dəstəsinin şər-böhtan kampaniyası ilə
üz-üzə qalıb. Əlində silah tutaraq çəkdirdiyi fotolara gəlincə, F.Muradov deyib
ki, bununla bağlı 2015-ci ildə hüquq-mühafizə orqanları araşdırma aparıb və
onlara qanun çərçivəsində lazımi izahat verilib. Beləliklə də AXCP sədrinin
növbəti yalanı ifşa olunub, onun növbəti iyrənc yolla özünü siyasi gündəmə
sırımaq cəhdi uğursuzluqla nəticələnib.
AXC-Müsavat
cütlüyünün "qoçu dəstələri”
Bu yerdə, "öz gözündə tiri görmür, başqasının
gözündə çöp axtarır” məsəlini xatırlamamaq olmur. Diqqətli oxucular bilir ki,
siyasi hakimiyyəti 90-cı illərdə məhz Ə.Kərimlinin təmsil olunduğu dəstə hərbi
yolla, silah gücünə devirib. Məhz AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə
az qala hər partiya sədrinin şəxsi nəzarətində silahlı dəstə olub. Əlikram
Hümbətovun, Surət Hüseynovun, Rəhim Qazıyevin, İskəndər Həmidovun və
digərlərinin rəhbərlik etdiyi silahlı dəstələr buna əyani misaldır. Dağlıq
Qarabağ və ətraf rayonlar Ermənistan silahlı birləşmələri tərəfindən işğal
edildiyi bir zamanda adları çəkilən "qoçu dəstələri” Azərbaycanın ayrı-ayrı bölgələrində
hökmranlıq edir, "xanlıq” yaradırdılar.
"İŞİD”
sevdalısı əmioğlu
O ki qaldı əlində silahla şəkil çəkdirməyin qanuni
olub-olmamasına, bununla bağlı mühakimə yürütmək üçün Ə.Kərimlinin dili "gödək”
olmalıdır. Çünki, onun dost-doğma əmisi oğlu, AXCP üzvü, hazırda Fransada
mühacir həyatı yaşayan İnqilab Kərimov nəinki əlində silah tutduğu şəkli sosial
şəbəkədə paylaşır, hətta terrorçu "İŞİD” qruplaşmasını vəsf edən statuslar
yazır, baş kəsənlərin, radikalizmin təbliğatını aparır. Heç bir əlavə şərh
etmədən İ.Kərimovun vaxtilə "Facebook”da yazdığı statusu olduğu kimi təqdim
edirik: "İŞİD heç də hər adamın başını kəsmir... İŞİD 5 manata sifarişlə
məhkəmə zalını dolduranların başını kəsir... İŞİD adını dindar qoyub, cindarlıqla
məşğul olanların başını kəsir.... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal
qapıdan girib, çıxanların başını kəsir... Və düşünürəm ki, düz də edir...
Azərbaycana XOŞ gəlirsən İŞİD...”.
Terrorçunu
"qəhrəmana” çevirənlər
AXCP sədri Ə.Kərimlinin və ətrafının terroru, dini
radikalizmi dəstəkləyən hərəkətləri tək İ.Kərimovun davranışları ilə bitmir.
AXCP və Milli Şuranın birgə təşkil etdiyi mitinqdə "İŞİD” terror təşkilatının
bayrağının dalğalandırılması faktı hər kəsin yadındadır. Bu, radikal müxalifət
liderinin islam radikalizminə, terrorçulara açıq-aşkar simpatiyasının nümayişi
idi. Hansı ki, bu simpatiyanı o, Nardaran hadisələrində polisə silahlı
müqavimət göstərən, qanun keşikçilərini qətlə yetirən talehlərə daim
göstərməkdədir. AXCP sədri Ə.Kərimli və ətrafı eyni münasibəti, yəni
simpatiyanı Gəncə olayları zamanı hakimiyyət nümayəndəsinə qarşı sui-qəsd
törədən, iki polis zabitini qətlə yetirən yunislərə də göstərməkdədir. Misalı
üçün, Ə.Kərimlinin yaxını, hazırda xaricdə yaşayan AXCP funksioneri Kəmalə
Bənəniyarlı bir neçə gün bundan öncə "Facebook”da status yazaraq Gəncədəki
sui-qəsdin icraçısını "Milli qəhrəman” elan edib. Bütün bunlar Ə.Kərimli və
ətrafındakıların zehniyyətini, xislətini, xarakterini tam çılpaqlığı ilə ortaya
qoyur.
Alpər TURAN