AZE | RUS | ENG |

“Müxalifətə qarşı silahlı dəstə” şousu - Fotolar

“Müxalifətə qarşı silahlı dəstə” şousu - Fotolar
Bu şou üzərindən gündəmə gəlmək istəyənlərin keçmişi onları ifşa edir

"Xain xoflu olar”, "yalançının yaddaşı olmaz” kimi atalar sözləri, "adımı sənə qoyum, səni yana-yana qoyum” kimi el məsəli xəyanətkar, yalançı, şər-böhtançı insanların xarakterini, davranışını çılpaqlığı ilə ortaya qoyur. Hər üç misal illərin sınağından keçib, dəfələrlə özünü təsdiqləyib. Ona görə də qeyd edilən tip insanlarla rastlaşanda hər kəs babaların, ataların ruhuna rəhmət oxuyur, onların uzaqgörənliklərinə heyran qalır. Təəssüf doğuran haldır ki, hər üç misalı özündə ifadə edənlərə indi də rast gəlinir. Belələri bəzi hallarda siyasi səhnəyə yol tapır, "demokrat”, "lider”, "müxalifətçi” qiyafəsində cəmiyyətimizə sırınırlar. Eynən AXCP sədri Əli Kərimli kimi. 90-cı illərin əvvəlində siyasi hakimiyyəti zorla ələ keçirən, iki illik hakimiyyətləri dövründə Azərbaycanı fəlakətə sürükləyən AXC-Müsavat cütlüyünün kadr siyasətinin bəhrəsi olan bu şəxs siyasi gündəmdə qalmaq üçün ən müxtəlif vasitələrə əl atır. 
 
 
 
Liderinə xəyanət edən "vəzifəpərəst”
 
İqtidarın sosial-iqtisadi siyasətini hər zaman hədəfə alan, əsassız ittihamlar irəli sürən bu "lider” dövlət katibi işlədiyi vaxtlarda Azərbaycanda iqtisadi-siyasi xaos hökm sürdüyünü nədənsə "unudur”. Yaxud Dağlıq Qarabağ problemi ilə bağlı fikir bildirən Ə.Kərimli hökuməti münaqişəni həll etməməkdə təqsirli bilir. Halbuki, bu münaqişə məhz onların siyasi hakimiyyəti dövründə genişlənib, ölkədəki hərc-mərclik səbəbindən ordu zəifləyib, torpaqların işğalı davamlı xarakter alıb. Hərdən xəyanətkarlıqdan pafoslu çıxışlar edən AXCP sədri yadına salmaq istəmir ki, öz lideri Əbülfəz Elçibəyə xəyanət edən, onu maddi maraq müqabilində satan, mediada barəsində əxlaqsız yazılar yazdıran məhz o, olub. Göründüyü kimi, Ə.Kərimli yaddaşı olmayan yalançı kimi ağlına gələn dezinformasiyanı üyüdüb tökməyi özünə həyat tərzi seçib.

 
"Feyk” profillərlə "səlib yürüşü”
 
AXCP sədrinin ssenarisi ilə bu günlərdə sosial mediada daha bir dezinformasiya geniş yayılıb. Belə ki, Ə.Kərimli "Facebook”dakı səhifəsində status yazaraq, guya Azərbaycan iqtidarının müxalifətçilərə qarşı silahlı dəstə yaratdığını iddia edib. O, bu yalanına həqiqət donu geyindirmək üçün Qarabağ qazisi, "Qazaxlı Alik” kimi tanınan Alik Muradovun oğlu – "Milli Fədailər Qrupu”nun rəhbəri Fuad Muradovun cəbhəçi Nicat Abdullazadə ilə danışığını, ona hədə-qorxu gəlməsini əsas götürüb. İddia edib ki, sırf hakimiyyət əleyhinə mövqeyinə görə N.Abdullazadə F.Muradov tərəfindən ölümlə təhdid olunub. Milçəkdən fil düzəltmək üzrə ixtisaslaşmış Ə.Kərimli iddiasını əsaslandırmaq üçün F.Muradovun əlində silah tutaraq çəkdirdiyi fotonu da paylaşıb. Qeyd edib ki, guya F.Muradovun silahlı dəstəsi var və hakimiyyət onun vasitəsilə müxalifətə qarşı mübarizədə silahdan, gücdən, terrordan istifadə edəcək. Ə.Kərimlinin uydurduğu bu yalan onun göstərişi ilə AXCP funksionerlərinin, həmçinin cəbhəçi trolların sosial şəbəkədəki "feyk” profilləri vasitəsilə gündəmdə saxlanılıb, davamlı olaraq bu mövzuda müzakirələr aparılıb.  
 

 
Absurd iddiaların davamı
 
Lakin AXCP sədrinin digər dezinformasiyaları kimi, bu yalanının da ömrü 40 gün çəkməyib. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov "Facebook”dakı şəxsi profilində yazıb ki, özlərini hakimiyyətə "opponent” hesab edən, siyasi fəaliyyətləri sosial şəbəkələrdə əsassız, qərəzli, şantaj xarakterli iddialar irəli sürməkdən ibarət olan ayrı-ayrı qrup və fərdlər ölkədə ictimai narazılıq formalaşdırmaq üçün ən səviyyəsiz və primitiv üsullara əl atmaqdan belə çəkinmirlər. O, xüsusilə qeyd edib ki, AXCP sədri Əli Kərimli başının dəstəsi ilə birlikdə ölkədə və dünyada baş verən bütün mənfi yüklü halları Azərbaycan hakimiyyətinin və dövlətinin adı ilə bağlamağa cəhd göstərir. Administrasiya rəsmisi əlavə edib ki, əlində silah foto çəkdirib özünü "fədai” kimi reklam edən birisini hakimiyyətlə əlaqələndirmək də həmin absurd iddiaların davamından başqa bir şey deyil. Ə.Həsənov bildirib ki, silahlı dəstələr yaratmaq, insanları silahla hədələmək, onların evlərinə basqın etmək, itaət etməyənləri döyüb avtomobilin yük yerinə salmaq və digər bu kimi hüquqazidd əməllər Əli Kərimlinin dövlət müşaviri olduğu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi üçün xarakterik hallar olub. Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan dövlətinin hansısa "fədailər qrupu”na və digər bu kimi qeyri-qanuni dəstələrə ehtiyacı yoxdur.
 

 
Özünü siyasi gündəmə sırımaq cəhdi
 
Qeyd edilən məsələyə rəsmi münasibətlə yanaşı, dezinformasiyada adı hallanan F.Muradov da mövqe bildirib. O, AXCP sədri Ə.Kərimlinin və onun ətrafındakıların mənəvi terroruna məruz qaldığını dilə gətirib. Vətəninə, dövlətinə sonsuz hislərlə bağlı olduğunu dilə gətirən gənc yaydığı video-müraciətdə bildirib ki, Ə.Kərimli dəstəsinin şər-böhtan kampaniyası ilə üz-üzə qalıb. Əlində silah tutaraq çəkdirdiyi fotolara gəlincə, F.Muradov deyib ki, bununla bağlı 2015-ci ildə hüquq-mühafizə orqanları araşdırma aparıb və onlara qanun çərçivəsində lazımi izahat verilib. Beləliklə də AXCP sədrinin növbəti yalanı ifşa olunub, onun növbəti iyrənc yolla özünü siyasi gündəmə sırımaq cəhdi uğursuzluqla nəticələnib.
 

 
AXC-Müsavat cütlüyünün "qoçu dəstələri”
 
Bu yerdə, "öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır” məsəlini xatırlamamaq olmur. Diqqətli oxucular bilir ki, siyasi hakimiyyəti 90-cı illərdə məhz Ə.Kərimlinin təmsil olunduğu dəstə hərbi yolla, silah gücünə devirib. Məhz AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə az qala hər partiya sədrinin şəxsi nəzarətində silahlı dəstə olub. Əlikram Hümbətovun, Surət Hüseynovun, Rəhim Qazıyevin, İskəndər Həmidovun və digərlərinin rəhbərlik etdiyi silahlı dəstələr buna əyani misaldır. Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi bir zamanda adları çəkilən "qoçu dəstələri” Azərbaycanın ayrı-ayrı bölgələrində hökmranlıq edir, "xanlıq” yaradırdılar. 
 

 
"İŞİD” sevdalısı əmioğlu
 
O ki qaldı əlində silahla şəkil çəkdirməyin qanuni olub-olmamasına, bununla bağlı mühakimə yürütmək üçün Ə.Kərimlinin dili "gödək” olmalıdır. Çünki, onun dost-doğma əmisi oğlu, AXCP üzvü, hazırda Fransada mühacir həyatı yaşayan İnqilab Kərimov nəinki əlində silah tutduğu şəkli sosial şəbəkədə paylaşır, hətta terrorçu "İŞİD” qruplaşmasını vəsf edən statuslar yazır, baş kəsənlərin, radikalizmin təbliğatını aparır. Heç bir əlavə şərh etmədən İ.Kərimovun vaxtilə "Facebook”da yazdığı statusu olduğu kimi təqdim edirik: "İŞİD heç də hər adamın başını kəsmir... İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir... İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir.... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib, çıxanların başını kəsir... Və düşünürəm ki, düz də edir... Azərbaycana XOŞ gəlirsən İŞİD...”.
 

 
Terrorçunu "qəhrəmana” çevirənlər
 
AXCP sədri Ə.Kərimlinin və ətrafının terroru, dini radikalizmi dəstəkləyən hərəkətləri tək İ.Kərimovun davranışları ilə bitmir. AXCP və Milli Şuranın birgə təşkil etdiyi mitinqdə "İŞİD” terror təşkilatının bayrağının dalğalandırılması faktı hər kəsin yadındadır. Bu, radikal müxalifət liderinin islam radikalizminə, terrorçulara açıq-aşkar simpatiyasının nümayişi idi. Hansı ki, bu simpatiyanı o, Nardaran hadisələrində polisə silahlı müqavimət göstərən, qanun keşikçilərini qətlə yetirən talehlərə daim göstərməkdədir. AXCP sədri Ə.Kərimli və ətrafı eyni münasibəti, yəni simpatiyanı Gəncə olayları zamanı hakimiyyət nümayəndəsinə qarşı sui-qəsd törədən, iki polis zabitini qətlə yetirən yunislərə də göstərməkdədir. Misalı üçün, Ə.Kərimlinin yaxını, hazırda xaricdə yaşayan AXCP funksioneri Kəmalə Bənəniyarlı bir neçə gün bundan öncə "Facebook”da status yazaraq Gəncədəki sui-qəsdin icraçısını "Milli qəhrəman” elan edib. Bütün bunlar Ə.Kərimli və ətrafındakıların zehniyyətini, xislətini, xarakterini tam çılpaqlığı ilə ortaya qoyur.
 
Alpər TURAN


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299