• cümə, 29 Mart, 09:30
  • Baku Bakı 5°C

Müxalifətə gözlənilən İbrahimbəyov zərbəsi

10.09.13 08:52 1408
Müxalifətə gözlənilən İbrahimbəyov zərbəsi
Bu ilki prezident seçkiləri öncəsi müxalif düşərgənin başına olmazın oyunlar gətirən, onu çıxılmaz vəziyyətlərə salan, yalan vədlər verib bəzilərini ümidləndirən və iddialarının gerçəkləşmədiyini görüb bütün diqqətini öz kino şirkətinin işlərinə yönəldən Rüstəm İbrahimbəyov yenidən mətbuata müsahibəsilə gündəmə gəlib. Artıq siyasi proseslərdən demək olar ki, faktiki olaraq kənarda qalmış İbrahimbəyovun fəaliyyəti yalnız həftədə bir dəfə qəzetlərdə, saytlarda görünməklə bitir. Özü demişkən, əgər bu mətbuat olmasa, kitabı tamamilə bağlanar.
Onun «Yeni Müsavat» qəzetinə son müsahibəsi də əvvəlkilərdə olduğu kimi təzadlarla, qeyri-müəyyənliklərlə doludur. Müsahibəsinin mahiyyətinə keçməzdən öncə, onu qeyd etmək lazımdır ki, İbrahimbəyov sanki hansısa fikri qəti şəkildə söyləməyə çəkinir. Suallar qarşısında aciz qaldıqda isə siyasətçiyə yaraşmayan bir şəkildə jurnalistin üzərinə səsini qaldırmağa cəhd edir və yaxud müxalifətin problemlərini mətbuatda görür (müsahibə ilə tanışlıq bunu deməyə əsas verir). Bu isə onun, etiraf etməsə də, bütün baş verənlərdə daxilən özünü günahkar hesab etməsi ilə bağlıdır.
İbrahimbəyov verdiyi müsahibədə bir daha müxalifətin Milli Şurasının lideri kimi proseslərə təsir imkanlarının məhdudluğunu ortaya qoyub. Bunu demokratiyaya, plüralizmə bağlamağa cəhd göstərsə də, görünən odur ki, ssenaristin qurum daxilində ciddi təsir imkanları, sözünün kəsəri yoxdur. Belə ki, o, Lalə Şövkətin Milli Şuradan getməsi ilə bağlı bəyanatına münasibət bildirərkən özünü xüsusilə dolaşığa salıb. Lalə Şövkətin qurumdan ayrılmasını gah qınayan fikirlər səsləndirib, gah da onun haqlı olduğunu söyləyib.
İbrahimbəyov Lalə Şövkəti müdafiə aspektində Milli Şuranın daxilində qeyri-normal proseslərin baş verdiyini və özünün də bundan narahatlığını bildirib. Belə ki, onun qənaətincə, Milli Şura daxilində ayrı-seçkilik var. Başqa sözlə, qurumda aparıcı və yedək partiyalar konflikti mövcuddur: «Mən Lalə Şövkətə böyük hörmətlə yanaşıram və o, Milli Şuraya mənim xahişimlə üzv olmuşdu. Çox təəssüflənirəm ki, belə qərara gəlib. Amma belə qərar veribsə, demək bunun çox böyük səbəbləri var. Bu səbəblər də Milli Şura ilə bağlı deyil, Milli Şuranın tərkibi ilə bağlıdır. …onun Milli Şuranın daxilində irəli sürdüyü tələbləri var idi və mən o tələbləri dəstəkləyirəm. Çünki Milli Şurada bir balaca ayrı-seçkilik var idi və biz onu aradan götürdük. Bu mənada mən onun iradlarını başa düşürdüm və ona görə də deyirəm ki, Lalə xanımın tərəfindəyəm».
Beləliklə də R.İbrahimbəyov Milli Şurada təmsil olunan AXCP və Müsavata eyham vurmuş olub. O, müsahibəsinin az qala hər cümləsində Lalə Şövkəti müdafiə etməklə həmin partiyalardan və onların Milli Şura daxilindəki rollarından narazılığını gizlətməyib.
Milli Şura daxilindəki gərgin münasibətlərə bir az da təkan verən İbrahimbəyov qurumdaxili münasibətlərin düzəlməyəcəyini də dolayısı ilə bildirib: «Biz Milli Şuranı yaradanda da bilirdik, bunu dəfələrlə demişəm ki, bu qurumda toplaşan adamlar, partiyaların münasibətləri 20 ildir mürəkkəb idi. Hərdən-bir bir-birinə qarşı çıxışlar da edirdilər. Ona görə də mən istəyirdim ki, bunları birləşdirəm və məncə, hələlik bu birlik realdır və öz gücünü göstərir. Lalə xanım belə qərara gəlibsə, demək, onun əsaslı səbəbləri var, mən onu başa düşürəm». Digər tərəfdən İbrahimbəyov müxalifəti mənasız söz savaşı ilə məşğul olmaqda da ittiham edib.
Milli Şuranın güc-bəla ilə vahid namizəd müəyyənləşdirərək pat vəziyyətindən çıxmağa çalışdığı bir dövrdə İbrahimbəyovun qurumun əsas qüvvələrinin əleyhinə bəyanatlar verməsi yeni bir gərginliyin əsasını qoya bilər.
Göründüyü kimi, Milli Şurada toplaşanların daim bir-birilə ədavətdə olduğunu bildirməklə müxalifətin durumunun acınacaqlı olduğunu etiraf edib. Məlumdur ki, hər dəfə bu tip bəyanatlar səsləndirənlərə qarşı müxaliflərin mövqeyi sərt olur. Bu mənada geci-tezi R.İbrahimbəyovun atmacalarına da müxalif düşərgədən kəskin reaksiya veriləcəyi gözləniləndir.
Milli Şuranı, orada toplaşan aparıcı qüvvələri ittiham etməklə qurumu tərk edən Lalə Şövkəti dəstəkləyən İbrahimbəyov bu açıqlaması ilə düşərgədə narazılıq yarada bilər. Belə ki, Lalə Şövkətin və Əvəz Temirxanın məlum bəyanatlarından sonra İsa Qəmbər Liberal partiyasının Milli Şuradan ayrılmasına və onun barəsindəki ittihamlarına sərt cavab verib: «Mən maskaların cırılmasına vaxt sərf eləməyə ehtiyac duymuram, çünki özləri maşallah, növbəyə düzülüb, bir-bir mövqelərini bəyan edirlər. Sadəcə olaraq Liberal Partiyanın rəhbərliyi görünür, Milli Şuradan məsafələnmək fikrinə gəlib və bunun üçün bəhanə axtarmağa çalışırlar. Bu zaman onların gətirdiyi bəhanələr məni maraqlandırmır. Mənim ünvanıma deyilən böhtanlar, yalanlarsa birinci dəfə deyil, yeni bir yalan deyil, bunlar dəfələrlə deyilmiş yalanlardır. Ona görə də mən onlara cavab verməyə ehtiyac görmürəm. Sadəcə olaraq mövqelərini müəyyənləşdirdilər və bizimçün sirr deyildi ki, onların mövqeyi nədir. İndi isə onların mövqeləri bütün cəmiyyət üçün bir daha aydın şəkildə təqdim olundu. Bu qədər bəsit».
Göründüyü kimi, müxalif düşərgədə ciddi gərginlik hökm sürür. Milli Şura deyilən qurum artıq mövcud deyil. Milli Şurada əsasən ictimai palatanın üzvləri təmsil olunur. Bir-birinin ardınca istefalar da düşərgədəki vəziyyəti gərginləşdirib. Belə bir məqamda Milli Şura sədri R.İbrahimbəyovun açıqlamaları da müxalif düşərgəyə ciddi zərbələr vurmaqdadır.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər