• cümə, 29 Mart, 02:06
  • Baku Bakı 7°C

“Müxalifətdə layiqli namizəd problemi var”

09.07.15 10:35 1430
“Müxalifətdə layiqli namizəd problemi var”
Tural Abbaslının sözlərinə görə, Müsavat Partiyası seçkilərə hazırlığı təşkil edə bilməyib
Bu il Azərbaycanda seçkilər ilidir. Təxminən 4 ay sonra Milli Məclisə növbəti seçkilər keçiriləcək. Siyasi partiya və təşkilatların aktiv iştirak edəcəyi bu seçkilərdə namizədlər 125 yer uğrunda mübarizə aparacaqlar. Bu niyyətlə partiyalar, o cümlədən müxalif düşərgəni təmsil edən siyasi qurumlar seçki kampaniyalarına start veriblər. Onların bir qismi siyasi blokların tərkibində seçkiyə qatılacağı halda, digərləri təkbaşına seçkiyə getmək barədə qərar qəbul ediblər. Belə siyasi təşkilatlardan biri də Müsavat Partiyasıdır. Partiyanın məclisində qəbul edilən qərara görə, Müsavat parlament seçkilərinə təkbaşına gedəcək. Qeyd olunan mövzuda “Kaspi”nin müsahibi Müsavat Partiyasının sabiq Divan üzvü, başqanlığa keçmiş namizəd, indi isə sadəcə, partiya üzvü Tural Abbaslıdır.
- Tural bəy, builki parlament seçkilərində Müsavat xətti ilə, yoxsa özünüz tərəfindən namizədliyinizi irəli sürəcəksiniz?
- Təbii ki, seçkilərdə namizədliyimi özüm irəli sürəcəyəm. Mən bundan öncəki parlament seçkilərində də 21 saylı Nəsimi seçki dairəsindən namizədliyimi irəli sürmüşdüm. Bu il də eyni seçki dairəsindən namizədliyimi vermək fikrindəyəm. Mənimlə yanaşı, ətrafımdakı xeyli gənc də blok şəklində bu seçkilərdə iştirak etmək niyyətindəyik. Həmin gənclər siyasi arenada öz adlarını tanıtdıra biliblər, apardıqları mübarizədə müəyyən nüfuz qazanıblar. İlkin hesablamalarımıza görə, Azərbaycan üzrə 10-15 seçki dairəsi üzrə namizədlərimiz olacaq. Bura Bakı şəhərinin tərkibindəki rayonlardan və Azərbaycanın digər rayonlarından olacaq namizədlər daxildir. Bu seçkilərdə iştirak etmək, seçilməyə çalışmaq, mübarizəmizi parlamentdə davam etdirmək əsas hədəfimizdir. Bununla həm də cəmiyyətə yeni siyasi simalar, yeni ideyalar təqdim etmək niyyəti güdürük. İstəyirik ki, adları ləkələnməmiş insanlar siyasi səhnədə yer alsın, proseslərə qoşulsun. Namizədliyini irəli sürəcək gənclərimizin kimlərdən ibarət olması, hansı dairədən seçkilərə qatılacaqları barədə daha dəqiq məlumatı yaxın günlərdə cəmiyyətə açıqlayacağıq.
- Belə başa düşdüm ki, həm sizin, həm də ətrafınızdakı gənclərin namizədliyi Müsavat tərəfindən dəstəklənmir...
- Bir qədər əvvəl qeyd etdiyim kimi, mən və ətrafımda olan gənclər qarşıdan gələn seçkilərdə namizəd kimi iştirak etmək niyyətindəyik. Rəmzi olaraq Gənclər Bloku da adlandırmaq olar bunu. Burada tək Müsavatdan deyil, digər partiyaları təmsil edən, yaxud bitərəf olan gənclər də var. Yəni biz daha çox yeni gənclik adından çıxış edirik, nəinki konkret partiyalar adından. Təbii ki, belə halda belə, hər bir gənc təmsil olunduğu partiyanın dəstəyini də ala bilər. Burada qeyri-adi heç nə yoxdur. Lakin namizədliyini irəli sürəcək gənclərimizin siyahısı konkret hansısa partiya tərəfindən müəyyənləşdirilməyib. Biz siyasi arenaya yeni adlar təqdim etmək məqsədi güdürük. Yeni siyasi simaların köhnə platformalar üzərində təqdimatı isə qəliz məsələdir. Ona görə də gənc siyasi simaları yeni platformalar üzərindən təqdim etmək istəyirik. Təmsil olunduğumuz partiyaların bizi dəstəkləyib-dəstəkləməməsi artıq onların verəcəyi qərardır. Yəqin ki, onların bu qərarından sonra biz də lazımi addımlar atacağıq. Lakin müxalifət partiyalarının elə komfortu yoxdur ki, bu qədər gənclikdən imtina etsinlər, bizi dəstəkləməsinlər. Ümumiyyətlə, hazırda 125 dairə üzrə müxalifətdə layiqli namizəd problemi var. Elə Müsavat Partiyasının özünə baxsaq, görərik ki, kifayət qədər tanınmış simalar istefa veriblər. Hazırda partiyadakı proseslər inkişafa doğru deyil, əksinə, illərlə mübarizə aparan insanların Müsavatdan kənarlaşması ilə nəticələnir, ən yaxşı halda isə onlar partiya həyatında passiv mövqeyə keçirlər. Bütün bunları nəzərə alsaq, 125 seçki dairəsini, 5 min seçki məntəqəsini əhatə edəcək seçkidə fəal iştirak edəcək partiya sədri hər şeyi zərgər dəqiqliyi ilə hesablamalı, yüz ölçüb, bir biçməlidir. Hər deyilən sözə, verilən qərara, atılan addıma diqqət edilməlidir.
- Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bu günlərdə qəzetimizə açıqlamasında bildirmişdi ki, Müsavat Partiyası seçki kampaniyasına xeyli əvvəl start verib və artıq 70-dən çox seçki dairəsi üzrə namizədlər müəyyənləşib. O, partiyanın Nizamnaməsinə uyğun olaraq, Məclisin növbəti yığıncaqlarından birində həmin namizədlərin təsdiqlənəcəyini, yalnız bundan sonra onların seçkiyə qatılacağını bildirib. Belə olan halda, Sizin təmsil olunduğunuz partiyanın qərarını nəzərə almadan namizədliyinizi irəli sürməyiniz Müsavatın Nizamnaməsinə, partiyadaxili qanunlara zidd sayılmırmı?
- Gənclər Blokunda təmsil olunan gənclər hansı dairədən namizədliklərini versələr, bu barədə özlərinin rayon təşkilatlarına məlumat veriblər. Rayon təşkilatları bu barədə məlumatlıdırlar. Müsavatın Məclisində bu məsələnin müzakirəyə çıxarılıb-çıxarılmaması onların öz işləridir. Partiyaların verəcəkləri qərarlar biz gənclərin qərarlarına hər hansı formada təsir etməyəcək. Çünki biz bu seçkilərə qatılmaq istəyərkən öz resurslarımıza arxayın olur, yalnız ondan istifadə edirik. Ümumiyyətlə, Müsavat Partiyası kimi bir təşkilat seçkilərə 2-3 ay qalmasına baxmayaraq, cəmi 70-dən artıq dairədə namizəd irəli sürmək fikrinə düşübsə, deməli, seçkilərə hazırlığı yüksək səviyyədə təşkil edə bilməyib. Onu da nəzərə almaq lazımdır ki, bu seçki dairələrinin 30-dan artığı Bakı şəhərini əhatə edir. Bu, indiki partiya rəhbərliyinin yürütdüyü yanlış siyasətin nəticəsidir ki, yüzillik bir tarixə sahib olan Müsavat 125 dairədə təmsilçilik məsələsini hələ də həll edə bilməyib. Seçkilərdə namizədləri irəli sürməklə yanaşı, müşahidənin, təbliğatın, siyasi-hüquqi proseslərin təşkil olunması məsələləri var. Hansı ki, bunlar hələlik müzakirə olunmur. Fikrimcə, burada vəziyyət daha acınacaqlı olacaq. Bu da yeni rəhbərliyin partiyaya sədr seçiləndən indiyə qədər ötən 9-10 ay ərzində yanlış, birtərəfli siyasət yürütməsi ilə əlaqədardır. Bir sözlə, partiyanın seçkilərə hazırlığını qənaətbəxş saymaq olmaz. Siyasət mətbuata verilən açıqlama və bəyanatlarla deyil, konkret nəticələrlə, rəqəmlərlə, adlarla ölçülən prosesdir. Müsavat Partiyası hələ də daxili narazılıqları səngidə bilməyib. Hakimiyyətlə mübarizəyə çıxan bir partiya daxilində sabitlik yarada bilmir. Rəhbərlik nəinki bu işləri həll etməklə, o cümlədən narazılıqları yatırtmaqla məşğul olur, yeni münaqişələr yaradır. Bu isə Müsavat Partiyasının qarşıdan gələn parlament seçkilərinə hazırlıqsız olduğunu sübut edən ən bariz nümunədir.
- Müsavatın parlament seçkilərinə təkbaşına qatılmasına münasibətiniz necədir? Partiyanın bu qərarını doğru hesab edirsinizmi?
- İndiki vəziyyətdə müxalifət arenasında hansısa partiyanın təkbaşına görüntü xatirinə deyil, real olaraq seçkilərə qatılıb mübarizə aparacağına inanmıram. Müxalifətdaxili situasiyadan tam xəbərdaram. Müxalifətin yalnız bir çıxış yolu var idi ki, seçkilərə güclü bir blok şəklində qatılsın. Çünki istənilən müxalifət partiyasının təkbaşına seçki kampaniyasını qurmaq, təşkil etmək, 125 dairədən layiqli namizəd vermək potensialı, gücü yoxdur. Ona görə də müxtəlif birlik və bloklarda birləşərək, vahid blok şəklində seçkiyə getməli idi. Bütün resurslar ortaya qoyulmaqla seçkidə iştirak etsələr, o zaman sonda hansısa nəticədən, uğurdan, mübarizədən söhbət gedə bilər. Təəssüf ki, bu yöndə cəhdlər olmadı. Hazırda mövcud olan birlik və bloklar da çox zəifdir. Müsavat Partiyasının da təkbaşına seçkiyə qatılıb uğur əldə edəcəyini düşünmürəm. Bu fikrə gəlmək üçün qurultaydan ötən müddət ərzindəki vəziyyəti təhlil etmək kifayətdir. Digər tərəfdən, Müsavat Partiyası istəsəydi belə, siyasi təcrübəsi az olan bugünkü rəhbərliklə hər hansı blok və birlik yaratmaq mümkün olmayacaqdı. Odur ki, özləri özlərini saldığı çətin durumdan çıxış yolu tapa bilmirlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər