• cümə, 19 Aprel, 08:06
  • Baku Bakı 13°C

Müxalifətçilikdən siyasi “bomj”luğa gedən yol

21.07.20 20:15 739
Müxalifətçilikdən siyasi “bomj”luğa gedən yol
Ekspertlərin fikrincə, "Milli Şura”dakı 3-5 nəfər nə özləri, nə də cəmiyyət qarşısında məsuliyyət hiss edən insanlardır

Siyasi iddiası ilə özünü "analoqsuz” hesab edən və ancaq özlərinin "demokrat” olduğunu cəmiyyətə sırımağa çalışan "Milli Şura” adlı qurumun qeyri-etik, söyüş, təhqir dolu növbəti videokonfransı sosial şəbəkələr vasitəsilə gündəmə gəlib. Əvvəlki onlayn görüşlərdən fərqlənməyən və əksinə, daha çox təhqir və söyüşün yer aldığı görüntülərdə bu dəfəki hədəf Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev və "ReAL” partiyasının funksioneri Natiq Cəfərli olub.
Hər iki şəxsin AXCP sədri Əli Kərimli tərəfindən "qatı düşmən" elan edilməsi hər kəsə bəllidir. Elə bu səbəbdən də Fransada oturub "siyasət yürüdən" Qənimət Zahid bir anlığa Mehman Əliyevi "ReAL” partiyasının sədri İlqar Məmmədova bənzədir. Ardınca ona "dəstək” verən Vidadi Mirkamal, Gültəkin Hacıbəyli və Vahid Məhərrəmli tərəfindən söyüşlər, təhqirlər davam etdirilir. Bütün bunlar isə bir daha göstərir ki, "Milli Şura” artıq bitmiş və yalnız söyüş, təhqir yağdıran siyasətbazlardan ibarətdir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirdi ki, "Milli Şura” adlanan qurumun son dövrlər videokonfransları ilə bağlı suallara ilk növbədə özləri cavab verməlidir: "Həqiqətən belə vəziyyətdə onların sonu və yolu hara gedir? Sanki bu video görüntüləri izləyəndə, adama elə gəlir ki, burada nə cəmiyyət, nə öz daxili "senzura”ları, nə də təmsil etdikləri təşkilatların digər üzvləri tərəfindən üzərilərində hər hansı məsuliyyət hiss etməyən insanlar iştirak edirlər. Əgər hadisə bir dəfə olsaydı, bunu bağışlamaq və üstündən keçmək olardı. Amma hər dəfə bu görüntülər meydana çıxanda "Milli Şura”nın təmsilçilərinin əleyhinə ölkədə nifrət dolu ictimai rəyin yarandığını və gücləndiyini görəndə, həqiqətən də təəccüblənirsən ki, bu insanlar nə üçün baş verənlərdən lazımi nəticəni çıxara bilmirlər? Buradan belə qənaətə gəlmək mümkündür ki, onlar üçün artıq proseslərin sonunun necə olacağı barədə bir düşüncə yoxdur”.
A.Quliyev qeyd edib ki, sadəcə olaraq, bu cür qeyri-siyasi müzakirələrlə, bu cür görüntülərlə özlərinin siyasi mövcudluğunu saxlamaq haqqında düşünürlər: "Ancaq mənə elə gəlir ki, həm cəmiyyətdə ciddi siyasi müdafiəni, dəstəyi itirmiş olduqları üçün, həm də bu cür hərəkətlərlə özlərini cəmiyyət qarşısında məsuliyyət hissindən tamamilə məhrum olan qüvvələr kimi göstərdiklərinə görə, onların hər hansı bir gələcəyindən danışmaq mümkünsüzdür. Çox təəssüf olsun, cəmiyyətimizin çox az da olsa, bir hissəsi belə qüvvələrə inanır və onların cəmiyyəti harasa aparacaqları barədə düşünürlər. Amma ümumən belə görüntülər həmin qüvvələrin artıq Azərbaycan cəmiyyəti tərəfindən siyasi subyektlər kimi mövcudluq haqqına malik olmadığı barədə qəti qənaətə gəlməyə əsas verir”.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, "Milli Şura” adlanan qurum artıq siyasi arenadan çıxıb: "Sadəcə olaraq onlar gündəmdə qalmaq üçün çox müxtəlif metodlardan istifadə edirlər. Göründüyü kimi, son vaxtlar onlar elə müxalifət düşərgəsində olan, lakin normal münasibətlər sərgiləyən, gerçəkliyi başa düşən qüvvələri topa tutular. Bu bir daha "Milli Şura”nın düzgün mövqedə olmadığını sübut edir. Onlar pandemiya ilə əlaqədar olaraq videokonfrans formatında görüşlər keçirirlər. Əslində burada da eyni simalardır və elə "Milli Şura”nın üzvləri barmaqla sayılacaq qədər qalıb. Bu onlayn görüşlərində də təhqirdən tutmuş, qeyri-etik ifadələrə qədər dilə gətirir və mədəniyyətsizliklərini nümayiş etdirirlər. Bütövlükdə "Milli Şura” adlanan qurumun son illər fəaliyyəti açıq-aşkar göstərir ki, onlar anti-Azərbaycan mövqeyindədirlər. Bu gün xaricdə Azərbaycana qarşı fəaliyyət göstərən böyük şəbəkələr mövcuddur. "Milli Şura”da toplaşanlar nəinki o şəbəkənin dəyirmanına su tökənlərdir, eyni zamanda onlarla əməkdaşlıq edir və Azərbaycanın milli maraqlarına böyük zərbələr vururlar. Bu günlərdə Tovuzda Ermənistan növbəti dəfə təxribat törətdi, atəşkəsi pozdu və Azərbaycana qarşı aqressiya sərgilədi. "Milli Şura”nın bu təxribatla bağlı mövqeyi nə oldu? Bunlar əgər doğrudan da azərbaycanlıdırsa, elə keçirdikləri videokonfransda baş verənləri, erməni təxribatını müzakirə edərdilər. Vətənimizin ağır günündə onlar ordumuza dəstək olmurlarsa, dayaq durmurlarsa, onda hansı Azərbaycançılıqdan söhbət gedə bilər? Ona görə də Azərbaycan xalqı seçkilərdə "Milli Şura” kimi radikalları çıxdaş edir, səs vermir. Məhz Azərbaycan xalqının təpkisinin nəticəsidir ki, "Milli Şura” adlanan bu qurumdakı adamlar, siyasətbazlar seçkilərə də qatılmırlar. Çünki bilirlər ki, seçkilərdə onların heç biri xalqın səsini toplamayacaq. Bütün bunlarla yanaşı, düşünürəm ki, onların fəaliyyətinə hər bir azərbaycanlı qiymət verməli, irad bildirməlidir. Çünki vətənin dar günündə bunların lağ-lağı, şou xarakterli tədbirlər keçirməsi artıq onların kim olduğunu açıq şəkildə göstərir”.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov bildirdi ki, özünü müxalifət adlandıran "Milli Şura” adlı qurum xalq arasında dayaqlarını itirdikcə, sivil siyasi mübarizə metodlarından uzaqlaşır və çirkin şouya bənzər söyüş ritorikasına, qarayaxma və təhqirə üstünlük verir: "Təbii ki, bu da artıq insanlarda onlara qarşı ikrah hissi yaradır. Xüsusilə, o müşahidə olunur ki, bu şəxslər Azərbaycan üçün hər hansı çətin məqam yarananda, daha çox fəallaşırlar və kömək etmək, həmrəylik nümayiş etdirmək əvəzinə, mane olmağa və görülən işlərə qara yaxmağa başlayırlar. Bir növ təxribatçı mövqeyi ilə seçilirlər. Biz bunu həm pandemiya, həm də ermənilərin xain Tovuz hücumu dövründə müşahidə etdik. Bu insanlar sosial şəbəkələrdə fəallaşaraq insanları çaşdırmaq və hökumətin gördüyü təqdirəlayiq addımlara qarşı əks-təbliğat aparmaqla məşğul idilər və bu gün də buna çalışırlar. Eyni zamanda 14 iyul hadisələrində də bu insanlar təxribat xarakterli hərəkətləri ilə bir daha öz əməllərinin nədən ibarət olduğunu sübut etdilər. Onlar iqtidarla yanaşı, normal, sivil metodlarla mübarizə aparan müxalifət qüvvələrinə qarşı da qarayaxma üsullarla mübarizə aparır və kim bunların sözünü demirsə, onu düşmən elan edirlər. Bunlarda artıq psixoloji vəziyyət xəstəlik səviyyəsinə çatıb. Radikal düşərgə olanlara elə gəlir ki, xalqın sözünü ancaq bunlar deyir, özlərini lider kimi hiss edir və hər kəsə yol göstərməklə məşğuldurlar”.
A.Xəlilovun sözlərinə görə, "Milli Şura” adlı qurumda olanlar özləri söyüş, təxribat metodlarından istifadə edərək hökuməti özlərinə qarşı addım atmağa məcbur edirlər: "Bu yolla da beynəlxalq aləmə göstərməyə çalışırlar ki, amandı qoymayın, bizə təzyiq edirlər. Əslində isə atdıqları addımlar tam qanunazidd təxribat və pozuculuq əməlləridir və yolverilməzdir. Özlərini təcrid etməklə guya bunlara blokada tətbiq olunur deyib, qışqırmaqla ona səy göstərirlər ki, xarici havadarları bunların guya əsas müxalifət olduğunu bilsin. Əslində bunların sosial bazası bu gün hamıya məlumdur. Nəyə qadir olduqları da ortadadır. Siyasi mənada heç bunlara qarşı mübarizə aparan da yoxdur. Bunu dərk edir və buna görə də qanunları pozmaq yolu tutaraq təxribatçı əməlləri ilə cinayətə əl atırlar. Təbii ki, belə olduğu təqdirdə, hüquq-mühafizə orqanları lazımi tədbirləri görməyə məcbur olur və bunlar da əllərində bunu bayraq edərək qışqırırlar ki, bizə təzyiq edilir. Bu çox gülünc metoddur və eyni zamanda acınacaqlıdır. Bunların bu əməllərini ifşa edən ziyalılara və sivil qaydalarla hərəkət edən digər müxalif insanlara qarşı isə çox amansızcasına təhqirlərə yol verərək sosial şəbəkələrdə ifadələr işlədirlər. Bu insanların məqsədi aydındır və nə yolla olursa-olsun, öz siyasi məqsədlərinə çatmağa çalışırlar. Bunlar xalqı düşünmür, sadəcə onu çaşdırmağa cəhd edirlər. Arxasında sosial bazası olan siyasi qüvvə heç vaxt dövlətçilik üçün təhlükəli olmur. Əksinə, arxasında sosial bazası olmayan, siyasi avantüraya söykənən belə kiçik qruplar dövlətçilik üçün təhdid hesab olunur. Çünki onlar xalqın dəstəyini qazanmadıqları üçün ancaq təxribatlardan istifadə edirlər. Xalq adından danışaraq etdikləri təxribatlara haqq qazandırmağa çalışırlar. Silahlı terror təşkilatları ilə bu cür qrupların əslində heç bir fərqi yoxdur. Dövlətin gördüyü bütün addımları, ziyalıları, normal müxalif qüvvələri, hətta xalqı belə qaralamaqla, söyüş və təhqirlərdən istifadə edərək qurduqları fəaliyyət bunu sübut edir. Bunlar birdəfəlik dərk etməlidirlər ki, tutduqları yol iflasa məhkumdur. Xalq 90-cı illərin acı təcrübəsini yaddan çıxartmayıb. Heç dünya da əvvəlki deyil. Artıq insanlar ağı qaradan seçməyi bacarır. Yeni nəsil yetişib, onların baxışı başqadır. Yaxşı olar ki, insanları təhqir etməkdənsə, təxribatla məşğul olmaqdansa, düşünərək vaxtında əməllərindən əl çəksinlər. Hərçənd buna inanmıram. Azərbaycan dövlətçiliyi bu gün hər bir məsələdən üstündür, ərazi bütövlüyümüz bizim əsas məqsədimizdir. Bu yolda dövlətimizin gücü və qətiyyəti xalqa məlumdur. Düşmənə xidmət edən bütün təxribatların qarşısı qətiyyətlə alınacaq. Söyüş və təhqirlərlə mübarizə aparmaq cılızlıqdır, bunu özlərinə yaraşdıranlar isə heç vaxt uğur qazanmayacaq”.

AZAD
banner

Oxşar Xəbərlər