• şənbə, 20 Aprel, 16:13
  • Baku Bakı 23°C

Müxalifətçilər xaricdən qrant alıb mitinq keçirirlər

15.09.16 13:04 1141
Müxalifətçilər xaricdən qrant alıb mitinq keçirirlər
Milli Şuranın ayın 11-də "Məhsul” stadionunda keçirdiyi mitinq haqda fikirlər birmənalı deyil. Özlərini xarici qurumlara aparıcı müxalifət kimi təqdim edənlərin imitasiya kimi qiymətləndirilən mitinqində iştirakçı sayı bu dəfə də yetərli olmadı.
Mövzu haqda fikirlərini "Kaspi” ilə bölüşən millət vəkili Elşən Musayev dedi ki, Milli Şura adlanan bədnam qurumun uğursuzluğu öncədən gözlənilən və ehtimal edilən idi. O mənada ki, iki tək-bir cüt adamdan ibarət bu təsisat yarandığı gündən etibarən abstrakt, koordinasiyasız fəaliyyəti ilə özünün fiaskosunun təməlini qoyub, yeni məğlubiyyətlərə yol açıb, ictimai-siyasi həyatda qeyri-ciddi imic qazanıb: "Qurumun təşkil etdiyi 11 sentyabr mitinqi isə rüsvayçılıq, biabırçılıq, rəzalət estafetinin davamı idi. Həmin mitinqə çox az sayda adamın gəlişi, qohum-əqrəbadan ibarət kütlə, tribunada dayanan üçüzlülərin, beşüzlülərin biri-birindən savadsız, məntiqsiz çıxışları da özündə o məntiqi ehtiva etdi ki, Azərbaycanın radikal müxalifəti sözün gerçək anlamında xalqdan qopmuş, xalqın inamını çoxdan itirmiş siyasi ridumentlərdir”. E.Musayevin fikrincə, onlarla nəinki gələcəyə getmək, heç bu günü yaşamaq olmaz. Bu səbəbdən də, tarixə gömülüblər, 23 illik müxalifətçiliyə məhkum olublar, ildə bir dəfə səs-küy salıb qrant yığmaqla işlərini bitmiş hesab edirlər: "Orada toplaşan insanların çoxu xaricə mühacir adı ilə qaçmaq üçün sənəd yığan buqələmunlardır. Onlar bu cür mitinqlərdə şəkillər çəkdirir, daha sonra isə Avropa ölkələrinə yerləşmək üçün zəmin yaradırlar. Yəni onların davası xalq, millət, demokratiya, müxalifətçilik davası-filan deyil, sırf öz maraqlarını güdmək, vəziyyətdən öz maraqları üçün bəhrələnmək cəhdidir. Ən maraqlı məqam isə tribunada duranlardır. Güman ki, o personajlara hər kəs diqqət edib. Hamısı sata-sata gəlib, axırda demokrat qiyafəsinə, libasına girənlərdir”.

Həmsöhbətimiz qeyd etdi ki, mitinqdə tribunada duranlardan biri liderini satıb, digəri getdiyi yolu, biri qrant yığmaq, səfirlikdən pul dilənmək üçün camaatın uşağını güdaza verir, digəri isə sanki tribunaya deyil, podiuma çıxır: "Biri sanki "qlazokdan” baxıbmış kimi məzəli şəkillər çəkdirir, digəri cır, iyrənc səsi ilə insanlarda ikrah yaradır. Hələ o Əli Kərimlinin eynən Qəddafiyə bənzəyən müavini var, Gözəl Bayramlı. Bildiyini də danışır, bilmədiyini də. Sosial şəbəkələrdə hansı iyrənclikləri sərgiləyirsə, onun eynisini də tribunadan püskürürlər. Nə bilim, bu insanlar haqqında deyiləcək söz gerçəkdən çox az qalıb. Çünki onlar abırdan da, həyadan da, milli ruhdan da, vətəndaş mövqeyindən də məhrum olublar. Siyasətin zavallı bəndələridir”.

Millət vəkili Tahir Kərimli iqtidarın bu mitinqin keçirilməsi üçün heç bir maneçilik törətmədiyini söylədi. Qeyd etdi ki, iştirakçıların stadiona toplaşması üçün bütün şərait yaradılıb: "Guya referenduma etiraz edirdilər. Ora toplananların heç 10 faizi referendum haqda fikir səsləndirmədi. İştirakçılar əsasən, həbsdə olanların qohumları və digər narazılar idi. Referenduma etiraz edən az sayda adamlar isə ancaq mülahizələr səsləndirirdilər. Radikal, heç bir sosial bazası olmayan müxalifətçilər xaricdən qrant alıb mitinq keçirirlər. Səfirliklər, xarici təşkilatlar ayrı-ayrı müxalifətçi liderlərlə görüş keçirmiş, söhbət etmişdilər. Onlar istəyirlər ki, Azərbaycan hakimiyyətinə təzyiq vasitəsi kimi müxalifət bir yerə toplansın və güclü mitinq keçirilsin. Bunun üçün əllərindən gələni etdilər”.

T.Kərimli dedi ki, neçə ildən sonra müxalifətin keçirdiyi ən güclü mitinq elə bundan ibarətdirsə, deməli, xalq onları dəstəkləmir: "Deyirdilər ki, camaat bizi dəstəkləyir. Fakt göz qabağındadır. Buna rəğmən, qalib gəlməkdən danışırlar. Mitinqdə ancaq öz siyasi ambisiyalarından danışırdılar. Nə işğal olunmuş torpaqlarımızdan, nə BMT-nin qərarlarından, nə də Qərbin ikili standartlarından danışmadılar, milli məsələləri qabartmadılar. Mitinq ərəfəsində heç sosial şəbəkələrdə də onlara ciddi dəstək yox idi. Nəticə də ancaq bundan ibarət oldu. Bəzən bizi də ittiham edirlər. Qeyd edim ki, referendumu təbliğ etdiyimiz zaman iclaslarda onların mitinqə yığdıqları qədər adam olur. Dövlətin siyasətini müdafiə edirik. Referendumla bağlı sözümüzü deyir, mövqeyimizi bildiririk”.

T.Kərimli Milli Şuranın və Müsavatın ayrı-ayrılıqda mitinq keçirməsini üxalifətin parçalanmasının növbəti sübutu hesab edir: "Didişə-didişə gedirlər, bir-birlərini müdafiə etmirlər. Bir mitinq üçün də birləşə bilmirlər. Sonra da hakimiyyət iddiasına düşürlər. Onlar çox ambisiyalıdırlar, aqressivdirlər. Bu ambisiya ilə hakimiyyətə gəlsələr, ölkəni Suriyaya döndərərlər. İdarəçilik təcrübələri də yoxdur. Hakimiyyətə gəlmişdilər, biabırçı şəkildə uduzub getdilər. İndi təzədən hakimiyyət iddiasına düşüblər. Hökuməti ittiham etməyə nə var ki? Tənqid etmək asandır. Dövləti idarə etməyi bacarmaq lazımdır. Onların bu məsələdə heç bir bacarıq və təcrübələri yoxdur. Dedilər ki, Cəmil Həsənlinin görüşü vardı deyə mitinqdə olmadı. Sizin üçün xüsusi əhəmiyyəti olan mitinqdən vacib nə görüş ola bilər? Və ya təxirə salmaq olmazdımı? Ona görə də düşünürəm ki, bu, arqument deyil. Əli Kərimlinin çıxışı zamanı adamlar çıxıb gedirdilər. Bunu qabaqcadan təxmin etmək olardı. Çünki ora maraq üçün gələn adamlar çox idi. Onlar müşahidə etmək istəyirdilər ki, müxalifət indi nə edir, çıxışlarda nələrə toxunulur və s. Müxalifətçilər isə ümidləri yenə doğrultmadılar. Gələnlər bir daha gördülər ki, Milli Şura şüarçılıqdan başqa bir şey etmir”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər