• çərşənbə axşamı, 23 aprel, 13:21
  • Baku Bakı 24°C

Müxalifət yönümlü gənclər Milli Şuranı boykot edir

11.07.13 09:51 1627
Müxalifət yönümlü gənclər Milli Şuranı boykot edir
Rüstəm İbrahimbəyov kimi idarə olunan birinin siyasi proseslərə yön verməyə çalışması gənc siyasi fəalların narazılığına səbəb olub
Müxalifət düşərgəsi Milli Şuranın yaradılması ilə bu düşərgədəki abı-havanın müsbətə doğru dəyişdiyi, guya çoxdan gözlənilən bir hadisənin baş verdiyi iddia edilməyə başladı. Bir müddət sonra Milli Şuranın vahid namizədi də müəyyənləşdi. İllərdir müxalifətin vahid namizədi olmaq üçün bir-biri ilə ölüm-dirim savaşına Əli Kərimli və İsa Qəmbər demokratik düşərgəyə heç bir aidiyyəti olmayan Rüstəm İbrahimbəyovun ətrafında bir araya gəlməyə razı oldular. Amma bütün bu proseslərin fonunda diqqətdən qaçan bir məqam var. O da, özlərini demokratik qüvvələri kimi qələmə verən müxalifətin lider kimi Rüstəm İbrahimbəyovu seçməsindən sonra düşərgədəki gənclər arasında yaşanan ruh düşkünlüyüdür.
Prosesləri diqqətlə izlədikdə açıq-aydın görünür ki, Rüstəm İbrahimbəyovun vahid namizədliyi ideyası gündəmə gələndən sonra müxalifət düşərgəsindəki gənclə arasında böyük pessimizm meyilləri özünü göstərməyə başlayıb.
Halbuki 2013-cü il başlayandan müxalif gənclər çox fəal idilər. Onlar sosial şəbəkələrdə xüsusi fəallıq nümayiş etdirir, müxtəlif kütləvi aksiyaların təşkilatçıları, ideyavericisi kimi çıxış edirdilər. Sanki belə təəssürat yaranırdı ki, zəyifləmiş və qocalmış siyasi müxalifətin funksiyasını yeni etirazçı gənclər təbəqəsi yerinə yetirəcək. Həmin ərəfədə baş verən əsgər ölümləri ilə bağlı keçirilən aksiyaları bunun bariz nümunəsi kimi göstərmək olar. Təbii ki, bu fəallıqda ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycanın nümayəndəliyinin ayırdığı qrantlar də stimullaşdırıcı rol oynayırdı. Bu fəallıq və aksiyalarla müxalif gənclər siyasi proseslərə maraq göstərməyən gəncləri öz tərəflərinə çəkməyi, seçkiyə daha böyük qüvvə ilə getməyi hədəfləyirdilər. Amma Milli Şuranın yaranması ideyasının gündəmə gəlməsi, heç kimin siyasətçi kimi tanımadığı Rüstəm İbrahimbəyovun həm bu şuranın sədri seçilməsi, həm də vahid namizədi elan olunması proseslərin inkişaf yönünü dəyişmiş oldu. İlin əvvəlindən başlayan proseslər sanki tormozlandı. İstər-istəməz gənclərdə belə bir sual yarandı: Biz niyə heç bir siyasi keçmişi olmayan, köhnə fikirli, yalnız «milli» sözü ilə imitasiya edən 74 yaşlı kino xadiminin uğrunda vuruşmalıyıq?
Təsadüfü deyil ki, hazırda müxalif ruhlu gənclərin əksəriyyəti Rüstəm İbraihmbəyovun demokratik qüvvələrin vahid namizədi seçilməsini qəbul edə bilmirlər. Bu narazılıqlar xüsusilə də sosial şəbəkələrdəki müzakirələrdə hiss olunmaqdadır. Müxalif gənclər açıq şəkildə öz narazılıqlarını ifadə edir, qəbul edilən qərardan narazı qaldıqlarını ifadə edirlər. Düzdür, partiyalarda müəyyən vəzifə tutan, sədrlərə bağlı gənclər bir qədər ehtiyatlı olmağa çalışırlar. Onların bəziləri öz etirazlarını susmaqla, proseslərə etinasızlıq göstərməklə nümayiş etdirirlər. Ümumilikdə müxalif gənclik liderlərin Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi olmasını heç cür qəbul edə bilmirlər. Diqqət yetirsək, Milli Şuranın yaradılması ideyasını siyasi arenada olan gənc fəallardan demək olar ki, böyük əksəriyyəti bəyənmədi. Elə Milli Şura yaradıcılarının də gənclərə münasibəti yüksək səviyyədə deyil. Şuranın 129 nəfərlik üzvlərinin adlarına diqqət yetirəndə vəziyyətin nə yerdə olduğunu açıq şəkildə görmək mümkündür.
Milli Şuradakı kontingent arasında AXCP-nin və Müsavat Gənclər Komitəsinin rəhbərlərindən başqa heç bir fəal gənc təmsil olunmur. Bütün sahələrdə geniş tərkibli komitələr yaradan şura nədənsə gənclər siyasəti ilə bağlı bir qrum yaratmağı lüzum bilməyib. Təbii ki, gənclərin təmsil olunmadığı bir təşkilatın gənclərin problemləri barədə düşünməsi, onların irəli çəkilməsinə dəstək verməsini gözləmək doğru olmazdı. Milli Şuranın tərkibinə baxarkən aydın şəkildə görünür ki, burada yenə də köhnə siyasətçilər toplaşıb və onlar bu dəfə Rüstəm İbrahimbəyovun kölgəsində özlərini qabağa veriblər. Başları özlərinə o qədər bərk qarışıb ki, gənclər sanki yadlarından çıxıb. Ümumilikdə İsa Qəmbər və Əli Kərimlinin arasında ənənəvi ziddiyyətlərin davam etməsi, onların heç birinin hələlik seçkidə iştirakla bağlı qəti qərar verməmələri, Rüstəm İbrahimbəyov kimi Rusiyadan idarə olunan birinin Azərbaycandakı siyasi proseslərə yön verməyə çalışması gənc siyasi fəalların ciddi narazılığına səbəb olur. Hətta bəzi gənclər gələcəkdə Milli Şura adından təşkil olunacaq kütləvi aksiyalarda iştirak etməyəcəklərini bildirirlər. Bütün bunlar çox böyük uğursuzluğun ilkin əlamətləri hesab oluna bilər. Milli Şuranın parçalanma ehtimalının artması bir tərəfdən cəmiyyətin siyasi sifarişindən irəli gəlirsə, digər tərəfdən, qurumun iflasında gənclərin dəstəyini qazana bilməməyin də xüsusi rolu var. Bütün bunlar göstərir ki, müxalifət düşərgəsindəki gənclər ölkədəki siyasi gerçəklikləri öz liderlərindən yaxşı dərk edirlər.
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər