“Müxalifət seçki kampaniyasına yenə dağınıq vəziyyətdə qoşulacaq”

“Müxalifət seçki kampaniyasına yenə dağınıq vəziyyətdə qoşulacaq”

Müsahibə
20 Noyabr 2012, 13:34 1331
Müsavat Partiyasının (MP) sədri İsa Qəmbər 2013-cü ilin prezident seçkilərində öz namizədliyini irəli sürəcəyini bildirib. Başqan, prezident seçkisində iştirak etmək və köklü demokratik dəyişikliklər istəyən insanlardan ibarət komanda formalaşdırıb ölkənin problemlərini həll etmək əzmində olduğunu da bəyan edib. Onun bu addımı müxalifət təmsilçiləri arasındakı fikir ayrılığının olmasını bir daha gündəmə gətirib. Qeyd edək ki, İctimai Palatada (İP) müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi ilə bağlı fikir ayrılığı elə əvvəlcədən var idi. Həm İP daxilindəki gərgin müzakirələr, həm də Koordinasiya Şurasında təmsil olunan şəxslərin bir-birinin ardınca istefa verməsi bu qurumda toplaşan insanlar arasında vahid namizədlə bağlı ortaq mövqe olmadığını sübut edirdi.

Müsavat başqanının son müsahibəsi isə bu ehtimalların doğru olduğunu bir daha təsdiqlədi. Müxalifət düşərgəsi təmsilçilərinin prezident postu uğrunda ayrı-ayrıldıqda mübarizə aparacağı müəyyən olundu. Artıq AXCP sədri Əli Kərimli də öz “twitter” səhifəsində İsa Qəmbərin müxalifətin namizədi olmaq istəyi ilə bağlı açıqlamasına münasibət bildirib. O, “prezidentliyə namizəd olanda, mən də müsavatçı dostları öz komandamda görmək istəyəcəyəm”, - deməklə, özünün də prezidentliyə namizəd olacağını bəyan edib. Bütün bunlar İctimai Palatanın seçkilərdə vahid namizədlə iştirakının mümkünsüz olacağını rəsmən təsdiqləmiş olub. Bu məsələlərlə bağlı “Kaspi”nin suallarını Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc cavablandırıb.

- Zahid müəllim, İsa Qəmbər növbəti prezident seçkilərində özünün namizəd olacağını bəyan edib. Başqanın bu gözlənilməz qərarı İctimai Palata üçün zərbə sayıla bilərmi?

- Ümumiyyətlə, müxalifətin fəaliyyətində, o cümlədən xüsusi olaraq İP-nın formalaşmasında dəqiq prinsiplər və əsas müqavilə şərtlərinin gözlənilməsini axtarmayın. Zaman-zaman bunlar çox sürətlə dəyişəcək. Bizim müxalifəti stabil platformada dayanan bir qüvvə kimi təsəvvür eləmək mümkün deyil. Onlar heç zaman komanda quruculuğuna qadir olmayıblar. Aralarında, hətta çox məhdud tərkib halında belə, mövcud olan ziddiyyətlər, sıravi vətəndaşın təsəvvürünə belə yansıyır ki, bunlar iqtidar cinahında hər hansı səviyyədə yer alsalar şəxsi problemlərini hakimiyyətə daşıyacaq, keçmişdəki olayları təkrarlayacaqlar. Digər tərəfdən, İP-nın təsis olunmasının bazis şərtlərindən biri vahid namizədin tapılması, bütün eloktorat imkanlarının birləşdirilməsi niyyəti idi. Amma onlar vahid namizəd məsələsinə gələn kimi sanki, həmin qurumun varlığını belə təhdid edirlər. Niyə? Doğrudanmı bu dərəcədə kövrək münasibətlər sistemi var? Əgər adi bir məsələ siyasi diskussiyalar, debatlar səviyyəsində İP-nın mövcudluğunu təhlükə qarşısında qoyursa, o zaman bunlar ölkənin ən ağır, beynəlxalq səviyyəli problemlərini necə müzakirə edib yollar tapa biləcəklər? Faktiki olaraq, İsa Qəmbər zamanını qabaqlamır. Əslində hansısa bir narazı kəsimi, hətta seçki prosesindən sonrakı dövrdə qeyri-səmimi siyasi insanları öz ətrafında birləşdirmək, alternativ hökumət modelini formalaşdırmaq barədə cəmiyyətə çıxartdıqları tezislərin cəfəngiyat olduğunu sübuta yetirir. İP həqiqətən də İsa Qəmbər və Əli Kərimlidən, iki partiyadan kənarda fərdi şəxslərin də mövqelərinin azad şəkildə ortaya qoyulduğu məkandırsa, o zaman həmin palata sosiallaşmalı, cəmiyyət həyatına çıxmalı idi. Azərbaycan insanlarının böyük bir hissəsi bu qurumun qərarlarını tanımalı, ona tabeçilik göstərməliydi. Bu qurumun qərarının həlledici xarakter daşıdığı nümayiş etdirilməliydi. Amma gerçəklikdə bu, qətiyyən belə deyil. İP üzvlərinin, o cümlədən icazəsiz aksiyalar təyin edən şəxslərin cəmiyyətdən dəstək almadığını biz müşahidə edirik. Bu isə o deməkdir ki, həmin qurum klub kimi fəaliyyət göstərməkdədir. Cəmiyyət həyatından xalidir. Hansısa strukturlaşmaya gedə bilməyib. Sanki havada mövcudluğunu qurur.

- Sizcə Müsavat başqanının son açıqlamasının arxasında hansısa başqa niyyətlər də dayanırmı?

- İsa Qəmbərin öz namizədliyində iddia etməsi, ikinci dəfədir ki, bunu dilinə gətirməsi, konkret olaraq Əli Kərimlinin iddialarına son vermək, onu özü ilə barışmağa vadar etmək, 1990-cı illərin ortalarındakı Əli Kərimlinin itaətsizlik və siyasi separatizm mövqeyinə zərbə vurmaq, bir az ondan heyfini çıxmaq, həm də öz liderliyini elektorata qəbul etdirmək niyyətidir. Görürsünüz ki, bu məsələyə dərhal reaksiya da gəlib. Bəllidir ki, bunlar hətta bu cür məhdud tərkibdə belə, vahid namizəd ətrafında ortaq fikrə gələ bilməyəcəklər. Amma nəzəri olaraq bu, hətta sonucda İsa Qəmbərin liderliyini həzm etməklə, hakimiyyətlə paralel şəkildə bir əks-blok təşkil etməklə sonuclansa belə, o zaman görəcəksiniz ki, digərlərinin götürdüyü xallar və yerlər heç balans da sayılmayacaq. Faktiki olaraq İsa Qəmbər Əli Kərimlinin necə deyərlər, şərtləri altında qalacaq. Mən yaxşı xatırlayıram ki, 2003-cü ilin seçkiləri dövründə Etibar Məmmədovu da bu prosesə qoşmaq üçün gecə saat 3-də müqavilə bağlamışdılar. Səhər saat 9-da bu müqavilə qüvvədən düşdü. Bu onların qeyri-dayanıqlı olduğunu, kifayət qədər siyasi sürüşkənliyə meylli olduqlarını sübut etdi. Mən hesab edirəm ki, İsa Qəmbər 2010-cu ilin seçkilərində özünün irəli sürdüyü təklifin girovuna çevrilib. Onun AXCP-nin qurultayında birləşmə ilə bağlı təbrik xarakterli sözündən siyasi həyatdan xeyli dərəcədə arxa plana atılmış Əli Kərimli yararlandı. O, bu ideyanı götürərək, iki partiyanın birləşməsi istiqamətində danışıqlara başladı. Bununla hakimiyyətlə nisbətən normal münasibətlər qurmağa başlayan və “Yeni Müsavat” qəzetinin çevrəsində müəyyən mənada optimal bir platformaya transfer olunmaq istəyən Müsavat Partiyası və İsa Qəmbər həmin prosesin zəminində Əli Kərimlinin ağır vəziyyətinə şərik oldu, onun durumuna qayıtdı. Bununla bir az da sərtləşdi, radikallaşdı və bəlli aqibəti yaşadı. Ona görə də əslində İP-nın yox, Əli Kərimli və İsa Qəmbərin siyasi gələcəyi üçün belə bir sual var. Əgər İsa Qəmbər AXCP ilə birləşəcək və Əli Kərimli ilə eyni mövqeyi bölüşəcəksə, bu, partiya üçün növbəti uğursuzluqlar vəd edəcək. Təkrarən 2009-cu ilin əvvəllərindən başlanan xətti davam etdirmək niyyəti və hakimiyyətlə kompromislər, dialoq, bir sıra uğurların tanınması, legitimlik məsələsinin ortadan götürülməsi və sair kimi elementlər təkrar dövriyyəyə qayıdacaqsa, bu halda mümkündür ki, Müsavat və AXCP birdəfəlik ayrılsın.

- Müxalifət liderlərinin bir-birinin ardınca namizəd olacaqlarını açıqlaması ümumilikdə onların seçkilərdə uğur qazanmaq şanslarını azaltmırmı?

- Müxalifət yenə də dağılmış vəziyyətdə bu kampaniyaya qoşulacaqlar və biri digərinə rəqib kimi çıxış edəcəklər. Faktiki olaraq onların içərisində müxalifətin lideri olmaq mübarizəsi gedir. Amma keçmiş dövrdə də söylədiyimiz kimi, aralarında böyük bir həzmetməməzlik var. Guya ideya siyasi baxışlarına görə yaxındırlar, amma həqiqətdə isə bir-birinə zidd qüvvələrdən ibarətdirlər. Hakimiyyət amili guya ki, onların içərisindəki qarşıdurmanı müəyyən mənada üzə çıxarmağa imkan vermir. Amma konkret situasiyalarda bu, sızır və bizlər də, cəmiyyət də onu görür. Müxalifətin qarşıdakı dövr üçün proseslərdə lenincəsinə irəliyə duran və bütün narazı kəsimi öz şöhrətində təşkilatlandıran, hətta virtual məkandakı aktivliyi real həyata daşımağı bacaran, onları təşkilatlandıran bir qüvvə yoxdur. Açıq desəm, bu müxalifət hakimiyyətə çox sərfəlidir. Seçkiqabağı bunlar birləşirlərsə, deməli, hakimiyyət qarşısında zəifliklərini etiraf edirlər. Dərk edirlər ki, vəziyyətləri kifayət qədər ağırdır və hakimiyyətin qarşısında duruş gətirmək üçün başqa yolları yoxdur.

- Hazırda elə bir şəxs varmı ki, o, həqiqətən də müxalifət düşərgəsinin vahid namizədi olsun?

- Belə bir şəxs yoxdur. Əgər bunlar hətta vaxtilə öz siyasi-ideya baxışlarına, dünya görüşlərinə liderlik missiyasına görə tapındıqları Əbülfəz Elçibəyə 1998-ci ildə belə bir şansı tanımadılarsa, tam əmin edirəm ki, müxalifətin birləşdirici fiquru mövcud deyil. Faktiki olaraq, bu vəziyyətdə hətta onlar nəzəri razılaşmaları alsalar da, yerli təşkilatlar səviyyəsində bu birləşmə heç bir xüsusi mənanı, siyasi dəyişikliyi əldə etməyə imkan yaratmayacaq. Necə deyərlər, imzalanmış o sazişlər belə çox məhdud tərkibləri, rayon bölmələrini itaətsizliyə aparacaq. Mən şahidiyəm ki, parlament seçkiləri dövründə paytaxtda onların qəbul etdiyi vahid namizədləri yerlər qəbul etmirdi. Beləliklə də, bu qərar nə onun imza toplamasına, nə seçkilərdə vahid bir qüvvə kimi iştirakına, insanların gəlib onlara səs verməsinin təşkilinə səbəb olmadı. Ona görə də bu gün ölkədə müxalifətin qərarları, addımları həlledici mənada nəzərdən keçirilmir. Ümumiyyətlə, 2013-cü ilin vahid namizədliyini, prezident seçkiləri marafonunun vəziyyətini təsvir etməli olsaq, mən deyərdim ki, dövlət başçısının buna qədərki kursu onun gələcək liderliyini və bu ölkəyə rəhbərliyini zəruri edir. İlham Əliyevin qarşısında yeni dövrün çağırışları dayanır. Misal üçün, məmurların daha şəffaf fəaliyyəti, xalq qarşısında hesabatlılıq, büdcə vəsaitlərinin ünvanlılığı, geniş sahibkarlıq ordusunun formalaşması, orta təbəqənin yaranması, xarici əlaqələrin daha sistemli qurulması və sair. Yəni, yeni problemlər, yeni vəzifələr dövlət başçısının indiyə qədərki kursunun uğurlarını qoruyub saxlamaqla davam etdirməyi zəruri edir. Ona görə də konkret hansısa namizəd İlham Əliyevə opponent deyil.

Rufik İSMAYILOV