• cümə, 29 Mart, 13:15
  • Baku Bakı 14°C

Müxalifət Rafiq Əliyevi də bezdirdi

08.04.14 12:48 1198
Müxalifət Rafiq Əliyevi də bezdirdi
Radikal müxalifət liderlərinin apardığı mübarizənin arxasında milli-dövlət maraqlarının deyil, şəxsi mənafelərin, ambisiyaların, vəzifə hərisliyinin dayandığını dəfələrlə öz yazılarımızda qeyd etmişik. Bu dəfə isə onların daxili aləmini, pərdəarxası oyunlarını Ziyalılar Forumunun üzvü, müxalifətin dəfələrlə öz sıralarına cəlb etmək istədiyi professor Rafiq Əliyev “açıb-töküb”. O, APA-ya müsahibəsində heç zaman müxalifət adamı olmadığını, əvvəlcədən də Milli Şuraya qoşulmaq barədə qətiyyən fikirləşmədiyini bəyan edib. Sadəcə hadisələrə müxalif mövqedən yanaşdığını dilə gətirən professor hazırda Ziyalılar Forumunun fəaliyyətində səngimə hiss edildiyini də diqqətə çatdırıb. Azərbaycan cəmiyyətində milli barışın, milli birliyin çatışmadığını vurğulayan R.Əliyev vaxtilə Milli Şurada bir yerdə təmsil olunan qüvvələrin hikkəsinin bu birliyə mane olduğunu söyləyib: “Hikkə. Ad çəkə bilmirəm, ümumiyyətlə, hamı mane olur. Bir az elmi dildə desəm, Aristotel məntiqi ilə düşüncə tərzi. Kim bizimlə deyil, bizim düşmənimizdir. Yəni, ikili məntiqlə düşüncə tərzi. Mənim hələ Milli Şuradan çox qabaq bir yazım vardı. Demişdim ki, mən bir az bədgümanam, çünki hikkə qoymayacaq ki, bu birlik alınsın. Hazırda milli birlik üçün körpü yoxdur”.
Göründüyü kimi bir vaxtlar bəzilərinin müxalifətin vahid namizədi kimi qələmə verdiyi R.Əliyev artıq bu düşərgənin əsl mahiyyətini anlamağa başlayıb. Başqa sözlə desək, düşərgə daxilindəki qeyri-səmimilik, daxili intriqalar, didişmələr, liderlərin hikkəli davranışları R.Əliyevi də bezdirib.
Xatırladaq ki, hələ ötən ilin iyununda Milli Şura yaradılanda bu qurumun cəmiyyətin bütün təbəqələri, o cümlədən ziyalılar, siyasətçilər, QHT-lər, sadə vətəndaşlar tərəfindən dəstəklənəcəyi, narazı elektoratın müxalifətin bu “birliyi” ətrafında birləşəcəyi qeyd olunurdu. Lakin az keçmədi ki, bu “birlik” çat verdi. Milli Şurada toplaşan partiya sədrlərinin qeyri-səmimiliyini hiss edən Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət hələ prezident seçkiləri keçirilməmiş bu qurumu tərk etdi. Sonradan mətbuata bu barədə açıqlama verən L.Şövkət Milli Şuraya, müxalifətin koalisiyanın formalaşdırılmasına ancaq Rüstəm İbrahimbəyovun zəngindən sonra qoşulduğunu bildirdi. O, bunun fövqündə qurumda təmsil olunan bəzi insanlarla bir masa arxasında oturmağı heç zaman özünə rəva bilmədiyini, diqqətə çatdırdı: “Milli Şurada olan bəzi insanlar İbrahimbəyova dezinformasiya çatdıraraq onu çox pis vəziyyətdə qoydular. O, pasport məsələsini həll edə bilmədiyini deyən məqamdan sonra, Rüstəm bəyi dünən göylərə qaldıranlar, ağsaqqal və böyük sayanlar dərhal ona qarşı təhqirə keçdilər və qəzetlərində ona qarşı təbliğata başladılar. Belə də mənəviyyatsızlıq olar? Belə adamlarla işləmək mümkün deyil. Onlar daim məni ittiham edirlər ki, Heydər Əliyevin vaxtında az qala ölkədə əsas adam olmuşam, Heydər Əliyevlə işləmişəm. Bəli, işləmişəm, Heydər Əliyevin komandasında olmuşam. Bu həyatımın bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm. Bunlar isə heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər. Mən bunu açıq bəyan edirəm və sözümün üstündə dururam. Əgər onlar Heydər Əliyev siyasətini qəbul etmədiklərini bildirilərsə, biz də bunların siyasətinin törətdiyi faciələri görmüşük. Heydər Əliyev üçün 1993-cü ildə Naxçıvana təyyarə göndərənlər və gəlişi üçün yalvaranlar bunlar olub. Bu, tarixdir. Və heç kim bunu yaddan çıxarmayıb”.
L.Şövkət Milli Şurada əsas iki partiyadan birinə başqanlıq edən İsa Qəmbərin məqsədli şəkildə İbrahimbəyova qarşı çirkin kampaniya apardığını bildirərək, 1998-ci ildə eynilə çirkin kampaniyanın Elçibəyə qarşı aparıldığına da diqqət çəkdi: “Tarix və insanlar bunu yaddaşda həkk ediblər. İndi nə oldu ki, həmən bu adamlar özünü “elçibəyçilər” adlandırırlar? Niyə görə 1998-ci ildə mən Elçibəyin vahid namizəd olmasını təkid edəndə buna qarşı İsa Qəmbər çıxırdı? Hamı yaxşı bilir ki, məhz İsa Qəmbər Elçibəyin vahid namizədliyinə qarşı çıxdı. İndi deyin görüm, kimdir elçibəyçi?”.
Öz liderinin istefasından bir müddət sonra ALP sədri Əvəz Temirxan da Milli Şuranın daxili düşmənçiliyə üstünlük verdiyini, nümayəndələrin əsas hədəflərdən yayındığını əsas gətirərək qurumu tərk etdi. Getdikcə daha çox daxili çəkişmələrlə gündəmə gələn Milli Şuradan AXCP sədrinin müavini Asəf Quliyev, “EL” Hərəkatı sədrinin ictimai əlaqələr üzrə müavini, sabiq icra başçısı İlham Hüseyn, ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova, Mövsüm Səmədov və başqaları da istefa vermək məcburiyyətində qaldılar. Onlar da belə bir qərar qəbul etmələrinə səbəb kimi Milli Şura daxilindəki çəkişmələri göstərdilər. ACP lideri Rəsul Quliyev isə Milli Şuradan istefa verərkən Azərbaycan müxalifətinin 20 ildə heç bir uğur əldə etmədiyini bildirdi və bu uğursuzluğun səbəbinin köhnə düşüncəli insanların hələ də siyasi səhnədə qalması ilə əlaqələndirdi.
İstefaların ard-arda gəldiyi, güclü partiya liderlərinin Milli Şuradan uzaqlaşdığı bir ərəfədə AXCP və Müsavat sədrlərinin bir-birinə qarşı savaş açması isə qurumu daha da zəiflədərək, parçalanmanı bir qədər də artırdı. Müsavat başqanı Milli Şuranın sədri olmaq üçün ayrı-ayrılıqda partiya rəhbərləri ilə apardığı gizli danışıqlar nəticə vermədiyindən, onun bütövlükdə müxalifətə rəhbərlik etmək arzusu reallaşmadığından bəyanat verərək qurumu tərk etdi. Bununla müxalifət daxilində xəyanət, satqınçılıq mövzusu yenidən gündəmə gəldi ki, bu da Milli Şuranın sıravi üzvlərinin olan-qalan ümidlərini də puç etdi. Hazırda isə AXCP sədri Əli Kərimlinin iradəsindən asılı qalan Milli Şuranın yalnız adı qalıb. Təsir gücü böyük olan yeni birliyin yaranması isə Rafiq Əliyevin aşıqlamalarından da görünür ki, mümkünsüzdür. Müxaliflər arasındakı ziddiyyətlər çox dərindir. O qədər dərindir ki, hətta Rafiq Əliyev tipli ziyalıların da düşərgəyə qoşulmasına mane olur. Qoşulanlar da tezliklə səhvlərini başa düşüb geriyə addım atırlar!
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər