• cümə axşamı, 18 aprel, 21:09
  • Baku Bakı 21°C

Müxalifət Qarabağı çoxdan unudub

30.08.13 09:58 1584
Müxalifət Qarabağı çoxdan unudub
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli bir-birinin ardınca verdiyi açıqlamalarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində rəsmi Bakının mövqeyini tənqid edən fikirlər səsləndirir. O, 20 il müddətində işğal olunan torpaqlarımızın heç 20 metrinin geri qaytarılmamasını az qala hakimiyyətin böyük günahı kimi təqdim edir. Müxalifət namizədi danışıqlar prosesi ilə məşğul olan ATƏT-in Minsk qrupunu da kəskin tənqid etməklə yanaşı, bu missiyadan imtina edilməli olduğunu söyləyir. Bəs görəsən C.Həsənli Qarabağı azad etməyin hansı unikal yolunu bilir?
Məsələyə politoloqlar münasibət bildirdilər.
Politoloq Elman Nəsirov hesab edir ki, bu məsələnin həllinin yubadılmasında ölkə rəhbərliyinin heç bir günahı yoxdur. Çünki prezident İlham Əliyev özü dəfələrlə ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib: “Onların fəaliyyətinin nəticəsizliyi hər kəsə bəllidir. Ölkə prezidenti bir neçə dəfə qeyd edib ki, bu məsələdə ikili standartlar var. Həmin standartlar ucbatından məsələ hələ ədalətli həllini tapmayıb. Problem ondadır ki, bu cür çıxışlar etmək, kimisə tənqid etmək ən asan işdir. Ayrı-ayrı şəxslər, namizədlər bu gün dövləti elə ittiham edir ki, guya hökumətin fəaliyyətsizliyi nəticəsində ATƏT-in Minsk qrupu işləyə bilmir. Belə ittihamlar obyektiv reallığı əks etdirmir və subyektiv yanaşmadır. Təəssüf ki, Dağlıq Qarabağ problemi regional münaqişədir. Burada İran, Rusiya, Türkiyə, Birləşmiş Ştatlar, NATO, Avropa İttifaqı və s. faktorlar var. Düşünürəm ki, problem bu qədər qüvvələrin maraqları üst-üstə düşən zaman həll oluna bilər. Bu isə çox mürəkkəb məqamdır”.
E. Nəsirovun fikrincə, məsələnin qəlizliyi ondadır ki, bu problemlə ATƏT deyil, Avropa İttifaqı (Aİ) da məşğul olsa, yenə həmin nəticə olacaq. Çünki Aİ-də də əsas güc sahibləri həmin qüvvələrdir. Politoloq bildirir ki, 20 il ərzində Azərbaycan rəhbərlərinin cəhdləri, beynəlxalq təşkilatların səyləri heç bir nəticə verməyibsə, deməli, burada çox ciddi, düyünə düşmüş məsələlər var. «Belə olan vəziyyətdə mən hesab etmirəm ki, Cəmil Həsənli münaqişənin unikal həll yolunu tapsın və bu məsələni həll etsin. Əgər belə bir çıxış yolu varsa, bir vətənini sevən şəxs kimi həmin resepti hakimiyyətə təqdim etsə, yaxşı olar. Zənnimcə, bu sadəcə populist çıxışdır».
Politoloq Cümşüd Nuriyev dedi ki, C. Həsənli özü də sülh yolunu qəbul edən şəxsdir. Amma «20 ildə 20 metr torpaq alınmayıb» deməmişdən öncə bir tarixçi kimi keçmişə nəzər salsın və xatırlasın ki, Dağlıq Qarabağ məsələsini kim beynəlmiləlləşdirdi, kimin vaxtında və niyə bu məsələləri daha da şişirtdilər: “Cəmil Həsənli və digərləri başqa bir məsələyə də nəzər salmalıdır ki, Xankəndinin 15 metrliyində olan Azərbaycan ordusu kimin vaxtında geri çəkdirildi və niyə? Bu tip suallara qalsa, çox şeylər demək olar. O, araşdırmaçı alimdir, yaxşı olar ki, belə populizmə getməsin. Bu yolla özünə daha çox seçici cəlb etmək istəyirsə, düşünürəm ki, uğurlu varianta əl atmayıb. Populist çıxışlarla müvəqqəti diqqət çəkmək olar. Amma bu, seçkini udmağa yardım etməyəcək, hətta əks nəticə verəcək”.
C. Nuriyev xatırlatdı ki, əvvəlcə ordusu olmayan bir dövlətin indi dünya standartlarına uyğun ordusu, təminatı, təchizatı var. Həmçinin, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün hər zaman müasir silahlar alır: “Cəmil Həsənli çox gözəl bilir ki, seçki dövründə 1-2 ay ərzində bu məsələləri qabartmaqla müəyyən adamların könlünə yol tapa bilər. Amma başqa bir şeyi nəzərə almır ki, müharibə olarsa, nə qədər insanların qanı töküləcək. Onsuz da müharibə məsələsi gündəmdədir. Amma biz daim sülhə tərəfdar çıxırıq. Müharibə hələ olmayıbsa, Azərbaycan torpaqlarını necə qaytarmalıdır? Ermənilər özləri o əraziləri boşaltmalıdır. Bunu ilk növbədə beynəlxalq təşkilatlar onlardan tələb etməlidir. Beynəlxalq təşkilatlara mane olanlardan biri də Cəmil Həsənlinin mənsub olduğu müxalifətdir. Çünki onlar üçün Qarabağ yaddan çıxıb, dərdləri ancaq seçkilərdir. Bu tip bəyanatlarla müvəqqəti olaraq kimlərinsə başını dumanlandıra bilərlər. Amma Azərbaycan iqtidarının 20 ildə gördüyü işləri danmaq olmaz. Qarabağın əldə olunması üzrə qanunun imkan verdiyi hər bir şey artıqlaması ilə edilib. Beynəlxalq güclərin, Qafqazdakı maraqların, xristian dünyasının həmrəyliyi ucbatından problem həllini tapmır. Bu o demək deyil ki, Azərbaycan öz torpaqlarını geri qaytarmaq istəmir. Dağlıq Qarabağ məsələsinin həlli hamıdan çox İlham Əliyevə lazımdır. O, hər şeyi etməyə hazırdır ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Seçki kampaniyasında alternativ fikir söyləmək olar. Amma prezidentə qarşı haqsız davranmaq və bu cür məsələlərdə ittiham etmək yolverilməzdir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər