• cümə, 29 Mart, 16:23
  • Baku Bakı 14°C

Müxalifət partiyalarının rəhbərlikləri istefaya getməlidir

23.10.13 11:18 1735
Müxalifət partiyalarının rəhbərlikləri istefaya getməlidir
Oktyabrın 16-da Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva və Ali Məclis sədrinin müavini Solmaz Ələsgərova partiya sıralarından istefa veriblər. Bu hadisədən 2 gün sonra isə eks-spiker Rəsul Quliyev skayp vasitəsilə ACP-nin toplantısına qatılaraq, bu siyasi təşkilata liderlikdən və partiya üzvlüyündən imtina edib. İstefaların səbəbi, müxalifət düşərgəsindəki vəziyyət, prezident seçkiləri, Milli Şuranın məğlubiyyəti və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını sabiq millət vəkili, Açıq Cəmiyyət Partiyası Ali Məclisinin keçmiş sədri Zəminə Dünyamalıyeva cavablandırır.
- Zəminə xanım, bu dəfə istefanıza səbəb nədir?
- Azərbaycanda prezident seçkiləri öncəsi bir qrup müxalifət partiyası, o cümlədən ACP Milli Şura adlanan qurumda bir araya gəldi. Burada hədəf prezident seçkisinə vahid namizədlə getmək, uğur qazanmaq idi. Lakin 9 oktyabr seçkisində Milli Şura və onun namizədi gözlənilən uğuru qazana bilmədi. Ona görə də seçkiyə hesablanmış bu qurumun seçkidən sonra özünü buraxmasını düzgün addım hesab edirəm. 20 ildir müxalifət adı altında fəaliyyət göstərən və Milli Şurada da təmsil olunan bəzi siyasi partiyalar hər beş ildən bir uğursuzluğa düçar olurlar. Bu səbəbdən birmənalı olaraq istefaya getməlidirlər. ACP də Milli Şurada təmsil olunduğu üçün, söylədiyim fikirlər, gəldiyim qənaət bu partiyaya da şamil olunurdu. Hesab edirəm ki, 20 il müxalifətdə qalmağın özü yanlış yanaşmadır. Bu ötən illər ərzində 10 mühüm seçki keçirilib. Əgər bu seçkilərdə mahiyyət etibarilə müxalifət nəyəsə nail olmayıbsa, təkrar müxalifətdə qalmaq qeyri-etik addım olardı. Azərbaycan cəmiyyəti yenilənir, yeniləşmə prosesi gedir. Belə olan halda müxalifət də yenilənməlidir. Bu kimi səbəbləri əsas gətirib çox düşündüm və sonda istefa vermək qərarına gəldim. Bir mənim, eləcə də 20 ildir müxalifətdə təmsil olunan hansısa bir adamın siyasi səhnədən getməsi ilə dünya dağılmayacaq. Necə ki, müxalifət iqtidar qarşısında yeniləşmə, istefa tələbi qoyur, eyni tələbləri özünə də aid etməlidir. Nəzər yetirsək görərik ki, ötən 20 ildə hakimiyyətdə dəyişikliklər olub, amma müxalifətdə belə bir şey olmayıb. Ona görə də digər müxalifət liderləri də özlərində cəsarət tapıb istefaya getməlidirlər. Əgər onlar düzgünlükdən, demokratiyadan danışırlarsa, bunu hakim partiyadan, iqtidardan tələb edirlərsə, özləri də buna riayət etməlidirlər. Cəmiyyətin formalaşması üçün indiki müxalifət partiyalarının rəhbərləri bütövlükdə istefaya getməlidir. Onlar öz yerlərini gənclərə, yeni qüvvələrə verməlidirlər. Ola bilər ki, onların bacarmadığını gənclər bacarar. Dəyişikliyin özü bir yenilik gətirməlidir.
- Sizin ardınızca, eks-spiker Rəsul Quliyev də ACP liderliyindən və üzvlüyündən gedib. Onun belə bir qərar qəbul etməsinə səbəb nə olub?
- Mənə elə gəlir ki, Rəsul bəyin bu mövqeyi təqdirəlayiqdir. O, çox demokratik addım atıbdır. Bayaq qeyd etdiyim kimi, cəmiyyət inkişaf edib yeniləndiyi üçün müxalifət də yenilənməlidir. Rəsul bəy də bu amili əsas tutaraq, partiya üzvlüyündən və liderliyindən getdi. Mən onun bu addımını müsbət dəyərləndirirəm. Rəsul bəy partiyadan getməzdən öncə özünün facebook səhifəsində mövqeyini açıqlayıb. Bu barədə video-görüntü yayıb. Həmin videoda da Rəsul bəy öz fikirlərini açıq-aydın şəkildə izah edib, gəldiyi qənaəti bölüşüb. Bildirib ki, 20 ildir müxalifət heç nəyə nail olmur və bu nöqteyi-nəzərdən liderlikdən imtina edir. Mən də onun bu fikri ilə şərikəm.
- Rəsul Quliyevin, sizin və rəfiqənizin istefasına partiyadaşlarınızın, həmçinin ACP sədri Sülhəddin Əkbərin reaksiyası necə oldu?
- Bizim istefamızla bağlı bir çox adamlar fərqli düşünə bilərlər. Bu, onların mövqeyidir. Amma, o işi ki, mən və ya Rəsul bəy görəcək, qərarı bizlər verəcəyiksə, başqasının nə düşünməsi önəmli deyil. Hər kəs istədiyi cür düşünə bilər. Şəxsən mən heç kimin təsiri olmadan, öz istəyimlə, müstəqil şəkildə belə bir addım atmışam.
- Siyasi ekspertlər ACP-dəki istefalardan sonra partiya sədri Sülhəddin Əkbərin də rəhbərlikdən getməsini proqnozlaşdırırlar. Hətta iddia edirlər ki, onun təkrar Müsavat Partiyası sıralarına qoşulma ehtimalı böyükdür. Siz bu ehtimalları necə qiymətləndirirsiniz?
- Mən buna inanmıram. Mətbuatda bu barədə məlumatın yer almasını da dezinformasiya hesab edirəm. Bununla yanaşı, partiyadan gedəndən sonra kimin nə düşünməsi, hansı addımı atması məni düşündürmür. Çünki, mən artıq ACP-nin üzvü deyiləm və həmin siyasi təşkilat rəhbərinin atacağı addımı şərh etmək də mənə düşməz.
- Siz və rəfiqəniz Solmaz Ələsgərova hələ deputat olduğunuz dövrdə eks-spiker Rəsul Quliyevin sədri olduğu Azərbaycan Demokrat Partiyasına (ADP) üzv olmuş, sonradan onunla birlikdə ADP-dən ayrılaraq ACP-ni quranlardan olmuşdunuz. Bir neçə gün bundan öncə də rəfiqənizlə birlikdə ACP-dən istefa vermisiniz. Bu dəfə də yeni bir siyasi təşkilatın yaradılması prosesində iştirak etmək fikriniz varmı?
- Əgər biz yeni partiya yaratmağı planlaşdırmışıqsa, o zaman partiyadan niyə istefa vermişik ki? Onsuz da ACP-ni biz yaratmışdıq. Kimlərsə oraya sonradan gəlmişdi. Partiya elə bir qurumdur ki, oraya gələnlər və gedənlər hər zaman olur. Bu təbii prosesdir. Amma partiyanın yaradıcılarına yanaşma fərqlidir. ACP-nin yaradıcıları da biz olmuşuq. İndi yaratdığımız partiyadan istefa veririksə, təkrar partiya yaratmağın nə mənası var? Bu, məntiqsizlikdir. Biz öz şəxsi mənafeyimizi kənara qoyub ümummilli maraqları, milli mənafeyi, milli maraqları üstün tutmuşuq. Bu dəyərlərə xidmət etmək naminə istefa vermişik. Belə olan halda təkrar niyə partiya yaradaq ki? Bizim fərd olaraq hansısa şəxsi istəyimiz var idisə, o zaman yaratdığımız və təmsil olunduğumuz partiya vasitəsilə də bunu təmin edə bilərdik.
- Ümumiyyətlə, siyasi proseslərdən kənarda qalmaq istəyirsinizmi?
- Yalnız, partiya üzvü olmaqla siyasətlə məşğul olmurlar. Hansısa bir ideyanın daşıyıcısısansa, deməli, ona uyğun siyasi xətt yürüdən partiyada da təmsil olunmuş sayılırsan. Yəni, həmin partiyanın ideyası ilə məşğul olursan. Lakin partiyanın siyasi xətti sənin maraqların çərçivəsindən çıxırsa, o zaman istefa verməli olursan. Amma, bu da o demək deyil ki, sənin siyasi fəaliyyətinə son qoyuldu. Həyat davam edir. Rəsul Quliyevin, mənim siyasi partiyadan istefa verməyimiz həyatın sonu demək deyil. Sadəcə, biz həyatımızın o hissəsinə, həmin partiyanın ideyasının arxasınca getməyə nöqtə qoymuşuq.
- 9 oktyabr prezident seçkilərini, bu seçkilərdə Milli Şuranın vahid namizədinin özlərini demokratik qüvvələr elan edənlərin söylədiyi kimi çox səs toplaya bilməməsini nə ilə əlaqələndirirsiniz?
- Milli Şuranın yanlış istiqamətdə iş aparması sonda həm bu qurumun, həm də vahid namizədin seçkilərdə məğlub olması ilə nəticələndi. Milli Şura yarananda tamamilə başqa ideyanı özündə ehtiva etdi. Sonradan bu qurumda təmsil olunan bəzi adamlar Milli Şuranı öz maraqlarını təmin etmək üçün vasitəyə çevirdilər. Biz bunu görürdük. Ona görə də Rəsul Quliyev, eləcə də mən dəfələrlə mətbuata Milli Şuranın yanlış yolda olması barədə açıqlamalar verdik, fikrimizi bildirdik. Əvvəlcədən qeyd etmişdik ki, bu gedişlə Milli Şura seçkidə ciddi nailiyyət əldə edə bilməyəcək, uğur qazanmayacaq. Rəsul bəy Milli Şuranı tənqid edərkən, bu qurumun gedə biləcəyi düzgün yolu da göstərmişdi. Təəssüflər olsun ki, söylənilənlərə əməl edən olmadı.
- Siz də bildirdiniz ki, Milli Şura düzgün fəaliyyət istiqaməti seçmədiyi üçün seçkilərdə hər hansı uğura, nailiyyətə imza ata bilmədi. Belə olan halda məğlub tərəfin qalib tərəfi qəbul etməməsini, seçkilərin nəticələrini tanımamasını necə dəyərləndirirsiniz?
- Hər dəfə seçki öncəsi insanlara çoxsaylı vədlər vermək, seçkini uduzandan sonra isə müxtəlif bəyanatlar verərək, nəticələri gözdən salmaq yolverilməzdir. Hər bir siyasətçi seçkidəki məğlubiyyətinin səbəbini ilk növbədə özündə axtarmalıdır. Boş-boş şüarlarla insanları nə vaxta kimi aldatmaq olar? Fikrimcə, cəmiyyətə yalandan vədlər verənlər, əvvəlcə özlərini aldadır, daha sonra insanları da buna inandırmaq istəyirlər. Belə fəaliyyətin nəticəsi göz qabağındadır. Əgər siyasi müxalifətdə 20 ildir yer alan liderlər öz postlarını tərk etməyib bundan sonra daha 20 il Milli Şurada qalsalar belə, yenə heç nə dəyişməyəcək. Milli Şuradakı liderlərin hamısı heç də eyni mövqedən çıxış edə bilmir, eyni fikir ətrafında bir araya gələ bilmirlər. Belə halda onların hansı uğurundan, hansı nailiyyətindən danışmaq olar? İndi gəncliyi yanlış yola salıb onları səhv istiqamətə yönəldənlər nə vaxtsa bunun cəzasını çəkəcəklər.
- Bəzi ekspertlər Milli Şuranın namizədi Cəmil Həsənlinin seçkidən dərhal sonra Avropa ölkələrinə səfər etməsini onun xarici qüvvələrə hesabat verməsi kimi xarakterizə edirlər. Siz bu barədə nə düşünürsünüz?
- Ölkəmiz və vətəndaşımız üçün mən onu qəbahət hesab edirəm ki, öz vətənində normal fikir yürüdə bilməyib, xaricə üz tutur, kimlərdənsə dəstək almağa çalışırsan. Belə adamların qəti əleyhinəyəm. Biz azərbaycanlıyıq və istənilən problemimizi də daxildə özümüz həll etməliyik. Başqa millətlərin havadarlarından özümüzə nicat ummamalıyıq. Özümüzü bu qədər kiçildib kimlərinsə qarşısında hesabat vermək səviyyəsinə gətirib çıxarmamalıyıq. Heç bir əcnəbi dövlət, yaxud da əcnəbi vətəndaş öz ölkəsinin, dövlətinin maraqlarını biz görə aşağılamır. Atdığı ilk addımda vətəndaş olaraq özünün deyil, ölkəsinin maraqlarından çıxış edir. Yaxşı olardı ki, müxalifət ötən iki onillik ərzində iqtidarla münasibətləri düşmənçilik səviyyəsinə gətirib çıxarmayaydı. ən çətin zamanda, ən mürəkkəb problemin həlli dialoqdan keçir. Ona görə müxalifət də iqtidarla dialoqa can atmalı, çatışmazlıqları danışıqlar masası arxasında, müzakirələr yolu ilə həll etməlidir. Müxalifətdə və iqtidarda təmsil olunanlar Azərbaycan adlı ölkənin övladlarıdır. İmkan verməməliyik ki, kənardan bu övladlar arasına düşmənçilik toxumu səpilsin.
- Seçki başa çatıb, MSK nəticələri elan edib, Konstitusiya Məhkəməsi bu nəticəni təsdiq edib. Bütün bunlardan sonra Milli Şuranın mitinq keçirməsinin, gəncləri təxribata yönəltməsinin nə mənası var?
- Milli Şuranın bu cür qərarlar qəbul etməsi gülüncdür. Bayaq söylədiyim kimi, Milli Şura prezident seçkisinə hesablanmış bir qurum idi. Oktyabrın 9-da seçkilər keçirildi, seçicilərin 70 faizdən çoxu istədiyi namizədə səs verməklə öz seçimlərini etdilər. Buna qədər Milli Şuranın geniş bir meydanı, böyük şansı var idi. Müxalifət liderləri buna qədər xeyli iş görə bilərdilər. Yəni dinc aksiyalarını keçirdə, müxtəlif fikirlər səsləndirə bilər, uğurlu təbliğat qura bilərdilər. 9 oktyabr tarixi başa çatandan və nəticələr baxımından küncə dirənəndən sonra Milli Şuranın nə edə biləcəyi mənə çatmır. Onların şansı bu tarixə qədər idi. Əgər 9 oktyabra kimi onların çağırışına 9,4 milyonluq Azərbaycan xalqından 9 nəfər gəlməyibsə, seçkini uduzduqdan sonra Milli Şuranın mitinqinə kim gələcək? Bu qurumda toplaşan liderlər keçmiş tarixə nəzər salıb görməlidirlər ki, 1988, 89, 90, 91-ci illərdə kütləvi şəkildə meydanlara toplaşan bu xalq idi. Necə olur ki, Milli Şurada toplaşan bir neçə partiya sədri çağırış edir, amma onların səsinə bu xalqın heç on min nümayəndəsi də səs vermir? Bu sualı onlar özlərinə verməlidirlər. Cavab sadədir: Onlar ötən 20 il ərzində xalqın inamını itiriblər. Azərbaycan xalqı daha onlara inanmır, arxalarınca getmir. Bu kimi səbəblərdən hesab edirəm ki, 9 oktyabr tarixindən sonra Milli Şuranın keçirdiyi və keçirəcəyi bütün mitinqlərin hamısı əvvəl özlərini, ardınca da xalqı aldatmağa xidmət edir. Bundan başqa heç bir şeyə yaramır. Öz səhvlərini görməyən, uğursuzluqlarından nəticə çıxarmayan, məğlubiyyətə görə xalqı suçlayan Milli Şuranın gələcəkdə nəyəsə nail olacağına da ümid yoxdur.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər