• cümə, 29 Mart, 08:41
  • Baku Bakı 5°C

“Müxalifət partiyalarında demokratiya olsaydı, rəhbərləri çoxdan dəyişərdi”

22.01.14 11:03 1369
“Müxalifət partiyalarında demokratiya olsaydı, rəhbərləri çoxdan dəyişərdi”
Xeyli vaxtdır davam edən, bəlkə də, çoxlarını bezdirən, nəhayət ki, “birliy”in baş tutduğuna inananları başını itirmiş duruma salan, Milli Şuranın fəaliyyəti kimi onların ümidlərini də sıfıra endirən keçmiş “qardaşlar” arasında soyuq müharibə davam edir. Onlar artıq şəkillərdəki kimi məclisdə qol qaldırmırlar. Bu aralar qollar yalnız “qardaş”ı və onun ətrafını “yıxıb sürümək” üçün qaldırılır. Tarixin yaddaşında “liderinə xəyanət edən” damğası ilə qalan şəxslər təkcə bu ləkəni üzərilərindən atmağa deyil, həm də onu qarşı tərəfin üstünə yıxmağa çalışırlar. Nəticədə keçmiş Milli Şura üzvləri əsas fəaliyyətlərinin nə olduğunu unudub vaxtlarını bir-birlərinə qarşı kəskin ifadələr səsləndirməyə, didişməyə sərf edirlər. Vuruşan partiyaların nümayəndələri “faktlara” istinad edərək özlərini cəsur, qarşı tərəfi isə qorxaq və satqın adlandırırlar. Bu kontekstdə “Yurd”çularla bağlı müzakirələr yenidən intensivləşir.
Qəzetimizə açıqlama verən Yurddaş Partiyasının sədri Mais Səfərli hesab edir ki, müxalifətçilər ilk olaraq xalqı, onlar üçün nəyin faydalı ola biləcəyini düşünməlidirlər. Bu, nəinki müxalif qüvvələrin, hər bir ölkə vətəndaşının borcudur: “XALQ CƏBHƏSİNİN "YURD" HƏQİQƏTLƏRİ” adlı kitaba gəldikdə isə yazılanların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını deyə bilmərəm. Orada çox ciddi ittihamlar vurğulanır. Xalq Cəbhəsinin hüquqi bazasında, normativ sənədlərində, maliyyə məsələsində problem yaratmaqda təqsirləndirilmək sıradan bir məsələ deyil. Əgər kitabda dərc olunan məsələlər həqiqətdirsə, bununla hətta hüquq-mühafizə orqanları məşğul ola bilər”.
M.Səfərli düşünür ki, adı çəkilən partiyaların fəaliyyətlərinin bütün tərəfləri, o cümlədən maliyyə məsələləri də şəffaf olmalıdır. Hər hansı bir siyasi qurumun bu kimi tələbləri pozması heç zaman ona fayda gətirə bilməz. Kimsə çəkinmədən və ya düşünmədən qanun pozuntusuna yol verirsə, bunun qarşısının alınması üçün dövlətin nəzarətedici orqanları var. Belə məsələlər onlar tərəfindən araşdırılmalıdır.
Müsahibimiz onu da qeyd etdi ki, «Azadlıq» qəzeti hər zaman AXCP-nin əlində olan bir qurum kimi fəaliyyət göstərib: “Bu qəzet daim onların tribunası olub, bu gün də bu istiqamətdə işini davam etdirməkdədir. Bu, heç kəsə sirr deyil. Bu gün Azərbaycanda mövcud olan qəzetlərin bəziləri – «Azadlıq», «Müsavat» və s. partiya qəzetləri hesab olunur. Bunun əsas səbəbi odur ki, onlar birbaşa bu və ya digər partiyanın maraqlarına xidmət edirlər, həmin partiyaların tribunaları kimi tanınırlar. Ona görə də bu qəzetlərə cəmiyyətdə müstəqil qəzet kimi yanaşmırlar”.
Partiya sədrinin fikrincə, müxalifət partiyalarının islahata ehtiyacı var. Yoxsa, onlar yerlərində saymaqda davam edəcəklər: “Nə Müsavatda, nə AXCP-də, nə də digər müxalifət partiyalarında islahat aparılmır. O partiyaların özündə demokratiya təmin olunmayıb. Onlar müasir tələblərə cavab versəydilər, avropasayağı qurum olsaydılar, demokratik hüquqi dövlətlərdə olduğu kimi formalaşsaydılar tərəfdarları çox olardı. Çünki adamlar orada demokratiyanın təmin olunmadığını bilirlər. O qurumlarda demokratiya cücərtiləri olsaydı, onların rəhbərləri çoxdan dəyişərdi. Hamıya bəllidir ki, bu partiyalar uzun illərdir heç bir seçkidə qalib gələ bilmirlər. Seçkiləri 20 ildən artıqdır ki, uduza-uduza gəlirlər. Həmin partiyaların liderlərinin əksəriyyəti yalnız kürsü barədə düşünür. Rəhbərlər yalnız yerlərini qoruyub saxlayırlar və kürsülərində oturub partiyalarını idarə edirlər. Bütün bunlar göstərir ki, o partiyalarda heç bir islahat aparılmır. Sıravi partiyadaşların fikrini heç kim dinləmir və nəzərə almır. Bu partiyalar rəhbərlərinin maraqlarına uyğun fəaliyyət göstərir”.
M.Səfərli həyatda olmayan bir şəxsin adından danışanlar barədə də düşündüklərini gizlətmədi. Söylədi ki, bu cür məqamlar tarixin öhdəsinə buraxılmalıdır: “Bir vaxtlar Elçibəylə bir cəbhədə olan, onu tərifləyən, sonradan isə onun əleyhinə çıxan insanlar çox olublar. Siyasətdə bu durum tez-tez müşahidə olunan məsələlərdəndir. Hətta deyərdim ki, siyasətin eybəcərliklərindən biri də məhz budur. Bəzən kumir sayılan bir şəxsin sonradan əleyhinə çıxılır. Məsələnin siyasi-psixoloji tərəfləri var. Buna isə birmənalı qiymət vermək mümkün deyil. Bəzən görürsən ki, kimsə hansısa siyasi kursu düzgün hesab etmir. Müəyyən vaxtdan sonra isə həmin şəxs o fikirləri dəstəkləyir. Bu, siyasətdə mümkün olan məsələlərdir. Amma hər halda, vaxtilə Elçibəyi dəstəkləyib, sonradan ona qarşı çıxan insanlar həm cəmiyyət, həm də Elçibəyi dəstəkləmiş insanlar tərəfindən yaxşı qarşılanmırlar”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər