• cümə axşamı, 18 aprel, 18:09
  • Baku Bakı 21°C

“Müxalifət partiyaları sosial bazalarını itirib”

19.09.14 11:26 2180
“Müxalifət partiyaları sosial bazalarını itirib”
Çərşənbə günü Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin təşkilatçılığı ilə müxalifət və iqtidaryönlü partiyaların da iştirak etdiyi konfrans keçirilib. “Azərbaycanda demokratiyanın vəziyyəti” adlanan konfransa bir çox siyasi təşkilat rəhbərləri kimi Vəhdət Partiyasının sədri Tahir Kərimli də qatılıb. O, tədbirdəki çıxışında müxalifəti qabiliyyətsizlikdə, hakimiyyətlə dialoqa getməməkdə günahlandırıb. Onun bu çıxışı müxalifət liderləri tərəfindən narazılıqla qarşılanıb. Hətta onu məqsədli şəkildə tədbiri pozmaqda günahlandırıblar. Partiya sədrinə qarşı olan bu hücumlar, dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq, digər partiyaların bu seçkilərə münasibəti, müxalifətin iqtidarla dialoqa getməməyinin səbəbi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli cavablandırır.
- Tahir müəllim, Vəhdət Partiyası qarşıdan gələn bələdiyyə seçkilərinə necə hazırlaşır?
- Sentyabrın 23-də partiyamızın Siyasi Şurasının növbəti yığıncağı olacaq. Həmin yığıncaqda bələdiyyə seçkilərində partiyanın iştirakı, namizədlərin irəli sürülməsi və sair məsələlər geniş müzakirə olunacaq. Amma bu dəqiqdir ki, Vəhdət Partiyası bələdiyyə seçkilərində iştirak edəcək. Əsas məsələ hansı formada iştirak məsələsidir. Bizim partiyada belə bir fikir mövcuddur ki, seçki dairələrində şanslı ola biləcəyimiz yerlərdən namizədlik irəli sürək. Eləcə də digər iqtidaryönlü partiyalarla namizədlərin birgə müdafiəsi haqqında razılığa gələk. Lakin seçkilərdə daha çox kütləvilik, yaxud az namizədlə iştirak etmək barədə hələlik qəti qərar verməmişik. Çünki vaxtilə parlament seçkilərində 46 namizədlə də, 5 namizədlə də iştirak etmişik. Təəssüf ki, uğur qazana bilməmişdik. Ona görə də bələdiyyə seçkilərində hansı formada iştirak etmək üzərində partiya hələlik düşünür.
- Digər siyasi təşkilatların, xüsusən də müxalifət partiyalarının bələdiyyə seçkilərinə hazırlığını necə qiymətləndirirsiniz?
- Partiyalar siyasi hakimiyyəti hədəfləyən qurumlardır. Azərbaycanda nümayəndəli orqanlara, ali hakimiyyət və yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir. Bu seçkilərin nəticəsi olaraq da kimlərsə həmin postları tutur. Bu, Konstitusion, demokratik prinsiplərə əsaslanır. Hər bir siyasi partiya da əsasən bu işlə məşğuldur. Onların ən böyük vəzifəsi seçkilərdə iştirak etmək, müəyyən postları tutub idarəetmədə dövlətə və xalqa öz töhfələrini verməkdən ibarət olmalı, fəaliyyətləri buna yönəlməlidir. Amma təəssüf ki, bələdiyyə seçkiləri öncəsi müxalifət partiyalarında bir passivlik müşahidə olunmaqdadır. Bunun ən mühüm səbəbi onların öz sosial bazalarını itirməyindədir. Real mənzərəni nəzərə alıb tam əminliklə demək olar ki, müxalifət partiyaları öz sosial bazalarını, təşkilatçılıq qabiliyyətlərini itiriblər. Bu partiyaların yerlərdə təşkilati qaydada, nizamnaməyə uyğun formada fəaliyyətləri yox dərəcəsindədir. Onlar hədsiz dərəcədə zəifləyib siyasi diskussiya klublarına çevriliblər. Belə bir şəraitdə onların bələdiyyə seçkilərinə marağı azalıb. Bundan başqa, Azərbaycan reallığında bələdiyyə seçkilərində 17-20 min namizəd lazımdır. Müxalifət partiyalarının isə bu qədər namizədi yoxdur. Namizədləri olmadığı üçün də seçkidə iştirak etməkdə maraqlı görünmürlər. Arqument kimi əsas gətirirlər ki, guya seçki obyektiv keçirilmir, seçkinin nəticələrinə inam yoxdur və sair. Lakin söylənilənlər hətta doğru olsa belə, bu, onların seçkidə iştirak etməməsi üçün əsas sayıla bilməz. Çünki bayaq qeyd etdiyim kimi, siyasi partiyaların əsas fəaliyyəti ölkədə keçirilən seçkilərdə fəal şəkildə iştirak etməkdir. Onlar özlərini seçki prosesindən təcrid etməklə faktiki olaraq siyasi fəaliyyətdən kənarlaşdırırlar.
- Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin təşkil etdiyi konfransda müxalifəti qabiliyyətsizlikdə ittiham etmisiniz. Nəyə əsasən belə qənaətə gəlmisiniz?
- Sentyabrın 17-də təşkil olunan bu tədbirə həm iqtidaryönümlü, həm də müxalifət partiyaları dəvət olunmuşdular. Partiyamızda bu dəvətlə bağlı müzakirələr aparandan sonra belə qənaətə gəldik ki, həmin tədbirdə iştirak edək və sözümüzü deyək. Onlar adətən bizim barəmizdə elə fikir formalaşdırırlar ki, guya biz ancaq müxalifətin arxasınca danışırıq. Ona görə biz də tədbirə qatılıb sözümüzü müxalifət liderlərinin şəxsən özünə çatdırmağı qərara aldıq. İstər Milli Şuradakılar, istərsə də digər müxalifət liderləri hər zaman çıxış edəndə deyirlər ki, Azərbaycan xalqı müdrikdir. Mən də bu fikri dəstəkləyir və deyirəm ki, müdrik Azərbaycan xalqı onları qəbul eləmir. Onların qabiliyyətləri yoxdur ki, bu günə kimi xalqın gözünə görüləcək, yadda qalacaq bir iş görməyiblər. Onlar daim bu xalqla imitasiya ediblər. Öz güclərini, təşkilatlarını, sosial bazalarını itirən müxalifət liderləri xalqdan dəstək görməyincə, üzlərini xarici səfirliklərə, xarici təşkilatlara tutublar, onlardan yardım istəyirlər. Halbuki Azərbaycan daxilindəki problemlərin həlli üçün hakim partiyanın, mövcud iqtidarın köməyi lazımdır onlara. Müxalifət liderləri bu reallığı görmür və ya görmək istəmir, ünvanı səhv salır, nəticədə Azərbaycan haqqında qeyri-obyektiv, dezinformasiya xarakterli məlumatların yayılmasında vasitəçi olurlar. Bütün bunları konfransdakı çıxışımda bilavasitə onların özünə dedim. Çıxışım auditoriyada əvvəlcə aqressiv qarşılansa da sonradan müzakirələrin gedişində mənim gətirdiyim arqumentlərin nə dərəcədə əsaslı olması ortaya çıxdı.
- Sizcə nəyə görə müxalifət iqtidarla dialoqa getmək istəmir, problemlərin həllində hakimiyyətdən deyil, xaricdən kömək gözləyir?
- Bunlar özlərinə adekvat olmayan ambisiyalarla yaşayırlar. Məgər dialoqa getmək üçün mütləq prezidentlə görüşmək lazımdır? Dialoqa getmək istəyən müxalifət lideri, yaxud onun nümayəndəsi Milli Məclisin sədri, onun müavinləri, baş nazir, baş nazirin müavinləri ilə, hakim partiya sədrinin müavinləri ilə də görüşə, hər hansı məsələni müzakirə edə bilər. Dövlət də, xalq da baxıb görər ki, müxalifət dialoqa can atır, buna çalışır. Lakin müxalifət liderləri belə bir addım atmırlar. Onların başında köhnə abı-hava qalıb. Öz eqoistlikləri ucbatından hakimiyyət ilə dialoqa girməkdən qaçırlar. Halbuki Dağlıq Qarabağ məsələsindən başlamış insan haqlarının müdafiəsinə qədər bütün ölkədaxili problemlərin həlli iqtidarla dialoqdan keçir. Bu mənada müxalifət heç olmasa Türkiyədən nümunə götürməli, ünvanı səhv salmamalıdırlar. Müxalifət liderləri beyinlərində potensial gücləri ilə uyğun gəlməyən ambisiyaları yaşatdıqları üçün dialoqdan qaçırlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər