• cümə, 29 Mart, 00:46
  • Baku Bakı 7°C

“Müxalifət niyə Rüstəm İbrahimbəyovun biznesinə görə mübarizə aparmalıdır?”

28.03.14 09:38 1583
“Müxalifət niyə Rüstəm İbrahimbəyovun biznesinə görə mübarizə aparmalıdır?”
Yarımçıq siyasətçi Rüstəm İbrahimbəyov təxribat xarakterli, reallığa uyğun olmayan fikirləri ilə yenidən gündəmə gəlib. O, “Azadlıq” radiosuna açıqlamasında Ukraynada baş verən hadisələrə toxunaraq, hazırda kifayət qədər təhlükəli vəziyyət yarandığını, bu səbəbdən Azərbaycanın da çox pis durumla üz-üzə olduğunu diqqətə çatdırıb. Moskvada yaşayan kinorejissor yaranmış vəziyyətdən çıxış yolu kimi ölkədəki iqtidarlı-müxalifətli bütün qüvvələrin birləşməsini, birgə fikir mübadiləsi aparmasını, özü də bu yaxınlaşmada ilk addımın hakimiyyət tərəfindən atılmasını zəruri sayıb.
Başqa bir media qurumuna müsahibəsində isə o, ölkə ziyalılarını qorxaqlıqda ittiham edib. Milli Şuranın sabiq sədri deyib ki, Bakıda Kino Evi tikmək üçün vaxtilə apardığı mücadiləyə ziyalılar dəstək verməyib, onun müdafiəsinə qalxmayıblar. R.İbrahimbəyovun son açıqlamaları, Ukrayna hadisələrinin Azərbaycana təsiri, iqtidar-müxalifət dialoqu, ziyalıların aşağılanması, baş nazirin sabiq birinci müavini Abbas Abbasovun son müsahibəsi və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırır.
- Sərdar bəy, R.İbrahimbəyov iqtidar-müxalifət dialoqunu yenidən gündəmə gətirib. Hazırda belə bir dialoqa ehtiyac varmı?

- İqtidar və müxalifət arasında dialoq bir siyasi mədəniyyət nümunəsidir. Bunun üçün hər hansı ekstremal situasiyanın yaranması tələb olunmur. Faktiki olaraq siyasətlə məşğul olan tərəflər bir-biri ilə müəyyən ünsiyyət imkanları tapmalı, milli məsələlər ətrafında fikir mübadiləsi aparmalıdırlar. Hər iki tərəf milli mövqedən çıxış etməyə çalışmalıdır. Xüsusilə gərgin vəziyyət yarananda isə, tərəflər arasında dialoq, münasibətlərin yeni müstəviyə qalxması zərurətə çevrilir. Bu kimi səbəbləri nəzərə alsaq, Rüstəm İbrahimbəyov yeni bir fikir səsləndirməyib. O ki qaldı dialoq təşəbbüsünün ilk öncə kimin tərəfindən irəli sürülməsinə, fikrimcə, söhbət milli məsələlərdən gedəndə, bunun o qədər də əhəmiyyəti yoxdur. İqtidar da, müxalifət də bir-birinə dialoq təklif edə bilər. Əsas odur ki, qarşılıqlı olaraq tərəflərdə siyasi dialoqa getmək, yaranmış situasiyanın ciddiliyini, taleyüklülüyünü, strateji əhəmiyyətini nəzərə alıb bir-birinə qarşı addım atmaq psixologiysında, imkanlarında olsunlar.
- Bəs onun söylədiyi kimi, Ukrayna hadisələrinin Azərbaycanda da təkrarlanması mümkündürmü?

- Bu, tamamilə yanlış məsələdir. Ukrayna hadisələri ilə Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi arasında analogiya aparmaq siyasi savadsızlıqdan xəbər verir. Ukrayna Rusiyanın bölgədəki maraqlarını nəzərə almadan, birtərəfli qaydada, radikal bir yolla Avropaya inteqrasiya edirdi. Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsinə görə nə Azərbaycan, nə də Ermənistan Avropa İttifaqı ilə əməkdaşlıq sazişi imzalamağa dəvət olunmur. İstəsək belə, Dağlıq Qarabağ problemi həll olunmadan Avropa İttifaqı bizi özünə yaxın buraxmayacaq. Krım Muxtar Respublikasına gəlincə, bu yarımada vaxtilə Rusiyanın tərkibində olub. 1954-cü ildə SSRİ rəhbəri Nikita Xruşşov Krımı Ukraynaya verdi. Ukraynanın özü də tarixdə Kiyev Rus Dövləti kimi qalıb. Bundan başqa, Krım ruslar tərəfindən tutularkən hər hansı hərbi müqavimətə rast gəlinmədi. Yarımadadakı Ukrayna hərbçiləri rus əsgərlərinə qarşı vuruşmadılar.
Amma Krımdan fərqli olaraq, 1980-ci iillərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycan ərazisi olan Dağlıq Qarabağda Ermənistan silahlı birləşmələrinin işğalçılıq siyasətinə qarşı müqavimət göstərildi. On minlərlə Azərbaycan vətəndaşı ölkənin ərazi bütövlüyünün qorunması uğrunda şəhid oldu. Krımla bağlı hadisələrdə Qərbin, ABŞ-ın, Avropanın mövqeyi bundan ibarət oldu ki, hadisələrin gedişi Ukrayna xalqının mövqeyindən asılıdır. Yəni, ukraynalılar müharibəyə girişəcəksə, müqavimət göstərəcəksə, Krımı qorumaq üçün addımlar atacaqsa, beynəlxalq ictimaiyyət də buna dəstək verəcək. Lakin Ukrayna xalqı bir güllə atmadan, bir şəhid vermədən, öz xoşu ilə Krımdan çıxıb getdi. Bütün bunları nəzərə alanda, Krımla Dağlıq Qarabağ münaqişəsi arasında necə analogiya aparmaq olar? Bütün beynəlxalq aləm bilir ki, Qarabağ müharibəsində Azərbaycan xalqı on minlərlə qurban verib. BMT-nin məlum qətnamələri də bu məsələdə Ermənistanın işğalçılıq siyasətini pisləyir. Amma bu da həqiqətdir ki, Ukrayna hadisələrindən sonra dünya siyasətində çox ciddi dəyişikliklər baş verib. Bu dəyişikliklərdən Azərbaycan tərəfi dvident də əldə edə bilər. Hazırda qəribə bir mənzərə yaranıb. Bir tərəfdən Qərb Krımın itirilməsi ilə barışmaq istəmir, eyni zamanda Rusiya ilə vuruşmaq da istəmir. Belə olan halda, Rusiya ilə Qərbin münasibətlərinin fərqli istiqamətdə inkişafı kimi Dağlıq Qarabağ münaqişəsi seçilə bilər. O zaman problem ədalətli həll olunar və Qafqaz respublikalarının Avropa İttifaqına inteqrasiyasının yolu açılar.
- Rüstəm bəy müsahibəsində Bakıda Kino Evi tikmək üçün vaxtilə apardığı mücadilədən də söhbət açıb və bu məsələdə onu müdafiə etmədikləri üçün Azərbaycan ziyalılarını qorxaqlıqda günahlandırıb. Sizcə, ziyalılar nəyə görə onu müdafiə etmirlər və nəyə görə də müdafiə etməlidirlər?

- Bir var un davası, bir də var din davası. Din davası olan yerdə hər birimiz sinəmizi qabağa veririk. Misal üçün, “Qış bulvarı”, “Bayraq meydanı” və digər bu kimi iri layihələrin gerçəkləşdirilməsi zamanı baş verən bəzi haqsızlıqlara qarşı hamı kimi biz də etiraz etdik. Sonda problem ədalətli şəkildə həllini tapdı. O yerdə ki, hüquq pozuntusundan, ədalətsizlikdən söhbət getmir, ziyalılar, eləcə də müxalifət nə etməlidir ki? Rüstəm İbrahimbəyovun Bakıda Kino Evi tikmək məsələsi də buna bənzəyir. Əgər bunu dövlət tikməli idisə, tikəcək. Yox, əgər şəxsi məsələdirsə, o zaman müxalifət nəyə görə Rüstəm bəyin biznesinə görə mübarizə aparmalıdır? Bu biznesin hüquqi tərəfləri yoxdursa, biz heç nə edə bilmərik. İkili standart tək siyasətdə deyil, hər sahədə ziyanlıdır. Biz hamımız yaxşı başa düşürdük ki, Bakıda Kino Evi tikmək məsələsində Rüstəm İbrahimbəyovun şəxsi maraqları var. Ona görə də nə ziyalılar, nə də müxalifət Rüstəm bəyə dəstək vermədi.
- Yəqin ki, Abbas Abbasovun mətbuatda yer alan son fikirlərindən də xəbərdarsınız. Onun Krıma hərbi müdaxiləyə haqq qazandırmasına, az qala rəsmi Kremlin müdafiəçisi kimi görünməsinə münasibətiniz necədir?

- Abbas Abbasov əvvəllər də Rusiyanın maraqlarını müdafiə edib. Bu səbəbdən onun son fikirləri məndə heç də təəccüb doğurmadı. Onun mövqeyi Azərbaycanın strateji maraqlarına uyğun deyil. Bu adam “Rusiyaya, Kremlə toxunmayın” – deyə, çağırış edir. Necə yəni dəyməyin? Rusiya güclü ölkədir deyə, bizi məhv etməlidir? O zaman cəmiyyətdə də güclü gücsüzü, böyük uşağı, kişi qadını məhv etsin, sonradan da öz əməlinə haqq qazandırsın. Belə davranış tərzi tarixin min il bundan əvvəlki dövrlərində qalıb. Hüququn müəyyənləşməsi güclə əlaqədar deyil. Ona görə də ədalətli insanlar ilk növbədə zorun qarşısında dayanmalıdır. Rusiyanın Krıma hərbi müdaxiləsi az qala üçüncü dünya müharibəsinə gətirib çıxarmışdı. Belə olan halda, biz necə kənarda dayanıb etiraz etməməliyik? Rusiya güclüdür, Putin aqressiv siyasət yürüdür deyə, bütün dünya işini-gücünü atıb gözləməlidir ki, bu dövlət, bu güc nə vaxt özü-özünü tükədəcək, realizə edəcək? Hitler də vaxtilə belə aqressiv idi. O, Çexoslovakiyanı tutanda, Avstriyaya girəndə heç kəs səsini çıxarmadı. Amma sonradan onu zərərsizləşdirmək əlli milyon insan itkisinə başa gəldi. Müasir dünyamızda Səddam Hüseyn milyonlarla insanın qanını axıtdı. Bu gün Suriyada Bəşər Əsədin əməllərinə dünya birliyi seyrçi mövqe nümayiş etdirməkdədir. Qərb Rusiyanın nazı ilə oynadığına, vaxtında Suriyaya müdaxilə etmədiyinə görə, günahsız insanlar Əsəd rejiminin qurbanı olurlar. Dövlət və xalq olaraq Suriya tarixin səhnəsindən silinmək üzrədir. Bütün bunlar düzgün siyasət deyil. Əgər bu düzgündürsə, o zaman beynəlxalq hüquq nəyə lazımdır? Ukrayna BMT-nin üzvüdür və ora üzv olan ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyırlar. Belə olan halda, BMT Ukraynanın ərazi bütövlüyünün pozulmasına necə laqeyd münasibət göstərə bilər? Hesab edirəm ki, bu, yanlış yanaşmadır. Bu digər dövlətlər üçün də pis nümunə ola bilər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər