Müxalifət liderləri üçün qırmızı xətt

Müxalifət liderləri üçün qırmızı xətt

Cəmiyyət
26 Aprel 2013, 10:30 1235
Rüstəm İbrahimbəyov- Eldar Namazov cütlüyünün yeni layihəsi olan Milli Şuranın yaradılması ilə bağlı aparılan danışıqlar barədə tez-tez bir-birinə ziddiyyət təşkil edən xəbərlər yayılmaqdadır. Gah şuranın yaradılması ilə bağlı danışıqların dalana dirəndiyi bildirilir, gah bu birliyin yaradılmasının artıq mümkün olmayacağı barədə fikirlər səsləndirilir, gah da danışıqların artıq başa çatmaqda olduğu barədə xəbərlər dövriyyəyə buraxılır. Özü də bu xəbərlərin böyük əksəriyyəti dövriyyəyə məhz müxalifətə yaxın media vasitəsilə ötürülür, tirajlanır və sonra da təkzib olunur. Amma pərdə arxasında nələrinsə baş verdiyi şübhəsizdir.

Bəs nə baş verir?

Nə baş verdiyini müəyyənləşdirmək üçün o qədər də baş sındırmağa ehtiyac yoxdur. Milli Şuranın kimlərin layihəsi olduğu, kimlər tərəfindən dövriyyəyə buraxıldığı artıq aşağı yuxarı hamıya bəllidir. Bu, bir Rusiya layihəsidir. Kremlin diqtəsi ilə bir təşkilatda birləşən Rusiyadakı milyarderlər layihənin reallaşdırılmasını Azərbaycanda kinorejissor kimi tanınan Rüstəm İbrahisbəyova və Eldar Namazova həvalə ediblər. Bu layihənin dəstəkləmək üçün böyük miqdarda maliyyə vəsaiti də ayrılıb. İndi sifarişi verənlər Azərbaycandakı narazı elektoratın üzərində dominantlıq edən, özlərini demokratik qüvvələr kimi qələmə verən AXCP və Müsavatı da öz çətirləri altına almaq istəyirlər. Ziyalılar Forumundan, «EL» Hərəkatından sonra Milli Şuranın yaradılması ilə bağlı işlərə start verilməsi də buna xidmət edir.

Danışıqların enişli-yoxuşlu getməsi isə bununla əlaqədardır ki, ənənəvi müxalifət partiyaları məsələnin əsl mahiyyətini artıq anlamağa başlayıblar. Buna görə də xüsusilə də özlərini demokratik müxalifət kimi qələmə verənlərin elektoratı artıq narahat olmağa başlayıb. Məsələn, mətbuata açıqlama verən bəzi siyasətçiləri İctimai Palatanın Milli Şura ilə bağlı danışıqların aparılması üçün nə AXCP sədrinə, nə də Müsavat başqanına mandat vermədiklərini bildiriblər.
Söhbətin məğzi isə maliyyə amilinə gedib çıxır.

Kimlər pula satılacaq?

Rustəm İbrahimbəyov və onun Bakıdakı emissarı Eldar Namazov müxalifət liderlərini pulla ələ almağa çalışır. Təklif olunun formulu təxmini olaraq belə təsvir etmək olar. Milli Şura ideyasının müəllifləri seçki ərəfəsində AXCP və Müsavata, daha doğrusu onun rəhbərlərini yaxşı maliyyə ayırırlar, onlar isə ideya müəlliflərinin təklif etdiyi şəxsi lider kimi qəbul edirlər. Bu lider payızda keçiriləcək seçkilərdə müxalifətin vahid lideri də ola bilər.

Danışıqların ağır getməsi isə bir sıra faktorlarla bağlıdır. Birincisi, müxalifət liderləri Əli Kərimli və İsa Qəmbər bu seçkinin onların siyasi karyeralarında sonuncu ola biləcəyini anlayırlar. Ona görə də mümkün qədər arxa plana keçməməyə çalışırlar.

İkincisi, nə İsa Qəmbər, nə də Əli Kərimli namizədliklərindən vaz keçə bilmirlər. Daxili ambisiyalar onların hətta yaxşı maliyyə müqabilində də bu addımı atmalarını çətinləşdirir. Xüsusilə də İsa Qəmbər prezidentliyə namizədliyini rəsmiləşdirdiyindən təklif olunan planın bir hissəsi ilə razılaşmaq istəmir.

Üçüncüsü və ən təhlükəlisi isə odur ki, Milli Şura ideyasının müəllifləri pulu heç də sadəcə payızda keçiriləcək seçkilərdə uğur qazanmaq üçün xərcləmirlər. Onların Azərbaycanın gələcəyi ilə bağlı artıq konkretləşmiş mövqeləri var. Bu mövqe də ondan ibarətdir ki, Azərbaycanı Avroatlantik məkana inteqrasiya prosesindən çəkindirib, Rusiyanın qurmağı arzuladığı Avrasiya İttifaqına aparıb çıxarmaqdır. Sirr deyil ki, Azərbaycan rəhbərliyi Rusiyanın SSRİ-nin bərpasını nəzərdə tutan bu layihəsinin reallaşmasına isti yanaşmır. Rəsmi Bakı bu ideyanın müzakirəsi ilə bağlı aparılan danışıqlardan məsafə saxlamağa çalışır. Təbii ki, bunlar imperialist duyğuların əsirinə çevrilmiş Rusiyanın indiki rəhbərliyini qane etmir. Ona görə də rəsmi Moskva bütün kanallarını işə salıb, Azərbaycan rəhbərliyinə təzyiq göstərmək, bu ideyanın reallaşmasına yardım göstərməzsə, hətta ölkədə hakimiyyət dəyişikliyinə çalışacağını nümayiş etdirmək istəyir. Müxalifət liderləri artıq bu niyyəti duymağa başlayıblar. Düzdür, onlar Azərbaycan hakimiyyətinə qarşı mübarizədə kiminlə desəniz, hətta düşmənlə də ittifaqa gedərlər. Amma məsələnin o biri tərəfi problem yaradır. Birincisi, tutulacaq yeni xətt onların ənənəvi xarici müttəfiqlərinin xoşuna gəlməyə bilər. İkincisi, bu, onların illərdir təbliğ etdikləri demokratik prinsipləri açıq-aşkar tapdamaları olacaq.

Müstəqilliklə alver

Ən əsası isə Milli Şura ideyasının reallaşmasına əsas vermək Azərbaycanın müstəqilliyini alver mövzusuna çevirmək demək olacaq. Bunu isə nə tarix, nə də müstəqil Azərbaycanın siyasi mənsubiyyətindən asılı olmayaraq heç bir vətəndaşı radikal müxalifət təmsilçilərinə bağışlamayacaq. Müxalifət liderləri bu təhlükəni hiss etdiklərindən qərar verməyə tərəddüd edirlər. Müsavat başqanı İsa Qəmbər son müsahibəsində söhbətin nədən getdiyini üstüörtülü də olsa açıqlamağa çalışıb. O etiraf edib ki, təmsil etdiyi partiyanın üzvləri, müttəfiqləri Milli Şura ilə bağlı ortaya suallar qoyur və narahatlıqlarını bildirirlər: «Hər halda, Milli Şuranın vahid namizədi kim olursa - olsun, məsələnin həlli üçün bir sıra ciddi siyasi təminatlar tələb olunacaq. Məsələn, biz əmin olmalıyıq ki, cümhuriyyət dəyərləri, Azərbaycanın müstəqilliyi, demokratik dəyərlərə sadiqliklə bağlı təminatlar var». Sonuncu cümləsi ilə İsa Qəmbər Milli Şuranın siyasi xəttinin Azərbaycanın müstəqilliyi ilə bağlı müəyyən suallar yaratdığını etiraf etmiş olub. Əgər bu təhlükə olmasa, İsa Qəmbər nədən partiyadaşlarını əmin etməyə çalışsın axı?

Eyni zamanda, Müsavat başqanı Rüstəm İbrahimbəyovun onlara Avrasiya ideyalarını sırımağa çalışdığını da gündəmə gətirib: «Bir sıra geosiyasi meyllər var ki, bunlarla bağlı aydınlıq əldə olunmalıdır. Biz milli - tarixi səbəblərlə şərh edilən fərqlilikləri gerçəklik kimi qəbul etsək də, eyni zamanda bütün bəşəriyyət üçün universal demokratik inkişaf yolunun, ümumbəşəri çağdaş siyasi mədəniyyət səviyyəsinin mövcudluğunu prioritet kimi qəbul edirik və hesab edirik ki, Azərbaycan da bu yolla getməlidir. Məsələn, bu baxımdan “Avroasiyaçılıq, yoxsa Qərbçilik” dilemması bizim üçün qəbul edilməzdir. Bizim üçün Azərbaycanın Avroatlantik məkana inteqrasiyası prinsipial istiqamətdir. Yaxud SSRİ - nin Rusiya imperializminin davamından fərqli şəkildə təqdim və təbliğ edilməsi də bu tip məsələlərdəndir. İndiki iqtidar əleyhinə olan qüvvələrlə siyasi əməkdaşlıq edərkən bizim üçün istər ideoloji, istərsə də geosiyasi xarakterli qırmızı cizgilərimizin olduğunu açıq bəyan edirik. Ona görə hələ də razılaşdırılmamış yetərincə ciddi məqamlar var». Bu fikirlər göstərir ki, İsa Qəmbər Milli Şuranın, onun arxasında duranların qeyd edilən qırmızı xətti keçib-keçməyəcəklərini müəyyənləşdirməkdə çətinlik çəkir və ona görə də qərar verməkdə tərəddüd edir. Amma davamlı şəkildə gələn şirnikləndirici vədlər cəlbedicidir və Müsavat artıq şirniklənmiş müttəfiqi AXCP-dən geri qalmaq, vəd olunan paydan əlinin çıxmasını istəmir.

Yenə də şəxsi ambisiyalar

Məlumdur ki, neçə illərdir müxalifətin bir təşkilatda birləşməsi ilə bağlı problem aktuallığını qoruyur. AXCP və Müsavat nə özləri həqiqi müttəfiq olurlar, nə də müxalifətdə olub, başqa təşkilatlarda mübarizə aparan narazı elektorat təmsilçilərini bir araya gətirə bilirlər. Təbii ki, şəxsi ambisiyaları, əllərində olanları başqaları ilə bölüşmək istəmələri burada xüsusi rol oynayır. İndi isə onlar nəinki öz aralarında, hətta daha geniş spektrli müstəvidə birləşmək üçün danışıqlar aparırlar. Demək ki, onları buna həvəsləndirən amil var…. Belə olmasaydı, onda elə İctimai Palatanın adını dəyişib Milli Şura qoymaqla bütün bu məsələləri qısa müddətdə həll etmək mümkün olardı.

Bütün bunlar nəzərə alınarsa, Milli Şura ideyasının sonu heç də optimist nəticələr çıxarmağa imkan vermir. Bu günlərdə “Bizim Yol” qəzetinə müsahibə verən siyasi ekspert, müxalifətə yaxınlığı ilə seçilən Hüseynbala Səlimovun da çıxardığı nəticələr çox pessimistdir. 20 ilidir ki, müxalifətdə olan və nəticə etibarilə heç bir siyasi uğur əldə edə bilməyən düşərgə təmsilçilərinin dəyişilməsi zərurətinin olduğunu deyən ekspert bunu belə izah edib: “…Çox təəssüf ki, bizim seçki dövründə vaxtımızın çoxu müxalifət birliklərinin yaranmasına gedir. Hər seçki ərəfəsində müxalifətin birliyi müşkül problemə çevrilir, müxtəlif ziyalılar danışıqlar aparır, demək olar ki, seçkiyə qədərki dövrün hamısını bir yerdə keçirən müxalifəti başlayırlar yenidən barışdırmağa”.
Söz yox ki, belə vəziyyət onsuz da ciddi elektorat qıtlığı yaşayan düşərgə liderləri üçün, xüsusilə, Milli Şura ideyası ilə çıxış edən R.İbrahimbəyov üçün səmərəli hal deyil. Nəticədə düşərgənin sıraları sürətlə boşalır. H.Səlimov bu məsələyə də diqqət çəkib: “Bu, sıravi vətəndaş, müxalifətin təəssübkeşi kimi məni yorur. Məsələn, İctimai Palatanın adını dəyişib Milli Şura qoysunlar, bunun adi vətəndaş kimi mənə heç bir fərqi yoxdur, bu, boş vaxt itkisindən başqa bir şey deyil. Güman etmirəm ki, Milli Şuranın tərkibinə fövqəladə dərəcədə yeni adamlar gələcək”.

Göründüyü kimi, mövcud situasiyanı ironik şəkildə izah edən -– Milli Şuranın da yerdə qalan müxalifət qurumları kimi heç nəyə nail ola bilməyəcəyini deyən ekspert burada həqiqəti əks etdirən analizlərini aparıb.

Ancaq burada daha bir düşündürücü amil özünü göstərməkdədir. Məsələn, Milli Şuranın real siyasi quruma çevrilə bilməməsini adıçəkilən “birliyin” ideya müəllifinin iştirakı ilə elan edilən və rəhbəri Eldar Namazov seçilən “EL” hərəkatının uğursuzluqları ilə də sübut etmək mümkündür. Çünki ortada E.Namazovla birgə, R.İbrahimbəyovun da siyasi maraqları mövcuddur. Həmin maraqların mövcudluğu isə ümumiyyətlə, yerdə qalan digər qurumlara sərf etmədiyi üçün Milli Şura ilə yanaşı, “EL”-in də qısa dövr ərzində fiaskoya uğrayacağını proqnozlaşdırır. Digər tərəfdən, “EL” hərəkatı da Milli Şura kimi konkret, ya da əsaslı iddiasını ortalığa qoymayıb. Hətta iddialar ortaya atılsa belə, artıq bu kimi iddiaların hansıa uğurlu nəticə verməyəcəyini görmək elə də çətinlik yaratmır.

Fuad Qəhrəmanlı