• cümə, 29 Mart, 12:09
  • Baku Bakı 14°C

Müxalifət liderləri gəncləri özlərinə tabe etdirmək istəyirlər

19.02.14 10:49 2537
Müxalifət liderləri gəncləri özlərinə tabe etdirmək istəyirlər
Müsavat Partiyası (MP) Gənclər Təşkilatında (GT) narazılıqlar davam edir. Bu günlərdə təşkilatdan 8 nəfər gəncin xaric edilməsi, onlardan iki nəfərin isə partiyadan qovulması MP GT-da gərginliyi yenidən artırıb. Müxalifət partiyasında yaşanan son hadisələr, eyni düşərgədəki gənclər arasında kəskin fikir ayrılığı və qarşıdurma, partiya funksionerlərinin proseslərə təsiri, jurnalist Xədicə İsmayılın casus siyahısı və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı cavablandırır.
- MP GT daxilində baş verən son hadisələri necə qiymətləndirirsiniz?
- Azərbaycan iqtidarına demokratiya dərsi keçmək iddiasında olan bu insanların təmsil olunduğu partiyalarda cərəyan edən hadisələr onu bir daha sübut etdi ki, radikal müxalifətdə çox böyük diktatura rejimi hökm sürməkdədir. 20 ildir ki, müxalifət liderləri sədrlik etdikləri partiyaları inhisarlarında saxlayırlar. Həmin siyasi təşkilatlar demokratik qayda-qanunlarla deyil, yalnız partiya sədrlərinin iradəsi ilə idarə olunur. Bu gün ortada bölünəsi heç bir şey olmaya-olmaya Müsavat öz gənclər təşkilatına normal seçki keçirə bilmir. Belə bir vəziyyətdə Azərbaycan hakimiyyətinə hansısa məsələdə onların tövsiyə verməsi sadəcə gülüncdür. AXCP ilə Müsavat, eləcə də digər radikal müxalifət təmsilçiləri arasındakı abı-hava hər kəsə bəllidir. Bu liderlər bir-birinin ünvanına ən müxtəlif ittihamlar səsləndirirlər. Ən xırda tənqidə belə dözümsüzlük nümayiş etdirir, qarşı tərəfi təhqir etməkdən çəkinmir, vaxtilə eyni cəbhəni bölüşdükləri insanlara satqın, xəyanətkar damğası vurmaqdan çəkinmirlər. Bu zehniyyət onların hansı səviyyəyə malik olduqlarını bir daha ortaya qoyur. Ona görə də Müsavat Gənclər Təşkilatındakı son hadisələr məni heç də təəccübləndirmir. Fakt budur ki, Gənclər Təşkilatına sədr Müsavat başqanının göstərişi ilə seçilib, gənclər də buna etiraz ediblər. Öz partiyalarındakı daxili vəziyyətə nəzarət etməyi bacarmayan liderlərin Azərbaycan hakimiyyətini nədəsə ittiham etməyə mənəvi haqları çatmır.
- Siz qeyd edirsiniz ki, GT-na sədr Müsavat başqanının göstərişi ilə seçilib. Amma belə bir iddia da var ki, avqust seçkisinin nəticəsi MP İcra Aparatının rəhbəri Arif Hacılının istəyi nəticəsində ləğv edilib. Başqanlığa iddialı A.Hacılı indidən mühüm postlara müstəqil iradə sahibini deyil, özünə yaxın adamları yerləşdirir...
- Müsavat Partiyası daxilində qruplaşmaların olması yeni xəbər deyil. Uzun illərdir bu siyasi təşkilatın tərkibində müxtəlif qruplaşmalar fəaliyyət göstərirlər. Bu, həm regionçuluq amilləri il, həm də başqana daha çox kimin yaxın olması ilə bağlı məsələdir. Bu gün Müsavatın idarə olunmasında bir neçə qrup fərqlənir. Bunlardan birincisi İsa Qəmbər və rəhbərlik etdiyi qrup, ikincisi İcra Aparatının rəhbəri Arif Hacılı və onun ətrafında cəmləşən insanlar, eləcə də Qubad İbadoğlu, Tural Abbaslı və digərlərinin təsir etdiyi insanlardır. Bu mənzərə Müsavat Partiyasında monolitliyin olmamasının, ayrı-ayrı funksionerlərin maraqları çərçivəsində idarə olunmanın təzahürüdür. Azərbaycanda hakimiyyətə iddialı olan, iqtidarın ünvanına müxtəlif iradlar səsləndirən müxalifət liderləri bu gün öz partiyalarını idarə etmək gücündə deyillərsə, bunların hakimiyyətə gələcəkləri təqdirdə nələr baş verəcəyi indidən görünür. Bu kimi səbəbləri əsas gətirərək, mən istisna etmirəm ki, Gənclər Təşkilatındakı seçkilərə məhz Arif hacılının müdaxiləsi olub.
- AXCP təmsilçiləri MP GT-dakı prosesləri məqsədli şəkildə potensialı olan gənclərin zərərsizləşdirilməsi kimi qiymətləndirirlər. Bu fikirlə Siz də razısınızmı?
- Razıyam. Elə AXCP sədrinin özü də daxil olmaqla bütün müxalifət liderləri təmsil olduqları düşərgəni inhisarda saxlamaqla məşğuldurlar. Onlar Azərbaycanda sağlam müxalifətin, dövlətçiliyə bağlı, dövlətə müxalifətçiliklə hakimiyyətə müxalifətçiliyi səhv salmayan gənclərin yetişməsinə imkan vermirlər. Ona görə də partiyanın rəhbər strukturlarında təmsil olunan şəxsləri öz iradələrinə tabe etdirirlər. Bu, bir növ bundan qaynaqlanır. Digər tərəfdən, bu liderlər yeni siyasətçilərin yetişməsində də maraqlı deyillər. Çünki özləri partiya rəhbərliyindən istefa verəndən sonra hansı işlə məşğul olacaqlarını bilmirlər. Belə səbəblərdən müxalifət liderlərinin əlində oyuncaq olan, onların diqtəsi ilə hərəkət edən şəxsləri Gənclər Təşkilatına sədr gətirirlər.
- Son günlər mətbuatın gündəmində olan əsas mövzulardan biri də jurnalist Xədicə İsmayılın ABŞ kəşfiyyatına bağlılığı olan şəxslərlə görüşməsi, onlara bir sıra şəxslərin adları qeyd olunan xüsusi siyahı ötürməsidir. Bu məsələyə münasibətiniz necədir?
- Azərbaycan hakimiyyəti prosesləri idarə edən, istənilən səviyyədə tənzimləyən siyasi qüvvədir. Hakimiyyətin hansısa fərdlərlə, müxalifət partiyaları və QHT təmsilçiləri ilə gizli danışıqlar aparmasına ehtiyac yoxdur. Hətta radikal müxalifət partiyalarının özləri belə bunun marağında olsalar da, Azərbaycan hakimiyyəti buna ehtiyac duymaz. Xədicə İsmayılın ortaya atdığı siyahıya gəlincə, mən hesab edirəm ki, bu, jurnalistin növbəti şər-böhtan kampaniyasıdır. Xədicə İsmayıl bu gün o mərhələdədir ki, nəinki iqtidar nümayəndələri, hətta özünün təmsil olunduğu radikal müxalifət cəbhəsi də onun hansı işlərlə məşğul olduğunu yaxşı bilir. Hətta bir zamanlar Xədicə İsmayılın müdafiəsinə qalxanlar da nələrin baş verdiyini, jurnalistin kimlərə xidmət etdiyini yaxşı görürlər. Bu səbəbdən onun belə uydurma siyahı ilə çıxış etməsində qeyri-adi heç nə yoxdur. Kimlərinsə adını bir vərəqdə cızma-qara edib onu ABŞ kəşfiyyatına yaxınlığı ilə seçilən adamlara ötürmək Xədicə İsmayılın özünü sığortalamaq cəhdindən başqa bir şey deyil. Bu hadisə bir məsələni də üzə çıxardı və aydın oldu ki, Xədicə İsmayıl ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlıq edir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər