AZE | RUS | ENG |

Müxalifət hakimiyyət və dövlət anlayışlarını səhv salır

Müxalifət hakimiyyət və dövlət anlayışlarını səhv salır
Şahin İsmayılov: “Gənclər təşkilatının sədri kimi gündəlik müşahidələrim onu göstərir ki, gənclər öz seçimlərini edərək yekun qərar veriblər”


Azərbaycan gənclərinin hazırkı fəallığı və ölkəmizin ictimai-siyasi həyatında oynadığı rolu mövzusunda “Kaspi”nin suallarını cavablandıran növbəti qonağımız Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovdur.

- Şahin bəy, Azərbaycan gənclərinin ölkə həyatında oynadığı rol sizi necə, qane edirmi?
- Hər şeyi müqayisəli şəkildə təhlil etdikdə daha da aydın olur. Statistikaya əsasən demək istəyirəm ki, dünya üzrə ümumi əhalini təşkil edən gənclərin ictimai fəallığı təqribən 12 faiz hesab olunur. Azərbaycanda isə bu faiz təxminən 20-22 faiz civanrındadır. Sevindirici haldır ki, ölkəmizdə kifayət qədər fəal gənclərimiz var və onların aktivlikləri, ortaya qoyduqları işlər göz önündədir.

- Gənclərin müxalifət mitinqlərindəki iştirakları ilə bağlı hansı fikirdəsiniz?
- Əfsuslar olsun ki, bəzi özünə müxalif deyən dırnaqarası liderlər gənclərdən bir növ, sipər kimi istifadə edir. Təbii ki, elə gənclərin, yəni istifadə olunduğunu bilməyən gənclərin sayı çox deyil. Müxalif qüvvələr azsaylı gənclərdən belə öz məqsədləri üçün istifadə edirlər. Həmin rəhbərlər yalançı vədlər verməklə, gənclərin beyinlərini yumaqla onları öz aksiyalarına cəlb etməyi bacarıblar. Amma sonrakı proseslər, statistik məlumatlar onu göstərir ki, iki il bundan əvvəl onların mitinqində iştirak edən gənc indi nəinki o aksiyalarda iştirak etmir, hətta artıq həmin müxalifəti siyasi qüvvə kimi tanımır. Ümumiyyətlə, gənclərin bu cür istifadə olunması halları yolverilməzdir. Bu gün dövlət tərəfindən Azərbaycan gəncləri üçün kifayət qədər geniş imkanlar yaradılıb. Gənclər həmin imkanlardan istifadə etməklə daha xeyirli işlər görsələr, həm özlərinə, həm də cəmiyyətimizə xeyir vermiş olarlar.

- Müxalif gənclərlə münasibətiniz necədir? Onlara hansısa bir tövsiyəniz varmı?
- Bilirsiniz ki, biz cənab prezidentin siyasi kursunu dəstəkləyən gənclərik və onun ətrafında olan yüz minlərlə gəncdən biriyik. Biz daim çağırış edirik ki, kiminsə gəncliyə xidmət edən bir ideyası varsa, biz bu təşəbbüsü dəstəkləyə bilərik və birlikdə həmin layihəni həyata keçirməyə hazırıq. Təəssüf ki, bizim çağırışlarımıza qarşı tərəfdən hələ heç bir dəstək və ya təklif gəlməyib. Amma biz onlardan real yanaşma gözləyirdik. Bu da bir daha onu göstərir ki, həmin insanlar boş-boş manipulyasiyalar etməklə, mənasız oyunlara üstünlük verməklə, şou yaratmaqla məşğuldurlar. İntellektual səviyyəli, geniş dünyagörüşlü, ölkəmizdə və ya xaricdə təhsil alan minlərlə gənc hazırkı ölkə başçısını dəstəkləyir. Onların hərəsi öz fəaliyyəti sahəsində cəmiyyətə, dövlətə, gəncliyə fayda verməyə çalışırlar. Düşünürəm ki, müxalifətin şirin yalanlarına aldanmaqdansa, ölkəmiz üçün əhəmiyyətli işlər görmüş gənclərimizlə ələ-ələ verib dövlətə faydalı işlər görmək lazımdır. Biz yenə də deyib elan edirik və qarşı tərəfdən faydalı layihələr gözləyirik.

- Müxalif gənclərin sosial şəbəkələrdəki aktivliyinə necə yanaşırsınız? Onlarla polemikalara girirsinizmi?
- Əlbəttə ki, onlarla polemikalara giririk. Yəqin ki, siz, yəni mətbuat işçiləri sosial şəbəkələri izləyirsiniz. Fikir vermisinizsə, axır vaxtlar iqtidar gəncliyi sosial şəbəkələrdə kifayət qədər aktivləşib. Sizə tam səmimi deyim ki, bu addımlar mərkəzdən idarə olunmur. Gənclər özləri bu təşəbbüsləri həyata keçirirlər. Ümumiyyətlə mən hesab edirəm ki, sosial şəbəkələri meyar kimi qəbul etmək lazım deyil. Dəfələrlə şahidi olmuşam ki, real həyatda bəzən 5-10 dostu olmayan adamların sosial şəbəkələrdə 200-300 dostu olur. Bilirsiniz ki, saytlarda bir şəxs bir neçə ad altında qeydiyyatdan keçə bilir. Onlar bir neçə saxta hesablar açırlar və bu hesablar vasitəsilə orada istədikləri oyunu qururlar. Amma son zamanların statistik məlumatlarına nəzər salsaq görərik ki, YAP-çı gənclər də öz aktivliklərini ortaya qoymağa başlayıblar. Bir məqamı da xüsusi qeyd edim ki, ölkədə ən çox izlənilən hesab cənab prezident İlham Əliyevin hesabıdır. Müqayisə apardığımız zaman bəlli oldu ki, bizim prezidentimizin hesabı nəinki Azərbaycan, eyni zamanda, Qafqazın üç dövlətinin siyasi liderlərinin müvafiq hesablarını qat-qat üstələyib.

- Sizcə, Azərbaycan gəncləri builki seçkilərdə kimi dəstəkləyəcəklər?
- Hesab edirəm ki, artıq gənc təbəqə öz seçimini edib. Azərbaycan gəncləri son 10 ili çox gözəl dəyərləndirmək və ətraflı şəkildə təhlil etmək qabiliyyətinə malikdirlər. Bu gün dövlətimiz inkişaf prosesini keçməkdədir. Bununla yanaşı, ölkəmizdə gənc təbəqə üçün geniş imkanlar yaradılıb. Düşünürəm ki, gənclər bu siyasətin davamını istəyəcək. Gənclər təşkilatının sədri kimi gündəlik müşahidələrim onu göstərir ki, gənclər öz seçimlərini edərək yekun qərar veriblər. Onlar cənab İlham Əliyevi yenidən prezident olaraq görmək istəyirlər.

- Necə düşünürsünüz, gənclər üçün əsas amal nə olmalıdır?
- Gənclərin əsas amalları dövlətçilik, vətənə bağlılıq olmalıdır. Təəssüf ki, müxalif qüvvələr hakimiyyət və dövlət anlayışını səhv salırlar. Gənclərimiz dövlətə bağlı olmalı, Azərbaycançılıq məfkurəsini kifayət qədər güclü mənimsəməlidirlər. Azərbaycan gənci ölkənin ağrısını öz ağrısı, sevincini öz sevinci bilməlidir. Eyni zamanda, onlar təhsil aldıqları yerlərdə nümunə olmalı, çalışdıqları sahələrdə peşəkarlara çevrilməlidirlər. Hər kəs öz sahəsinin peşəkarı olmaqla dövlətinə yardımçı ola bilər. Çünki belə olan halda ölkənin inkişafı bir qədər də sürətlənəcək, cəmiyyətimiz isə bunun yalnız faydasını görəcək.

Şəfa Tapdıq

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779