• cümə axşamı, 28 mart, 12:34
  • Baku Bakı 16°C

Müxalifət “Gürcü arzusu”nun milli maraqlara xəyanət edəcəyindən ehtiyatlanır

06.02.19 19:27 641
Müxalifət “Gürcü arzusu”nun milli maraqlara xəyanət edəcəyindən ehtiyatlanır
Uzun sürən fasilədən sonra İsveçrədə Rusiya ilə Gürcüstan arasında danışıqların növbəti raundu start götürüb. Rusiya mediasının yaydığı xəbərlərə görə, danışıqlarda Rusiya ilə Gürcüstan arasında Abxaziya və Cənubi Osetiyadan keçəcək nəqliyyat dəhlizinin yaradılması ilə bağlı sazişin detalları müzakirə olunacaq. Söhbət tanınmamış qurumlar ərazisindən keçəcək yüklərin monitorinqindən gedir. Rusiya mediası iddia edir ki, 2011-ci ildən başlanan proses belə görünür ki, sona çatır – tərəflər artıq bütövlükdə aradakı ziddiyyətləri aradan qaldırmağa müvəffəq olublar. Müstəqil ekspertiza aparan İsveçrənin Societe Generale de Surveillance (SGS) şirkəti isə Moskva və Tbilisidən öz xidmətləri müqabilində müvafiq vəsaitlər aldıqdan sonra işlərə başlamağa hazır olduğunu bəyan edib. Bu prosesin başlanğıcı 2011-ci ilə gedib çıxır. O zaman Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi nəzərdən keçirilirdi. Və əsas şərtlərdən biri də bu idi ki, bütün üzv dövlətlərin razılığı olmalıdır. Həmin tarixdən xeyli əvvəl təşkilata üzv qəbul edilən Gürcüstan Rusiyanın üzvlüyünə qarşı çıxmadı. Rəsmi Tbilisi bununla Abxaziya və Cənubi Osetiyaya Rusiyadan daxil olan yüklərə nəzarəti ələ almaq istəyirdi. Bu zaman yeganə variant kimi bu monitorinqə neytral nümayəndələrin cəlb edilməsi nəzərdən keçirilirdi. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında müharibə yaşandı. Ondan sonra isə iki ölkə arasında diplomatik münasibətlər kəsildi. Bu zaman İsveçrə vasitəçiliyi öz üzərinə götürdü və indi də seçim bu ölkənin SGS şirkətinin üzərinə düşüb. Lakin sonradan bu işlər dayandı. Gürcü tərəfi hazırlanan sənədlərin işğal altında olan ərazilərin statusuna təsirindən qorxaraq çox ehtiyatla hərəkət etməyə başladı. Rusiya isə işğal altında saxladığı və 2008-ci ildə "müstəqillik” verdiyi ərazilərin gürcülərə aid olmaması üçün əlindən gələni etməyə çalışdı. Danışıqlar maksimal şəkildə lupa altında, hər bir vergül və nöqtə nəzərdən keçirilmə şərti ilə aparılsa da, yenə də proses tormozlandı. Belə bir təəssürat yarandı ki, Tbilisinin özünə də Abxaziya və Cənubi Osetiya ərazisindən dəhlizlərin açılması elə də gərək deyil - Rusiya ilə ticarət aparmaq üçün dəniz yolu kifayət edir. Dəmir yolu və avtomobillə yolu ilə Azərbaycanla əlaqə var. "Nezavisimaya qazeta” yazır ki, bu nəqliyyat dəhlizinin fəaliyyətə başlamasında daha çox Ermənistan maraqlıdır. Bəlli olduğu kimi, ermənilər işğalçı siyasəti nəticəsində yarıblokada vəziyyətinə düşüblər. Rusiya ilə bütün Gürcüstan boyu hərəkət etməklə dəniz vasitəsilə əlaqə qurulması da iqtisadi cəhətdən çox baha başa gəlir. Hərbi-Gürcüstan yolu ilə yüklərin daşınması da ağır gedir - yayda turistlərin çoxluğu, qışda da qar uçqunları və digər təbiət hadisələri problemlər yaradır.
Bir vaxtlar Gürcüstan prezidentinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi olmuş Zurab Abaşidze hesab edir ki, razılaşdırılmış sazişlər mahiyyət etibarilə Rusiyadan Gürcüstana və geriyə yüklərin daşınması üçün tranzit dəhlizlərinin yaradılmasını nəzərdə tutur. Bununla bağlı informasiyaların toplanmasını isə İsveçrənin SGS şirkəti həyata keçirməli idi. Z.Abaşidze bildirib ki, bu zaman İsveçrə şirkəti gömrük funksiyalarını yerinə yetirməyəcək. Yəni şirkət yalnız monitorinqlə kifayətlənəcək. Nəqliyyat dəhlizlərindən biri qeyd edildiyi kimi fəaliyyət göstərir – Rusiya-Gürcüstan sərhədində, Şimali Osetiya ilə Gürcüstan arasında "Verxni Lars” nəzarət-buraxılış məntəqəsi. Abxaziyadan və Cənubi Osetiyadan gedən marşrutları bərpa etmək üçün digər iki buraxılış-keçid məntəqəsini də yenidən qurmaq lazımdır. Bu məqsədlə Rusiyanın Adler, Gürcüstanın Zuqdidi şəhərləri ərazisində, eləcə də Şimali Osetiya və Gürcüstanın Qori şəhərində SGS işçiləri üçün yüklərin nəzarətdən keçirmələri üçün məntəqələr yaradılacaq. Rusiya və gürcü tərəfi isveçrəlilərə daşınan bütün yüklər barədə məlumat verməlidirlər. Bu marşrutlar ötən əsrin 90-cı illərində yaşanan münaqişələrdən sonra tam və yaxud hissə-hissə bağlanılıb. Müqaviləyə görə, onlar alternativ yolar kimi fövqəladə hallar zamanı istifadə oluna bilər. Keçmiş baş nazir Georgi Kvirikaşvili istefasına qədər məsələ il bağlı daha konkret fikirdə idi. Onun sözlərinə görə, reallıqda bütün əlaqələr Cənubi Osetiya vasitəsilə həyata keçəcək. Əgər Gürcüstan yolu bağlanarsa, Tbilisi Yerevana "Verxni Lars” öz fəaliyyətini bərpa edənə qədər Cənubi Osetiya vasitəsilə hərəkət etməyə imkan verə bilər. Lakin vəziyyət dəyişmədi.
Gürcü müxalifəti isə baş verənləri dərhal milli maraqlara xəyanət edilməsi kimi nəzərdən keçirməyə başlayıb. Onların qənaətincə, bu, Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyi”nin tanınması istiqamətində bir addım ola bilər. "Gürcü arzusu”nun ortada olan sənədin Saakaşvili hakimiyyəti dövründə hazırlanması barədə fikirlərini isə "Vahid Milli Hərəkat” rədd edir. Öz növbəsində gürcü mediasında da məsələyə sərt reaksiyalar var, tənqidi yazılar artıb. Bildirilir ki, nəqliyyat dəhlizinin bərpası Cənubi Osetiya və Abxaziyanın itirilməsi ilə razılaşmaq demək olacaq. Çox güman ki, bütün məsələlərə aydınlıq Gürcüstan və Rusiya tərəfinin Cenevrədə keçiriləcək danışıqlarından sonra gələcək. Keçmiş prezident Mixail Saakaşvili baş verənlərə” facebook”da yazdığı status vasitəsilə münasibət bildirib: "Bu, İvanişvilinin təslim olmasıdır. Mənim 2012-ci əldə etdiyim razılaşmada postların bizim beynəlxalq qanunlarla təsbit olunmuş sərhədlər daxilində qurulması təsdiq olunmuşdu. İvanişvilinin bu təslimçiliyi gürcü dövlətçiliyi üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”.
Son məlumatlara görə, Gürcüstan xarici işlər naziri David Zalkaliani Rusiya ilə Gürcüstan arasında gömrük dəhlizlərinin açılması barədə Rusiya mediasında yayılan xəbərləri dezinformasiya adlandırıb. "Bu, Rusiya KİV-nin yaydıqları növbəti dezinformasiyadır və bizim opponentlərimiz, müxalifətçilər və Gürcüstanın keçmiş prezidenti dəstəkləyir. Bütün bunların reallıqla və həqiqətlə heç bir əlaqəsi yoxdur”, - deyən nazir əlavə edib ki, 2011-ci il müqaviləsində gömrük terminallarının açılması barədə heç bir bənd yoxdur.
Erməni mediası da baş verənləri diqqətlə izləyir. "1in.am” saytı yazır ki, Cenevrə danışıqlarının yekunu Ermənistan üçün də böyük əhəmiyyət kəsb edir. "Söhbət Cənubi Osetiya və Abxaziyada avtomobil yolunun istismara verilməsindən gedir. Bu yol Verxni Larsa alternativ olacaq. Alternativ yol Ermənistan üçün həyati əhəmiyyət kəsb edir”, - deyə sayt yazır.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər