• çərşənbə axşamı, 16 aprel, 15:18
  • Baku Bakı 19°C

Müxalifət düşünməyə mərkəz yarada bilmir

10.04.14 09:53 1283
Müxalifət düşünməyə mərkəz yarada bilmir
Xalqın inamını qazana bilməyən radikal müxalifət liderləri son parlament seçkilərində də seçicilərdən özlərinə etimad görmədilər. Biabırçı şəkildə seçkiləri uduzan bu adamlar ənənəvi taktikaya üstünlük verərək, yenə də ölkədəki seçkilərə qara yaxmağa başladılar. Bu istiqamətdə onların atdığı addımlardan biri də İctimai Palata (İP) adlı yeni qurumun təsis edilməsi oldu. 2010-cu ilin parlament seçkisindən dərhal sonra Vətəndaş Həmrəyliyi (VHP), Xalq (AXP), Milli İstiqlal (AMİP), Müsavat, (MP) Xalq Cəbhəsi (AXCP) və sair təşkilatların iştirakı ilə yaradılmış İP qarşısına guya ki, ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq məqsədi qoymuşdu və bu istiqamətdə aktiv fəaliyyət göstərəcəkdi. Lakin İP 2013-cü ilin prezident seçkisi ərəfəsində fəaliyyətini faktiki olaraq dayandırdı. Həmin ilin axırlarında isə AXCP daha İP-da olmadığını bəyan etdi. Bununla da nə cəmiyyətdə, nə də ictimai-siyasi çevrədə nüfuz qazanmayan qurumun buraxılıb-buraxılmaması məsələsi müzakirə mövzusuna çevrildi. Ən nəhayət, bu il martın 4-də İP Koordinasiya Şurasının (KŞ) dönəm sədri, Müsavat başqanı İsa Qəmbərin sədrliyi ilə keçirilən iclasda qurum öz fəaliyyətinə xitam vermək məcburiyyətində qaldı. Elə həmin vaxt AXP sədri Pənah Hüseyn mətbuata açıqlama verərək, fəaliyyətinə xitam verilmiş İP üzvləri tərəfindən martın sonunda yeni “Düşüncə Mərkəzi” təsis ediləcəyini bildirdi. O, bu mərkəzin keçmiş İP və ya Milli Şura kimi siyasi qurum deyil, daha çox intellekt mərkəzi kimi yaradılması nəzərdə tutulduğunu qeyd etdi. Amma ötən müddət ərzində verilən vədlər yenə də özünü doğrultmadı. Hər zaman bir-birilərinə qarşı çoxsaylı ittiham və qarşıdurmalarla gündəmə gələn müxalifət funksionerləri bir araya gəlməyi, normal düşüncə tərzi ortaya qoymağı, “Düşüncə Mərkəzi”ni təsis etməyi, ətraflarına insan toplamağı bacarmadılar.
Sözügedən məsələ ilə bağlı “Kaspi”yə açıqlama verən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə son parlament seçkilərində biabırçı şəkildə seçkini uduzan bir neçə şəxsin İP-dan sonra “Düşüncə Mərkəzi” təsis etməsini əhəmiyyətsiz, heç bir faydası olmayan hadisə kimi dəyərləndirib. Qeyd edib ki, bu “mərkəzlərdə” toplaşan radikal müxalifətçilər keçmiş günləri geri qaytarmaq üçün müxtəlif vasitələrə əl atırlar: “Əvvəl SİDSUH, ardınca dördlük, altılıq, üçlük, İctimai Palata və bir sıra qruplar, ən sonda da Milli Şurada “Şuriklər” bir araya gəldilər. Bütün bu təşkilatlar yarananda mən demişdim ki, bunlar “ölü doğulmuş uşaq”ı xatırladırlar və ayaq açıb gəzə bilməyəcəklər. İndi də “Düşüncə Mərkəzi”ni ortaya atıblar. Bu, nə olan şeydir? Vaxtilə İran şahı Məhəmməd Rza “Təmiz Fars Dili Mərkəzi” yaratmışdı. Ağlı olan insan başa düşürdü ki, fars dilini ərəb-türk sözləri olmadan qəbul etmək mümkün deyil. Müasir dövrdə isə seçkilərdən kənarda qalmış, xalqın etibarını, inamını qazana bilməyən bir qrup insan “Düşüncə Mərkəzi” yaradır. Mən bu mərkəzi Rza şahın qondarma qurumuna bənzədirəm. Belə çıxır ki, bütün düşünən insanlar hamısı həmin mərkəzə üzv olacaqlar. Yerdə qalan əhali isə düşünməyən insanlar kateqoriyasına aid ediləcəklər. Yəni, özlərini ağıllı kimi göstərən bir qrup adam səhər saat 9-dan axşama kimi Rudinin “Düşünən insan”ı kimi dizlərinə dirsəklənib, əllərini çənələrinə qoyub fikirləşəcəklər. Axı, bunlar hamısı gülünc şeylərdir. Sadəcə, bunların belə məsələlərlə gündəmə gəlmələrində yeganə məqsəd var. Düşünən-düşünməyən, şüursuz “mərkəz”ə toplaşan bu adamlar rəhmətlik Mirzə Cəlilin “Bəlkə də qaytardılar” hekayəsindəki düşüncə tərzi ilə yaşayırlar. Bu adamlar vaxtilə Xalq Cəbhəsində birləşib dövlət çevrilişi edən, hakimiyyətə gələn, müxtəlif vəzifələri öz aralarında bölən, lakin uğursuz fəaliyyətlərinə görə vəzifədən azad edilən insanlardır. Dişlərində şirə qalıb deyə, keçmiş günlərə qayıtmaq həvəsi ilə yaşayırlar. Amma reallıq budur ki, onlar düşünsələr də, düşünməsələr də, heç nə geri qayıdası deyil. Əgər onlar doğrudan da düşünən olsaydılar, bu günə kimi özlərinə bir peşə tapıb başlarını qatardılar. Sadəcə, bu gün xaricdən maliyyələşən bəzi qurumlar onlara hansısa miqdarda “pay” verirlər. Bunlar da o “pay”ın əvəzini qaytarmaq üçün belə mənasız işlərlə məşğul olurlar”.
Azərbaycan Vəhdət Partiyasının (AVP) sədri Tahir Kərimli İP buraxılandan sonra KŞ üzvlərindən bir neçə nəfərin Düşüncə Mərkəzi yaratmaq barədə ideya ortaya atmasını müxalifətin məğlubiyyətinin etirafı kimi qələmə verib. Onun fikrincə, İP üzvləri, oradakı radikal müxalifət liderləri məğlubiyyətdən doğan pərtliyi gizlətmək üçün belə bir təşəbbüslə çıxış ediblər: “İctimai Palata öz tarixi funksiyasını yerinə yetirə bilmədi. Bu qurum seçkidən narazı qalmış deputatlığa namizədlərin təşkilatı kimi ortaya atılmışdı. “Ərəb baharı”ndan həvəslənən bəzi radikallar eyni proseslərin Azərbaycanda da təkrarlanacağını düşünərək, siyasi müxalif yolu seçib İctimai Palataya toplaşmışdılar. Lakin gözləntilər özünü doğrultmadı. Milli Şuranın yaranmasından sonra isə İctimai Palata əhəmiyyətsiz bir quruma çevrilmişdi. Bu qurumun mövcudluğunu qoruyub saxlamaq üçün müxtəlif yollar aranırdı. Ən nəhayətdə Düşüncə Mərkəzi üzərində dayanıldı ki, bu da müxalifətin birliyi anlamında qəbul edilməməlidir. Çünki bu, siyasi təşkilat deyil. Bu mərkəz, intellektual, beyin mərkəzi olmalıdır. Bu isə siyasət deyil, siyasətşünaslıqdır. Müxalifətin Düşüncə Mərkəzini yaratması onların siyasi cəhətdən peşəkar olmamasının, narazı kütləni təşkilatlandırmağı bacarmadıqlarının etirafıdır. Digər tərəfdən, belə bir mərkəzin ortaya atılması siyasi baxımdan cəmiyyətdə yenilik deyil. Biz bilirik ki, müxalifət buna bir neçə dəfə cəhd göstərib. 2004-də Leyla Yunusun rəhbərliyi ilə Fikir Mərkəzi yaradılmışdı. 2012-ci ildə Rafiq Əliyevin rəhbərliyi ilə “Lütfizadə irsi və süni intellekt mərkəzi”, Qubad İbadoğlunun sədrliyi ilə QHT-lərin birliyi olan mərkəz yaradılmışdı. Lakin bütün bu mərkəzlərin heç biri yaşaya, özünü doğrulda bilmədi. Çünki istənilən səviyyədə Düşüncə Mərkəzini yaratmaq üçün müxalifətin intellektual potensialı yoxdur. Müxalifətin bütün sahələr üzrə yüksək potensiala malik mütəxəssisləri olmalıdır ki, onlar bu Düşüncə Mərkəzində cəmiyyət, dövlət, iqtidar və xalq qarşısında müəyyən konsepsiyalarla çıxış edib təkliflər irəli sürə bilsinlər. Əgər belə potensiallı şəxslər bu mərkəz ətrafında birləşməyəcəklərsə, o zaman bu Düşüncə Mərkəzinin formalaşmasından, cəmiyyətdə özünə yer tapmasından danışmağa dəyməz. Real gücü, təşkilatçılıq qabiliyyəti olmayan insanların bu istəyi heç bir nəticə verməyəcək”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər