Müxalifət düşərgəsində növbəti saxta sənəd qalmaqalı
Özlərini "demokrat” adlandıran, lakin əsl gerçəklikdə radikal
baxışları ilə diqqət çəkən müxalifət funksionerlərinin adları zaman-zaman
müxtəlif saxtakarlıqlarda, o cümlədən saxta arayış hazırlamaqda hallanıb.
Xüsusən AXC və Müsavat partiyalarında bununla bağlı yaşanan qalmaqalların
sayı-hesabı itib. Partiya daxilində hansısa səviyyədə sözü və nüfuzu olan
şəxslər müxtəlif bəhanələrlə ölkəni tərk edib xaricə sığınmaq istəyənlər
üzərindən qaz vurub qazan doldurublar. Ya xaricə sığınmaq istəyənlərə onların
guya "müxalifətçi” olmasına dair arayışlar təşkil ediblər, ya da bu şəxslərə
dair partiyanın vəsiqələrini, zəmanət məktublarını və sair hazırlatdırıblar.
Təbii ki, bütün bu işlər maddi maraq müqabilində edilib. Hazırda növbəti belə
olay Müsavat Partiyasında yaşanmaqdadır. Belə ki, Müsavat Partiyasının
rəhbərliyində saxta sənəd qalmaqalı sosial şəbəkə üzərindən yenidən gündəmə
gəlib. Bir müddət öncə təşkilatın Divan üzvü və Salyan rayon təşkilatının sədri
Yadigar Sadıqlının mühacirət üçün bir şəxsə saxta arayış verdiyi haqqında
"Facebook”da sənəd yayılıb. Bu sənədi də, partiya sədrinin müavini Səxavət
Soltanlı ictimailəşdirib. Bundan sonra Y.Sadıqlı həmin sənədin onun tərəfindən verilmədiyini
açıqlayıb və partiya rəhbərliyindən sözügedən sənədin təşkilata necə daxil olması
haqda hesabat istəyib. Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə
araşdırma aparıldığını, bu haqda açıqlama veriləcəyini söyləyib.
Lakin məsələnin üzərindən aylar keçsə də, hələlik bununla bağlı hər
hansı açıqlama verilməyib. Ona görə də, Y.Sadıqlı yenidən saxta sənəd
məsələsini gündəmə gətirib. Müsavatın Divan üzvü sosial şəbəkədə G.Aslanlıya
belə bir sual ünvanlayıb: "Gülağa Aslanlı bəy, düz bir il öncə partiyaya daxil
olan, məndən gizlədilən, fevral ayında Səxavət Soltanlının qəfildən
ictimaiyyətə açıqladığı saxta arayışla bağlı araşdırma nə yerdə qaldı? Söhbət
mənim guya Salyan təşkilatının sədri kimi yazdığım arayışdan gedir. Mənbəyini
tələb edəndə mənə deyilmişdi ki, araşdırma gedir. Məsələ ictimai açıqlandığı
üçün mən də buradan soruşmaq məcburiyyətindəyəm”. Y.Sadıqlının sualına cavab
olaraq G.Aslanlı belə bir rəy yazıb: "Yadigar bəy, mən partiyaiçi müzakirələri
sosial şəbəkələrdə müzakirəni düzgün hesab etmirəm. Hətta mənə partiya üzvləri
tərəfindən böhtan atılanda da. Sabah qərargahda görüşəndə müzakirə edərik”.
Bundan sonra müzakirə deyişmə şəklində davam edib. Hətta qarşılıqlı
ittihamlar səsləndirilib. Yazılan rəylər müxalifət partiyası daxilində yaşanan
saxta sənəd qalmaqalını növbəti dəfə gün işığına çıxarmaqla yanaşı, həmin
təşkilatda müəyyən mövqe tutan şəxslərin bu olayları ictimaiyyətdən gizlətmək
cəhdlərini də ortaya qoyub. Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Yurddaş Partiyasının (YP) sədri Mais
Səfərli bildirib ki, radikal müxalifət partiyalarında yaşanan bu hadisələr
yenilik deyil. Onun sözlərinə görə, "siyasi mühacir” adı altında Avropaya gedən
çoxsaylı insanların fəaliyyətini araşdıranda, məlum olur ki, onların siyasətlə,
siyasi fəaliyyətlə hər hansı əlaqəsi yoxdur. Partiya sədri deyir ki, sonradan
müxtəlif vasitələrlə bu şəxslərin "siyasi kimliyi” formalaşdırılıb və bu yolla
ölkəni tərk edib Avropada sığınacaq almalarına yardım edilib: "Azərbaycan
çoxpartiyalı sistemə malik olan, demokratik, hüquqi bir ölkədir. Buradakı partiyaların,
siyasi təşkilatların fəaliyyəti qanunla, konstitusiya ilə tənzimlənir.
Azərbaycan nə banan, nə də diktatura ölkəsi deyil ki, siyasi partiyalar,
onların sədrləri və ya üzvləri təqib olunsun. Ona görə də, kimlərinsə "siyasi
mühacir” adlandırılması kökündən yanlış məsələdir. Digər tərəfdən, Avropada
ermənilərə bağlı müəyyən siyasi qüvvələr var. Həmin dairələr Azərbaycanın
milli-dövlətçilik maraqlarına, dövlətimizə, ölkəmizə qəsd etməyə hər zaman
hazırdırlar və buna dair istənilən fürsəti qiymətləndirirlər. Belə qüvvələr
Azərbaycanın suverenliyindən, inkişafından, beynəlxalq birliyin nüfuzlu üzvü
olmasından dərin narahatlıq keçirirlər. Onlar Azərbaycanı gözdən salmaq üçün ən
müxtəlif vasitələrə əl atırlar. Belə vasitələrdən biri də Azərbaycanda insan
haqlarının pozulmasına, siyasi fəaliyyəti olan şəxslərin təqib olunmasına dair
beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq cəhdidir. Bunun üçün də
Azərbaycanı ən müxtəlif bəhanələrlə tərk edib xaricə sığınan "siyasi
mühacirlərdən” vasitə kimi istifadə edirlər. Təbii ki, həmin şəxslərə "siyasi
mühacir” statusu vermək üçün müəyyən əsaslar olmalıdır. Bu "əsaslardan” bir
neçəsi də o cür şəxslərin guya Azərbaycanda hansısa müxalifət partiyasının üzvü
olmalarına dair saxta arayışlar, vəsiqələr, zəmanət məktublarıdır. O sənədləri
də radikal müxalifət partiyalarında hazırlayırlar. Bununla bağlı ölkə
mediasında dəfələrlə yazılar yazılıb, konkret şəxslərin bu məsələyə dair
şikayətləri ictimailəşdirilib”.
Partiya sədri M.Səfərli qeyd edib ki, bu kimi hallar Azərbaycana
qarşı açıq-aşkar qəsddir, qarayaxma kampaniyasıdır. Onun fikrincə, şəxsi
maraqlar naminə bu kampaniyada yer alan "siyasi mühacirlər”, həmçinin onların
"siyasi kimliyinin” yaradılmasında hansısa səviyyədə rol oynayan radikallar
etdikləri məsuliyyətsizliklərin mahiyyətinə varmalıdırlar.
Alpər İSMAYIL