AZE | RUS | ENG |

Müxalifət 20 illik fəaliyyəti zamanı heç vaxt belə pərt olmamışdı

Müxalifət 20 illik fəaliyyəti zamanı heç vaxt belə pərt olmamışdı
Əli Əliyev: “Milli Şuradakı siyasi işbazlar növbəti dönəmdə Azərbaycan ictimaiyyətinin aldadılması üçün yeni layihələr üzərində düşünürlər”


Əslində London səfəri diqqəti Moskvadan yayındırmaq üçün həyata keçirilir

Azərbaycanın müxalifət düşərgəsində seçki öncəsi gərgin vəziyyət hökm sürməkdədir. Rüstəm İbrahimbəyovun fiaskosundan sonra tarixçi Cəmil Həsənlinin ətəyindən yapışıb onu Milli Şuranın namizədi edənlər bununla yaranmış gərginliyi, fikir ayrılığını aradan qaldırmağa cəhd edirlər. Hətta Londona səfər edib birlik-bərabərlik görüntüsü yaradır, xarici qüvvələrin onları qəbul etməsi barədə rəy formalaşdırmağa cəhd edirlər. Lakin proseslərin gedişində Milli Şura üzvü, KXCP sədri Mirmahmud Mirəlioğlunun C.Həsənliyə imza toplamaqdan imtina etməsi, ACP-nin parçalanması, bu partiyanın lideri Rəsul Quliyevin Azərbaycan gənclərini aşağılayan bəyanatları və sair müxalifətdəki pərakəndəliyin hələ də davam etdiyini göstərir. Firqələrdə baş verən son proseslərlə bağlı “Kaspi”nin suallarını Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cavablandırır.

- Əli bəy, müxalifət düşərgəsində seçki öncəsi vəziyyəti necə qiymətləndirirsiniz?

- Müxalifətin seçki hazırlığının vəziyyəti pərakəndə kimi qiymətləndirilməlidir. Müxalifət düşərgəsində müxtəlif qruplar formalaşıb ki, bunlar əslində səsvermə zamanı hakimiyyətin dəyişilməsində maraqlı olan elektoratın parçalanmasına dolayısı ilə xidmət edəcək. Bu müxalifətin bütövlükdə strategiyasının səhv seçimidir.

- Sizcə, Rüstəm İbrahimbəyovun fiaskosu özlərini demokratik qüvvələr adlandıranların hazırkı durumuna necə təsir edib?

- Əgər məşhur “qurumu” nəzərdə tutursunuzsa, həmin o Milli Şura seçkilərdə özünü biabır elədi. Bu günlərdə onların adamlarından biri mətbuatda bildirib ki, - “nəhayət biz Milli Şuranı Moskva layihəsindən Azərbaycan layihəsinə çevirə bildik”. Bununla o, dolayısı ilə bizim partiyanın 5 ay ərzində ictimaiyyətə bildirdiyi fikri təsdiq edib. Həmin adam haqlıdır. Bunlar Moskva layihəsi kimi fəaliyyətə başlamışdılar və Moskva layihəsi kimi də fəaliyyət göstərirdilər. Nəhayət Rusiyadan vəsaitin gəlmədiyini, siyasi dəstəyin olmayacağını anlayan Milli Şura üzvləri indi Azərbaycan layihəsi olmağı qərara alıblar. Bu, həm Rüstəm İbrahimbəyovun fiaskosudur, həm də orda olan siyasilərin biabırçılığıdır. Onlar son 20 illik fəaliyyətləri zamanı bu cür pərt olmamışdılar. Təbii ki, bundan sonra çalışacaqlar Moskva layihəsi olmadıqlarını Azərbaycan ictimaiyyətinə sübuta yetirsinlər.

- Tarixçi Cəmil Həsənlinin ehtiyat namizəd seçilməsi Milli Şuranı indiki vəziyyətdən xilas edə biləcəkmi?

- Xeyir, xilas edə bilməyəcək. Onlar sadəcə olaraq əllərində olan təbliğat vasitələri ilə çalışacaqlar ki, Moskva “tozu”nu üzərlərindən çırpa bilsinlər. Artıq növbəti dönəm üçün hazırlıqlar, yenidən qruplaşmalar başlayıb. İndi Milli Şuradakı siyasi işbazlar növbəti dönəmdə Azərbaycan ictimaiyyətinin aldadılması üçün yeni layihələr üzərində düşünürlər. Bu layihələr parlament, bələdiyyə seçkilərində onların uğurunun təmin edilməsi üçün düşünülüb. Çalışmaq lazımdır ki, bu cür siyasi hədəfləri, uzaqgörənliyi olmayan siyasətçilər ümumiyyətlə Azərbaycan siyasətinin üst qatından silinsinlər. Azərbaycan ictimaiyyətinə onların kim olduğu çatdırılmalıdır. Nə qədər ki, bu edilməyib, Azərbaycan müxalifətinin uğuru olmayacaq.

- İlk vaxtlardan R.İbrahimbəyovun prezident seçkiləri üçün uğurlu namizəd olmadığı haqqında məlumatlar var idi. Buna səbəb kimi onun ikili vətəndaşlığı, başqa ölkələr qarşısında öhdəliyi və sair göstərilirdi. Belə olan halda nəyə görə Milli Şura üzvləri əvvəlcədən C.Həsənlini vahid namizəd elan etmirdilər?

- Milli Şuradakı şəxslər bu məsələ ətrafında çox düşünmüşdülər. Rüstəm İbrahimbəyov Kreml layihəsinin qarantı idi. Təsadüfi deyildi ki, Rüstəm İbrahimbəyov mətbuata açıqlamasında, vəsaiti Azərbaycana ancaq özünün gətirə biləcəyini deyirdi. Hər bir layihənin subyektiv qarantı olur. Rüstəm İbrahimbəyov da bu məsələdə qarant rolunda çıxış edirdi. Kremllə Azərbaycan müxalifətinin fəaliyyətini itirmiş hissəsinin əlaqələndiricisi Rüstəm İbrahimbəyov idi. O, körpü rolunu oynayırdı. Rezident də demək olar belə insanlara. Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi seçilməsi kinorejissorun Moskva ilə əlaqələrindən və Kremlin ona etimadından irəli gəlirdi. Bəlkə də orada olan insanlar yaranacaq çətinlikləri anlayırdılar və düşünürdülər ki, Moskvanın təzyiqi hesabına hüquqi çətinlikləri, problemləri aşmaq mümkün olacaq. Bir də onlar anlayırdılar ki, Azərbaycanda hazırkı vəziyyətlə, bu seçilmiş strategiya əsasında seçki yolu ilə hakimiyyətə gəlmək olmaz. Çox güman ki, onlar başqa üsulları düşünürdülər. Məntiq onu deyir ki, onların planlaşdırdıqları dəyişiklik layihəsinin həm qanuni həm də qanunsuz yolla istifadə etmək cəhdləridir.

- Milli Şurada təmsil olunan radikal müxalifət təmsilçilərinin sentyabrın 4-də Londona səfər edəcəyi gözlənilir. Sizcə bu səfər xalqın deyil, daha çox xarici qüvvələrin dəstəyinə arxalanan müttəfiqlərin fəaliyyətində nəyi dəyişəcək?

- London səfəri heç nəyi dəyişməyəcək. London səfərinin gündəliyini araşdırsaq görərik ki, orada ciddi heç bir görüş olmayacaq. Əslində London səfəri Moskvadan diqqəti yayındırmaq üçün həyata keçirilir. Burda sanki diqqətin yayındırılması ilə yanaşı, qərblə əlaqələrin bərpasına da cəhdlərin olması mümkündür. Lakin inanmıram ki, Qərb çevrələri bugünkü Azərbaycan müxalifətinin tərkibində olan, xüsusən Milli Şurada cəmlənmiş qüvvələri ciddi qüvvə hesab edir və burada hansısa çox ciddi görüşlər olsun.

- “EL” Hərəkatının üzvü Əflan İbrahimov mətbuata açıqlamasında Milli Şuranın bir sıra üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində, Respublikanın digər regionlarında seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib. Siz radikal müxalifətin siyasi hakimiyyətə gəlmək üçün bu cür mübarizə metodunu necə qarşılayırsınız?

- Əvvəla Əflan İbrahimovun bu cür qısa müddətdə mövqe dəyişikliyini yanlış hesab edirəm. İkincisi, o adamın açıqlamasına da heç bir izah verə bilmərəm. Ancaq təbii ki, Azərbaycanda elə qüvvələr mövcuddur ki, onlar qanundankənar yollarla, küçədən hakimiyyəti dəyişmək niyyətindədirlər. Belə şəxslər var, bunu hətta rəsmi görüşlərdə də səsləndirməyi çəkinmirlər bəzi hallarda. Təbii ki, biz buna pis baxırıq. Xüsusən belə dəyişikliklərdə xarici qüvvələrin də iştirakı olur. Bu, yolverilməzdir. Xarici qüvvələrin dəstəyi ilə edilən dəyişikliklər ərəb dövlətlərində baş verib və Yaxın Şərqin nə vəziyyətdə olduğunu hamımız müşahidə edirik. 2011-ci ildə məhz Milli Şurada olan qüvvələr, hansı ki, o zaman İctimai Palatada təşkilatlanmışdılar, onlar Azərbaycana inqilab gətirmək istəyirdilər. Yəni, 2013-cü ildən danışırıqsa, onlar Azərbaycanı bugünkü Liviyaya, Yəmənə, Suriyaya və yaxud İraqa çevirmək istəyirdilər. Budur bu adamların siyasi strategiyasının olmaması, məhəlli fəaliyyət göstərmələri. Bu, Azərbaycan xalqına və dövlətçiliyinə heç bir fayda verə bilməz.

- Milli Şura üzvü, KXCP sədri Mirmahmud Mirəlioğlu Cəmil Həsənliyə imza yığmaqdan imtina edib. Buna səbəb kimi Seçki Qərargahı tərəfindən bir sıra partiyalara sıfır, onlara isə cəmi min imza toplamaq öhdəliyinin qoyulmasını göstərib. Bəzi mətbu orqanlar bu addımın arxasında KXCP sədrinin C.Həsənlinin namizədliyini qəbul etməməsi və digər narazılıqların dayandığını bildirib. Sizin baş verənlərə münasibətiniz necədir?

- Mən siyasi fəaliyyətimdə heç zaman fərdi addımlara, qərarlara münasibət bildirməmişəm. Çalışmışam ki, ancaq prinsiplərə öz mövqeyimi bildirim. Ona görə də ayrı-ayrı fərdlərin nə etdiyi məni maraqlandırmır. Onu deyə bilərəm ki, Milli Şuranın formalaşmasında birinci və ikinci dərəcəli şəxslər olub. Birincilər o şəxslər idi ki, Milli Şura layihəsini üçlükdə oturub müzakirə edir, onu məlum çevrələrlə razılaşdırır, əlaqələndirir, formalaşdırılmasına qərar verirdilər. Sonradan ora qoşulanlar anlamalıydılar ki, onlar ikinci dərəcəli şəxslərdilər. Sözügedən layihəyə ikinci dərəcəli şəxslər kimi qatılanda isə özlərinə qarşı bu səviyyədə həqarətin olacağını əvvəlcədən təxmin etmək lazım idi. Bu kimi səbəblərə görə biz partiya olaraq hər zaman bəyan etmişik ki, münasibətlər bərabər səviyyədə qurulmalıdır. Heç kim özünü başqalarından yuxarıda hesab etməməlidir. Belə münasibəti qəbul etməyən qüvvələr də şərait yaratmamalıdırlar ki, kimlərsə özünü təkəbbürlü, yekəxana aparsın. Hazırda Milli Şurada “sortlaşma”nın getməsi təbii prosesdir. Bu qurumun bünövrəsi əzəldən belə qoyulub. Ona görə də inciməyinə dəyməz. O ki, qaldı Müsavat başqanının KXCP sədrindən fərqli olaraq namizədliyini geri götürməsinə, fikrimcə bu, Milli Şuranın fiaskosunun etirafıdır. Yaxın keçmişə nəzər salsaq görərik ki, 2008-ci ildə də İsa Qəmbər sona kimi gözlədi. Avqust ayının əvvəllərində isə seçkilərə qatılmayacağını bəyan elədi. İndi də təxminən buna bənzər proses baş verdi. Bütün bunları ehtimal olunan əlaqələrin baş tutmaması ilə əlaqələndirirəm. Artıq hamı gözəl başa düşür ki, müxalifət indiki durumunda hakimiyyəti dəyişməyə qadir deyil. Bugünkü pərakəndəlik, fikir müxtəlifliyi, təşkilati vəziyyət bunu şərtləndirmir.

- Milli Şuranın digər bir üzvü ACP və onun lideri Rəsul Quliyevlə bağlı olaylar da gündəmdədir. Seçki qabağı bu partiya öz qərargahını itirib, təşkilatda parçalanma yaranıb, müavin postunu icra edən şəxs ayrıca partiya yaratdığı barədə bəyanat verib. Üstəlik, Rəsul Quliyev onunla bağlı fikir səsləndirənləri, xüsusən də Azərbaycan gənclərini aşağılayıb. Siz bu hadisələrlə bağlı nə fikirləşirsiniz?

- Hazırda bizdə siyasi sferada yenilik mövcud deyil. Son 20 ildə Azərbaycan müxalifəti adından çox məhdud sayda insanlar təqdim edilir. Əslində siyasi həyatı sona çatan belə adamları bitirmək lazımdır. Siyasi mübarizə aparan şəxsin təyyarəyə oturub Azərbaycana gəlməsi üçün cürəti olmalıdır. Biri deyir ki, mən ölümdən, həbsimdən qorxuram. Ona görə də gedib oturub Moskvada. Kreml divarları arxasında gizlənib Azərbaycanda hakimiyyətə gəlməyi düşünür. O birisi isə oturub Vaşinqtonda istirahətini edir, pulunu xərcləyir. Sonra da oradan müxtəlif bəyanatlar verib başqalarını aşağılayır. Halbuki Azərbaycanda siyasi hakimiyyətə gəlmək, ölkə vətəndaşının səsini qazanmaq istəyən gəlib Azərbaycanda oturub fəaliyyət göstərməlidir. Kimlərlə isə həqarətlə danışmaq, onlara yuxarıdan aşağı baxmaq heç kimə baş ucalığı gətirməyib. Azərbaycan müxalifətində bu, belə davam etdiyi təqdirdə qocalmış, təqaüdə göndərilməli olan şəxslər özlərini daim padşah kimi cəmiyyətə təqdim edəcək, ağızlarına gələni danışacaqlar. Fikirləri, özləri köhnəlmiş, cəmiyyətin dəstəyini itirmiş, dinozavr kimi ancaq adları qalan şəxslər özlərini müxalifətin lideri sayacaqlar. Siyasi sferada rəqabət mühitini yaxşılaşdırmaqla, bu siyasətin özünü dəyişmək lazımdır.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779