• cümə, 19 Aprel, 06:17
  • Baku Bakı 13°C

Müxalifət 18 avqust məyusluğunu yenidən yaşayacaq

14.09.13 10:05 1244
Müxalifət 18 avqust məyusluğunu yenidən yaşayacaq
Hazırkı dövrdə ictimaiyyət az qala müxalifətin varlığını unudub. Keçirilən müxtəlif sorğular da insanların müxalifəti, onun Milli Şurasını, prezidentliyə namizədini düz-əməlli tanımadığını göstərir. Seçkiyə bir aydan da az vaxt qaldığı bir dövrdə müxalif düşərgə düşdüyü ağır situasiyadan çıxmaq istiqamətində bir sıra cəhdlər göstərir. Bu cəhdlərdən biri müxalifətin ənənəvi olaraq müraciət etdiyi mitinq taktikasıdır. Azərbaycanda müxalifətin mövcudluğu da elə əsasən mitinqlər keçirən zaman hiss olunur.
Əslində müxalifətin və yaxud iqtidar partiyasının mübarizə taktikası kimi mitinqlərə müraciət etməsi normaldır. Belə ki, siyasi partiya, lider kütləvi tədbir kimi mitinqlərdə öz tərəfdarları ilə, seçiciləri ilə ünsiyyətdə olur, onlara öz platformasını təqdim edir, proqramının müxtəlif aspektləri barəsində məlumat verir. Digər tərəfdən mitinqlər vasitəsilə o, öz tərəfdarlarının nəbzini yoxlaya bilir. Onlardan gələn reaksiyaları birbaşa qəbul edir və gələcək fəaliyyətində nəzərə alır. Digər tərəfdən rəqiblərinə müəyyən mənada əzələ nümayişi baxımından da mitinqlərin mühüm rolu vardır.
Bu baxımdan mitinqlər kifayət qədər maraqlı və vacib mübarizə vasitələrindəndir. Lakin mitinqlər kortəbii şəkildə yox, konkret plan və proqram əsasında təşkil olunmalıdır. Belə ki, mitinqin məqsədi, orada ediləcək nitqlərin məzmunu, şüarlar, hansı problemlərin qaldırılacağı, auditoriyanın tərkibi və s. mütləq nəzərə alınmalı və konkret hazırkı siyasi situasiyaya uyğunlaşdırılmalıdır. Çünki mütəmadi olaraq keçirilən mitinqlərin eyniliyi və təkrarçılıq insanları bezdirə bilər.
Məhz bu baxımdan ölkə müxalifət mitinqlərinin təşkili forması, əsas məqsədi, şüarları, aparıcıları, çıxışçılar, onların nitqlərinin məzmunu, səsləndirdikləri fikirlər və s. demək olar ki, uzun illərdir ki, dəyişməzdir. Artıq cəmiyyət, konkret desək müxalif fikirli insanlar təkrarçılıqdan təngə gəliblər. Bu isə istər-istəməz mitinq auditoriyasının sıralarını seyrəldən faktordur, hansı ki, radikal müxalifət bunu illərdir ki, dərk etməkdə çətinlik çəkir. Bir xırda detala nəzər salmaq kifayətdir. İndiki müxalifətdə təmsil olunan bəzi insanlar, liderlər 1988-90-cı illərin əvvəllərində mitinqlərdə, nümayişlərdə ən çox istifadə olunan «Azadlıq» şüarından 2013-cü ildə də eyni şəkildə istifadə edirlər. Mitinqlərə toplaşan bir çox müxalifətçi də mahiyyətinə varmadan onların dediklərini təkrarlayır. Lakin müəyyən qədər düşüncəli insanlarda, həmçinin müxalifətçilərdə bu hal qıcıq yaradır.
Artıq ölkəmiz, cəmiyyətimiz 20 ildən artıqdır ki, azaddır. Bəs həmin müxalifətçilər hansı azadlıqdan danışır? Belə çıxır ki, şüar xatirinə şüar demək onlarda bir növ adət halını alıb. Ümumiyyətlə isə müxalifətin ənənəvi olaraq mitinqlərdən mübarizə vasitəsi kimi yararlanmaq niyyəti ciddi fayda vermir. Bununla belə, müxalifət bu ilki prezident seçkilərində də mitinq keçirməkdə israrlıdır. Dövlət də öz növbəsində seçki dövrünü nəzərə alaraq mitinq keçirilməsi üçün müvafiq yerlər ayrılıb.
Müxalifətin mitinq keçirməsində qəbahət bir şey olmasa da, müxalifətin daha çox paytaxtda mitinq keçirmək arzusu və istəyi müəyyən suallar doğurur. Məhz niyə paytaxt? Bölgələrdə seçici yoxdurmu? Niyə müxaliflərin, Mili Şura liderlərinin bar-bar bağırdıqları seçki platformalarını, şüarlarını bölgə insanlarına eşitdirmək, dinlətmək həvəsləri yoxdur?
Belə çıxır ki, onlar müxalifət bölgə insanlarına elektorat qismində əhəmiyyət vermir. Xalqın əksəriyyətinin onları dəstəklədiyini bəyan edən müxaliflər əgər tərəfdar toplaya biləcəklərinə əmindirlərsə, rayonlarda hansı səbəbdən mitinqlər keçirmirlər. Yoxsa onlar belə hesab edirlər ki, prezidenti yalnız paytaxt əhalisi seçir?
Belə düşünmək olar ki, ümumiyyətlə xalqın dəstəyindən ümidini üzmüş müxalifət daha çox paytaxt Bakıda mitinq keçirməklə yalnız hay-küy qaldırıb xarici səfirliklərin və beynəlxalq təşkilatların diqqətini cəlb etməyə çalışır. Bu isə onların ənənəvi taktikasıdır.
Ümumiyyətlə isə müxalifətin cəmiyyət arasında nüfuzu getdikcə daha da aşağı düşür. Bu, danılmaz gerçəklikdir. Artıq onun təşkil etdiyi heç bir tədbirə, o cümlədən mitinqlərə gələnlərin sayı kütləvi olmur. Bunu müxalifətin 18 avqust mitinqi bir daha təsdiqlədi.
Sözügedən mitinqin uğursuzluğu müxalif düşərgənin özü tərəfindən də etiraf edildi. Bu tip aksiyalarda dəfələrlə tərəfdarlarına müxtəlif vədlər verərək aldadan müxalifət artıq öz azsaylı tərəfdarlarının da dəstəyini itirməkdədir.
Digər tərəfdən parçalanmış, bir-birilə münaqişə həddində olan Milli Şurada cəmləşən partiyaların mitinqlərə də pərakəndə şəkildə gedəcəyi sirr deyil. Milli Şuranın iclaslarına qatılmayan bir çox partiya və qurumların onun mitinqlərində də iştirak etməyəcəkləri gözləniləndir.
Həmçinin Milli Şurada toplaşan 10-15 nəfərdən artıq üzvü olmayan «El» hərəkatı kimi qurumların mitinqə hansı qüvvə ilə çıxacağı da sual doğurur.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər