• çərşənbə axşamı, 16 aprel, 10:06
  • Baku Bakı 14°C

Müvəqqəti sakitlik?

07.05.21 16:30 1684
Müvəqqəti sakitlik?
Mərkəzi Asiyanın iki ölkəsi arasında gərginlik səngisə də, problem qalır
Ötən həftə postsovet məkanının iki ən narahat ölkəsi - Tacikistan və Qırğızıstanda yaşananlar diqqəti bir müddət də olsa, bu regiona yönəltdi. Mərkəzi Asiyanın iki dövləti arasında bir müddətdir yaşanan sərhəd toqquşmaları regionu az qala yeni bir müharibə təhlükəsi ilə üz-üzə qoydu. Qanlı sərhəd toqquşması 50-dən atıq insanın ölümünə və yüzə yaxın insanın yaralanmasına gətirib çıxardı. Hər iki ölkə dəyən maddi və mənəvi ziyanın hesablanmasını başa çatdırıb və indi hakimiyyət orqanları zərərçəkən ərazilərin bərpası və gələcəkdə belə halların baş verməməsi üçün əlindən gələni etməyə çalışır. Bu məqsədlə Qırğızıstanın Batken vilayətini bölmək və xüsusi status vermək qərarına gəlinib. Hədəf regionun dövlət orqanlarının fəaliyyətini koordinə etmək, yerli özünüidarə sistemi qurmağa yönəlib. Belə bir vəziyyətdə isə qırğız kütləvi informasiya vasitələri qırğızların Tacikistandan deportasiya edilməsinə başlanılması barədə narahat doğuran xəbərlər yayıb.
Qırğızlara bildirilib ki, əgər yerli vətəndaşlığı qəbul etməyəcəkləri təqdirdə, belə bir qərar qəbul ediləcək. Artıq Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev belə faktların olduğunu təsdiqləyib. İlk baxışda hadisələrin səngidiyi təəssüratı yaransa da, proseslərin bundan sonra "hər an partlaya biləcək mina” rolunu oynadığı göz önündədir. Yəni artıq gərginlik nöqtəsi qoyulub. Bir faktı da qeyd edək ki, baş verənlər ilk baxışda məişət zəminli problem kimi götürülsə də, gələcəkdə onun irimiqyaslı münaqişəyə, hətta müharibəyə gətirib çıxaracağı istisna edilmir. Hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvdür və bu da təşkilatın əsas söz sahibi olan Rusiyanın bölgəyə asanlqla müdaxiləsinə gətirib çıxara bilər. Və indi əksəriyyət hesab edir ki, hər iki ölkə ərazisində hər iki xalqdan olan insanlar yaşayır və onların deportasiyası çox mənfi nəticələrə gətirib çıxara bilər. Toqquşmaların miqyası artıq Mərkəzi Asiyanın stabil region olmaqdan uzaqlaşdığını göstərir. Ortada isə suallar çoxdur. Mərkəzi Asiyanı kim və niyə qarışdırdı, 30 ildir mövcud olan su və anklav problemi niyə yenidən silahlı toqquşmaya çevrildi? Suallar çoxdur və baş verən toqquşmanın təkcə su uğrunda olmadığı aydındır.
Ən son məlumata görə, Qırğızıstan və Tacikistan mayın 9-na kimi 112 kilometr ortaq sərhədin xəritəsini yaradacaqlar. "Təsvir etmək üçün 112 kilometr yol verdik. Mayın 9-dək bitirməliyik. Sonra prezidentlər imzalayacaq və biz demarkasiya aparacağıq"- deyə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiev bildirib.

BMT Baş katibinin çağırışı nəticə verəcəkmi?

Görünən odur ki, problem artıq beynəlxalq aləmdə də rezonans doğurub. Artıq məsələyə BMT də qarışıb. Təşkilatın baş katibi Antoniu Quterriş Qırğızıstanı və Tacikistanı barışığa riayət etməyə çağırıb. Bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib. "Baş katib iki ölkə liderlərinin əlaqələrini və mayın 1-də atəşin dayandırılması haqqında nail olunmuş razılaşmanı alqışlayır. O, hər iki tərəfi barışığa riayət edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır”, - Dyujarrik deyib. "Baş katib həmçinin BMT-nin ehtiyac olduğu halda dəstək göstərməyə hazırlığını təsdiqləyir", - BMT rəsmisi əlavə edib. Quterriş toqquşmanın gedişatında həlak olanların yaxınlarına başsağlığı verib və xəsarət alanların qısa zamanda sağalmasını arzulayıb. Artıq rəsmi Bişkek və Düşənbə hərbi bölmələrin sərhəd zonasından çıxarılması prosesini başa çatdırıb. Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib. "Tərəflər dövlət sərhədi xəttindən əlavə hərbi qüvvələrin və vasitələrin aparılmasını yekunlaşdırıb", - xəbərdə deyilir. Sərhəd xidmətinin məlumatına görə, tərkibində iki ölkənin Müdafiə Nazirliyinin nümayəndələrinin daxil olduğu birgə komissiya işini davam etdirir. Hazırda sərhəddə və ona yaxın rayonlarda sabit vəziyyət hökm sürür, ötən gecə ərzində qarşıdurma hadisələri və atışmalar qeydə alınmayıb.
Buna baxmayaraq Qırğızıstanın Baş Prokurorluğu Tacikistanı iki dövlətin sərhədində silahlı konfliktin gedişatında bir sıra beynəlxalq razılaşmaları pozmaqda ittiham edib. Prokurorluq hücum faktları və digər cinayətlər barədə cinayət işi açıb. Rəsmi Bişkek Tacikstanın aprelin 29-da Batken bölgəsində quldur birləşmələri və nizami qoşunların Qırğızıstan Respublikasının sərhədlərinə xaincəsinə hücum etdiyini bildirib. Hücumun mülki əhaliyə qarşı avtomat, minaatan, döyüş helikopteri, ağır zirehli texnika, artilleriya heyəti və digər silah növlərinin tətbiqi ilə həyata keçirildiyi bildirilir. Prokurorluğun məlumatına görə, Tacikistan BMT-nin 1976-cı il Ümumi İnsan Hüquqları bəyannaməsinin tələblərini pozub. Qırğızıstan, eyni zamanda MDB-nin 1991-ci ildə yaradılması haqqında razılaşmanı, Qırğızıstan və Tacikistan Respublikası arasında 1996-cı ilin dövlətlərarası münasibətlərinin əsasları haqqında müqavilələri, habelə digər razılaşmarı pozmaqda ittiham edib.

Qırğızıstan prezidenti: ölkənin ərazi bütövlüyünə təhlükə var
Qırğızıstan prezidenti Sadır Japarov bildirib ki, Tacikistanla sərhəd münaqişəsi ölkənin ərazi bütövlüyünü təhlükə altına qoyub. "28-30 aprel Qırğızıstanın xalqı üçün ağır tarixi sınaq və kədər günləri oldu", - deyə Tacikistanla sərhəddə münaqişə haqqında danışan Japarov deyib. "Müqəddəs Vətənimizin ərazi bütövlüyü və təhlükəsizliyi təhdidi altında idi, dinc sakinlərimizin asayişi pozulmuşdu", - o deyib. Dövlət başçısı qeyd edib ki, Qırğızıstan ordusu heç vaxt qonşu dövlətlərin ərazisinə soxulmayacaq. "Biz heç vaxt silahlı qüvvələrimizə qonşu dövlətin kəndlərinə soxulmağa, dinc sakinlərə hücüm etməyə və onların evlərini dağıtmağa icazə verməyəcəyik", - iki dövlətin sərhədində hərbi qulluqçuların toqquşmalarını şərh edən prezident vurğulayıb. Dövlət başçısı bildirib ki, o, silahlı toqquşmalar zamanı ölkənin hərbi qulluqçularından Qırğızıstan sərhədini keçməməyi və birinci atəş açmamağı tələb edib.

Problemin həlli mümkündürmü?

Qırğızıstan və Tacikistan sərhədində iki ölkənin sərhəd bölmələri arasında 29 aprel tarixində genişmiqyaslı toqquşma cəmi bir neçə saat sürsə də, nəticəsi uzun müddət hiss olunacaq. Gərginlik və qarşıdurmaları sabitləşdirmək, iki ölkə arasında vəziyyəti müzakirə etmək üçün işçi qrupunun yaradılmasına nail olmaq mümkün olsa da, əhali arasında gərginlik hökm sürür. Münaqişənin səbəbi Tacikistanın öz ərazisi, Qırğızıstanın isə mübahisəli hesab etdiyi sərhəd bölgələrindən biridir. Baş verən toqquşma bir neçə cəhətdən əhəmiyyət kəsb edir. Birincisi, hər iki ölkə KTMT-nin üzvüdür, yəni eyni hərbi-siyasi ittifaqın üzvləridir, hər iki ölkə Rusiya hərbi bazasına ev sahibliyi edir və Moskva ilə sıx əlaqələr saxlayır. Döyüşlər başlayanda, Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Tacikistan və Qırğızıstanın üzv olduğu Rusiya liderliyindəki təhlükəsizlik blokunun iclasında iştirak edirdilər. Lakin aralarında bir neçə saat da olsa, birbaşa hərbi qarşıdurma baş verdi. Qırğız xüsusi təyinatlı dəstəsi Tacikistanın sərhəd məntəqəsini ələ keçirdi. Qırğızıstan tərəfi sərhəd məntəqəsinin ələ keçirilməsini onlar istiqamətinə atəş açmış tacik güc strukturlarına cavab olduğunu bildirdi.


Tacikistan isə Qırğızıstanın əsas su qovşağını ələ keçirmək niyyətində olduğunu iddia edərək daha fərqli bir versiya irəli sürdü. Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi Tacikistan tərəfini mübahisəli su obyektini minaatanlardan atəşə tutmaqda günahlandırdı. Tacikistan səlahiyyətliləri bu obyektin onlara məxsus olduğunu və Qırğızıstan qüvvələrini Tacikistan sərhədçilərinə atəş açmaqda günahlandırdı. Araşdırmalar zamanı məlum olur ki, Tacikistanın şimalında yerləşən Suğd vilayəti ilə Qırğızıstanın cənub Batken vilayəti arasındakı sərhəd boyunca toqquşmalar İsfara çayında hər iki tərəfin iddia etdiyi su anbarı və nasos stansiyası ətrafında yaranan münaqişə səbəbindən baş verib. Bu quraqlıq ərazidə suvarma suyu çox yüksək qiymətləndirilir və vaxtaşırı yaranan mübahisələr, adətən, onun ətrafında cərayan edir. Qırğızıstandakı sosial media istifadəçiləri sürətlə Sovet dövründən Bişkekin su anbarına tamamilə qanuni bir iddiası olduğunu sübut edən arxiv sənədlərin fotolarını yaymağa başladılar. Rus ekspertlər KTMT-nin toplanış günü üzv ölkələr arasındakı hərbi toqquşmanın təşkilatın nüfuzdan salınmasına yönəldiyini səsləndirdi və üçüncü əlin bu blokun lideri Rusiyaya qarşı sui-qəsdinə eyham vurdular. Lakin nəyin necə baş verməsindən asılı olmayaraq, bu gün Rusiyanın strateji maraqları zonasında gərginlik xətlərinin çoxaldığını deyə bilərik.

Məsələnin kökü Batkendən qaynaqlansa da, beynəlxalq aləmdə olan siyasi görüşlərə əsasən vəziyyət bir qədər fərqlidir. Bir neçə ay öncə Qırğızıstanda prezident seçkiləri keçirildi. Hakimiyyətə yeni prezident Sadr Capayev gəldi. O, Qırğızıstanda türkmeyilli bir siyasətçi kimi tanınır. Son illərdə Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə, Türkiyə arasında münasibətlərin yaxşılaşması burada bir siqnal rolunu oynayır. Təbii ki, Qırğızıstanla Tacikistan arasında 20-ci əsrin 60-cı illərindən başlayaraq insidentlər qeydə alınırdı. Amma bir neçə gün öncə baş verənlər qədər böyük itkilərə səbəb olmamışdı. Qırğızıstanla Tacikistan arasındakı qarşıdurma Mərkəzi Asiyada vəziyyəti gərginləşdirdi. Bir neçə gün davam edən insidentdən sonra tərəflər arasında nisbi sakitlik yaransa da, proseslərin bundan sonra necə inkişaf edəcəyi məlum deyil. Ən azından ona görə ki, regionun iki dövləti arasında münaqişələr yeni deyil. Tərəflər keçən əsrin 60-cı illərindən etibarən bir-biriləri ilə, belə demək mümkünsə, höcətləşirlər. Səbəb isə su hövzəsinə nəzarətdir. Daha doğrusu, bu, aysberqin görünən tərəfidir.
Beləliklə, görünən odur ki, sovet İmperiyası çöksə də, onun qoyduğu izlər hələ də qalır. Çoxları hesab edir ki, Qırğızıstanla Tacikistan arasında münaqişənin həlli etibarlı xəritədən keçir. Həmin xəritənin ortaya qoyulması, ona əsasən danışıqların aparılması və münaqişənin həlli gələcəkdə mümkün insan itkilərindən, qaçqınlardan yayınmağa imkan verər. Ancaq bu addım çətin atıla.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər