• cümə axşamı, 25 aprel, 07:47
  • Baku Bakı 14°C

Müvəffəqiyyətli karyera üçün xaricdə təhsil mütləq şərtdirmi?

08.09.16 14:39 5357
Müvəffəqiyyətli karyera üçün xaricdə təhsil mütləq şərtdirmi?
Öncə "xaricdə təhsil” sözləri haqqında kiçik açıqlama vermək istəyirəm. Əgər daha öncələr "xaricdə təhsil” deyəndə ağlımıza xarici dil bilən və illərini oxumağa verən insanlar gəlirdisə, indi vəziyyət dəyişib. İnsanların zəhmət çəkməkdən diplom almaq sevdası və bu sahənin də kommersiyalaşması nəticəsində Rusiya və ya Ukraynada "təhsil” alan insanlar rusca danışa bilmirlər və ya İngiltərənin bəzi universitetlərində oxuyanlar bir neçə il orada yaşamaqlarına baxmayaraq, nə dilə hakim olurlar, nə də biliklərə. Ona görə də təklif edirəm ki, bu sualda olan "xarici təhsil” sözlərini "xaricdə keyfiyyətli təhsil” olaraq qəbul edək.
Sözsüz ki, xaricdə təhsil ölkəmizdə olan təhsildən fərqlidir və bir çox məqamlarda daha da üstündür – həm universitetlərin müasir texnikası, həm müəllimlərin kvalifikasiyası və ya təcrübəli, müasir nəzəri və praktiki biliklərə malik olmaları baxımından. Texniki fənlər üzrə universitetlərin laboratoriya və təcrübi bilik alma imkanları təbii ki, daha genişdir.
Əlbəttə, xaricdə təhsil almaq həm müasir nəzəri, həm praktiki biliklərin alınması baxımından daha da geniş imkanlar verir. "Müvəffəqiyyətli olmaq üçün xaricdə təhsil almaq şərtdirmi?” sualına cavabım isə "Qətiyyən yox”dur. Yox və bir daha yox.
Xarici dildə fikirlərini ifadə edə bilməyən, bilik bazası çox dar olan və Qərbdəgözəl adları olan universitetlərdə "oxumuş” saysız insanlar görmüşəm. Bununla bərabər, ölkəmizdə sadə bir dövlət universitetində təhsil almış çox sayda gənclər görmüşəm ki, öz bilik və bacarıqlarını özləri inkişaf etdiriblər.
Burada çox vacib olan məqam budur ki, universitetin bir tələbəni təmin edə biləcəyi imkanlar qədər bir gəncin özünü inkişaf etdirmə istəyi də vacibdir. İnsan oxumayacaqsa, zəhmət çəkməyəcəksə, məsuliyyət hissi və nizam-intizamı, iradə gücü və zəhmətçəkmə istəyi olmayacaqsa, vaxtını boş keçirməyi xoşlayacaqsa, gələcəyi üçün məqsədləri yoxdursa, onun harada mövcud olması, təhsil alması çox da vacib deyil. İstər Amerikada olsun, istər Bakıda – belə bir insan öz həyat tərzinə olduğu kimi davam edəcək. Əgər bir insan tənbəldirsə, iradəsiz və nizam-intizamsızdırsa, o, bu xüsusiyyətlərini özü ilə bərabər Amerikaya da, Almaniyaya da aparacaq. Hər yerdə özünü səthi və rahat aparacaq. Nəticədə isə onlarla xaricdə təhsil almış insanda gördüyüm hal olacaq – ancaq xarici dil biləcək və sahib olduğu xarici dil akademik və ya peşəkar terminlərlə dolu olmayacaq. Yəni o dili də küçə səviyyəsində biləcək.
Təbii ki, mən Qərb təhsilinin dəyərini azaltmaq istəmirəm. Demək istədiyim odur ki, Qərbdə təhsil almaq, uğurlu olmaq üçün mütləq və yeganə şərt deyil. Universitetlərdə dərs deyən müəllimlər nə qədər peşəkar olsalar da, tələbənin şəxsən özünün əzmkarlığı, bilik aclığı və inkişaf etmə istəyi, zəhmət çəkmə vərdişi və daxili nizam-intizamı olmasa, təhsilin çox da faydası olmayacaq.
Bir çox insan üçün zəif maddi imkanlar bəhanə olur. Müasir elektron vasitələr və texnologiyalar dövründə bir insanın özünü inkişaf etdirməsi üçün bütün imkanlar var.
Xarici dilmi öyrənmək istəyirsiniz? İstər şəhərimizdə, istərsə də internetdə xarici dil öyrənməyə dəstək olan kifayət qədər pulsuz kurslar var. Öyrəndiyiniz xarici dildə ədəbiyyatmı lazımdır? Buyurun, online kitabxanalardan endirin.
İdarəçilik sahəsində biliklərinizi artırmaqmı istəyirsiniz? Menecmentin əsaslarından müasir liderlik nəzəriyyələrinə qədər bütün idarəçilik mövzularında kitablar və məqalələri internetdə tapmaq çox sadədir.
Dünyanın tanınmış və bahalı təlimçilərinin təlimlərindəmi iştirak etmək istəyirsiniz? Onlar Sizə əslində çox yaxındırlar – yetər ki, youtube.com saytına daxil olun və adlarını yazın.
Bir məqamı daha qeyd etmək istəyirəm: o qədər "xaricdə” oxumuş insanlar görmüşəm ki, küçə ingiliscəsindən başqa heç nə bilmirlər. Çünki insan oxuyan deyilsə, Amerikada da, İngiltərədə də zamanını boşa keçirəcək. Bununla bərabər, bizim ölkədə mən çox sayda universitet bitirmiş ÇOX savadlı və bacarıqlı insanlar görmüşəm. Və unutmayın ki, Qərb dünyasında hər universitet Harvard və ya Stanford deyil.
Xarici təhsil uğurun təminatı deyil : sadəcə, doğru istifadə olunduqda, yalnız şansları artırır.
Məsələ məqsədlərimizdədir. Baxaq görək biz qısamüddətli zövqlərimizi uzunmüddətli məqsədlər üçün qurban verə bilirikmi?
Məsələ bizim fiziki olaraq harada olmağımızda deyil, mövcud imkanlardan necə istifadə etməyimizdədir.
Fəxri Ağayev,
peşəkar idarəçi
banner

Oxşar Xəbərlər