• cümə axşamı, 18 aprel, 09:51
  • Baku Bakı 12°C

Mütəxəssis: “Psixiatra vaxtında müraciət edilsə, psixi xəstəliklərin ağırlaşmaları baş verməz”

10.12.16 21:33 1065
Mütəxəssis: “Psixiatra vaxtında müraciət edilsə, psixi xəstəliklərin ağırlaşmaları baş verməz”
"Şizofreniyanın müalicəsinin olmaması, xəstənin vəziyyətinin heç bir halda yaxşılaşmayacağı kimi yanlış təsəvvür var. Məhz belə olduğu üçün həkimə müraciətlər çox gecikir. Bəzən isə heç həkimə müraciət edilmir. Nəticədə şizofreniya xəstəsinin vəziyyəti daha da pisləşir”.
BunuAPATV-nin "Öncə sağlıq” proqramında psixoterapevt, uzman doktor Azər Bağırov deyib.
Mütəxəssis bildirib ki, Azərbaycanda bir sıra psixi xəstəliklər kimi şizofreniya xəstəliyinə də rast gəlinir. Onun sözlərinə görə, digər ölkələrdə olduğu kimi Azərbaycanda da depressiya və nevroz problemləri daha çox yayılıb. Azərbaycanda depressiyaların bədənə yayılan, xüsusilə əzələ, baş ağrıları ilə qeyd olunan formasının geniş yayıldığını deyən psixiatr qeyd edib ki, depressiyanın daha bir simptomu olan əsəbilik də daha çox nəzərə çarpır.
A. Bağırov vurğulayıb ki, şizofreniya xəstəliyi vaxtında aşkarlanarsa, müalicəyə zamanında başlanarsa, şiddətlənmiş simptomların aradan qaldırılması, xəstələrin cəmiyyətə, gündəlik həyatlarına, işlərinə qaytarılması mümkün olur. Ona görə də vaxtında diaqnoz qoyulması, erkən müdaxilə edilməsi çox önəmlidir: "Şizofreniya beyində olan bir sıra maddələrin tənzimlənməsinin pozulması, xüsusilə dopomin deyilən maddənin artması ilə müşahidə olunan bir proses, beyin funksiyalarının pozulmasından yaranan problemdir. Şizofreniyaya xas xüsusiyyətlərin məhz bu maddənin artması ilə bağlı olduğu artıq sübut olunub.
Araşdırmalar nəticəsində o da məlum olub ki, şizofreniya xəstəliyi 60-70 faiz hallarda genetik faktorla bağlıdır”.
A. Bağırovun sözlərinə görə, xəstəliyin yaranmasında mühit o qədər də önəmli deyil: "Amma mühit bu problemin ortaya çıxma müddətinə təsir göstərir. Məsələn, stress, böyük qorxular, şiddət halları xəstəliyin daha erkən ortaya çıxmasına səbəb ola bilir”.
Qohum evliliklərinin riskləri barədə danışan mütəxəssis deyib ki, xəstə genlərin bir araya gəlməsi nəticəsində bu nikahlardan doğulan uşaqlarda şizofreniyaya rast gəlinmə ehtimalı artır.
Həkim qeyd edib ki, hər iki valideyndə şizofreniya varsa, övladın xəstə olması ehtimallı 45-60 faizdir: "Ona görə də, ailədə, nəsildə bu problem varsa, hər hansı əlamət olmasa belə, ailə üzvlərinin bu problemlə bağlı araşdırılması, müayinə olunması önəmlidir”.
Onun sözlərinə görə, eyni yumurta əkizlərində şizofreniyaya rast gəlinmə faizi yüksək sayılır.
Psixiatr bildirib ki, bizdə bu xəstəliyə, şizofreniya xəstələrinə, ümumiyyətlə, psixi problemlərə münasibət fərqlidir: "Azərbaycanda bu problemlə bağlı həll olunması vacib olan bir çox məqamlar var. Onlardan ən vacibi psixiatra müraciət edilməməsi, başqa sahə mütəxəssislərinə üz tutulması, onlar tərəfindən müalicə olunması, psixiatrlara yönləndirilməməsidir. Bu xəstələrin cəmiyyətdən gizlədilməsi təsəvvürləri hələ də mövcuddur. Məsələn, mənim təhsil aldığım, sonra isə çalışdığım Türkiyədə bu cür münasibət yoxdur. Orada təxminən 20-30 il əvvəl bu cür olub və bu münasibət tədricən aradan qalxıb. İstər kəndlərdə, istərsə də şəhər mühitində psixi problemləri ürək, böyrək problemlərindən, digər xəstəliklərdən fərqləndirmirlər, problem yarandısa həkimə müraciət edərlər. Məncə, Azərbaycanda da daha geniş maarifləndirmə işləri aparmaqla bu münasibəti tez bir zamanda aradan qaldırmaq, dəyişmək mümkündür.
Bir çox hallarda psixi problemlərlə bağlı digər sahələrin mütəxəssislərinə, kardioloq, nevroloqlara müraciətlər olunur və nəticədə xəstə ixtisaslı yardım almadığı üçün vəziyyəti daha da pisləşir”.
Mütəxəssis deyib ki, uşaqlarda 10-12 yaşlarda hallüsinasiyaların, düşüncə pozğunluğunun yaranması kimi şizofreniya əlamətlərinin müşahidə olunması mümkündür: "Amma bu problem özünü daha çox yeniyetməlik dönəmindən sonra büruzə verir. Bəzən orta məktəblərin 10-11-ci siniflərində təhsil alan şagirdin özünə qapanması, heç kimlə ünsiyyət qurmaması, maraq dairəsinin dəyişməsi diqqəti cəlb etməyə bilir. Yəni buna adi yanaşılar. Çox ünsiyyətcil, şən bir şagird birdən-birdə özünə qapanır, evdən bayıra çıxmır, hər şeyə şübhə ilə yanaşır, hər əməldə sanki bir günah axtarır. Ailələr bunu adi qarşılayır, yeniyetməlik dönəmindən keçid kimi qələmə verirlər. Amma əslində bütün bunlar şizofreniyanın ilkin simptomlarıdır. Buna xəstəlik öncəsi simptomlar da demək olar”.
Mütəxəssis bildirib ki, şizofreniyanın ən əsas əlaməti ətrafda baş verənlər, reallıqla hər hansı uyğunluğu, bağlılığı olmayan düşüncənin meydana gəlməsi, formalaşmasıdır: "Xəstə mühitinin, ölkəsinin reallıqları ilə uyğun olmayan düşüncələrə sahib olmağa başlayır. Belə insanlar bəzən peyğəmbər olduqlarını, Allahdan vəhy aldıqlarını, hətta xarici və yerli xüsusi xidmət orqanları əməkdaşlarının onları izlədiklərini, ətrafdakı insanların onlara pislik etmək istədiklərini deyirlər. Hətta belə şəxslər tanımadıqları insanların belə onlar haqda düşündüklərini iddia edirlər. Heç bir məntiqi əsası olmayan söhbətlər edirlər”.
Onun sözlərinə görə, şizofreniya xəstələrini söhbətlə, əks arqumentlər gətirməklə fikirlərindən daşındırmaq mümkün deyil, xəstələrin real olmayan düşüncələri yalnız müalicə nəticəsində dəyişə bilər.
Həkim-psixiatr vurğulayıb ki, şizofreniyanın müalicəsində yaxşı nəticələr almaq mümkündür: "Son 15-20 ildə bu sahədə çox irəliləyiş müşahidə olunur.
Artıq yeni dərmanlar xəstələrdə süstlük, yuxululuq yaratmır, onların cəmiyyətə adaptasiyasına, ətrafla problemsiz təmaslarına imkan verir”.
Onun sözlərinə görə, müalicə hətta xəstədə ən ağır vəziyyətdə yaxşılaşmanın yaranmasına imkan verir: "Amma şizofreniya xroniki, proqressiv xəstəlik olduğu üçün
daim xəstələr həkim nəzarətində olmalıdır. Qoruyucu dozada dərmanların qəbulu lazımdır”.
Mütəxəssis onu da deyib ki, bəzən digər xəstəliklərdən əziyyət çəkən şəxslərə şizofreniya diaqnozu qoyulması, yanlış müalicə aparılması halları da baş verir.
Həkim qeyd edib ki, şizofreniya xəstələrinin ömür boyu təcrid olunmaları barədə düşüncələr düzgün deyil: "Əvvəllər belə yanaşmalar vardı və bu xəstələr bütünlükdə ruhi-əsəb dispanserində saxlanırdılar. Amma bu gün vəziyyət başqadır. Şizofreniya xəstələri qısa müddətdə təcrid oluna bilərlər. Yəni söhbət sırf xəstəliyin şiddətləndiyi dənəmdən gedir. Çünki bu zaman xəstələr özlərinə, ətrafdakı insanlara zərər vura bilərlər. Məsələn, yüksəklikdən özlərini ata, intihara cəhd edə, eləcədə də ətrafda olan insanların sağlamlığına zərər yetirə bilərlər. Ona görə də bu dövrdə xəstəni müalicə məqsədi ilə təcrid etmək çox önəmlidir. Amma bu simptomlar söndükdən sonra xəstənin təcrid olunmasının əhəmiyyəti yoxdur. Xəstənin vəziyyəti normalaşıbsa, onları evə yazmaq olar”.
banner

Oxşar Xəbərlər