• çərşənbə, 17 Aprel, 02:21
  • Baku Bakı 14°C

“Mütəxəssis olmayan biri tərəfindən müdaxilə uşağın həyatını təhlükəyə atar”

03.11.16 12:26 1042
“Mütəxəssis olmayan biri tərəfindən müdaxilə uşağın həyatını təhlükəyə atar”
Ötən gün Ə.F.Qarayev adına 2 nömrəli Uşaq Klinik Xəstəxanasında uşaqlara göstərilən səhiyyə xidmətinə həsr edilmiş mətbuat konfransı keçirildi. Xəstəxananın baş həkimi Azər Xudiyev klinikada görülən işlər haqda məlumat verdi, jurnalistlərin suallarını cavablandırdı.
Baş həkimin sözlərinə görə, bu ilin 9 ayı ərzində xəstəxanaya 26 min xəstə müraciət edib. Onlardan 7998-i stasionar müalicəyə qəbul olunub. Müraciətlərin 30 faizə qədəri rayonların payına düşür. A.Xudiyev deyir ki, rayonlardan müraciətlərin sayı həddindən artıq çoxdur: "Mən rayon xəstəxanalarının baş həkimləri ilə danışıram, çalışıram ki, əhali orda müalicəyə meyilli olsun. Çünki artıq rayonlarımızda da bizdə olan aparatlar, müayinə üsulları, lazım olan şərait var. İndi rayonlarımızda da bu işi görmək olar. Bu zaman Bakıya daha az xəstə gələr”.
Xəstəxanada uşaq ölümü hallarının baş verməsi haqda danışan A.Xudiyev bildirdi ki, xəstəliklərin ağırlaşması halları varsa, ölüm halı da bəzən qaçılmaz olur: "Xəstəxanada iki reanimasiya şöbəsi var. Əlbəttə, reanimasiya şöbəsi varsa, ağır xəstələr bura daxil olursa, hətta regionlardan ağır xəstələr daxil olursa, ölüm qaçılmazdır. Uşaqlar arasında ölüm halları əsasən 3-4 yaşlarda müşahidə olunur. İl ərzində xəstəxanaya qəbul edilən xəstələrin 3-4 faizində ölüm halı baş verir, amma biz bunun azalmasına, olmamasına çalışırıq. Artıq xəstəxanamınızn maddi-texniki bazası yaxşılaşdırılıb. Botulizmə yoluxmuş 9 uşaq xəstəxanaya daxil olub. Bu xəstəlik adətən ölümə səbəb olsa da, biz onların hamısını həyata qaytarmağa nail olmuşuq”.
A.Xudiyev bildirdi ki, il ərzində xəstəxanaya 50-yə yaxın atılmış uşaq daxil olur. Baş həkim bildirdi ki, uşaqlara tibb personalı tərəfindən xidmət göstərilir: "Yeni doğulan uşaqlardan imtina edildikdə, onlar adətən xəstəxanaların həyətinə atılır. Əvvəllər həmin uşaqların sağlamlığı yoxlanıb, uşaq müəssisələrinə təhvil verilirdi. İndi isə dövlət uşaq müəssisələrinə təhvil verildikdən sonra, həmin uşaqlar müayinə üçün bizim xəstəxanaya gətirilir. Həmin uşaqlar xəstəxanaya əksər hallarda sətəlcəm diaqnozu ilə daxil olurlar. Eyni zamanda, onlar dəri zöhrəvi və digər müayinələrdən keçirilirlər. Atılmış uşaqların müayinəsi və sağlam həyata qovuşaması üçün xəstəxanamızda ayrıca otaqlar ayrılıb".
A.Xudiyev havaların soyuması ilə əlaqədar uşalar arasında yayılan xəstəliklər və onlardan qorunma yolları barədə də məlumat verdi. Bildirdi ki, havaların kəskin dəyişməsi respirator tipli xəstəliklərin sayının artmasına gətirib çıxarır. Əgər vaxtında müalicə aparılmasa, bronxit, sətəlcəmlə nəticələnir: "Qış mövsümü xəstəlikləri arasında və ümumi statistikada ağ ciyər xəstəlikləri, pnevmoniya daha çox faiz təşkil edir. Orqanizmin sağlamlaşdırılması, immunitetin artırılması, xəstə uşaqların kollektivlərə buraxılamaması, qoruyucu maskalardan istifdə edilməsi kimi profilaktik tədbirlər xəstəliklərin sayının azalmasına gətirib çıxara bilər. İnfeksion profilli xəstəliklərdən söhbət gedirsə, ən çox rast gəlinənlər bağırsaq infeksiyalarıdır. İsti regionda yaşayırıq, məhsulların xarab olması tez baş verir. Ümumiyyətlə, hesab edirəm ki, mədəni səviyyənin qaldırılması və profilaktik tədbirlərin aparılması lazımdır. Bu kimi hallar həmin xəstəliklərin sayının azalmasına gətirib çıxara bilər”.
A.Xudiyev bəzi valideynlərin uşaqlara münasibətdə davranışlarının da məsuliyyətsiz olduğunu dedi. Baş həkim sonradan hər hansı problem olmaması üçün valideynlərin diqqətli olmasının vacib olduğunu vurğuladı: "Bir sıra hallarda valideynlər xalq təbabətindən istifadə edirlər. Belə üsulla müalicə metodları sonradan çox ağır fəsadlar törədə bilər. Təsəvvür edirsiz, qulaqdan irin gələndə soğan, sarımsaq suyu tökənlər də olur. Baxmayaraq ki XXI əsrdir, həkim əvəzinə çöpçüyə gedirlər. İnkişaf etmiş ölkələrdə çöpçü yoxdur, bizdə isə var Valideynlər uşaqlarını çöpçülərə aparırlar, ağırlaşma olanda həkimə gətirirlər. Deyirlər ki çöpçü gözümüzün qarşısında uşağın boğazından nəsə çıxartdı. Lor orqanlarında nəsə qala bilər, amma bunu həkim də çıxara bilər. Mütəxəssis olmayan biri tərəfindən müdaxilə uşağın həyatını təhlükəyə ata bilər. Bu cür məqamlar çox olur. Bu, onu göstərir ki, maariflənmə işləri həyata keçirilməlidir. Bu işi görmək həm bizim, həm sahə pediatrlarının, həm də kütləvi informasiya vasitələrinin üzərinə düşür”.
Baş həkim xəstəxanada ödənişli və ödənişsiz xidmətin əhali arasında yanlış fikir formalaşdırmasına da münasibət bildirdi: "Səhiyyə pulsuzdur, müəssisələr də xəstələrə pulsuz xidmət göstərməlidir” deyirlər. Bəzən yanlışlıq olur. Pulsuz xidmət məsələsində sahə prinsipi var. Valideynlər istədiyi xəstəxanaya gedib, uşaqlarını istədikləri vaxt pulsuz müayinədən keçirə bilməzlər. Səhiyyə pulsuzdur, amma sahə prinsipi nəzərə alınmaqla. Məsələn, mən sahəmə daxil olan 10000 xəstənin reaktivini almışam, 50 000 xəstə üçün almamışam. Qalan 40 minin reaktivi də digər sahə müəssisələrinə ayrılır. Kim hansı sahədə yaşayırsa, harada qeydiyyatdadırsa, orada pulsuz səhiyyə xidmətindən yararlana bilər. Əgər onların qeydiyyatda olduqları poliklinikadan bildirilsə ki, xəstənin müayinəsi, müalicəsi ilə bağlı klinikada hansısa bir müayinə aparatı yoxdur, yaxud xəstənin daha artıq müayinə və müalicəyə ehtiyacı var, o zaman göndəriş yazılmalı, valideyn də o göndəriş əsasında bura gəlməlidir. Bu zaman pulsuz xidmət göstərilir. Bir xəstəxana bütün respublikaya xidmət göstərə bilərmi? Xəstələrin yerli xəstəxanalara yox, bizə müraciət etməsi məqsədəuyğun hal deyil”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər