“Mütəxəssis olmayan biri tərəfindən müdaxilə uşağın həyatını təhlükəyə atar”
Ötən gün Ə.F.Qarayev adına 2 nömrəli Uşaq
Klinik Xəstəxanasında uşaqlara göstərilən
səhiyyə xidmətinə həsr edilmiş mətbuat konfransı keçirildi. Xəstəxananın baş həkimi Azər
Xudiyev klinikada görülən işlər haqda məlumat verdi, jurnalistlərin suallarını
cavablandırdı.
Baş həkimin sözlərinə görə, bu ilin 9 ayı ərzində xəstəxanaya
26 min xəstə müraciət edib. Onlardan 7998-i stasionar müalicəyə qəbul olunub. Müraciətlərin
30 faizə qədəri rayonların payına düşür. A.Xudiyev deyir ki, rayonlardan müraciətlərin
sayı həddindən artıq çoxdur: "Mən rayon xəstəxanalarının baş həkimləri ilə
danışıram, çalışıram ki, əhali orda müalicəyə meyilli olsun. Çünki artıq
rayonlarımızda da bizdə olan aparatlar, müayinə üsulları, lazım olan şərait
var. İndi rayonlarımızda da bu işi görmək olar. Bu zaman Bakıya daha az xəstə gələr”.
Xəstəxanada
uşaq ölümü hallarının baş verməsi haqda danışan A.Xudiyev bildirdi ki, xəstəliklərin
ağırlaşması halları varsa, ölüm halı da bəzən qaçılmaz olur: "Xəstəxanada iki
reanimasiya şöbəsi var. Əlbəttə, reanimasiya şöbəsi varsa, ağır xəstələr bura
daxil olursa, hətta regionlardan ağır xəstələr daxil olursa, ölüm qaçılmazdır. Uşaqlar arasında ölüm
halları əsasən 3-4 yaşlarda müşahidə olunur. İl ərzində xəstəxanaya qəbul edilən
xəstələrin 3-4 faizində ölüm halı baş verir, amma biz bunun azalmasına,
olmamasına çalışırıq. Artıq xəstəxanamınızn maddi-texniki bazası
yaxşılaşdırılıb. Botulizmə yoluxmuş 9 uşaq xəstəxanaya daxil olub. Bu xəstəlik
adətən ölümə səbəb olsa da, biz onların hamısını həyata qaytarmağa nail
olmuşuq”.
A.Xudiyev
bildirdi ki, il ərzində xəstəxanaya 50-yə yaxın atılmış uşaq daxil olur. Baş həkim
bildirdi ki, uşaqlara tibb personalı tərəfindən xidmət göstərilir: "Yeni
doğulan uşaqlardan imtina edildikdə, onlar adətən xəstəxanaların həyətinə atılır.
Əvvəllər həmin uşaqların sağlamlığı yoxlanıb, uşaq müəssisələrinə təhvil
verilirdi. İndi isə dövlət uşaq müəssisələrinə təhvil verildikdən sonra, həmin
uşaqlar müayinə üçün bizim xəstəxanaya gətirilir. Həmin uşaqlar xəstəxanaya əksər
hallarda sətəlcəm diaqnozu ilə daxil olurlar. Eyni zamanda, onlar dəri
zöhrəvi və digər müayinələrdən keçirilirlər. Atılmış uşaqların müayinəsi və
sağlam həyata qovuşaması üçün xəstəxanamızda ayrıca otaqlar ayrılıb".
A.Xudiyev havaların soyuması ilə əlaqədar uşalar arasında yayılan xəstəliklər
və onlardan qorunma yolları barədə də məlumat verdi. Bildirdi ki, havaların kəskin
dəyişməsi respirator tipli xəstəliklərin sayının artmasına gətirib çıxarır. Əgər
vaxtında müalicə aparılmasa, bronxit, sətəlcəmlə nəticələnir: "Qış mövsümü xəstəlikləri
arasında və ümumi statistikada ağ ciyər xəstəlikləri, pnevmoniya daha çox faiz
təşkil edir. Orqanizmin sağlamlaşdırılması, immunitetin artırılması, xəstə
uşaqların kollektivlərə buraxılamaması, qoruyucu maskalardan istifdə edilməsi
kimi profilaktik tədbirlər xəstəliklərin sayının azalmasına gətirib çıxara bilər.
İnfeksion profilli xəstəliklərdən söhbət gedirsə, ən çox rast gəlinənlər
bağırsaq infeksiyalarıdır. İsti regionda yaşayırıq, məhsulların xarab olması
tez baş verir. Ümumiyyətlə, hesab edirəm ki, mədəni səviyyənin qaldırılması və
profilaktik tədbirlərin aparılması lazımdır. Bu kimi hallar həmin xəstəliklərin
sayının azalmasına gətirib çıxara bilər”.
A.Xudiyev bəzi valideynlərin uşaqlara münasibətdə davranışlarının da məsuliyyətsiz
olduğunu dedi. Baş həkim sonradan hər
hansı problem olmaması üçün valideynlərin diqqətli olmasının vacib olduğunu
vurğuladı: "Bir sıra hallarda valideynlər xalq təbabətindən istifadə edirlər. Belə
üsulla müalicə metodları sonradan çox ağır fəsadlar törədə bilər. Təsəvvür
edirsiz, qulaqdan irin gələndə soğan, sarımsaq suyu tökənlər də olur.
Baxmayaraq ki XXI əsrdir, həkim əvəzinə çöpçüyə gedirlər. İnkişaf etmiş ölkələrdə
çöpçü yoxdur, bizdə isə var Valideynlər
uşaqlarını çöpçülərə aparırlar, ağırlaşma olanda həkimə gətirirlər. Deyirlər ki
çöpçü gözümüzün qarşısında uşağın boğazından nəsə çıxartdı. Lor orqanlarında nəsə
qala bilər, amma bunu həkim də çıxara bilər. Mütəxəssis olmayan biri tərəfindən
müdaxilə uşağın həyatını təhlükəyə ata bilər. Bu cür məqamlar çox olur. Bu, onu
göstərir ki, maariflənmə işləri həyata keçirilməlidir. Bu işi görmək həm bizim,
həm sahə pediatrlarının, həm də kütləvi informasiya vasitələrinin üzərinə düşür”.
Baş həkim xəstəxanada ödənişli və ödənişsiz xidmətin əhali arasında yanlış fikir
formalaşdırmasına da münasibət bildirdi: "Səhiyyə pulsuzdur, müəssisələr də xəstələrə
pulsuz xidmət göstərməlidir” deyirlər. Bəzən yanlışlıq olur. Pulsuz xidmət məsələsində
sahə prinsipi var. Valideynlər istədiyi xəstəxanaya gedib, uşaqlarını istədikləri
vaxt pulsuz müayinədən keçirə bilməzlər. Səhiyyə pulsuzdur, amma sahə prinsipi
nəzərə alınmaqla. Məsələn, mən sahəmə daxil olan 10000 xəstənin
reaktivini almışam, 50 000 xəstə üçün almamışam. Qalan 40 minin reaktivi də digər
sahə müəssisələrinə ayrılır. Kim hansı sahədə yaşayırsa, harada
qeydiyyatdadırsa, orada pulsuz səhiyyə xidmətindən yararlana bilər. Əgər
onların qeydiyyatda olduqları poliklinikadan bildirilsə ki, xəstənin müayinəsi,
müalicəsi ilə bağlı klinikada hansısa bir müayinə aparatı yoxdur, yaxud xəstənin
daha artıq müayinə və müalicəyə ehtiyacı var, o zaman göndəriş yazılmalı,
valideyn də o göndəriş əsasında bura gəlməlidir. Bu zaman pulsuz xidmət göstərilir.
Bir xəstəxana bütün respublikaya xidmət göstərə bilərmi? Xəstələrin yerli xəstəxanalara
yox, bizə müraciət etməsi məqsədəuyğun hal deyil”.
Aygün Asimqızı