• cümə axşamı, 28 mart, 16:59
  • Baku Bakı 16°C

Mutasiyaya uğrayan koronavirus

26.12.20 13:00 1332
Mutasiyaya uğrayan koronavirus

İndiki durumda ən önəmlisi, qorunmaq və vaksinin yolunu gözləməkdir

2020-ci ilin mart ayından dünya pandemiya ilə mübarizə aparır. 2019-cu ilin sonlarında meydana çıxan infeksiya dünyanın hər yerində sürətlə yayılmaqda davam edir. Bu gün Yer üzünə bu virusa gündəlik yoluxma sayı yüz minlərlə ölçülür. Hər ötən gün xəstəlikdən dünyasını dəyişənlərin sayı sürətlə artır. Hər kəsin ətrafından doğmalarını koronavirus alıb aparır… Bütün dünya virusdan xilas olmağın yollarını axtarır. 2020-ni mübarizə apara-apara yola salırıq. 2021 qapıdadır… Növbəti ildə mübarizədən qalib çıxacağımıza ümid edirdik ki, Britaniyadan gələn xəbərlə sarsıldıq. Sözügedən ölkənin Səhiyyə naziri Mətt Henkok bildirdi ki, Milad dövrü və 2021-ci ilin başlanğıcı çətin olacaq: "Koronavirusun yeni variantı daha sürətlə yayılır və bu da COVID-19 ilə mübarizəni daha da çətinləşdirir. Bununla birlikdə, təslim olmamalıyıq, bu virusa nəzarət edə bilərik”.
Təəssüflə qeyd edək ki, dünya hələ COVID-19 pandemiyasından tam yaxa qurtarmamış, koronavirusun yeni mutasiyaya uğramış forması ilə üz-üzə qalıb. Belə ki, tibb elminə bu ilin sentyabr ayından məlum olan koronavirusun mutasiya olunmuş yeni növünün son həftə ərzində sürətlə yayılması müşahidə edilib. Bunu Böyük Britaniya alimləri müəyyən ediblər. Böyük Britaniya Səhiyyə Nazirliyi "SARS-CoV-2” adlandırılan yeni növ koronavirus mutasiyasının virusun əvvəlki növündən daha tez yayıldığını və artıq Londonda çoxsaylı yoluxmanın olduğunu bildirib. Ölkənin Baş naziri Boris Consonun sözlərinə görə, virus əvvəlki növündən 70 faiz daha çox yoluxucudur.
Bu səbəbdən Avropa İttifaqına üzv olan 14 ölkə daxil olmaqla, dünyanın, demək olar ki, 20 ölkəsi Böyük Britaniya ilə nəqliyyat əlaqəsini dayandırmaq və ya məhdudlaşdırmaq qərarına gəlib.

"İnsanları qorxuya salmaq düzgün deyil”

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyir ki, koronavirusun nisbətən dəyişikliyə uğramış növü ilə bağlı xarici mətbuatda yayılmış məlumatları tirajlayıb insanları qorxuya salmaq düzgün deyil: "Koronavirusun yeni növünün yayılması ilə bağlı məlumatları bu qədər həyəcanla tirajlamaq hələ tezdir. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda insanlar arasında "B.1.1.7 SARS-CoV-2”-ni mutasiyaya uğramış yeni virus adı kimi səsləndirmək yanlışdır. Ümumiyyətlə, insanlara virusla bağlı hər hansı bir yeni xəbəri təqdim edərkən orada mütləq elmə əsaslanan fikirlər yer almalıdır. Çünki biz, bir ölkə olaraq çox həssas bir dönəmdən keçirik, hər hansı yanlış fikir ciddi psixoloji sarsıntılara səbəb olur. Məsələn, Çində ilk yaranan vaxtdakı virusla bir müddət keçdikdən sonra ölüm halları çoxalan zamandakı virus arasında fərq var idi. Eləcə də, yanvar ayında Almaniyada yayılan ilk virusla İtaliyada yayılan virus arasında fərqlilik var idi. Elə məhz bu fərqliliyə görə, hələ o zaman Almaniya İtaliyanın "virus bizə sizdən keçdi” iddiasının yalan olduğunu elmi cəhətdən sübut etdi. Bu dəfə isə İngiltərədə virusun B.1.1.7 qolunda və ya soyunda (english: lineage B.1.1.7) müəyyən dəyişikliklər aşkarlanıb. Bu dəyişikliklər son 4 həftədə çoxalıb və İngiltərənin fərqli yerlərində yoluxmalar zamanı virusda aşkarlanıb. Bu da İngiltərə alimlərini haqlı narahat edib. Çünki virusda olan bu dəyişikliklərin çoxalması ilə İngiltərədə yoluxmaların sayının artması eyni vaxtda baş verib. Bu zamanlamanın, sadəcə, bir təsadüf olma ehtimalı da var, olmaması da mümkündür. Ona görə də elm adamları virusun bu növ dəyişikliyini nəzərə alaraq onu bütün dünyada genomik və epidemioloji olaraq ciddi nəzarətdə saxlamalıdırlar. Bu cür dəyişmiş virusun antigen yaratma qabiliyyəti və virulentliyi haqqında dəqiq nəsə demək hələ tezdir, çünki bu mutant viruslarla əvvəlki virusları laboratoriyada hələ ciddi müqayisə edən olmayıb”.

"Şübhələr doğru olarsa...”

Tibb elmləri doktoru bildirib ki, Azərbaycan da təhlükəsizlik tədbirlərini güclü təşkil etməlidir: "Şübhələr doğru olarsa, bu, virusun indikindən sürətlə yayılması və istər-istəməz, ölüm sayının artması deməkdir. Bunlar olmasın deyə, indiki mərhələdə həmin mutant virusların Azərbaycana gəlməsinin (əgər gec deyilsə), eləcə də yayılmasının qarşısı maksimum alınmalıdır və həmin viruslarla əvvəlki virusların laborator müqayisələrinin nəticəsi diqqətdə saxlanılmalıdır. Təəssüf hissi ilə qeyd edirəm ki, bu günə qədər bizim ölkədə virusların hansı mutant variantlarının olduğu haqda dəqiq elmi məlumatlar yoxdur. Bu da hazırkı vəziyyətimizi bir az qəlizləşdirir”.
N. Abdullayev bildirib ki, bu cür mutant virusların ilkin mərhələdə tətbiq ediləcək birinci nəsil peyvəndlərin funksiyasına, xüsusilə də gen texnologiyası ilə hazırlanan peyvəndlərin funksiyasına təsiri o qədər də ehtimal olunan deyil: "Çünki gen texnologiyasında bu cür dəyişikliklərə uyğun peyvənd hazırlamaq çətin olmamalıdır”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər