• cümə, 19 Aprel, 07:34
  • Baku Bakı 13°C

Mütaliəsiz jurnalist inkişaf edə bilməz

25.07.16 11:03 2240
Mütaliəsiz jurnalist inkişaf edə bilməz

Cəmiyyətdə mütaliəyə münasibət necədir? Mütaliənin insan həyatında rolu nədir? Jurnalistə mütaliə nə üçün lazımdır?Milli Mətbuat Günü ərəfəsində "Müzakirə”mizə qoşulan həmkarlarımız birmənalı şəkildə mütaliənin jurnalistin həyatında mühüm rol oynadığını bildirdilər.

Niyə əziyyət çəkirlər ki...

Jurnalist Ağa Cəfərli:

- Bu günlərdə Aydın Talıbzadənin "Əbuhübb" romanını oxudum, hazırda isə Samuel Bekketin pyeslərini, Sabir Əhmədlinin "Yazılmayan yazı" əsərini, bir də Oskar Uayldın "Dorian Qreyin portreti" əsərini oxuyuram. Elə adamlar ki, çoxlu kitab oxuyublar, ordan nəsə əxz edə bilməyiblər. Bu onların hər hansı bir məsələyə yanaşmasında, yazılarında özünü göstərir. Belə adamların oxuyub-oxumaması arasında elə bir fərq yoxdur. Hətta, məncə, onlar oxumasalar, özlərini daha rahat və xoşbəxt hesab edərlər. Onların oxumağının hər hansı faydası yoxdursa, niyə əziyyət çəkirlər ki...

Jurnalstin mütaliəsi analitik mütaliə olmalıdır

AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov:

- Mütaliə olmasa, yaşamaqda məna görmürəm. Bu qədər radikal və birmənalı. Mütaliə mənim üçün həyatın ən böyük zövqüdür. Özümü tanıyandan bəri mütaliə etmədiyim günü xatırlamıram. Ötən həftə gözümdə əməliyyat olunmuşdu, ağrıdan göz qapaqlarımı aça bilmirdim, amma yenə də bir neçə saat audiokitab dinlədim. Bütün yaş dövrlərimdə qazancımın bir hissəsi kitablara gedib. Başqa heç nə mənə bu qədər ləzzət vermir. Ən çox elmi-populyar kitabları mütaliə etməyi sevirəm. Mənim üçün vacib şərtdir: oxuyanda hiss etməliyəm ki, bunu mən yaza bilməzdim. Əgər bir neçə səhifədən sonra hiss etsəm ki, oxuduqlarımı özüm də bu cür və ya daha yaxşı yaza bilərəm, o kitab gözümdən düşür. Ona görə də müasir müəlliflərin əksəriyyətini oxuya bilmirəm. Onların yazdıqlarına sərf edilən kağıza heyfim gəlir. Düşünürəm ki, belə cızma-qaranı dərc etmək üçün hansısa ağacı kəsmək bəşəriyyətə qarşı cinayətdir. Bir ağacı məhv etmişiksə, heç olmasa ondan düzəldilən kağızda layiq olan əsər çap edək. Mənim üçün yenilik olan, həyatın bilmədiyim tərəflərini göstərən hər şeyi məmnuniyyətlə mütaliə edirəm. Bundan başqa, ildə bir neçə dəfə sevdiyim klassik əsərlərə dönüb, ən çox bəyəndiyim hissələrini təkrarən böyük ləzzətlə oxuyuram.

Mütaliəsiz jurnalist heç vaxt inkişaf edə bilməz. Jurnalistika eyni zamanda bir söz sənətidir. Jurnalistin və yazarın cümləsi sıravi insanın cümləsindən fərqlənməlidir. Fərqli cümlə yazmaq qabiliyyəti isə ancaq böyük həcmdə mütaliədən sonra yaranır. Jurnalstika eyni zamanda yazı texnikası deməkdir ki, bu da mütaliə prosesində yaranır. Davamlı və hərtərəfli mütaliə - jurnalisti formada saxlayan əsas məşqdir. Amma bir şərtlə: jurnalstin mütaliəsi analitik mütaliə olmalıdır, yəni o, oxuduqca beyni fon rejimində "Bu, necə yazılıb?” sualı üzərində düşünməlidir.

Bu gün mütaliəyə cəmiyyətin münasibətini müşahidə edəndə bir tərəfdən gənclər arasında kitaba marağı olan təbəqəni görürsən. Bu, sevindiricidir. Digər tərəfdən, onlar düzgün kitabları oxumurlar. Məni daşa basın, amma Sesiliya Aahern, Merk Levi, Xalid Hüseyn, hətta deyərdim ki, Haruko Murakami, Frederik Beqbeder, Paulo Koelyo və sair və ilaxır - bu kimi dəbdə olan müəllifləri oxumaqla uzağa getmək olmaz. Azərbaycanda boy qaldırmaq istəyən yeni və orta nəsil yazarları oxumaqla da əsl mütəliənin nə olduğunu anlaya bilməzsiniz. Ona görə, nəyi oxumağı düzgün seçmək lazımdır.

Mütaliə səviyyəsi aşağı olan cəmiyyət

Jurnalist İlkin Ağayev:

- Mütaliə nəinki jurnalist və ya hansısa mütəxəssis, ümumiyyətlə, hər bir insanın həyatında olduqca önəmlidir. Çünki dünyagörüşünün, ədəbi-bədii zövqün formalaşdırılmasına, eləcə də insanın bilgilərinin, informasiyalılıq qabiliyyətinin artırılmasına həlledici yardım edir. Bununla belə, indiki dünyada nəyin və nə zaman mütaliə edilməsi barədə düşünmək də önəmlidir. Uşaq vaxtı oxuduğun hər hansı əsər və ya romanın - Qoqolun povestlərinin, yaxud hələ sovet dövründə "Dünya uşaq ədəbiyyatı” siyahısına daxil edilmiş Stivensonun "Dəfinələr adası”nın, yaxud da "Piter Pen”, "Kapitan Qrantın uşaqları” və digərlərinin indi hansısa orta yaşlı ziyalı tərəfindən oxunması təntənə ilə Feysbukdan elan ediləndə adama bir qədər qəribə gəlir. Olsun, yenə də mütaliə gec deyil, amma yenə də qeyd edərdim ki, nəyin və nə zaman oxunması da son dərəcə önəmlidir. O cümlədən, ölkədə əsl makulaturaya layiq "kitab”ların bol olduğu bir şəraitdə, uşaqların, yeniyetmə və gənclərin mütaliədə düzgün istiqamətlərə yönləndirilməsinə aid tədbirlər görülməsnə ehtiyac olduğunu düşünürəm… Eləcə də jurnalist bu baxımdan bir addım öndə olmalıdır, ümumi mütaliədən əlavə, hazırda ciddi dəyişikliklərə məruz qalmış media sahəsi ilə bağlı dünya standartlarına aid kitablar, eləcə də xarici mediada gedən yazılar mütəmadi oxunmalıdır, burada isə jurnalistin dil bilgilərinin olması vacib şərtdir, bu, müasir jurnalistikada rəqabətədavamlılığın əsas göstəricilərindəndir.

Mən zamanında yetərincə bədii ədəbiyyat oxuduğumu deyə bilərəm, son oxuduğum bədii əsər isə Paulo Koelyonun azərbaycancaya tərcümə edilmiş "Kimyagər” əsəri olub. Doğrusunu deyim ki, bu əsəri "bestseller” səviyyəsində bəyənmədim, güman ki, burada tərcümə səviyyəsi də rol oynayır, bu da bizdə ədəbi zövqə təsir edən amillərdən biridir. Hazırda ən çox doktorant kimi sosiologiya ixtisasıma və yeni medianın sosioloji problemlərinə aid elmi araşdırma əsərlər oxumaqla keçinirəm, çünki iş rejimim və digər məşğuliyyətlər bədii ədəbiyyat mütaliəsinə yer saxlamır. Məsələn, David Bruksun "İctimai heyvan” - Uğurun necə baş verməsi barəsində hekayət”, Endryü Blumun "İnternetdəki səhnələrin pərdəarxası”, Entoni Giddensin "Sosiologiya”, Endryü Kinin "İnternet cavab demək deyil” əsərləri ixtisasımla bağlı ən son oxuduqlarımdandır. Arada bizdəki bəzi ədiblərin hekayələrini internetdən oxumağa macal tapıram.

İKT-nin inkişafı və smartfonların təzahürü cəmiyyətimizi daha da mütaliəsizləşdirdi, mütaliə səviyyəsi aşağı olan cəmiyyət kimi daha çox bu yeni nəsnələrin əsirinə çevrildik. Yadıma bir hadisə düşdü: bizdə metroya girən və əllərində kitab olan iki alman metrodakı vətəndaşlarımızın hamısının əlindəki smarfonları qurdalamasından şoka düşmüşdü. Həmçinin ictimai nəqliyyatdakı "standartlar” – daimi basabas, narahatlıq, sürücülərin "avtoşluğu” kimi amillər də bizdə ictimai nəqliyyatda mütaliəni əlverişsiz işə çevirib… Bir sözlə, bu məsələyə tam yeni yanaşma lazımdır…

Sosial çarxlar çəkilməlidir

Jurnalist Ülviyyə Heydərova:

- Mütaliə nəinki jurnalistə, irqindən, cinsindən və hətta yaşından asılı olmayaraq hər bir kəsə lazımdır. Çünki insanın istər mənən, istərsə də maddi cəhətdən zənginləşməsinin səbəbi mütaliədir. Jurnalistə isə mütaliə xüsusən vacibdir. Çünki hər bir ciddi məqalə və ya müsahibə mütaliəyə söykənir. Odur ki, mütaliə jurnalistlərin həyat tərzinə çevrilməlidir. Düzü, deyə bilmərəm ki, hazırda həmkarlarım mütaliəyə nə dərəcədə vaxt ayıra bilirlər. Öz adımdan danışa bilərəm ki, kitab çantamdan əskik olmur. Yolda, dayanacaqda vaxt itirmirəm. Hazırda isə ssenarinin yazılma texnikası haqqında dərsliklər oxuyub, özümü kinematoqrafiya sahəsində də sınamaq niyyətindəyəm. Bildiyiniz kimi, ötən il ssenarim əsasında «Bazar günü» adlı qısametrajlı bədii film çəkilib...

Təəssüflər olsun ki, cəmiyyətdə mütaliəyə münasibət dəyişilib. İndi mütaliənin yerini sosial şəbəkələr anbaan tutmaqdadır. Bunun digər səbəblərindən biri maddi imkanın aşağı səviyyədə olması və kitabın baha qiymətə satılmasıdır. Amma bir məsələ də var ki, kitabların böyük qismini internetdən yükləmək mümkündür. Misal kimi, ssenari haqqında kitabların hamısını internetdən yüklədim və kağız alıb çap etdirdim. Vəssalam! Yəni oxumaq, öyrənmək istəyən bir vasitə tapacaq. Böyük yazıçı Umberto Eko yazılarının birində atası haqqında bəhs edərək yazırdı ki, atası mütaliəyə o qədər həvəsli olub ki, imkanı olmadığından köşkdən kitab seçib oxuyurmuş. Diqqəti cəlb etməmək üçün digər köşkə yaxınlaşıb həmin kitabdan tapıb, qaldığı yerdən oxuyurmuş. Söylədiyim kimi, kitab oxumaq istəyənin qarşısını heç müharibə də ala bilməz.

Cəmiyyətimizdə mütaliəni daha da yaymaq üçün, fikrimcə, sosial çarxlar çəkilməlidir. Üstəlik, kitab evlərinin sayı artmalıdır. Kitab dükanlarının sayı artdıqca qiymətlərdə də enmə halları ola bilər ki, sadə xalqın ayda heç olmasa iki dəfə kitab almaq imkanı olsun. Bir məsələni də qeyd edim ki, kitab evlərinin sayını yalnız paytaxtda deyil, rayonlarda da atırmaq lazımdır. Təəssüf ki, rayonlarda kitab evləri demək olar ki, yox dərəcəsindədir. Məncə, millətin gələcəyinin işıqlı olması mütaliədən asılıdır. Çünki insan oxuduqca ziyası artır.

İnsan nə qədər kitab oxuyursa...

"AZADİNFORM” İnformasiya Agentliyinin müxbiri Leyla Məhərrəmova:

-Mən kitab oxumayanda özümü nəyisə itirmiş kimi hiss edirəm. Əsasən klassikləri oxuyuram. Tələbə olanda daha çox rus ədəbiyyatına üstünlük verirdim. Dostoyevski, Tolstoy mənim əvəzedilməzlərim idi. Çünki mənim ruh halımı Dostoyeskinin kədəri, Tolstoyun dərin fəlsəfəsi tamamlayırdı. Bəzən oxucular bu iki dahi yazıçını qarşılaşdırırlar. Onları müqayisə edib birinin daha üstün olduğunu sübut etməyə çalışırlar. Bir dəfə təxminən belə fikir qarşıma çıxmışdı. Dostoyevski və Tolstoyun hər ikisini eyni dərəcədə sevən insanlar təhlükəlidir. Amma mən belə düşünmürəm. Onların hər ikisi sevilməyə, oxunmağa layiqdir. Hətta elə vaxtlar olurdu ki, universitetdə imtahanlar bitdikdən sonra Bakıda qalıb bütün tətili kitablara həsr edirdim. Kitab şkafında "Alçaldılmış və təhqir edilmiş insanlar”, "Hərb və Sülh”, "Dirilmə”, "Karamazov qardaşları” var idi. Amma tək onları oxumurdum. Drayzer, Selincer, Voyniçin də bəzi əsərlərini oxumuşam. Dördüncü kursu bitirəndə dövlət imtahanı verməli idim. İmtahan suallarına baxıb sıxıldım, imtahana hazırlaşmaq üçün vaxt az olsa da, həvəsim yox idi. "Hərb və Sülh”ün dördüncü cildini oxumamışdım. Oturub böyük zövqlə onu oxudum, sonra imtahana hazırlaşdım. İmtahandan qrup üzrə ən yüksək balı da mən almışdım. Ötən il Qonçarovun "Oblomov " əsərini oxudum.

Məncə, "Jurnalistə mütaliə lazımdır?” cümləsinin sonunda sual işarəsi yox, nöqtə olmalıdır. Düşünürəm ki, ixtisasından asılı olmayaraq hər kəs kitab oxumalıdır. Mənə görə, bu, həyatın qanunudur.

Ədəbiyyat həm də cəmiyyətin düşüncəsini, məişətini əks etdirir. Mən rus ədəbiyyatını oxuyub sonra yenidən öz ədəbiyyatımızı oxuyanda ortaq fikrə gələ bilmirəm. Beynimdə mübahisəli fikirlər dolaşır. İnsan nə qədər kitab oxuyursa, o qədər də düşüncəyə, ürəyə sahib olur. Tolstoy "Hərb və Sülh”də nə qədər obraz təsvir etmişdi? Sən bu əsəri oxuduqca yeni insanlar tanıyırsan. Balkonskiy aliəsi, Rostovlar ailəsi, Pyer - hər biri də fərqli, maraqlı obrazlar.

Cəmiyyətin bir üzvü olaraq özümün kitablara olan münasibətim məni qane etmir. "Mən niyə az oxuyuram?” "Niyə daha çox oxumuram?” kimi suallar verirəm özümə. Ətrafımda kifayət qədər kitab oxuyan insan var. Davamlı, ciddi mütaliə edənlər. Amma ümumiyyətlə, "Azərbaycan oxucusunun kitaba münasibəti necədir?” sualına cavab vermək çətindir. Çünki elə insan var ki, ümumiyyətlə, kitabla düşmən kimidir. Heç vaxt sən onu kitab oxuyan, kitabdan danışan görə bilməzsən. O tip insanlar kitab oxuyanlara da normal baxmır. Elə oxucular da var ki, bayağı kitablar oxumaqla məşğuldur. Məsələn, mənə görə, dünyanın ən kədərli mənzərəsi bir insanı bəlli yazıçıların heç bir əhəmiyyəti olmayan detektivlərini oxuyarkən görməkdir. Bir dəfə bir oxucu mənə demişdi ki, mən hər kəsin oxuduğu kitabları oxumağı sevmirəm, fərqlilik axtarıram. Məsələn, hamı Dostoyevskini oxuyur, amma mən Elxan Elatlını. Onun müqayisəsinə "heyran qaldım”. Bəzən ətrafımdakı insanlara kitab məsləhət görürəm, onlarda kitaba maraq yaradıram. Hətta öz kitablarımı da verirəm ki, oxu. Amma mənim sevdiyim, məsləhət gördüyüm kitabı oxumayıb geri qaytaranda bir daha o insana kitab məsləhət görmürəm.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər