• cümə, 29 Mart, 11:36
  • Baku Bakı 5°C

Müştərinin məsuliyyətli borclanma bacarığı

22.09.16 13:55 3312
Müştərinin məsuliyyətli borclanma bacarığı
"İki ildir Samsung Galaxy Note-1 telefonundan istifadə edirəm. Bu telefonumda heç bir problem olmadığı halda, "havaya girib” İphone-6 markalı telefon aldım. Çünki ətrafımda hər kəs İphone 6S, Samsung Note-6 işlədir. Ayda 400 manat maaş alıram, bunun 150 manatını telefonumun kreditinə verirəm. Birinci ayını ödədim, ikinci ay problem yaşadım. Çünki maaşımın yerdə qalan 250 manatı ilə həm yolpulumu, həm kontur pulumu, həm yemək pulumu, həm də kirayə haqqını ödəməliyəm”.

Bu sözləri bizimlə söhbətində dostları ilə kirayədə yaşayan 23 yaşlı Cavid bildirdi. Cavidin sözlərinə görə, artıq telefonun pulunu ödəyə bilmir: "Telefonun kreditinin vaxtı gələndə gah valideynlərimə, gah da dostlarıma ağız açıram. Ən pisi də odur ki, hələ kreditim 9 aydan sonra qurtarır”.
Tamahkarlığı ucbatından tələyə düşənlər
Problemli kreditlər üzrə ekspert Emil Məmmədov deyir ki, götürdüyü krediti ödəyə bilməyənlərin əksəriyyəti kor-koranə bu işin altına girənlərdir: "Belələrinin sabahkı günlərinə təminatı yoxdur. Çıxarlarını, gəlirlərini hesablaya bilməyən insanlar düşüncəsiz şəkildə kredit götürürlər. Ailədən kiminsə işdən çıxması, evə pul gətirməməsi nəticəsində isə problem yaranır”.

E.Məmmədovun sözlərinə görə, problemli kreditlərin yaranmasında həm istehlakçıların, həm də bankların günahı var: "İnsanların tamahkarlığı ilə yanaşı, bankların müştəriyə təklif etdiyi şirnikləndirici təkliflər də bəzən problemli kreditin yaranmasına səbəb olur. Bir misal çəkim. Müştəri 2000 manat istehlak krediti götürəndə bank ona "gəl, sənə min manatlıq kredit kartı da verək, nə vaxtsa geyimə, yeməyə, yaxud başqa bir şeyə ehtiyacın olanda, xərclə” təklifini edir. Bu, 2000 manat kredit üçün aylıq ödəniş edəcəyini fikirləşən müştərini şirnikləndirir və o, kartı da götürməyə razılıq verir. Sonra adam kartını götürən kimi pulu çıxarır və kartdan götürdüyü pulun da kreditini ödəməyə başlayır. Bu da sonda problemli kreditə gətirib çıxarır. Beləliklə, insanın tamahkarlığı onu tələyə salır”.

E.Məmmədov bankdan pul götürə bilməyib başqa yola əl atanlarla da tez-tez rastlaşdıqlarını bildirdi: "Belələri mağazalardan kreditlə telefon, kompyuter alır, onu dəyər-dəyməzinə satıb pula çevirirlər”.

Accounting.Az şirkətinin rəhbəri, mühasib Ramin Ramazanov deyir ki, kredit götürməmişdən öncə mütləq adam oturub gəlirini və çıxarını hesablamalıdır: "Əgər gündəlik ehtiyaclarını ödəyəndən sonra artıq pul qalırsa, bu zaman rahat şəkldə kredit götürə bilər. Əks halda, problem yaşaması qaçılmazdır. Hər şeydən öncə isə pulu nə üçün götürdüyünü düşünməlidir. Buna həqiqətən ehtiyacı varmı, ya yox?”
Kredit götürməmişdən əvvəl nə etməli?
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji hədəflərinə uyğun olaraq bölgələrimizdə "Maliyyə savadlılığı” üzrə qadınlar üçün təlimlər təşkil edir. AMFA-nın maliyyə savadlılığı üzrə ekspertlərindən biri, layihə rəhbəri Sevinc Rüstəmova bildirdi ki, təlim proqramında ailə büdcəsi və onun xüsusiyyətləri, ailənin balans hesabatı, qənaət etmənin yolları, maliyyə təhlili və digər məsələlərə xüsusi diqqət yetirilir: "Bununla yanaşı, təlimlərdə artıq borclanmanın və problemli kreditlərin qarşısını almaq üçün düşünülmüş kreditlər, borc alma imkanları və kreditə aid digər mövzular da müzakirə olunur”.

S.Rüstəmova deyir ki, kredit bir çoxlarımız üçün hansısa məqamda çox vacib ola bilər, sadəcə, kredit üçün müraciət edən şəxs götürəcəyi kreditin istəyə deyil, ehtiyaca əsaslandığına əmin olmalı, aylıq gəlirlərinin aylıq kredit ödənişinə uyğun olub-olmadığını əvvəlcədən hesablamalıdır: "Maliyyə savadlılığı üzrə təlimlərdə iştirakçılar düşünülmüş kredit almanın vacibliyi haqda məlumatlandırılırlar. Təlim zamanı ehtiyacdan irəli gələn kreditlərlə istəklə bağlı olan kreditlərin müqayisəsi aparılır və düşünülməmiş götürülən kreditlərin gələcək fəsadları haqqında ətraflı məlumat verilir. Məsələn, təhsil üçün götürülən kreditlə başqalarına nümayiş etdirmək üçün alınan avtomobilin krediti arasında böyük fərq var”.

S.Rüstəmovanın fikrincə, problemli kreditlərin yaranmasına bir neçə səbəb var: "Bu, həm insanların məsuliyyətsizliyi, həm də maliyyə savadsızlığından irəli gələ bilər”.
"Bankların şirnikləndirici təklifləri normaldır”
Bankların şirnikləndirici təkliflərinə gəlincə, müsahibimiz bunu normal sayır: "Bank öz xidmətlərini təklif edir. Biz o xidmətdən istifadə edə də, etməyə də bilərik. Yəni bu, məcburi deyil. Amma təəssüflər olsun ki, əlimizdə daha çox pulun olması istəyi gözlərimizi yumur, gələcək barədə düşünmürük. Yalnız evə qayıdandan sonra fikirləşirik ki, götürdüyümüz karta ehtiyacımız var idimi? Təlimlərimizdə tövsiyə edirik ki, banklar xidmətlərini təklif edəndən sonra dərhal qərar qəbul etməyin. Müştəri evə qayıdıb bu təklif barədə yaxşı-yaxşı düşünsün, ehtiyaclara bir daha nəzər salsın və gəlirlərin ödəniş qrafikinə uyğun olub-olmamasını hesablayandan sonra qərar versin. Bir çox hallarda tələsik qərar verməyimiz, kreditlə bağlı öhdəlik və şərtləri əvvəlcədən öyrənməməyimiz bizi sonradan borclanmaya salır. Kredit götürüb başqa bir kreditini bağlayanlara və digər səmərəsiz məqsədlərə kredit alanlara da rast gəlirik, belələri borcun qaytarılması üçün başqa yollar axtarmır. Təlimlər zamanı çalışırıq ki, iştirakçıları həmçinin yeni gəlir əldə etmək yolları haqqında düşünməyə istiqamətləndirək”.
"Xanımlarımız hər riskə getmir”
Müsahibimiz deyir ki, əvvəlki illərdə apardıqları araşdırmalara görə, qadınlar borclanma məsələsində daha ehtiyatlıdırlar: "Xanımlarımız, kişilərdən fərqli olaraq, hər riski çiyinlərinə götürmür, daha çox götür-qoy edib, sonra qərar verirlər. Məsələyə,Azərbaycan kontekstindən yanaşsaq, görərik ki, qadınlarımız borca görə bank, məhkəmə və ya hüquq-mühafizə orqanlarının işçilərinin onların qapısını döyməsini istəmirlər. Bir sözlə, qadınlar pulun istifadlə olunmasında daha məsuliyyətlidirlər. Əgər kredit götürürlərsə, əksər hallarda onu məqsədinə uyğun istifadə edirlər”.
Xəstəlik səviyyəsinə çatan vərdiş
Psixoloq Elnur Rüstəmov da qadınlarımızın pul kisələrinə, situasiyaya uyğun risk etdiklərini, ağılla fikirləşdiklərini deyir: "Bir çox kişilərdə kredit götürmək patoloji səviyyəyə keçib: "Kredit təyinatına uyğun götürülməlidir. Xüsusən indiki dövrdə insanlarımız kredit götürərkən yüz ölçüb bir biçməlidirlər. Əgər dünənə qədər yeri gəldi-gəlmədi kredit götürürdüksə, artıq indi ehtiyatlı olmalıyıq. Müşahidələrimə əsasən deyə bilərəm ki, kredit götürmək bəzilərində aludəçilik halını alıb, xəstəlik səviyyəsindədir. Bəziləri kredit götürməsə, yaşaya bilmir. Hərçənd ki, imkanı da var. Sadəcə, o bankdan götürüb bu banka, bu bankdan götürüb o banka verir. Bu, patoloji səviyyəyə keçib. Bu cür hallar kişilər arasında daha çoxdur. Hətta belələri kredit götürəndə düşünür ki, özünü formada saxlayır. Deyir ki, kredit götürmüşəmsə, işləyəcəyəm, götürməsəm, işləməyəcəyəm, buna görə daha çox əziyyət çəkmək lazımdır.

Müsahibimiz bildirdi ki, iş görmək məqsədilə kredit götürmək dünyanın hər yerində var və buna normal yanaşılır: "Amma məsələ burasındadır ki, bizim insanlar daha çox məişət ehtiyaclarını ödəmək, ehtiyaclarından daha çox şey əldə etmək üçün banklara müraciət edirlər. Məsələn, qabyuyan maşın almaq üçün kreditə girirlər. Düzdür, qabyuyan lazımdır, amma vacib deyil, qabı özüm də yuya bildiyim halda, niyə bankdan kredit götürməli, özümü çətinliyə salmalı, bunun stressini yaşamalıyam? Yaxud mobil telefonu olan adam onu çoxfunksiyalı telefonla əvəz etmək istəyir. Bu fikir adamın beyninə girir və kreditə girir, 1-2 aydan sonra nə pulunu ödəyə, nə telefonu eyni qiymətə sata, nə də qaytara bilir. Bu da sonda psixoloji narahatlığa gətirib çıxarır”.

E.Rüstəmovun sözlərinə görə, kredit verə bilməyən insanlar çox vaxt əyri yollara əl atırlar, bu da onun özü ilə yanaşı, cəmiyyətimiz üçün problemlər yaradır.
"Kredit bürolarının yaradılması problemi həll edə bilər”
Keçmiş maliyyə naziri Fikrət Yusifovun fikrincə, vətəndaş krediti götürəndə yox, bundan əvvəl onu necə qaytarmaq barədə düşünməlidir: "Banklar isə kredit üçün müraciət edənlərin maddi durumunu tam araşdırdıqdan sonra onlara borc vermək barədə qərar qəbul etməlidirlər. Hər iki tərəf bu qaydalara nə qədər çox riayət etsə, kreditlərin geri ödənilməsi sahəsində bir o qədər az problem yaşanar. Bankların verdikləri kreditlərin etibarlı olması vətəndaşın maliyyə durumu barəsində səhih məlumatın əldə edilməsindən çox asılıdır. Bu məsələdə yaxın zamanlarda yaradılması nəzərdə tutulan kredit bürolarının xüsusi rol oynayacağı gözləniləndir. İndiyə qədər verilən kreditlərin bir çoxunun ödənişində yaranmış problemlərin kökündə bankların vətəndaşın maliyyə durumu barədə səhih məlumat əldə edə bilməməsi dururdu. Məsələn, vətəndaş banklardan, bank olmayan kredit təşkilatlarından və lombardlardan kredit götürə bilər. Ancaq Mərkəzləşdirilmiş Kredit Reyestrində vətəndaşın yalnız banklardan götürdüyü kreditlər barəsində məlumatlar olur. Son zamanlar bura bəzi bank olmayan kredit təşkilatları da qoşulublar. Kreditlər barəsində səhih məlumat bazasının olmaması bankların bu sahədəki işini kifayət qədər çətinləşdirir. Düşünürəm ki, kredit bürolarının yaradılması problemin həllində çox böyük əhəmiyyət kəsb edəcək”.

Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər